"Azadlıq" və "Təzadlar" qəzetlərinin 20-si və 21-i dekabr 2013-cü il tarixli nömrələrində təhsil eksperti hörmətli E.Əliyevin "Bəxtiyar Əliyev fenomeni" başlıqlı məqaləsində toxunduğu bəzi məqamlara aydınlıq gətirməyi lazım bildik.
Yazıda BDU-nun psixologiya kafedrasının müdiri, professor Bəxtiyar Əliyevin nəşriyyatımızda nəşr edilmiş 11-ci siniflər üçün "İnsan və cəmiyyət" dərsliyinin müəllifi olduğu göstərilir və dərslikdən bəzi cümlələr sitat gətirilir. Yazıda bir sıra yanlışlıqlara yol verilmişdir.
1-ci yanlışlıq: B.Əliyev həmin dərsliyin yeganə müəllifi deyil, həmmüəllifdir. Titul səhifəsində də göstərildiyi kimi, "İnsan və cəmiyyət" 11-ci sinif dərsliyinin 1 deyil 3 müəllifi var. B.Əliyev sözügedən dərslikdəki 29 mövzudan (paraqrafdan) yalnız dördünün müəllifidir.
2-ci yanlışlıq: Məqalədən sitat: "Kitabın 28-ci səhifəsində əzəmətli bir bina şəkli var. Sizi intizarda qoymaq istəmirəm. Bu bina M.F.Axundov adına Milli Kitabxananın şəkli deyil. Mərkəzi Seçki Komissiyasının şəklidir".
Əvvəla həmin paraqrafda söhbət heç də maddi-mədəni abidələrdən deyil, məhz seçki qanunvericiliyi və seçki formalarından, onların həyata keçirilməsi mexanizmlərindən, müstəqil Azərbaycanın seçki təcrübəsindən, onların azad və demokratik olması üçün yaradılmış şəraitdən və s. gedir. Məhz bu səbəbdən də mövzuda Milli Kitabxananın deyil, MSK-nın binasının şəkli verilmişdir.
İkincisi, MSK-nın binasının şəklinin dərslikdə verilməsində nə qəbahət var?
Növbəti yanlış fikir: Məqalədə psixoloqun adıçəkilən dərsliyin yazılmasında iştirakına irad tutulur. Lakin adından göründüyü kimi "İnsan və cəmiyyət" dərsliyinin predmeti insan, cəmiyyət, onların qarşılıqlı münasibətləri və s-dir. Ona görə də hesab edirik ki, bir psixoloq-alimin məhz "İnsan və cəmiyyət" dərsliyinin həmmüəllifi olması təbii və vacibdir. Düşünürük ki, 20 ildən artıq psixologiya elmi ilə məşğul olmuş, psixologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, BDU-nun psixologiya kafedrasının müdiri, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin elmi şurasının üzvü, Psixologiya elmləri üzrə Ali Attestasiya Komissiyasının dissertasiya şurasının sədri, Beynəlxalq Siyasi Psixoloqlar Assosiasiyasının üzvü Bəxtiyar Əliyev kimi elmi-pedaqoji təcrübəyə və potensiala malik bir alimin hərtərəfli şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyəti olan "İnsan və cəmiyyət" dərsliklərinin həmmüəllifi olmasını yalnız alqışlamaq lazımdır.
Son vaxtlar mətbuatda dərsliklərə həsr olunmuş çoxlu yazılar yer alır. Əlbəttə, hər hansı bir dərslik bu və ya digər nöqsan və qüsurlardan xali deyil. Təcrübə göstərir ki, dərsliklər istifadə prosesində sağlam yanaşma və obyektiv müzakirələr nəticəsində getdikcə təkmilləşir. On minlərlə şagirdin bəhrələndiyi dərsliklər yalnız müəllif əməyinin deyil, böyük bir yaradıcı kollektivin və texniki heyətin gərgin əməyinin məhsuludur. Bu səbəbdən də haqsız və qeyri-obyektiv söylənən hər bir fikir yalnız müəllifləri deyil, həm də dərsliyin hazırlanmasında əməyi olan çox sayda insanı məyus edir. Ümumiyyətlə, dərsliklərdən, təhsil problemlərindən yalnız bu sahə üzrə ixtisaslı və ictimaiyyətin güvəndiyi təhsil ekspertləri yazmalıdır. Belə ekspertlərdən biri hesab olunan, imzasına hörmətlə yanaşdığımız təhsil eksperti Etibar Əliyevin dərsliyimizlə bağlı iradlarını məqalədə özünün də qeyd etdiyi kimi, dərsliyi geniş təhlil etmək imkanının olmaması, dərsliyin özünə deyil, digər mənbələrə (internet saytlarına) istinad etməsi ilə əlaqələndiririk.
Gülər Mehdiyeva,
"Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsinin baş redaktoru
çap et