Fəlsəfə elmləri doktoru, professor
aliyevrafig@gmail.com
www.raliyev.az
Suriyalı alim, deputat, həmin ölkədə yaşayan azsaylı xalqların nümayəndəsinin bu sualı dekabrın 19-22-də Ümumdünya Sülh Federasiyasının təşəbbüsü ilə Yerusəlimdə (Qüds) keçirilən beynəlxalq konfransın bir çox iştirakçısı üçün gözlənilməz oldu. Bu sual əsla sözgəlişi mahiyyət daşımır, əksinə həddən artıq dəqiqliyi ilə seçilirdi. Üstəlik, nəinki həyatını təhlükəyə atıb vətəni üçün ölüm-dirim mübarizəsinə qoşulanların, həmçinin Suriyada vətəndaş müharibəsi alovunun davamı üçün külli miqdarda maliyyə vəsaiti sərf edən, əlini günahsız qocaların, məsum körpələrin qanına bulayanları təşkilatlandıran dini mənsubiyyət və milli xarakterli xəyanətkarlar üçün də böyük önəm kəsb edirdi. Belə bir həyati əhəmiyyətli sualın cavabını məqalənin sonunda tapacaqsınız. İndi isə konfransın keçirilməsinin qayələrini ardıcıl şəkildə lap əvvəldən gözdən keçirək.
Suriyada cərəyan edən mövcud problemin - müharibənin həlli üzərində demək olar ki, bütün Qərb və Şərq aləminin görkəmli siyasətçi ordusu uzun müddətdir ki, baş sınıdırır. İndi söyləyəcəklərimin bütün məsuliyyətini öz üzərimə götürürəm: "Bu günə kimi "Cenevrə-2" adı ilə sülh prosesinə daxil olmuş hələ heç bir ölkə xarici qüvvələr tərəfindən Suriya xalqının başına gətirilmiş bu bəlanın, qanlı müharibənin sonu barədə ciddi düşünməyib. Nə qədər qəribə səslənsə də, günahsız suriyalıların axıdılmış qara rəng alan qanı yerli xalqlardan savayı, demək olar ki, bütün tərəflərin ürəyincədir".
Bu və ya digər dərəcədə əhəmiyyətli beynəlxalq təşkilatların hamısı müxtəlif iclas və konfranslarda Suriya münaqişəsinin sülh yolu ilə həlli üçün müəyyən təkliflər hazırlayır, onları irəli sürür və sülhə nail olacaqlarını deyərək açıq və ya gizli şəkildə müharibədə iştirak edən tərəfləri sürətlə silahlandırır və hətta onlara yeni növ, daha ciddi fəlakət törədə biləcək silahlar göndərirlər.
Belə konfranslardan birində mən də iştirak etdim. Tədbirdə mənim iştirakım əslində ikili məqsəd daşıyırdı: din və siyasət üzrə aparıcı mütəxəssislərin Suriya probleminə münasibətini öyrənmək və Avstraliya, ABŞ-dan tutmuş Yaponiya, Çin və Avropaya qədər dünyanın 45 ölkəsindən gəlmiş mütəxəssislərin qatıldıqları yüksək səviyyəli beynəlxalq forumda bu ciddi məsələ ilə bağlı konkret fikirlərimi iştirakçılara çatdırmaq.
Forum məqsədinə uyğun olaraq "Sülh naminə beynəlxalq əməkdaşlıq" adlanırdı. İlk baxışdan insanda elə təsəvvür yaranırdı ki, sanki tədbir iştirakçıları həqiqətən də Suriya faciəsinin sülh yolu ilə həllinə bütün qəlbləri ilə inanır, din xadimlərinin və ya problemin həllində dinin bu qanlı müharibənin söndürülməsində digər komponentlərdən daha mühüm rol oynadığı fikrini qəbul etməyə hazır olanların səylərini cəmləşdirmək yolu ilə bu sahədə bacardıqları köməyi göstərməyə hazır olduqlarını səmimi şəkildə bəyan edirdilər. Təbii ki, digər komponentlər dedikdə gündəmdə duran məsələnin müzakirəsi üçün tədbirdə iştirak edən, həm ölkələrində, həm də onun hüdudlarından kənarda sayılıb-seçilən ictimai xadimlərin, alim və dini liderlərin irəli sürdükləri təkliflər nəzərdə tutulur.
Bu problemi öz şəxsi işlərindən və gündəlik qayğılarından üstün tutaraq, vicdanlarının səsinə qulaq asıb uzaq Avstraliya, ABŞ, Yaponiya, Koreyadan sülh naminə Yerusəlim şəhərinə gələnlərə böyük minnətdarlığımı bəyan edirəm!
Həqiqətən də forumda hökm sürən dostluq, həmrəylik və qarşılıqlı anlaşma abu-havası tədbirə qatılan hər bir kəsin ən azı onun öz gözündə nə qədər əhəmiyyətli şəxs olduğunu isbatlayırdı. Bu müsbət mühiti gözlərimlə gördüyüm üçün özümü çox rahat və məmnun hiss etməyə ehtiyacım vardı. Bu bəşəri əhəmiyyətli məsələdə mənim də xoş niyyətimin, Suriyada yaşayan xalqlara və etnik azlıqlara qarşı bəslədiyim sevgi və qayğının bir parçası olduğu üçün böyük qürur hissi duydum. Ötən əsrin 80-ci illərində bir müddət işlədiyim Suriya mənim üçün xoşagələn, ürəkaçan, səmimi insanları olan dinc məqsədli bir məmləkət idi. Bu ölkə ilə məni yalnız xoş təəssüratlar, müsbət hisslər birləşdirir.
Forumun ikinci günü problemin həlli ilə bağlı öz fikirlərimi tədbir iştirakçıları ilə bölüşərkən 2014-cü ilin yanvarında toplaşacaq "Cenevrə-2" konfransının iştirakçılarına müsbət təsir göstərmək niyyətində olan konfrans iştirakçılarına açıq-aşkar bildirdim ki, bu münaqişə əslində dindən çox-çox uzaqdır. Çıxışım zamanı münaqişənin siyasi xarakter daşıdığını və din xadimlərinin bu problemin həllindəki rolunun dəryada bir damcı belə ola bilməyəcəyini dönə-dönə qeyd etdim.
"Dünyada mənəvi-əxlaqi, ailə dəyərlərinin itirildiyi, Avropada din xadimlərinin cəmiyyətə və hakimiyyətə təsirinin getdikcə azaldığı, Şərq ölkələrində, əsasən də Suriya ilə qonşu olan və müharibəyə donorluq edən dövlətlərdə din pərdəsi altında xüsusi şəkildə çirkin niyyətlə hazırlanan döyüşçülərin və kamikadzelərin məskunlaşdığı bir dövrdə belə bir sülh məramına inanmaq oduqca sadəlövh səslənir və onun "Cenevrə-2" beynəlxalq sülh konfransının iştirakçıları tərəfindən müsbət qarşılanma şansı sıfıra bərabərdir", - deyə bildirdim.
Digər iştirakçıların baxış bucağından xeyli fərqli fikir irəli sürməyim əslində forum iştirakçılarını məyus etdi. Uzun illərdir qanlı savaş meydanına çevrilmiş Əfqanıstan, İraq, Liviya, Dağlıq Qarabağ kimi bölgələrin adlarını çəkməklə isə onların kefinə əməlli-başlı "soğan doğramış" oldum. Amma əsas nəticədir. Sonda forum iştirakçıları Suriya probleminə və ümumiyyətlə, Yaxın Şərqdə baş verən proseslərə bu cür proqmatik-real münasibətlə barışmalı oldular. Problemin geosiyasi səpkidə müzakirəsinə daha çox üstünlük verdilər.
Konfransda çox fikirlər səsləndi, çox təkliflər, layihələr irəli sürüldü... Hətta bəzi ideyaların bir neçə gündən sonra baş tutacaq "Cenevrə-2" konfrans təşkilatçılarına göndərilməsi iddiası da dilə gətirildi. Amma ikinci günün sonuna yaxın konfrans iştirakçıları nəhəng dövlətlərin geosiyasi maraqlarının böyük kapitalla bağlı olması və bütün dünyanın din xadimləri bir araya gəlsə belə yaranmış problemi çözə bilməyəcəkləri faktı ilə razılaşmaq məcburiyyətində qaldılar. Həmin din xadimlərinin Suriya xalqının faciəsindən öz şəxsi mənafeyi üçün istifadə etməyə çalışan 7-8 dövlətin çoxgedişli oyununda artıq çoxdan arxa plana keçdiyini etiraf etdilər.
"Suriyada sülh naminə beynəlxalq əməkdaşlıq" konfransı öz işini yüksək səviyyədə həyata keçirərək, qarşıya qoyulan məqsədə nail oldu: geniş fikir mübadiləsi baş tutdu, problemin həlli ilə bağlı fərqli fikirlər səsləndi, bir çox tövsiyələr verildi, həmçinin forum iştirakçılarının Suriya münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmaları ilə bağlı yekun qətnamə qəbul edildi və onu "Cenevrə-2" konfransını keçirən ölkələrin liderlərinə, BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Laxdar Brahimiyə çatdırılması qərara alındı.
Beləcə, Ümumdünya Sülh Federasiyası öz iyirmi illiyini sülh notları ilə qeyd etdi və bir daha isbatladı ki, həmin iyirmi il ərzində minlərlə insanın sülh və barış ideyaları ilə yaşamalarında bu qurumun həyata keçirdiyi işlərin mühüm rolu olub. Həqiqətən Ümumdünya Sülh Federasiyası bəşəriyyət qarşısında duran bir sıra mürəkkəb məsələlərin həlli istiqamətində böyük işlər görür: insanların düşüncəsində sülh şəraitində birgə yaşamaq, münaqişələrdən və müharibələrdən uzaq olmaq fikri formalaşdırır. Zənnimcə, bütün bunlar adıçəkilən təşkilatı başqa bu istiqamətli beynəlxalq qurumlardan fərqləndirən ən əsas cəhətdir.
Məqalənin başlığında qoyduğumuz suala gəlincə, bir realist kimi deyim ki, yaxın 5-10 il ərzində bu müharibənin sülh yolu ilə həllini görmürəm. Xeyli vaxt, bəlkə də 10-15 il davam edəcək vətəndaş müharibəsi Suriya xalqının başına hələ çox bəlalar açacaq. Dağlıq Qarabağ, Əfqanıstan, İran, Liviyada baş verənlər Yaxın Şərqdə və Cənubi Qafqazda "dondurulmuş münaqişə" adlandırılan qaynar prosesin məhz mən vurğuladığım axarda davam edəcəyini isbatlamaq üçün ən yaxşı nümunədir.
Həmin sualı mənə ünvanlamış suriyalı forum iştirakçısı nə qədər ağrılı osa da, göz yaşlarını saxlaya bilməyib verdiyim cavabla razılaşdı və ona həqiqəti dediyim üçün mənə təşəkkür etdi.
Dövrün reallığı qarşısında ilk dəfə idi ki, özümü mənən bu qədər aciz hiss edirdim. Sualı ünvanlayan suriyalı alim əlimi sıxıb titrək səslə mənə "Axı bizi xəlq edən Allah hər şeyi görür!" deyəndə isə onun qəlbinin qan ağladığını bütün vücudumla bir daha hiss etdim.
Yaşadığımız çətin dövrün gerçəkliyi budur, əziz oxucular! Məqaləni belə bədbin notlarla bitirdiyim üçün məni bağışlayın. Bir Allah bilir ki, bu cür sonluq heç mənim də ürəyimcə deyil.
çap et