525.Az

Şeiri çiçək, sözü ləçək Əbülfət...


 

Şeiri çiçək, sözü ləçək Əbülfət...<b style="color:red"></b>

əməkdar jurnalist

 

Şeirlərinə vurğun kəsiləndən bəri, haqqında bir neçə dəfə yazmışam. Hər dəfə dilimin əzbəri olan misraların ilə poetik dünyana açar tapmağa çalışmışam. Onu da deyim ki, indən belə sənin poeziyandan yüz dəfə yazsam, yenə heyrətimi gizlətməyəcəm ki, qardaş, sən bu fikri necə tapmısan?

 

Bəxtəvər ipək qurdları-

ölür evinin içində...

 

Bu dəfə sənə bir etirazım var. Sinəsi söz ocağı olan, Əbülfət! Axı, ipək qurdunu hansı həmcinsi incidib yuvasından perik salır ki?! İnsandı insana zülüm edən. Bizi məhz insan adlanan erməni vəhşiləri qoymadılar ki, öz komamızda-bəlkədə daha dürüstü-sarayımızda, mülkümüzdə yaşayaq, sonda da doğma torpağımızın qoynunda haqq dünyasına qovuşaq. Şeirlərinin dərd yükü cızdağımı necə cıxardır, bir bilsəydin. Biz bir ruhun övladlarıyıq. Hərdən bizi doğmalaşdıran dərdə təşəkkür etmək istəyirəm. Unudulmaz Bəxtiyar Vahabzadə haqlı deyirdi ki, əsl şeir dərddən doğulur. Şeir pıçıltıdır, çığırtı yox. Gileyini, zəmanədən şikayətini, səni əzən, rahatlıq verməyən duyğularını sözə büküb misra-misra kağıza naxışlayırsan. Sənin , mənim çox sevdiyimiz Məmməd Araz demişkən, anadan, bacıdan gizlətdiyini kağız-qələmdən gizlətməmisən. Əslində, sən çox böyük ustalıqla dərd yuvası olmuş ürəyinin şəklini çəkmisən. Mənim düşüncəmə görə, söz insanın içinin ətridir. Məhz  səni sözün tanıtdı sevdirdi. Hər gün "Ədalət" qəzetini ona görə vərəqləyirəm ki, sənin şeirlərini oxuyum, ovqatından xəbər tutum. Bu qəzetin bir məziyyətini deməyi özümə borc bilirəm: qəlibsizdir. Hər kəsin fərdi üslubu, yazı tərzi özünəməxsusdur.

Ömrünün 55-ci pilləkanındasan, 100 hələ qarşıdadı.Yaşın bu vədəsinə hansı ərməğanla gəlmisən? Gözəl ailə sahibisən, qeyrətli oğulsan, atasan, babasan,  qardaşsan, dostsan... nəhayət, istedadlı qələm sahibisən. Publisistikanla poeziyan bir harmoniya təşkil etsə , mən sənin şeirlərini daha çox sevirəm. Sən yazmağında, mən oxumağımda davam edirik. Özün necə deyirsən - "Qoşulub axmıram selə, ömrümü vermirəm yelə". Sən könlünü şeirə bağlamısan, elə ömrünü bu sehirli-sirli "gözəl"in uğrunda əridirsən. Hirsini, hikkəni, nifrətini, sevgini, məhəbbətini, həsrətini, nisgilini, umacağını, dolanışığını söz-söz misralardan çıxarırsan. Çox hallarda da laqeydliyə, etibarsızlığa min mənalı söz atırsan:

 

Susub qurudum yerimdə,

Ağrıdı canı yerin !

Qəm etmə,günün birində-

Deyərlər, başın sağ olsun...

 

Sənin yaradıcılığın sözlərdən  süslənmiş gülüstana bənzəyir. Hər çiçəyin öz adı, öz ətri var. Duyğuların ləçək-ləçək bu zərifliyin bağrında çırpınar. Bu döyüntülərin əks-sədaya dönəni var, gurultular içində səssizlik tapanı da. Harayın  eşidilməz, amma sükutun qulaq dələr, ürək parçalayar. Misraların tüstüsü kəsilmiş ocaq kimi qəlbimizi çırta-çırtla yandırar:

 

Günüm söz oyununda,

Gecəm qələmlə keçdi.

Əlim qaldı qoynumda-

Ömrüm ələmlə keçdi.

 

Sən dərdə sözdən heykəl ucaltmış şairsən. Doğma Xocavənddən ayrı düşəndən bəri nisgillərin çoxaldı. İşğalda qaralan yurdlarımızın ağrısı ürəyində  lövbər saldı. Bakıda yaşasan da, işləsən axşamlar evə dönən bir çaşqınlıq  yaşadın. Doğmaca  ünvana yox, müvəqqəti məskunlaşdığın evin qapısını döydün. İllərdi bu dərd səni için-için göynədir. Günlərin birində  xiffətinin libası biçilmiş bir  şeirin mənim dərdimi tərpətdi:

 

Bir ev qoyub gəlmişəm,-

açarları cibimdə.

Açarla oynayıram-

 çadırların dibində.

 

Neçə gün özümə gələ bilmədim. Dolmuş ürəyimi göz yaşlarım da soyutmadı. Bir gördüm ki, sənə şeir yazmışam. Bu, mənim haqsızlığa etirazım, sənə etirafım idi.

 

olar, Əbülfət,

Sən şeir yazma!

Yazdıqca dərdlərim

Üzümə durur.

Gedə bilmədiyim

O yollar ki var,

Aşılmaz dağ kimi

Gözümə durur.

Anam da qoynunda

 açar gətirdi.

Məni dərdlərinə

naçar gətirdi.

Necə sevirdi

elin, obasın.

Əlləri hər şeydən

üzülü getdi.

Bəlkə taledən

küsülü getdi.

Anamdan nişanə

qalan o açar

Qəlbimi talayan

yağıya döndü.

Deyə bilmədiyim

Sirrim, sözüm var,

Sinəmə dərd yığan

ağıya döndü...

 

Anamla yurdumu qoşa itirdim. Hərdən mənə elə gəlir ki, Uruduma dönə bilsəm, yenə o bəxtəvər günlərimə qovuşaram. Gör neçə əzizimin gözləri yoldadır...

Əslində, Əbülfət Mədətoğlu şeirlərində Amerika kəşf etməyib. Millətimizin, vətənimizin, torpağımızın başına gələn müsibətləri, soydaşlarımızın üzləşdiyi dəhşətləri, keçirdiyi vahiməni, həyəcanı, pəjmürdəliyi, pərişanlığı, didərginlik, qaçqınlıq, köçgünlük sitəmlərini, ağrı-acımızı  sözün qüdrətinə söykənərək təsirli ifadə edə bilib, şeirə gətirmək tərzini tapıb. Onu çoxundan fərqləndirən məhz budur. Doğru deyiblər ki, şair olmurlar, şair doğulurlar.

Əbülfət Mədətoğlu son illərdə demək olar ki, hər gün oxuduğum qələmdaşımdı. Çalışdığı "Ədalət" qəzetində dərc edilən  məqalələri ilə həmahəng şeirləri  ürəyimə köz kimi sıxılır. Maraqlıdır ki, ən dərdli şerində bir ümid işığı yanır:

 

Bəbəklərim lillənir

Gözlərimin suyundan.

İynə ucu işıq ver-

Tutub çıxım quyudan!   

Necə deyiblər, dünya  köhnə dünyadır, sevgiləri təzədir. Mənə görə isə, həyatda təzə heç yoxdur. Məhəbbət, nifrət, vəfa, xəyanət, etibar, satqınlıq, mərdlik, yaltaqlıq, haqq, şər-bir sözlə, qara insan var olan gündən mövcuddur. Sadəcə, nəsillər bir-birini əvəzlədikcə hər şey təzə görünür. Mənim şair qardaşımın şeirlərinin əsas mövzusu da məhz həyatımızın bu təzadlarıdır. Di gəl, Əbülfət bu saydığımız sifətləri özünəməxsus şəkildə, çox sadə, amma elə tərzdə mənalandırır ki, qalırsan heyrətdə. Evindən, eşiyindən qovulan, min uçurumdan, qandan,  qadadan keçən binəsiblərin qaçqınlıq ağrılarını, əlacsızlığını görün necə təsvir edib:

 

Qaçmırdı o, qovulurdu evindən,

Qovulurdu ellik ilə elindən!

Bir canıydı qopardığı ölümdən-

Bu candan da bezə-bezə gedirdi!

 

İsti ocağından, rahatlığından, ailəsindən, qohum-qardaşından, elindən-obasından, torpağından zorla ayrılmağın faciəsini ancaq bu dərdlə baş-başa qalan, ürəyini-qəfil gərdişin ocağında yandıranlar daha dərindən anlayarlar. Dərd sahibini tapdığı kimi yandırar, külünü göyə sovurar, sonrada öz başına tökər.Yurdsuzluq dərdindən betər ola bilər ki?! Əbülfət dərdin dərdinə qalır: "Bir üzü var, bir sifəti, dərd olduğun danmır ki, dərd".

Mən Əbülfət Mədətoğlunun şeirlərinin bədii siqlətindən, sənətkarlıq xüsusiyyətlərindən danışmadım. Düşünürəm ki, şairin yaradıcılığını artıq ənənəyə çevrilmiş üslubda təhlilə çəkmək sovet ədəbiyyatının başlıca şərti idi. Köhnəlmiş qəlibdir, artıq özünü doğrultmur. Çox hallarda da saxta alimlik adını almaq üçün döyənək qafiyələri, məramı bəlli, çərçivəli, pafoslu, ritorika ilə dolu şeirlərin üzərinə yalançı pərdələr çəkilirdi. Şairin ağlına qələminə gəlməyənlər bu cür təhlilin predmetinə çevrilirdi. Nəticədə şair ya uduzurdu, ya da dövrünün şöhrət pilləsinə ucaldılırdı. Əsl həqiqəti isə zaman özü imzalayır. Bir vaxtlar  guruldayan şairlər olub ki, indi zamanın məhkumuna çevriliblər. oxucunun yadına düşür, tənqidçinin.Gələcəyə gedən şairlər var ki, həmişə bizimlədir!

Hər bir şeirin oxucu ürəyində öz yozumu var. O şeirdə ki, canlılıq yoxdursa, həyatın özü boylanmırsa... danışmağa dəyməz. Əgər Əbülfət Mədətoğlunun şeirləri oxucusunu düşündürürsə, heyrətə, riqqətə gətirirsə, ürəyindən tikan çıxarırsa, hətta kövrəldirsə... onun bədii sənətkarlıq məziyyətləri məlum deyilmi?! Qəribə, olduqca sərrast bir misrası var: "Təzad günün siması...". Həyatın rənglərini anlayan insan həssas bir qədər yuxa təbiətli olurlar. Mənim şair qardaşım da belədir. Hər kəslə dostluq etməz. Dost dediyinin yolunda isə ölümə gedər. Haqqı unudub da haqsızlıq etməz. Xeyirdən-şərdən qalmaz. Hər gün otağımın qapısını açaraq məni salamlayandan sonra öz işinin arxasınca gedər. Niyə bunları xatırladıram? Söylədiklərim insan mənəviyyatının aynasıdır. Şəxsiyyəti ilə yazdıqları həmahəngdir. Ömrünün 55-ci qışını tamamlayan qardaşıma, nəhayət, bir gün deməliydim ki, mən sənlə qürur duyuram. Ürəyinsiz kəlmə yazmırsan. Sənin Azərbaycan poeziyasında öz yolun, öz xidmətin, öz oxucuların var.

Mənim düşüncəmə görə, bu selabların-selliyin içindən, yəni şairciklərin at oynatdığı meydandan çox kənarda Əbülfət Mədətoğlu yaradıcılığı bir  bulaq kimi qaynayır: təbii, səmimi, təsiredici, düşündürücü. Bir şair ki, kədərin şirəsini ürəyinə çəkərək yaşamağa üstünlük verirsə, gör onun şeirləri hansı mətləbə köklənib. Xəyalları gerçəkləşmir, şahlığı göz qırpımında devrilir. Əslində, heç qəmlənməyə dəyməz, çünki Əbülfətin şeirləri çiçək, cözü ləçək, qəlbi kövrək olan qələm sahibidir. Onu ondan sonra yaşadacaq söz varidatına malik olmaq hər kəsə qismət deyil. Bax, bu sarıdan Əbülfət Mədətoğlu dünyanın ən varlı insanlarından biridir. Şeirlərinin birində deyir:

 

Dolaşıq düşən günlərin

Kələfin çözmək çətindi...

Dərdin yumruqları altda-

Dayanıb dözmək çətindi!

 

Sənin söz qılıncın çox ovxarlıdır, qardaş! Özün deməmisən ki, dərdlərin sərhəddini çoxdan yarmısan! Qoy dərdin özü dərd çəksın ki, bizə sadiqliyi, vəfası ucbatından özü yaşlaşdı, qocaldı. Məhəbbət ünvanlı şeirlərindən heç danışmadım. Açığı, mən  anlamadım ki, sən hansı sevdanın dərdini çəkirsən. Sevdiyin ocağının başında, gözünün önündədi. Bəs bu giley dolu, xiffətli, həsrət yüklü misraların ünvanı niyə naməlum olsun? Yadıma İran müğənnisi, Ququş adı ilə tanınan azərbaycanlı Faiqə Atəşinin oxuduğu məşhur "Ayrılıq" mahnısı düşdü. Əslində, bu bir məhəbbət şərqisi idi. Əvvəllər belə qəbul etmişdik. Sonra hər şey dəyişdi. Vətən həsrətindən üzülənlərin könül harayına çevrildi. İndi o mahnını eşidən kimi gözlərimizin önündə əlimiz yetməyən, səsimiz çatmayan yurd yerlərimiz canlanır. Düzmü tapdım, qardaş, sən Vətən Məcnunu, Qarabağ sevdalısan! Başqa cür ola bilməz. Böyük Məmməd Araz demişkən, indi gərək hər anımız Vətən desin, təxminimiz, gümanımız, məhəbbətimiz, həsrətimiz Vətən desin!

Mübarək yaşını doğma yurdunda qeyd edə bilmədin. Bəlkə heç xatırlamadın ki, ömrünün iki beşi yanaşı dayanıb. Səni sevənlər, dostların bu xiffəti yaşadılar. Günlərin şeirlə açılsın, müjdələrlə qarşılansın. Düşüncələrindən keçənlər, istəklərinə hakim kəsilənlər xəyal yox,gerçək olsun! Bizi Qarabağa - Xocavəndə ad gününə çağırasan. Əvəzində mən borclu qalmayım, hamınızı          ana yurduma - indi erməni əsarətində saralan Uruda dəvət edim. Ürəyim titrədi.                                        Demişdim, ağlamayım, bacarmadım.Yadıma vaxtsa yazdığım misralar düşdü:

 

Daş da bizdən vəfalı,

Quş da bizdən vəfalı,

İldə bir yol Vətəndə

Qış da bizdən vəfalı...

 

 





28.12.2013    çap et  çap et