525.Az

Sizi çox sevirəm... - Ramilə Qurbanlının essesi


 

Sizi çox sevirəm... - <b style="color:red">Ramilə Qurbanlının essesi </b>

Molla Nəsrəddinin məşhur hekayətidir, bilməmiş olmazsınız, konteksdə uyğun olduğu üçün təkrarlayıram.

Deyir, Molla Nəsrəddin eşşəyin belində gedirmiş, ətrafdan deyiblər ki, buna bax e , o boyda kişi minib eşşəyin belinə. Molla düşüb eşşəyi yedəkləyib piyada gedir.

Bu dəfə ətrafdakılar: "Buna bax e, yanında eşşək, özü piyada gedir", - deyirlər. Yazıq Molla hikkəsindən eşşəyi də mindirib boynuna yoluna davam edir...

Lətifəsi kənar olsun, amma günümüz üçün çox aktualdır. Heç cür yarınmaq olmur millətimizə. Nə ediriksə, məlum olur ki, yanlışdır. Hər nəsnəyə deyinirik, narazılıq edirik.

Cəbhədə əsgər şəhid olur,  deyir ki, 17-18 yaşlı uşaqları verirlər qabağa, gör heç bir zabit şəhid olur? Allah göstərməsin deyəcəkdim, göstərdi artıq. Şəhid zabitlərimiz var idi, sıraya general da qoşuldu, Nur içində uyusun bütün şəhidlərimiz. Onlardan sonrakılara ruhlarını qələbə ilə sevindirmək qismət olsun.

Yağış yağır, narazılıq edirik ki, bu nə yağışdır, nə vaxtın yağışıdır. Külək əsir deyinirik ki, gözümüzü toz-torpaq çıxardır, olmaya də Bakının bu küləyi. İsti olur, yenə mızıldanırıq. Ay balam, təbiətlə də davamız var, bəlkə deyək ki, onu da idarə edən yerində deyil, istefa versin əlimizdən?

Filankəs belə danışır, o birisi belə gülür, üçüncüsü azərbaycanlı simasında deyil. Filan nazir danışa bilmir, filan komitə sədri çəpgözdür, onun qohumu belə, bunun arvadı filan, o birisinin anası qeyri-millətdən. Bunun danışığına bax, filankəs heç gözə görünmür, bu birisi belə.

Bu bün şəhidlərimizi torpağa tapşırıb səhərisi gündəmi lağlağı sözlərlə dəyişirik. Onsuz da dəyişməyəcəyik, bilirəm, amma heç olmasa bir az inkişaf edək, noolar. Nə qədər ki, düşmənlə qarşı-qarşıyayıq, bu mərəzlərimizi unudaq. Şüar kimi pafoslu çıxmasın, amma sözün bütün mənalarında birləşməliyik. Bəyəndiyimiz, bəyənmədiyimiz, iqtidarlı-müxalifətli, sollu-sağlı, ağlı-qaralı, kürdəmirli-bakılı - fərq etməz, vallah, billah eyni qazanda qaynayırıq və eyni kökənliyik.

Özümüzük, bizik... Bizi bizdən qeyri heç kim xilas etməyəcək. Barı biz də çəkişib, dartışıb qurbağa ilə hacıleylək kimi özümüzü haça-paça etməyək.  "Atam pisdir, mən atam kimi olmayım" - deyən övlad xeyir tapmayıb. Atan pisdirsə, deməli, sən pis qandan əmələ gəlmisən - adama belə deyib fakt qarşısında qoyarlar.

Şikayət deyilən nəsnəni unudaq - ay hava çox istidir, ay niyə belə külək əsir, yağış çox yağdı və sair. Hər işdə mütləq bir xeyir var, bax gəlin həmin o tərəfdən baxaq. Bir gün o havanı görməyəcəksən, bir gün o günəş üzünə gülməyəcək, bu gün o havanın, o günəşin dadını çıxartmağı, həyatdan zövq almağı bacaraq. Yaxşı düşünək, yaxşını görək. Kainata ötürdüyümüz mesaj bumeranq kimi qayıdır özümüzə - yaxşı mesajlar verək. Sevgi sevgini, nifrət nifrəti qidalandırır. Pisə ardıcıl yaxşı desək, yaxşı olacaq, yaxud əksinə. Havamız yaxşıdır, yaxşı iqlim qurşağındayıq.

Polisimiz də yaxşıdır, ordumuz da, dövlətimiz də özümüzündür. Bizik, yəni biz necəyiksə, o da elədir. Qarşılıqlı sevgi yaradaq! O günkü kimi, sevgi ötürək, sevgi qarşılasın bizi. Ordumuz da yaxşıdır, qüdrətlidir, polisimiz də, dövlətimiz də. Onlara gücü, qüdrəti ötürən bizik - onlar bizik.

Üzümüzə hər səhər gün doğsun, lap qızmar olsun, yandırsın, yetər ki, hər səhər onun doğduğunu görək. Özümüzü - dövlətimizi, bayrağımızı, ordumuzu, vətənimizi sevək, biz onlardan ibarətik, zatən. Pis olan pis günə qalar. Yaxşı olaq, qələbə bizimlə olsun. İtirdiyimiz dəyərlərin yanğısını qələbədən başqa heç nə ovundura bilməz...

Sizi - Azərbaycanı çox sevirəm!..

 





17.07.2020    çap et  çap et