525.Az

Türkiyəli gənclər ərazi bütövlüyümüz uğrunda könüllü hərbi xidmətə hazırdır


 

Türkiyəli gənclər ərazi bütövlüyümüz uğrunda könüllü hərbi xidmətə hazırdır<b style="color:red"></b>

İyulun 19-da İstanbulun "Beyazıt meydanı"nda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı keçirilən etiraz aksiyasından sonra tədbir iştirakçıları 1918-ci ildə Bakının işğaldan azad olunmasında tarixi rol oynayan Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın və Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi və dövlət xadimi Əhməd Ağaoğlunun məzarlarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə vətəndaşları ilə yanaşı, qardaş ölkədə, o cümlədən İstanbulda fəaliyyət göstərən bir çox Azərbaycan-Türkiyə dostluq cəmiyyətlərinin nümayəndələri, ictimai xadimlər, burada yaşayan, işləyən və təhsil alan soydaşlarımız da iştirak ediblər.

Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində olduğu kimi, tarixi bir daha təkrarlamağa, erməni işğalına birlikdə son qoymağa hər an hazır olduqlarını bildiriblər.

Ziyarət zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatla bağlı tədbir iştirakçılarının mediaya ünvanladığı açıqlama səsləndirilib.

Açıqlamada Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğalçı siyasəti barədə məlumat verilib, Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribat şiddətlə qınanılıb və işğal altındakı Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması tələb olunub.

Ziyarət zamanı Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən şüarlar səsləndirilib, iki qardaş ölkənin qəhrəman övladları, şəhidlər general Polad Həşimovun, Ömer Halis Demirin və Mübariz İbrahimovun rəsmləri önündə hərbi salam verilib, and içilib.

Tədbirdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda könüllü hərbi xidmətə yollanmaq istəyən Azərbaycan və Türkiyə gənclərinin adları siyahıya alınıb.

 





19.07.2020    çap et  çap et