Xalq yazıçısı Elçinin qardaş Türkiyə ilə ədəbi-mədəni əlaqələrimizin möhkəmləndirilməsində xüsusi yeri və rolu vardır. Görkəmli sənətkar hələ 1979-cu ildə qələmə aldığı məşhur “Yaxın, uzaq Türkiyə” əsəri ilə əsasını qoyduğu bu tarixi missiyasını – qardaş ölkə ilə mədəni körpü yaradılması səyini Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra daha böyük coşqu ilə həyata keçirmişdir. Nəticədə çağdaş ədəbiyyatımızın canlı klassiki Elçinin roman, povest, hekayələri Türkiyənin tanınmış nəşriyyatlarında dəfələrlə nəşr olunmuş, ədəbi irsi haqqında elmi-tədqiqat işləri, resenziyalar yazılmış, “Mahmud və Məryəm” romanı əsasında film şəkilmış, pyesləri Azərbaycan və Türkiyənin dövlət və bələdiyyə teatrları tərərfindən Ankara, İstanbul, Konya, Ərzurum və başqa şəhərlərin teatrlarında səhnəyə qoyulmuşdur.
Bu günlərdə Elçin növbəti uğura imza atmışdır. Onun “Şekspir” pyesi İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrında tamaşaya qoyulmuşdur. Anşlaqla keçən premyerada diplomatlar, Türkiyənin tanınmış mədəniyyət xadimləri, sənətkarlar iştirak etmişdir.
Bundan əvvəl, “Şekspir” müxtəlif dillərə tərcümə edilərək London, Moskva, Sankt-Peterburq, Kiyev və digər böyük şəhərlərin teatrlarında uğurla tamaşaya qoyulmuşdur. “Şekspir” ilk dəfə “ÜNS” Teatrında tamaşaya qoyulmuş və ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
Yeni tamaşaya istedadlı aktrisa və rejissor Məlahət Abbasova quruluş vermişdir. 2009-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə Teatrının böyük uğurla göstərilən “Qatil” tamaşasının da quruluşunu vermiş Məlahət Abbasovanın fikrincə, bəşəri ideyalar daşıyan, insanlığın əzəli və əbədi problemlərinə toxunan “Şekspir” tamaşasının müasir dramaturgiyada xüsusi yeri vardır.
Türkiyənin tanınmış səhnə ustaları – Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və digərlərinin mahir ifası tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin ideyasının tamaşaçılara çatdırılmasına uğurla xidmət etmışdir. Səhnədəki böyük beyin maketi, onun açılmasından sonra ortaya çıxan zaman məfhumu və fələyin çarxını xatırladan orijinal üslub yüksək peşəkarlıq nümunəsidir.
Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin burada “Stalin”, “Sara Bernar” və yadplanetli adlandıran ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən və millətlərdən olanları düşündürən məsələlər və günümüzün aktual problemlərindəndir. Hakan Arlının ustalıqla yaratdığı baş həkim obrazı bir ictimai-siyasi formasiyadan digərinə keçid dövründə yaşadığı dərin mənəvi-psixoloji problemlərin yaratdığı sarsıntıdan ruhi xəstələrə həsəd aparan həkimin faciəsinin səhnə təcəssümüdür. Aktyor Sezai Aydının canlandırdığı “Stalin” ləqəbli xəstənin dilindən isə dünyanın böyük bir hissəsində insanlığın məruz qaldığı cinayət, kataklizm və tragikomik hadisələr təqdim olunur. Bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı musiqi səhnədə cərəyan edənləri – dinamik hərəkətləri, kəskin dialoqları, qeyri-adi jestləri daha baxımlı, təsirli və yaddaqalan edir.
“Şekspir” Elçinin qardaş Türkiyə teatrlarında tamaşaya qoyulmuş altıncı pyesidir. Ümumiyyətlə, Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, “Arılar arasında”, “Şekspir”, “Teleskop” və digər pyeslərinin ölkəmizdə olduğu kimi Azərbaycan sərhədlərindən kənarda da nümayişi müasir ədəbi irsimizin tanıdılması və təbliğində mühüm rol oynayır.
Namik Murad
Türkiyə, İstanbul
çap et