525.Az
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bölgələrdə qeyd olunub
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın bölgələrində tədbirlər keçirilir. Zərdab rayonunda keçirilən mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, xaricdəki Azərbaycan diasporunun gördüyü işlər haqqında geniş məlumat verilib: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və əvəzsiz xidmətləri nəticəsində dünya azərbaycanlıları bir araya gələrək təşkilatlanıb, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında onların rolu artırılıb”.
Çıxışlarda Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi böyük işlər barədə ətraflı məlumat verilib. Həmçinin Zərdabda sosial-iqtisadi sahədə qazanılan uğurlar konkret faktlarla şərh olunub.
Təntənəli mərasimdə 2013-cü ildə əmək fəaliyyətində fərqlənən bir qrup ziyalıya, qabaqcıl əmək adamlarına və idmançılara rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələri təqdim edilib.
Mərasim musiqi kollektivlərinin bayram konserti ilə davam edib.
Biləsuvar şəhərindəki Heydər Əliyev parkında da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Yüzlərlə sakinin iştirak etdiyi tədbirdə çıxış edənlər bayram münasibətilə rayon ictimaiyyətini tədbir edib, xoş arzularını bildiriblər: “Yola saldığımız il Biləsuvar üçün də uğurlu olub, rayonun sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr qazanılıb, Prezident İlham Əliyevin rayona səfəri zamanı bir sıra mühüm obyektlər istifadəyə verilib. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat verən çıxışçılar bildiriblər ki, bu məfkurənin formalaşması və onun vahid dövlət siyasətinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və onun real nəticələrindən də ətraflı söhbət açılıb. Dünya birliyində layiqli yer tutan, sosial–iqtisadi inkişafına görə lider dövlət olan müstəqil Azərbaycan hər bir soydaşımız üçün fəxr mənbəyi olduğu diqqətə çatdırılıb, Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı ildə daha böyük uğurlara imza atacağımız əminliklə ifadə olunub. Sonra rayonun 400–dən çox sakininə bayram hədiyyəsi paylanılıb. Rayonun özfəaliyyət kollektivləri konsert proqramı təqdim ediblər.
Tovuz rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Bayram münasibətilə bəzədilmiş rayon mədəniyyət evində keçirilən ümumrayon şənliyində çıxış edənlər əlamətdar gün münasibətilə tovuzluları təbrik ediblər. Bayram şənliyində rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərini, Tovuz Dövlət İqtisad Kollecinin, rayon uşaq bağçaları və orta məktəblərinin kollektivləri bayram proqramı ilə çıxış ediblər.
S.ABDULLAYEVA
31.12.2013
çap et