525.Az
Poltavada Firudin bəy Köçərlinin 150 illiyilə bağlı tədbir keçirilib
Bakı Slavyan Universitetinin (BSU) dəstəyi ilə Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) yaradılmış Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində Azərbaycanın görkəmli alimi, maarifçisi, filosofu və ədəbiyyatşünası Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyilə bağlı dəyirmi masa təşkil edilib.
Tədbirdə PİTU-nun və Poltavanın digər ali məktəblərinin müəllim və tələbələrindən təşkil olunmuş “Azərbaycanın dostları klubu”nun üzvləri çıxış ediblər. BSU-dan verilən məlumata görə, Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzinin direktoru, dosent Yaşar Alxasov tədbiri açaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Firudin bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verib. Sonra Y.Alxasov Azərbaycanın bu görkəmli aliminin və maarifçisinin həyat və yaradıcılığından söz açıb: “Firudin bəy Köçərli ana dili ilə yanaşı, rus dilinin, slavyan dünyası mədəniyyətinin öyrənilməsi ilə bağlı məsələ qaldıran ilk Azərbaycan alimlərindən olub, rus və slavyandilli müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bakıda vətənpərvər alim Firudin bəy Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanası fəaliyyət göstərir. Bu kitabxana PİTU ilə sıx əməkdaşlıq edir, müntəzəm şəkildə, Azərbaycanda nəşr olunmuş maraqlı kitablar göndərir”.
Tədbirdə “Azərbaycanın dostları klubu”nun rəhbəri, professor Stanislav Varvyanski, professor Tatyana Onipko, dosentlər Miroslav Aliman və Aleksandr Koryaqin, magistr Svetlana Tyutyunnik çıxış edərək Firudin bəy Köçərlinin maarifçilik fəaliyyətini yüksək qiymətləndirib. Natiqlər xalqlar arasında dostluğun möhkəmlənməsi işində bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər. Sonda tədbir iştirakçıları Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının PİTU-ya hədiyyə etdiyi kitablardan ibarət sərgi ilə tanış olublar.
S.ABDULLAYEVA
31.12.2013
çap et