525.Az

Məktəblə vidanın virtual çaları...


 

Məktəblə vidanın virtual çaları...<b style="color:red"></b>

Ailəmiz bizə ərməğandır, onları biz seçmirik. Hər kimdən soruşsan ki, "valideynini özün seçmək şansın olsa, kimi seçərdin?", böyük ehtimal, hər kəs öz valideynini söyləyər. Mən də onlarla fəxr edib, qürur duyuram.

Bizə insanı digərlərindən fərqləndirən ən vacib məziyyətlərdən olan vicdanlı olmağı öyrətdiklərinə görə. Amma bu gün haqqında anam olduğu üçün deyil, örnək bir insan olduğu üçün yazmaq ehtiyacı hiss etdim. Mənim həyat müəllimim - Almaz Talıb qızı Həmiova. Zəngilan rayonunda ziyalı ailəsində doğulub, Azərbaycan Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsində təhsil alıb.

Ailəsinin mühafizəkarlığını nəzərə alaraq aspirantura təhsili almaq istəyini həyata keçirmədən öz məmləkətinə dönüb. Və elə ilk müəllimlik təcrübəsinə təhsil şöbəsinin təşəbbüsü ilə direktor müavini vəzifəsindən başlayıb, nümunəvi ailə həyatı qurub, 46 illik ləyaqətli müəllimlik təcrübəsini 2019-2020 tədris ilində həmin vəzifədə könüllü şəkildə başa vurub.

Bəzən proses nəticədən daha çox əhəmiyyətli olur və hədəfə bu məqsədlə gedəndə nəticə ondan da uğurlu və şəffaf olur. Nəticədən daha vacib olan ömür boyunca qət edilən yolda toplaya-toplaya gəldiyin kiçik sevgilərdən yaratdığın çələngidir, sonda sənin mükafatın qucaq dolu sevgidirsə, demək ki, arxaya baxanda təəssüflənəcək bir şeyin olmaması, hüzur sənin qazancındır.

Öyünəcəyimiz o qədər tərəfin var ki, qarşılaşdığımız hər bir şagirdin haqqında ağız dolusu bəhs edir. Ömür yoluna qonaq gəldikdən sonra bu yola şahidlik etmişik, övlad olaraq, insan ana kimi qüsursuz ola bilər, lakin dost, sirdaş, müəllim... - həyatdakı bütün rollarını, üzərinə düşən borc və vəzifələrini layiqli yerinə yetirmək böyük əmək istəyir. Bəzən yanlış insana doğru davranışına təccübləndiyimizi gördükdə "onun dilində danışsanı ondan fərqin qalmaz, xoş davranışdan utanaraq daha asan doğru yola gələr" deyə humanist davranışlarıyla, insanı yanlışından utanmağı ən nəzakətli şəkildə bacarmağıyla az təccübləndirməyib bizi və sonda haqlı olduğunu görmüşük.

Eyni zamanda, valideynlərim məktəbdə müəllimimiz olub. Bir müəllim bir nəsil deməkdir, vətəni üçün silahla deyil, biliyi ilə savaşır. Müəllimin bir deyil, şagirdləri qədər canı var. Bağban kimi övladlarını və şagirdlərini layiqli yetişdirmək kimi borcun öhdəsindən layiqincə gəlməyinə, onları necə sevdiyini, şəxsi həyatlarında belə həmdəmləri olduğunun şahidi olmuşuq. Bunu şagirdlərinin gözlərindən oxumaq o qədər də çətin deyil, eyni zamanda, şəxsi arxivində 40 il əvvəlki şagirdlərinin hərbi xidmətdən, universitetlərdən yazdıqları bayram təbriki məktubları da təsdiqləyir. Bütün bunların qarşılığı olaraq "İlin müəllimi", Fəxri fərman və s. almışdır, amma ən böyük mükafatı həyatda uğurlu mövqe tutmuş "əsərləri" olan şagirdləridir.

Bizə verdiyin əməyin işığında hər zaman öyrənməyin vacibliyinə inandıq, sevdiyin üçün sevə bildik, bütün qərarlarımızda yanımızda olmağının, liman olaraq sənə sığınmağın verdiyi güvən yetər. Mövzu sən olanda yazmaq çətinləşir, heç bir özəlliyini doğru şəkildə ifadə edə bilməyəcəyimin həyacanı bürüyür. Həmişə haqlısan, amma bunu bizim anlayıb qəbul etməyimizə qədər təmkinlə gözləyəcək qədər böyüklük göstərirsən. Bizə həyatda ədalətli, qürurlu, ən vacibi halalı haramdan ayırmağı öyrətdiyiniz üçün valideynlərim olaraq sizə qibtə edib, qarşınızda baş əyirəm.

Balansı, harmoniyanı hər sahədə mükəmməl şəkildə qorumağı bacaran biri kimi doğru  vaxtın gəlib yetişdiyini düşünərək 46 il böyük əmək və sevgi sərf etdiyin ikinci evin - məktəbinlə vidalaşmağa. Gündəmi bürüyən pandemiya səbəbi ilə doğma məktəbin, dəyərli kollektivin, sevimli şagirdlərinlə onları köksünə sıxmadan sağollaşmalı oldunuz. Sevincli kövrək, həyəcanlı, bütün duyğuların eyni anda yaşandığı bir virtual vida oldu. Uca Yaradan tezliklə virtual vidanızın real qovuşmağa keçidini asan etsin.

Uzun və səmərəli əmək fəaliyyətini uğurlu şəkildə başa vurmağın münasibətilə səni təbrik edirik! Səni çox sevirik, ibrətlik qadın, sevgin üzərimizdə olsun, papamın bizə əmanəti canım mamam!

Məfkurə QOCAYEVA
Fizika üzrə fəlsəfə doktoru

 





20.07.2020    çap et  çap et