525.Az

Ülviyyə Heydərovadan müraciət


 

YAZIÇI-JURNALİST AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN VİKİPEDİYADA TƏHRİFİNƏ QARŞI TƏDBİRLƏR GÖRÜLMƏSİNİ XAHİŞ EDİR

Ülviyyə Heydərovadan müraciət <b style="color:red"></b>

Jurnalist, yazıçı, dramaturq Ülviyyə Heydərova özünün sosial şəbəkə hesabında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Məlum olduğu kimi, Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındadır. Ölkəmiz bu illər ərzində nəinki müharibə şəraitindədir, eyni zamanda erməni qəsbkarları ilə  informasiya savaşında mübarizə aparır. Bununla bağlı ölkəmizdə portallar yaradılıb, Azərbaycanın tarixi həqiqətləri müxtəlif dillərdə həmin resurslarda yer alıb. Dünyanın bir nömrəli axtarış sistemlərində müxtəlif dillərdə "Dağlıq Qarabağ" adı yazılan kimi ilk növbədə Vikipediya açılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, Vikipediyada "Dağlıq Qarabağ" haqqında rus və digər dillərdə olan versiyalarda Azərbaycan tarixi tamamilə təhrif olunub. "Böyük Ermənistan" xülyasına aid "bütün faktlar"orada geniş şəkildə yer alıb. Yazılan "tarixi faktlardan" belə məlum olur ki, Dağlıq Qarabağın Azərbaycana ümumiyyətlə, heç bir aidiyyatı yoxdur. Çox təəssüf ki, başda ermənilər olmaqla Azərbaycanı sevməyən internet istifadəçiləri həmin "faktları" götürür, olduğu kimi sosial media vasitəsilə dünyaya tirajlayır. Vikipediyanın dünyada internet istifadəçiləri arasında necə böyük əhəmiyyət kəsb etdiyini bilirik.  Bir vətəndaş kimi xahiş edirəm ki, bununla bağlı məsələ araşdırılsın və Azərbaycanın tarixi həqiqətləri müxtəlif dillərdə olduğu kimi Vikipediyada yer alsın. Həqiqət hər zaman qalib gəlir. Tanrı ölkəmizi qorusun!"

Qısa zamanda bu müraciət ictimaiyyət, sosial şəbəkə istifadəçiləri və ziyalılar tərəfindən maraqla qarşılanıb və böyük dəstək toplayıb. Bir çox ziyalı və sənətçilər rəsmi müraciətə öz adlarının da daxil edilməsini istəyiblər. Mövzuyla bağlı Ü.Heydərova ilə əlaqə saxladıq. Qəzetimizə açıqlamasında jurnalist müraciətin bu qədər dəstək görməsindən məmnunluğunu bildirdi və problemin tezliklə aidiyyatı qurumlar tərəfindən araşdırılıb, aradan qaldırılacağına inandığını vurğuladı:  

"İlk növbədə qeyd edim ki, sosial səbəkələrdə həmyerlilərimiz, soydaşlarımız, aktiv istifadəçilərimiz ermənilər tərəfindən işğal olunan torpaqlarımız haqqında, xüsusən də son günlər Tovuzda baş verən hadisələrlə bağlı paylaşımlar edirlər. Hamı kimi mən də informasiya savaşında mübarizə aparıram. Qarşıma Dağlıq Qarabağla bağlı Vikipediyada rus dilində material çıxdı. Axıra kimi oxudum və dəhşətə gəldim. Sonra ingilis dilində oxudum. Gördüm həmin materialdır, amma ingilis dilində. Azərbaycan dilində isə tamam fərqlidir. Təsəvvür edin, tarixi torpaqlarımız, qədim mədəniyyətimiz "Böyük Ermənistan" xülyasındakı "faktlarla" təqdim olunur. Mən bu haqda həmin dəqiqə “Facebook” səhifəmdə münasibət bildirdim. Əks səda doğursa da, elə sosial media üzərində müzakirə kimi qaldı. Bugün isə mən facebook səhifəm üzərindən öz adımdan başda Azərbaycan Respublikasının Prezidenti Administrasiyası olmaqla, aidiyyatı qurumlara müraciət elədim. Doğrudan d, müraciətim diqqətdən kənarda qalmadı. Əməkdar mədəniyyət işçisi, jurnalist Zöhrə Əliyeva, Xalq artisti Mehriban Zəki, Əməkdar artist Gülzar Qurbanova, rejissor, aparıcı Zəhra Quliyeva, aktrisa Günəş Mehdizadə, Parisdə yaşayan həmyerlimiz Kəmalə Muradova, jurnalistlər Lalə Əliyeva, Naibə Qurbanova, Tünzalə Məlikova, sənətşünas Rəfael Gülməmmədli, musiqişünas Fazilə Nəbiyeva, müəllimə Sevinc Niftəliyeva dəstək verdi... Dəstək davam edir. Hər birinə təşəkkürümü bildirirəm ki, bu məsələ diqqətlərindən kənarda qalmadı. Torpaq bizim, mədəniyyət bizim, ruh bizim, ağrı bizim, acı bizim, amma yad dillərdə uydurma adda, uydurma tarixdə... Bunu kim qəbul edər? İnformasiya savaşında da birlikdə olmalıyıq. Axı biz birlikdə güclüyük!"

Şahanə MÜŞFİQ

 





21.07.2020    çap et  çap et