525.Az

Milli sərvətimizin qorunması yolunda - Yazı


 

"AZƏRBAYCAN MUSİQİ TARİXİ"NİN V CİLDİ ÇAPDAN ÇIXDI

Milli sərvətimizin qorunması yolunda - <b style="color:red">Yazı</b>

Elə bu günlərdə çapdan çıxmış "Azərbaycan musiqi tarixi"nin V cildini əlimə götürərkən, qeyri-ixtiyari A.S.Puşkinin "Boris Qodunov"un qəhrəmanı, salnaməçi Pimenin monoloqundan bu sətirləri xatırladım: "Yenə bir son  salnamə və mənim salnaməm bitir, Allahdan vəsiyyət edilmiş borcum yerinə yetir".

Belə paralel təsadüfi yaranmamışdı. "Azərbaycan musiqi tarixi" beşcildliyin ideya müəllifi, layihə rəhbəri və elmi redaktoru, eləcə də ən iri, sanballı və dəyərli oçerklərin müəlliflərindən biri akademik Zemfira xanım Səfərova dəfələrlə qeyd edirdi: "Böyük səbirsizliklə "Tarixin son, beşinci cildinin nəşrini gözləyirəm, artıq onda deyə bilərəm ki, öz missiyamı, vəzifəmi yerinə yetirmiş oldum". Amma hörmətli Zemfira xanım, icazə verin bu yazının müəllifinə əvvəllər verdiyiniz müsahibədən bir epizodu sitat gətirim: "Mənim çox kitabım çap olunub. Hər kitab çıxandan sonra özümü sanki boşalmış hiss edirəm, çünki bu prosesə özümü bütünlüklə həsr edirəm. Hər kitab bir tarix, həyatımın bir hissəsidir. Ona görə mən daha çox kitabın yazılma prosesindən həzz alıram, nəinki onun bitməsindən. Kitab üzərində işlərkən özümü komfort hiss edirəm, elmlə məşğul olmaq həyatın ən böyük ləzzətidir". Belə etiraf nəinki çox şey açıqlayır, həm də ümid verir (Xahiş edirəm, üç nöqtəni ardı davam edəcəyinə ümid və əlamət kimi qəbul edəsiz)...

Belə giriş üçün Zemfira xanımın reaksiyasını təsəvvür edirəm. Məsələ ondadır ki, bu günlərdə qeyri-rəsmi söhbətdə o, etiraf edərək bildirdi ki, "çoxları "Azərbaycan musiqi tarixi"nin müəllifi kimi ümumiləşdirib mənim adımı çəkirlər, "Zemfira xanımın tarixi" deyirlər, amma, bu səhvdir. "Tarix" Azərbaycan musiqişünaslarının kollektiv əsəridir, əməyidir. Musiqişünaslarımız özlərinin dəyərli tədqiqatları ilə ölkənin musiqi sənətinin yaranması yolunda öz tövfələrini vermişlər".

Doğrudan da bəhs etdiyimiz monumental beşcildlik tədqiqatının əsasında kollektiv monoqrafiya prinsipi qoyulmuşdur. Öncədən də layihənin reallaşmasının əsasında Azərbaycan musiqişünaslıq məktəbinin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Lakin həqiqət naminə deməliyik ki, bu işdə Z.Səfərovanın böyük şəxsi rolu qeyd olunmalıdır. Birinci iki cilddə  mətnlərin yarısından çoxu (25 fəsil) bu görkəmli alim tərəfindən yazılıb, hər cildə o, ön söz və xülasə verib, nəşrdə qaldırılan problemlər haqqında yığcam  məlumat təqdim edib. Hələ bunu da qeyd etməliyik ki, beşcildliyə daxil olan mövzuların müəllifi Z.Səfərova, böyük alim kimi elmi araşdırmaların və yaradıcı maraqların geniş diapazonunu nümayiş etdirib. Onlardan bəzilərinin adını çəkək: "Kitabi-Dədə Qorqudun musiqi aləmi", S.Urməvinin, Ə.Marağayinin, F.Şirvaninin, M.Nəvvabın elmi irsi və risalələri. Qarabağın muğam məktəbi musiqişünas-alimin həmişə diqqət mərkəzində olub. O, məşhur Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlunun  yaradıcılığı, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin (Zemfira xanımın aparıcı üzeyirşünas kimi ölkədə əsas statusu təsdiq olunub) və böyük bəstəkar Qara Qarayevin yaradıcılığının da tədqiqatçısıdır.

Deyilənlərə əlavə edək ki, 40 ildən artıqdır ki, Zemfira Yusif qızı Səfərova Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun "Musiqi tarixi və nəzəriyyəsi" şöbəsinə uğurla rəhbərlik edir.

Bütün deyilənləri nəzərə alaraq çox çətin zənn etmək olar ki, Z.Səfərovadan başqa yenə kimsə bu məsuliyyəti öz üzərinə götürə bilərdi və belə ağır işi -  qədim dövrlərdən ta indiki zamana qədər milli musiqinin yaranma və inkişaf tarixini yaradardı. Həqiqət naminə qeyd edək ki, "Azərbaycan musiqi tarixi"nin yaranma ideyası çoxlarının ağlına gəlmişdi. Amma müəyyən vaxta qədər bu çətin layihənin real yollarının konkret təşəbbüskarı olmamışdı - bu çox məsuliyyətli işi başlamaq mümkünsüz idi - yəni istər məqsəd akademik nəşr olsun, istər milli professional musiqi tarixini yaratmaq olsun.

"Tarix"in tərtibçiləri xüsusi hörmətə layiqdirlər, çünki kitabın personajlarını "ələkdən keçirmə" prinsipindən tamamilə imtina etmişlər, həm çox tanınmış məşhur bəstəkarların istedad və zəhmətinə, həm də talelərinə görə kölgədə qalmışları əsərdə xronoloji ardıcıllıqla təqdim etmişlər.

Zemfira xanımın qarşısına qoyduğu məqsəd Azərbaycan musiqisi ilə bağlı bütün hadisə və adların maksimum şəkildə tam işıqlandırılmasıdır.

Bir sıra hallarda bəzi nəşrlərin davamı nəzərdə tutulsa da, elə tamamlanmamış qaldıqlarını etiraf etmək kifayətdir. Bu fonda doğru planlaşdırılmış və vaxtında çapdan çıxmış tarixin bütün beş cildinin nəşr edilməsi məmnunluq hissi yaradır və böyük sevincə səbəb olur.

Belə bir işin dəqiq ritmdə vaxt etibarilə geniş yaradıcı panoramını əhatə etməsi xüsusi diqqətəlayiqdir. Bu, yalnız Azərbaycan Elmlər Akademisyası, həmçinin, Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi tərəfindən nəşrə böyük diqqətin nəticəsində mümkün olub. Yada salaq ki, layihənin reallaşmasına 2012-ci ildə başlanılmışdı. Səkkiz il ərzində beş cild nəşr edilib (cəmi 6 kitab, çünki 2014-cü ildə "Tarix"in birinci cildi rus dilində də çap olunub). Amma əgər hər cildin çap dinamikasına diqqət yetirsək, tezləşmə xəttini görərik.

2012-ci ildə Azərbaycan dilində 1 cild çapdan çıxıb, 2014-cü ildə yenə I cild (rus dilində) nəşr olunub. Digər cildlər hər il - 2017, 2018, 2019 və 2020-ci illər - bir cild olmaqla Azərbaycan dilində çap edilib və hər biri Azərbaycan Elmlər Akademiyasının mühüm bir işinin nəticəsi kimi qiymətləndirilib.

Elmi aləmdə beşcildli "Tarix"in belə yüksək qiymətləndirilməsinin səbəbləri aşağıdakılardır:

- Ən əvvəl layihənin unikallığı ilə hadisələrin əhatəsinə və açıqlanmasının miqyasına görə Azərbaycanın musiqi sənətində analoqunun olmamasıdır.

- Bu layihədə milli musiqi tarixinin işıqlandırılması get-gedə artan prosesə çevrilir. Buna hər cildin ayrılıqda struktur quruluşu imkan verir. Hər cilddə yalnız xronoloji ardıcıllıqla Azərbaycanın professional bəstəkarlarının yaradıcı portretləri yerləşdirilib, həm də onlarla yanaşı, ümumi şəkildə uyğun məlumatlar verilib.

- Bir-birini tamamlamış belə tarixi və spesifik musiqişünaslıq aspektlərinin geniş obyektiv təqdimatı milli musiqi mədəniyyətinin  ölkənin sosial-ictimai inkişafı ilə sıx qarşılıqlı əlaqəsi şəraitində dərindən öyrənilməsi üçün imkan yaradır.

- Deyilənlərə əlavə edək: "Tarix"də təqdim olunan materiallarda milli bəstəkar məktəbinin müxtəlif dövrlərinin yaranmasında xronoloji xüsusiyyətlər qeyd olunub.

- Bütün beş cild boyunca ənənələrə qayğı ilə yanaşılıb, eyni zamanda, inandırıcı və novatoryanaşma ortaya qoyulub, janr müxləlifliyi göstərilib, orta əsrlərin dahi alimlərinin və Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin yaradıcılığı işıqlandırılıb. Bu dəyərli sıranı davam etdirmək olar, amma nəticəni ümumiləşdirmək lazımdır.

Bu sanballı akademik nəşrin əsl qiyməti nədədir? Cavabı tam məlumdur. Nəhayət, Azərbaycan bəstəkarlıq məktəbinin tarixi və milli elmi-musiqişünaslığın yaranması təsbit edilib, formatı müəyyəndirilib. Belə ciddi sənəd (Z.Səfərovanın deyimi ilə "pasport") beşcilddə müəyyən mənada "mühafizə fərmanı"dır. Azərbaycan musiqi sənətinin haqqını, hüququnu həyasızcasına ona qəsd edənlərdən, öz milli sənətini təbiətən istedadlı sülhsevər qoşunlarının hesabına şöhrətləndirilməsinə çalışanlardan qoruyur.

Bir də, hər hansı fənnin tarixi aspektdə öyrənilməsi daha dərin qatlara nüfuz etməyə imkan yaradır. Musiqi sənətinə, onun qaydalarına yiyələnmək üçün unikal şans yaradır, onun əsaslarının formalaşmasına kömək edir, yüksək musiqi sənətinin və onun əsas təyinatını başa düşməyə yönəldir.

İndi isə qayıdaq bu məqalənin səbəbkarı olan "Azərbaycan musiqi tarixi"nin beşinci cildinə. Bu cild sanki pandemiya dövründə bütün neqativ hadisələrə qarşı işıq üzü gördü, hər bir maneəyə qalib gələrək sənət gücünün böyüklüyünü təsdiq etdi. Əvvəlki cildlərin ənənələrini davam etdirərək təhlil olunan nəşr də, sözsüz ki, elmi dəyərə malikdir. Beşcildliyin  məğzini təşkil edən tədqiqatıların elmiliyi haqqında danışmağa səbəb nədir? İlk növbədə materialın verilməsində qırılmaz xəttin olması, Azərbaycan bəstəkar sənətinin tarixi haqqında bilik və təsəvvürün genişləndirilməsi. Bunun nəticəsində yeni elmi məsələlər qoymaq və həll etmək stimulu yaranır. Eyni zamanda, "Tarix"də toplanmış tədqiqatlar, sözsüz ki, çox vaxt bu məsələlərin həlli yollarını axtarmağı asanlaşdırır.

Bütün görülən işlərin həcmini hiss etmək üçün layihənin reallaşmasının yollarına qısa ekskurs edək. Birinci cild (592 səh., 2012-ci il) qədim dövrdən başlayaraq, XIX-XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edib. Şübhəsiz ki, kitaba daxil olan belə mövzular, məsələn, "İslam və musiqi", "Nizami və Azərbaycan musiqi mədəniyyəti", eləcə də Səfiyyəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV-XV əsrlər), Fətullah Şirvaninin (XV əsr) yaradıcı portretlərinin verilməsi böyük maraq doğurur. XVI-XVII əsrlər ölkədən xaricdə yaşayan Azərbaycan musiqiçilərinin yaradıcılığı ilə təqdim olunub. Kitabda bütün qədim alətlərin şəkilləri və təsvirləri, bizim dövrə çatan məlumatlar, eləcə də not nümunələri, fotolar, sxemlər, cədvəllər və digər materiallar nəzəri hesablamalarla verilib. Monoqrafiyanın son fəslində Şuşanın misalında bütün XIX əsr Qarabağ bölgəsinin musiqi sənətinin xasiyyətnaməsi yer alıb (M.M.Nəvvab, C.Qaryağdıoğlu). Kitabda orta əsr traktatlarının (risalələrinin) Urməvinin "Kitabül-Ədvar", "Şərəfiyyə", Marağainin "Came əl-Əlhan", "Fəvaid-i - əşərə", Şirvaninin "Musiqi məcəlləsi" və digər az məlum olan risalələrin əsərdə verilməsinin böyük əhəmiyyəti var. Birinci cildin müəllifləri: Z.Səfərova, L.Kazımova, S.Ağayeva, V,Talıbzadə, G,Vəzriova, R.Rzaquliyeva, K.Dadaşzadə, M.Kərimidir.

2014-cü ildə "Azərbaycan musiqi tarixi"nin rus dilində nəşri monoqrafiyanın oxucu auditoriyasını ciddi surətdə genişləndirib və onun məşhurlaşmasının coğrafiyasını artırıb.

Belə nəşrlərin (indi artıq hər beş cildin) xarici dillərə tərcüməsinin vacib olması haqqında danışmaq artıqdır.  Onlar xarici oxucuya bir çox tarixi təsdiqlənmiş milli Aəzrbaycan sənətinin prioritetləri ilə tanış olmaq imkanı yaradır.

İkinci cilddə (582 səh., 2017-ci il) dahi Ü.Hacıbəyli və onun silahdaşları və ardıcılları - M.Maqomayev, Z.Hacıbəyov, A.Zeynallı, Ə.Bədəlbəyli, Niyazi, S.Rüstəmov, A.Rzayevanın yaradıcı portretləri təqdim olunub. Burada rus bəstəkarı R.Qliyer haqqında  bəhs olunur. O, 20-ci illərdə Azərbaycanın musiqi folkloru və "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" operasını yazıb.

XX əsrin birinci yarısında professional teatr və vokal sənətinin yaranması faktını nəzərə alaraq, ikinci cilddə məşhur aktyorların, musiqi ifaçılarından Ş.Məmmədovanın, Bülbülün, H.Sarabskinin portretləri verilib, ölkənin musiqi teatr sənətinin yaranmasında əvəzsiz rolları göstərilib. Kitabın icmal mövzuları da xüsusi maraq doğurur. Burada təhlil edilən dövrdə ölkənin musiqi mədəniyyətində baş verən hadisələr işıqlandırılır. "XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyətində yeni janrların yaranması"  "Opera və operretta janrlar ətrafında gedən diskussiyalar", "1910-1920-ci illərdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı" (Z.Səfərova), eləcə də 1920-1930 və 1930-1940-cı illərdə anoloji mövzular nəzərdə tutulur. İkinci cildin müəllifləri - Z.Səfərova, N.Talıbzadə, C.Cəbrayılbəyli, L.Kazımova, R.Rzaquliyeva, G.Vəzirova, S.Ağayeva, Ş.Həsənova, H.Babayevadır.

Üçüncü cild (752 səh., 2018-ci il) XX əsrin ikinci yarısından Azərbaycan Respublikasının müstəqillik dövrünə qədər olan zamanı əhatə edir. Birinci planda dahi Ü.Hacıbəyli məktəbinin nümayəndələri çıxış edirlər: Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov, C.Cahangirov, F.Əmirov, T.Quliyev, R.Haciyev, Ə.Abbasov, S.Ələsgərov, Ə.Hüseynzadə, Ş.Axundova, H.Xanməmmədov, Z.Bağırov, Q.Hüseynli. Müəlliflər: Z.Səfərova, A.Tağızadə, L.Kazımova, G.Vəzirova, S.Ağayeva, Z.Abdullayeva, R.Rzaquliyeva, R.Abbasova, Ş.Həsənova, Z.Dadaşzadə, S.Təhmirazqızı, Ü.Talıbzadə, İ.Abbasova, C.Mahmudovadır. Üçüncü cilddə yazılmış geniş girişdə (müəlliflər: Z.Səfərova, L.Kazımova) Azərbaycan musiqi sənətinin inkişafının çox mürəkkəb, həm də parlaq və məhsuldar dövrünün xasiyyətnaməsi verilib.

Dördüncü cilddə (824 səh., 2019-cu il) keçən əsrin 60-cı illərindən sonra formalaşmış bəstəkarların yaradıcılığı təhlil olunur. Bura R.Mustafayev, N.Əlivərdibəyov, N.Məmmədov, İ.Məmmədov, E.Nəsirova, O.Zülfüqarov, T.Bakıxanov, T.Haciyev, A.Rzayev, O.Kazımı, A.Məlikov, M.Mirzəyev, Ə.Əzizli, A.Bəbirov, R.Mirişli, V.Adıgözəlov, X.Mirzəzadə, M.Quliyev, A.Əlizadə, E.Sabitoğlu, E.İbrahimova, S.İbrahimova daxildir. Kitabda bu icmal mövzular təqdim edilib: "Azərbaycan 1960-1980-ci illərdə kantat-oratirial janrların inkişafı", "Simfonik janrın inkişafının əsas xüsusiyyətləri", XX əsrdə (1960-1980-ci illərdə) musiqi-səhnə janrın xüsusiyyətləri", "Azərbaycanda mahnı janrının ümumi xasiyyətnaməsi". IV cildin müəllifləri: Z.Səfərova, Z.Qafarova, Ü.Talıbzadə, M.Abdullayeva, P.Quliyev, Q.Quliyeva, R.Abdullayeva, L.Hüseynova, R.Rzaquliyeva, N.Seyfullayeva, G.Vəzirova, T.Yusifova, Z.Dadaşzadə, S.Ağayeva, Ş.Həsənova, L.Məmmədova-Fərəcova, Ş.Qarayev, Q.İsmaylova, İ.Əfəndiyeva, S.Rzayeva, K.Ələsgərli, K.Nəsirli, C.Mahmudova, C.Həsənovadır.

Nəhayət, axırıncı - beşinci cild (670 səh., 2020-ci il) 1940-1957-ci illərdə doğulmuş müasir bəstəkarların fəaliyyətini işıqlandırır.

Beşinci cild 23 fəsildən, ön sözdən (müəllif: Z.Səfərova), və son sözdən (Ü.Talıbzadə) ibarətdir. Əvvəlki cildlərdə olduğu kimi, burada da yazıların müəllifləri haqqında qısa məlumat, not nümunələri və fotolar, eləcə də rus və ingilis dillərində xülasə və istifadə edilmiş ədəbiyyat təqdim olunub.

Monoqrafiya üzrə kiçik ekskurs edək. Cildin əsas mövzusu artıq müstəqil Azərbaycanın musiqi sənətidir.

Akademik Z.Səfərova milli musiqi elminin uğurlarını məhz vətənin yeni statusu ilə bağlayır: "Azərbaycan müstəqilliyini və suverenliyini qazandıqdan sonra onun öz köklərinə qayıtması - tarixinə, mədəniyyətinə, musiqisinə müraciət etməsi, onun araşdırılması, tədqiq işi fəallaşmış, daha labüd və zəruri olmuşdur". İstərdim deyilən fikri dəqiqləşdirəm. Məsələ ondadır ki, Azərbaycan elmi orta əsrlərdən başlayaraq dünyaya çox gözəl ideyalar bəxş edib, nəzəri işləmələr verib, musiqişünaslığın vacib problemlərinə toxunub. Lakin məhz son iki onillik bizim xalqın irsinə çox ciddi diqqət və bu irsin qorunması, xüsusilə, bədnam qonşularımız tərəfindən mənimsənilib özəlləşdirilməsi cəhdlərinə son qoyulmasına önəmli təkan və əsas olub.

Kitabın birinci - "Müstəqillik dövründə Azərbaycan musiqi mədəniyyətinin inkişaf təmayülləri" (müəlliflər G.Vəzirova və G.Quliyeva) fəslində 1990-cı ildən 2018-ci ilə qədər milli musiqi mədəniyyətinin geniş ponoramını verilib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin dünya mədəniyyət məkanına fəal inteqrasiya prosesində əhəmiyyətli rolları qeyd edilib. "Tarix"in bu cildinə daxil olan, ümumi problematikanı işıqlandıran mövzularda - "Azərbaycanın müstəqillik dövründə caz sənətinin inkişaf mərhələsi (IV fəsil, müəllif T.Məmmədəliyeva), "90-cı illərin və sonraki illərində Azərbaycan kino musiqisinin əsas istiqamətləri" (IX fəsil, G.Quliyeva), "Şərq və Qərbin möhtəşəm vəhdəti" (XIII fəsil, Z.Səfərova), "Azərbaycan musiqisi beynəlxalq məkanda (XXIII fəsil, Ü.Talıbzadə)  22 bəstəkarın yaradıcı portretləri professional musiqi mədəniyyətinin inkişafının ümumi panoramı kimi qavranılır. Fəsildəki "Azərbaycan musiqisi beynəlxalq məkanda" bölümündə Azərbaycan bəstəkarlarının xarici səhnələrdə səslənən əsərlərinin yalnız bir hissəsinin adının çəkilməsi belə müstəqillik dövründə ölkənin milli mədəniyyətinin inkişafına və geniş tələbatına misaldır.

Qeyd edildiyi  kimi, yaradıcı portretlər hazırlanarkən xronoloji ardıcıllıqdan istifadə edilib. Yalnız bəzi hallarda bu prinsip pozulur. Belə ki, Vaqif Mustafazadəyə həsr olunmuş fəsildən sonra (1940-1979, müəllif - L.Kazımova) "Azərbaycanın caz mədəniyyətinin ümumi xasiyyətnaməsi"ndə Rafiq Babayev (1936-1994), Cəmil Əmirov (1957) və Salman Qənbərov (1959) kimi caz ifaçılarının və bəstəkarların yaradıcı portretləri verilir.  Azərbaycanda beynəlxalq caz layihələri əsasında keçirilən festivallarda müasir caz ifaçılarının gəlişi qeyd olunub.

V cilddə bəstəkarların portretləri və onların müəllifləri aşağıdakı adlarla təqdim olunub: Aydın Əzimov (müəllif - Ü.Aşurbəyova), Ruhəngiz Qasımova (S.Qafarzadə), Nərgiz Şəfiyeva (F.Xalıqzadə), Oqtay Rəcəbov (R.İmanov), Afaq Cəfərova (K.Ələsgərli), Fərəc Qarayev (L.Kazımova, M.Visotskaya), Polad Bülbüloğlu (L.Hüseynova), Azər Dadaşov (N.Dadaşova), Firəngiz Əlizadə (H.Babayeva), Faiq Sucəddinov (L.Zöhrabova), Fərhad Hüseynov (Z.Abdullayeva), İsmayıl Hacıbəyov (Ü.Hacıbəyova və M.Vəliyev), Cavanşir Quliyev, Rəhilə Həsənova, Elnara Dadaşova (bu üç portretin müəllifi Z.Dadaşzadədir), Eldar Mənsurov (F.Nəbiyeva), Calal Abbasov (S.Seyidova) və Sərdar Fərəcov (H.Fərəcova).

Nəyə görə biz layihənin iştirakçılarına və ilk növbədə Zemfira xanım Səfərovaya minnətdar olmalıyıq. O, əsas hərəkətverici qüvvə kimi layihəni qeyd edilən həddə çatdırmağa nail olub. Ən əvvəl ona görə ki, əyani surətdə Azərbaycan professional musiqisinin dünyası açılıb. İndi çoxları deyə bilərlər ki, milli bəstəkar yaradıcılığı hansı yolla inkişaf edir. Azərbaycanın Bəstəkarlar İttifaqında "Azərbaycan musiqi tarixi"nin IV cildinin təqdimatında bu məqalənin müəllifi belə fikir səsləndirmişdi: "Üzeyir Hacıbəyli Azərbaycanın bəstəkarlıq məktəbini yaratmışdır, Zemfira Səfərova isə onu bərpa edib təqdim etmişdir". Əlbəttə ki, Azərbaycan musiqişünaslarının dayağı və fəal iştirakı ilə. Onların hər biri özünə şərəf bilirdi ki, "Tarix"in beşcildliyinə, Azərbaycan musiqi mədəniyyətinin inkişafını ənənə və novatorluq cəhətdən bərpa edən "Tarix"in müəllifliyinə daxil olsunlar.

Hər bir yeni başlanğıc hansı meyarla ölçülür? Əlbəttə ki, ona olan təlabatla, real əhəmiyyəti və fraktiki dəyəri ilə. "Azərbaycan musiqi tarixi" göstərilən tələbləri təmin edir. Təsadüfi deyil ki, hətta hər ayrı cildin çıxması ətrafında ciddi ajiotaj, səs-küy yaranırdı. Musiqi təhsilinin müxtəlif sistemlərinin müəllimləri, tələbələri, şagirdləri, musiqi sənətinin həvəskarları, tarixçiləri və digər müxtəlif sənətlərin mütəxəssisləri çap olunmuş musiqi tariximizi almaq arzusunda idilər. Yalnız təəssüf etmək olur ki, hər cildin tirajı cəmi 500 nüsxədir. İngilis və rus dillərinə tərcümənin olmaması bu unikal nəşrin oxucu dairəsini məhdudlaşdırır.

Xaricdə oxuyan istedadlı gənclərimiz həmişə Azərbaycanın musiqi mədəniyyəti haqqında informativ mənbələrin xarici  kitabxanalarda yoxluğundan şikayət edirlər. Lakin bu, indi xüsusilə vacibdir. Azərbaycan mədəniyyətinin dünya məkanında uğurları haqqında danışmaq zəruridir. Yazılı əsərlər, tədqiqatlar lazımdır ki, sonralar onlar sənəd statusunu alsınlar.

Bu gün kompüter texnologiyalarına əsasən milli mədəniyyətin uğurlarını geniş təbliğ etmək imkanları reallaşır. Bu mənada beynəlxalq musiqi jurnalı "Musiqi dünyası"nın nəşrini və baş redaktoru Tariyel Məmmədovun gördüyü işləri xüsusi qeyd etmək istərdik.  Bir sıra internet layihələrin və "Azərbaycan musiqi tarixi"nin rəyçilərindən biri kimi Tariyel müəllim "Tarix"in bütün cildlərini elektron formata keçirib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki, "Hər bir itirilmiş maddi dəyər əvəzsizdir və mən qətiyyətlə deyə bilərəm ki, bu, gələcək nəsillər qarşısında cinayətdir. Ona görə biz mədəni irsin qorunması üçün həm bizim ölkədə, həm də onun xaricində nə mümkündür edirik". "Azərbaycan musiqi tarixi" bu çağırışa cavabdır, qiymətli və dəyərli addımdır. Əvəzsiz milli sərvətimiz olan Azərbaycan bəstəkarlıq məktəbi ildən-ilə daha çox məşhurlaşır və dünyanın mədəni aləmində qəbul edilir.

Bizim musiqi tarixinin ardı gəlməlidir, başqa cür olarmı?!

Zemfira xanım, Siz necə fikirləşirsiz?

Raya ABBASOVA

 





23.07.2020    çap et  çap et