525.Az

"Ağdamla bağlı üç məlumat var..." - Salman Alıoğlu yazır


 

"Ağdamla  bağlı üç  məlumat  var..." - <b style="color:red">Salman Alıoğlu yazır </b>

Elə bir yurd itirmişik ki, düz 27 ildir, bizi göyüm-göyüm göynədir, qəlbimizi parçalayır, başımızı dik tuta bilmirik, səsimiz elə bil, quyunun dibindən eşidilir, xəcalət üzümüzdə  şırım açıb, sözümüz qısırlaşıb, əllərimiz dizimizə çırpılmaqdan qabar bağlayıb. Və bizə beşik olmuş, qibləmiz, qəbir evimiz, izimizi köksündə özünə dərd etmiş doğma yurdumuz - Ağdam indi eləcə bayatıya, şeirə, nağıla, dastana, rəvayətə çevrilib.

Gözümüzün qarşısında mərdi qova-qova namərd etdilər, gözümüzün içinə baxa-baxa Ağdamı şəhid verdilər, uzun illər boyu Ağdamda yazılmamış qanuna çevrilən qüruru, ağayanalığı, mərdliyi, kişiliyi, ağdamlılığı namərdcəsinə düşmənin üstünə tulladılar.

Yaralarımızdan hələ də qan axır, yaralarımız qaysaq bağlaya bilmir. Heyhat, bizi alçaltsalar da, güllə yarasından ağır olan  söz yarası vursalar da, fəqət bizi sındıra bimədilər, ruhumuzu, mənəviyatımızı, ağayanalığımızı işğala məruz qoymağı bacarmadılar. Böyük bir eli fitnə-fəsadla, şər-şeytanla əlbir olaraq yerə yıxdılar, elə bildilər, ona badalaq vurub yıxandan sonra bu eli öldürdülər, daha dirilən, dirçələn deyil. Yanıldılar... Sinəsindən və kürəyindən yaralanan, igid oğulları ot kimi biçilən, adına minbir ləkə atılan bu el yenidən ayaqüstə qalxa bidi, bütün haqsızlığa, şərə, böhtana qalib gəldi.

1991-ci il. Azərbaycanın bu qədim və gözəl şəhəri Ermənistan-rus qoşunları tərəfindən müntəzəm olaraq bombardmana məruz qalırdı. Şəhər atəş altında nəfəs alırdı. Martın 8-dən 19-na kimi ermənilər Naxçivanik, Xanabad, Əsgəran istiqamətindən Ağdam şəhərinə 200-dən artıq raket atmışdılar. Ən şiddətli bombardman martın 12-də gecə saat 4:30-da olmuşdu. Fasiləsiz raket zərbələri saat 6-ya qədər davam etmişdi. Ağdam erməni-rus hərbi birləşmələri ilə təkbətək qalmışdı.

Sadə bir epizoda nəzər saldıq. Bunun arxasında isə yüzlərlə insanın məhv olmuş taleyi dayanır. Ağdamlılar ötən müharibənin bütün ağırlığını öz çiyinlərində həmişə hiss ediblər, altı min nəfərə yaxın şəhid veriblər. Qarabağın toy otağı hesab olunan Ağdam kimi gözəl bir şəhəri itiriblər. Yurd yeri, torpaq yoxdursa, demək, heç nə yoxdur...

1992-ci il. Müharibə bu yerlərdə  yaşayış tərzini, adi həyat qayğılarını, hətta təbiətin ahəngini  büsbütün dəyişdirib. Həmişə ilin-günün bu çağlarında minbir rəngə, otların, çiçəklərin, güllərin sehrinə bələnən, gözəlliyi ilə yolçuları yoldan edən bu torpaqda indi qan, ölüm əkilir, dərd, kədər, sarsıntı, faciə biçilir.

Ağdam od-alov içərisində zamanın və tarixin ən ağır, məşəqqətli günlərini yaşayırdı.

1993-cü il iyunun 12-dən Ermənistan silahlı birləşmələri və satqın rus ordusunun hissələri Qarabağda genişmiqyaslı hücuma keçdi. Qarabağ  müharibəsi başlayandan  düşmənə  mərdliklə sinə gərmiş Ağdam qanlı döyüş meydanına çevrildi. Düşmən Ağdamın şərq cəbhəsini yararaq irəliləməyə  başladı. Yeni Qaralar, Əliağalı, Cinli, Xaçındərbənd, Əlimədədli, Mollalar, Kürdlər, Qalayçılar, Boyəhmədli, Papravənd kəndləri işğal olundu. Bir neçə gün ərzində 70 min nəfərdən çox əhali məcburi köçkünə çevrildi. Kolanı obaları qana boyandı, igid oğullar şəhid oldular, minlərlə hektar münbit torpaq düşmənin əlinə keçdi.

İyul ayının birinci yarısında Ağdamda vəziyyət çox ağır idi. Yerli özünümüdafiə batalyonları buraxılmış, bu qədim şəhərin müdafiəsi nabələd adamlara həvalə olunmuşdu. Onlar da şəhərin müdafiəsində heç cür dönüş yarada bilmir, boşaldılmış şəhərdə qarətlə məşğul olurdular. Artıq Allahverdi Bağırov, Şirin Mirzəyev,Yaqub Rzayev, Yelmar Edilov kimi komandirlər həlak olmuşdular. O vaxtkı dövlət təhlükəsizlik komitəsinin Ağdam rayon şöbəsinin əməliyyatçısı Nadir Əliyev Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak oldu. Onun əməliyyat dəftəri tapılmadı, halbuki həmin dəftərdə Ağdamın işğalına şərait yaradanlar, xəyanətkarlar haqqında ətraflı məlumatlar toplanmışdı.

Ağdam üç tərəfdən mühasirəyə düşmüşdü. Şəhər gecə-gündüz müntəzəm olaraq davamlı şəkildə atəşə tutulurdu. Dinc əhali şəhəri tərk edirdi. Ağdamın müdafəsi ilə bağlı heç bir tədbir görülmədi və ağdamlılar, onlara respublikanın ayrı-ayrı yerlərindən köməyə gəlmiş qeyrətli oğullar sona qədər döyüşərək həlak oldular.

İyulun 22-də Bakı şəhərinə gəldim. Bakıda yaşayan ağdamlı ziyalılar "Azad qadın" heykəlinin arxasındakı çoxmərtəbəli binada fövqaladə qərargah yaratmışdılar. Həmin qərargah məcburi köçkünə çevrilmiş Ağdam əhalisinin yerləşdirilməsi üçün çox gərgin fəaliyyət göstərir, qarşıya çıxan problemlərin həlli ilə məşğul olurdu. Qərargaha gəldim və orada mərhum professor, görkəmli şair Famil Mehdini, dünya şöhrətli alim Rafiq Əliyevi, Azərbaycan Milli Məclisin sədr mavini Tamerlan Qarayevi, istedadlı şair Şahmar Əkbərzadəni, tanınmış jurnalist Asif Mərzilini, dəyərli ziyalı Akif Nağını, dəyərli insan, şair Ramiz Məmmədzadəni, Ağdamın müdafəsi uğrunda son qəpiyini belə xərcləyən Rafael Kərimovu və başqa  ağdamlıları  gördüm.

Rayondan  yeni gəldiyim üçün Ağdamdakı vəziyyət haqqında onlara geniş məlumat verdim. Vəziyyət ağır və çıxılmaz idi. Ağlımız kəsə-kəsə, gözümüz görə-görə beşiyimizi və qəbir evimizi itirirdik. Bir-birinin ardınca çoxlu neqativ şayiələr yayılırdı, ev-eşiyini itirmiş insanlar arasında çaşqınlıq yaradırdılar.

İyulun 23-də artıq Ağdam erməni-rus ordusunun əlinə keçdi. Bütün günü və gecəni fasiləsiz işləmiş qərargah üzvləri və burada olan adamlar bu xəbəri eşidəndən sonra şoka düşdülər. Hamının qəlbindən qara qanlar axırdı. Belə bir ağır  məqamda qərargaha məlumat daxil oldu ki, Bakı şəhərinə gələn ağdamlı məcburi köçkünləri Qaradağda yol polis postundan şəhərə buraxmırlar. Artıq axşam saat 9-u keçmişdi.

Heydər Əliyev bir neçə gün idi Milli Məclisin sədri seçilmişdi, həm də prezident səlahiyyətlərini icra edirdi. Qərargahda qərara alındı ki, rayonun bir neçə nəfər ziyalısı  Heydər Əliyevin qəbuluna getsin. Təxminən 15 nəfər gecə saat 11 radələrində Milli Məclisin binasına gəldik. Qəbula düşmək üçün müraciət edəndə əvvəl bizə təklif elədilər ki, Milli Məclisin sədr müavinilərindən biri ilə - ya Afiyəddin Cəlilovla, ya da Tamerlan Qarayevlə görüşək. Biz razılaşmadıq. Bir müddət keçəndən sonra bizə dedilər ki, Heydər Əliyev sizi qəbul edəcək. Hamının üzündə bir ümid yarandı ki, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev düşdüyümüz bu ağır vəziyyətdə bir çıxış yolu tapacaq. Hər birimiz buna çox inanırdıq.

Gecə saat 4-də Heydər Əliyev bizi qəbul etdi. Kabinetə daxil olanda Ulu öndər hər birimizlə görüşərək əyləşməyimizi bildirdi. Kabinetdə sədr müavini Afiyəddin Cəlilov və o vaxt daxili işlər naziri olan Abdulla Allahverdiyev də var idi.

Heydər Əliyev qəbul zamanı Azərbaycanın üzləşdiyi işğaldan, yenicə dövlət müstəqilliyini elan etmiş respublikanın parçalanmaq təhlukəsindən, ölkəni vəba kimi bürümüş xaos və anarxiyadan, müstəqilliyi gözü götürməyən bəzi dövlətlərin təxribatından, ölkədaxili gərginlikdən, bəzi qüvvələrin xəyanət və satqınlığından, bir qədər əvvəl Milli Məclisdə Ağdamdan olan deputatların ona qarşı qərəzli çıxış etmələrindən, onların haqsızlığından və digər başqa məsələlərdən ətraflı danışaraq mövcud vəziyyəti  geniş təhlil etdi. Sonra bizi dinləməyə başladı. Məlumat verdik ki, belə bir şayiə yayılıb ki, Heydər Əliyevin göstərişi ilə ağdamlıları Bakıya buraxmırlar. Bunu eşidən kimi Ulu öndər bərk əsəbiləşdi və dərhal daxili işlər naziri Abdulla Allahverdiyevə göstəriş verdi ki, Qaradağ postuna gedərək bu iyrənc təxribatın qarşısını alsın. Nazir icazə alaraq otaqdan çıxdı.

Heydər Əliyev daha sonra bildirdi ki, onda Ağdamla bağlı üç məlumat var və həmin məlumatlar bir-birini təkzib edir. Bir mənbə bildirir ki, Ağdam mühasirədədir, ikinci mənbə bildirir ki, Ağdam ətrafında döyüşlər gedir və düşmənin qüvvələri geri oturdulub, üçüncü mənbə isə bildirir ki, Ağdam işğal olunub. Ulu öndər bildirdi ki, hazırda həmin məlumatlar dəqiqləşdirilir və dərin təəssüflə qeyd etdi ki, Milli Ordunun quruca adı var, ancaq anbarlarda bir patron belə yoxdur. Ulu öndər söhbətin sonunda dedi ki, Ağdam camaatına çatdırın, gecə-gündüz çalışıram, Azərbaycanı bu qorxulu uçurumdan xilas etmək üçün həyatımı belə əsirgəməyəcəyəm.

Biz Ümummilli lider Heydər Əliyevin kabinetini tərk edəndə səhər saat 10 radələri idi. Qəbul otağında müxtəlif vəzifəli şəxslər oturmuşdular. Azərbaycanın xilaskarını isə hələ qarşıda müstəqil dövləti qoruyub inkişaf yoluna çıxarmaq, dövlət çevrilişlərinin qarşısını almaq, vətəndaş həmrəyliyi yaratmaq, cəbhədə atəşkəsə nail olmaq, aclıq və qıtlıq çəkən ölkəni varlı bir ölkəyə çevirmək kimi çox çətin və həm də şərəfli bir missiya gözləyirdi...

 





23.07.2020    çap et  çap et