525.Az

"Mən sevməyi sevirəm"


 

"Mən sevməyi sevirəm"<b style="color:red"></b>

E-mail: khalil_majid@mail.ru

Mən bu kəlamı yazımın qəhrəmanının çoxsaylı müsahibələrinin birindən götürmüşəm. O demişdi: "Ya lyublyu lyubit". Doğrudan da, bu adamın həyatı, fəaliyyəti, arzuları, niyyətləri, yaşayış tərzi sevgi üzərində qurulub.

Möhtərəm oxucularımı nigarançılıqda çox saxlamayacağam. Söhbət dostum, həmkarım, yaradıcılığına, şəxsiyyətinə pərəstiş etdiyim, qazandığı nailiyyətlərə sevindiyim, iti zəka, tükənməz enerji sahibi, sadə bir insandan - Xəzər Universitetinin yaradıcısı, təsisçisi professor Hamlet İsaxanlıdan gedir.

Söhbət sevgidən gedəcək, böyük, kiçik, hər növ sevgidən, insandan, Hamlet İsaxanlıdan.

Mənə elə gəlir ki, sevginin ölçüsü var, vahidi olmasa da, "çox", "daha çox", "az", "kifayət qədər" s. "ölçülərdə", yəni, nisbi.

Hamlet müəllimin ən ali sevgisi valideynləri, həyat yoldaşı, övladları, nəvələrilə, bir sözlə, ailəsi ilə bağlıdır. Ailə onun üçün müqəddəsdir. Qalan həyatı da ailəyə sevgi üzərində qurulub. Buna görə qalan həyatı da qələbəlidir. Onun ailə ilə bağlı sevgisi şeiriyyət səviyyəsinə qalxmışdır. Onun Ana, Həyat yoldaşı, Övladları haqqında yazdığı şeirlər, poeziya nümunələri kimi qalmışdır.

Ailə kimi böyük bir sədaqətli arxası olan Hamlet müəllim, müxtəlif cəbhələrdə müvəffəqiyyətlə zəfər çalmağa başladı. Allahın bəxş etdiyi istedad, ağıl, dərrakə, özünün zəhmətsevərliyi, tükənməz enerjisi, bütün fəaliyyətinin, arzularının, niyyətlərinin sevgi, optimizm üzərində qurulması bu zəfərlərin rəhni idi.

Hamlet müəllimin bir işi qələbə ilə başa vuracağına olan inam, optimizm o dərəcədə güclü olur ki, həmkarlarını da inandıra bilir, bu inam, optimizm onlara da sirayət edir. Çünki o, hər şeyi sevgi ilə görür. Bəs o, bu sevgini haradan alır? Mənə elə gəlir ki, Hamlet müəllim bu sevgini insanlardan, təbiətdən, həyatdan alır. Zəkasının təmiz, saf, naqislikdən, pislikdən azad olduğunu, fiziki, fizioloji təmizliyini, paklığını qəbul etdikdə, hamını, hər şeyi, hər işi Sevgi ilə işıqlandıran Hamlet İsaxanlı alınır.

Mənə elə gəlir ki, Hamlet İsaxanlı həyatın ən adi anından belə həzz ala, ona sevinə bilir. Bu, insan üçün ən böyük xoşbəxtlikdir.

Şübhəsiz, əgər Hamlet müəllim, otlar içərisində özlərinə saldıqları cığırla hərəkət edən qarışqa ailəsini görsəydi, ona biganə qalmazdı. Cığırın başlanğıcı, sonu ilə maraqlanardı, bu məxluqların zəhmətkeşliyi, həmrəyliyi onda yeni şeirlər üçün fikirlər yaradardı. Başqa biri isə, bu cığırın üstü ilə addımlaya bilərdi.

Hamlet İsaxanlının məxsusi bir İstanbul Sevgisi var. O, bu şəhərin vurğunudur. Bəs bu Böyük Sevgini yaradan nədir?

İstanbul əsrlər boyu nəhəng ölkələrə gözdağı olub, onların İstanbula sahib çıxmaq arzusunu nəticə etibarilə gözlərində qoyub, sivilizasiyalar Mərkəzinə çevrilib. Son dövrlərdə, müstəqil türk dövlətləri yarandıqdan sonra qeyri-rəsmi olsa da, bu dövlətlərin paytaxtı rolunu oynayır. Hər bir Türk Cümhuriyyətlərinin öz doğma paytaxtı olduğu kimi, türk dünyasının qürur duyduğu, ecazkar bir məhəbbətlə, sədaqətlə sevdiyi İstanbul var. İstanbul tək Türkiyə Cümhuriyyətinin deyil, o, bütün Türk nyasına məxsusdur.

Əlbəttə, Hamlet İsaxanlı, tanınmış türk oğlu, bu böyük İstanbul qürurunu, sevgisini göstərməyə bilməzdi. Onun üçün İstanbulun möhtəşəm abidləri, tarixin hər bir nişanəsi, qalaları, muzeyləri, parkları, bazarları, sivilizasiyalar nişanələri qədər əzizdirsə, Boğaz İçi, ecazkar körfəz mənzərəsi, körfəzi bəzəyən saysız-hesabsız gəmilər, hay-küylü qağayılar, vaxtını sahil boyu balıq tutub elə oradaca bişirməklə məşğul olan insanlar da onun üçün əzizdir. Çünki ora da İstanbuldur.

Bir tanışım vardı. Müstəqilliyimizin ilk illərində çoxları kimi xırda alverçiliyə başladı, ancaq bəzilərindən fərqli olaraq üzünü İrana tutmadı, birbaşa İstanbulu seçdi. O adam indi xırda alverçidən böyük biznesmenə çevrilib, milyoner olub, puluna uyğun da həyat qurub. Onun evi , geyimi , danışıq tərzi dəyişib, dəyişməyən onun dünyagörüşü, biliyi, mədəniyyəti olub. Bu 20 il ərzində mən ondan İstanbul haqqında bir məlumat ala bilmirəm. Anlamadığı barokko üslubunda bir imarət tikdirib. Deyirəm: "Ə, insafın olsun, axı, bu İstanbul səni milyoner edib, heç olmasa, bir abidəsinin adını öyrən, heç olmasa, bir dəfə körfəzə tərəf boylan, gör düşüncələrə qapıla bilirsənmi?". Cavab verib ki, baxmışam, amma ağlıma gələn fikir: "bəlkə mallarımı gəmi ilə Batuma aparım, oradan da Bakıya" olub.

Hamlet müəllim Fransada, Parisdə işgüzar səfərlərdə mütəmadi olur. Lakin mən təsəvvür etmirəm ki, o, hər səfərində Luvr muzeyinə getməyə can atmasın (ora düşmək heç asan deyil), gəzinti gəmiləri ilə Sena çayından möhtəşəm körpüləri, ətraf mənzərələri seyr etməsin. Avstriya səfərləri zamanı Vena meşələrini, Zalsburq - dahi Motsartın vətənini, Motsart musiqisini dinləməyi, dahi Üzeyir Hacıbəylini ziyarət etməyi yaddan çıxarsın. Polşa deyərkən mənim üçün dahi Şopen musiqisi yada düşür. Onun musiqisi Polşa torpağına hopub, hər yerdən bu musiqi səslənir. Hamlet müəllim bu musiqini sevməyə bilməz.

İtaliya, Milan, Verdi, Puççini, Rossini, La-Skala - Hamlet müəllim bu adlara biganə qala bilərmi.

Möhtərəm oxuculara elə gələ bilər ki, mən Hamlet müəllimin əvəzindən danışıram. Əslində, mən əmin olduğum üçün bunları yazıram.

Hamlet İsaxanlının həyatını, yaradıcılığını, gördüyü işləri, qazandığı nailiyyətləri araşdırdıqda görürsən ki, o, ilk növbədə işə bağlıdır. O, reformatordur.

Deyirlər, Nyutonun dövründə qəlp monet buraxanlar İngiltərədə o dərəcədə fəaliyyətlərini genişləndiriblər ki, dövlət çökmək həddinə çatıbmış. Çox fikirləşdikdən sonra belə qərara gəlirlər ki, ağıllı adam elə hər yerdə ağıllıdır, Nyuton bu işə bir əncam çəkə bilər, dövləti çökməkdən xilas edə bilər. Odur ki, monet buraxılışının texniki tərəfini ona tapşırırlar.

Nyuton doğrudan da vəzifəsinin öhdəsindən məharətlə gəlir dövləti müflis olmaqdan xilas edir.

Hamlet İsaxanlının hərtərəfli biliyinə, analitik düşüncə tərzinə, düzgün qərar vermək qabiliyyətinə, novatorluğuna bələd olduğumdan, əminliklə deyə bilərəm ki, ona tapşırılan istənilən sahədə nailiyyətlər əldə etməyi bacaran insandır. Bu, onun fitri təşkilatçılıq istedadından, qazanacağı qələbəyə inamından, hər bir işi sevgi ilə qurmağından irəli gəlir. O, eyni müvəffəqiyyətlə təsərrüfat rəhbəri, siyasi rəhbər ola bilər. Lakin o, müstəqilliyimizin bu dövründə elm təhsil sahələrini seçdi qazandıqları da göz qabağındadır. O, "Xəzər" kimi nümunəvi bir elm təhsil müəssisəsi yaratdı.

İndi hər tələbə, hər işçi "Xəzər" oxumağı, işləməyi özünə şərəf işi bilir. Azərbaycan mühitində ilk Avropa tipli təhsil müəssisəsi yaradılıb. "Xəzər" professor Hamlet İsaxanlının zəkasının məhsuludur. O, bu təhsil müəssisəsinin yaradarkən özünü həm istedadlı təşkilatçı, təhsil işçisi, iqtisadçı, psixoloq kimi göstərdi. İnsanlarla yaratdığı mehriban ünsiyyət onun əsas köməkçilərindəndir. Artıq "Xəzər"in özünüidarəetmə mexanizmi işə düşüb. Odur ki, onu idarə etmək asanlaşıb. Lakin Hamlet müəllim qazandıqları ilə kifayətlənən insan deyil. O, daima axtarışdadır, təkmilləşmə onun idarəetmə üsuludur. "Xəzər"in triumfu hələ qabaqdadır.

Mentalitetimizə uyğun olaraq təəssüf ki, "Xəzər"in, Hamlet müəllimin nailiyyətləri heç hamını sevindirmir. Gözü götürməyənlər, paxıllıq çəkənlər hələ çoxdur. Lakin "Xəzər" uğurlu addımlarını daha möhkəm, daha inamlı atır.

Bir alim tanışım var. Alimliyinə sözüm yoxdur. Öz zəhmət ilə elmlər doktoru, professor olub. Lakin daxili aləmi təmiz deyil, ona görə bizim münasibətimiz uzun illərdir tanışlıq səviyyəsində qalır. Hamlet müəllimi gözü götürməyənlərdən biridir. Bəlkə heç pisliyini istəmir. Amma uğurlarına da sevinmir.

Hər görüşəndə Xəzər universiteti, Hamlet müəllim haqqında yazılarımdan söz açır:

- Ə, istəyirsən bu Hamlet müəllimdən? İnsanlar başqalarını maddi maraq, karyera naminə tərifləyirlər, umacaqları olur. Dəqiq bilirəm ki, sən belə şeylərdən uzaqsan. Elə isə haradandır sənin yazılarında Hamlet müəllimə bu dərəcədə istilik? Neçə illərdir tanışıq, niyə bir dəfə olsun mənə diqqət yetirməmisən? Axı, mənim nəyim çatışmır?

- Düzü, yaxşı alimsən, yaxşı da nəticələrin var. Amma yazılıq deyilsən. Öncə gərək daxilini təmizləyəsən - sən səmimi sual verdin, mən səmimi cavab verdim.

Hamlet müəllimə isti nasibət məndə öncə ondan yaranıb ki, o xəbislikdən, paxıllıqdan, kiməsə qarşı kindən daxilən azaddır, ona görə rahat nəfəs alır (halbuki, onun da haldan çıxdığı vəziyyətlər olur, amma başqa səbəbdən), onun kimi insani keyfiyyətləri, geniş təfəkkürü, hərtərəfli biliyi, lovğalıqdan uzaq, şair qəlbli bir insanla rastlaşmamışam. Onu, gördüyü işləri, uğurlarını hərtərəfli öyrəndikdən sonra onun haqqında yazmağa başlamışam. İndi düzünü de, sən özündə bu keyfiyyətləri görürsənmi? Mən, hələlik, görmürəm.

Mənim məqsədim yazılarımla Xəzər Universitetini təbliğ etmək, onun yaradıcısını tanıtmaqdır. Məsləhət bilərdim ki, sən "Xəzər"in, Hamlet İsaxanlının uğurlarına sevinə biləsən.

Yadda saxla, harada gözəllik, səmimiyyət, inam, təbəssüm, işgüzarlıq, məsuliyyət hissi, qayğı, xoşniyyətlik varsa, kin-küdurət, paxıllıq, pisniyyətlik yoxdursa, orada sevgi - Hamlet İsaxanlı var.

 





08.01.2014    çap et  çap et