525.Az

Qala bürcü


 

Qala bürcü<b style="color:red"></b>

 Bakı Dövlət Universitetinin
kafedra müdiri, dosent

(El-oba adamı, Azərbaycan ziyalısı, idmançı dostum İnqilab Novruzovun xatirəsinə) 

Mən onu ötən əsrin yetmişinci illərindən tanıyırdım. İdmançı olmağımız, xarakterlərimizdəki bir çox oxşar cəhətlər tanışlığımızı tez bir zamanda dostluğa çevirmişdi. İnqilab müəllim həm boks,  həm yunan Roma güləşi üzrə idman ustası idi. Mən fiziki cəhətdən xeyli güclü olan bu adamın səviyyəsində təcrübəli idmançı olmasam da, o, rəhbərlik etdiyi bədən tərbiyəsi idman kafedrasına məni işə götürdü. İnqilab müəllimin etimadını doğrultmaq üçün əlimdən gələni edirdim ki, onun tapşırıqlarını lazımi qaydada, vaxtlı-vaxtında yerinə yetirim. Çalışqanlığım işə məsuliyyətli yanaşmağım İnqilab müəllimin gözündən yayınmamışdı. Hər bir görülən işin uğuruna necə sevindiyinin dəfələrlə şahidi olmuşdum. Məndən razı olsa da, öz ixtisasımdan ayrı düşməyim onu da narahat edirdi, həmişə deyirdi ki, sən öz ixtisasını unutma, çalış ixtisasın üzrə yaxşı mütəxəssis, sayılıb-seçilən ziyalılardan olasan.

Bir gün mənim arzumu elə öncə İnqilab Novruzov gerçəyə çevirdi. Gözlənmədən məni yanına çağırıb dedi: "Görürəm çox zəhmətkeş adamsan, daima öz üzərində çalışırsan. Ancaq vicdanım qəbul eləmir ki, burada qeyri-ixtisas kafedrasında belə əziyyət çəkəsən. İngilis dili kafedrasına get, müdirə söylə İnqilab müəllim tutduğum ştat vahidi ilə ingilis dili kafedrasına keçməyimə icazə verir, qoy səni kafedrada işə götürsün".

Sevincək yanından çıxıb onun dediyi kimi etdim. O zaman ingilis dili kafedrasının müdiri olan Nazim Qədimbəyova (Ruhu şad olsun!) müraciət etdim. İnqilab müəllimin söylədiklərini eşidincə müdir razı olub məni işə götürdü. İşə götürülməyim barədə əmr ləngimədi ingilis dili kafedrasının işçisi kimi mütəxəssis olaraq ilk addımlarımı atmağa başladım. Beləliklə, İnqilab Novruzovun səyi nəticəsində daha bir qapı üzümə açıldı, hər şey yenidən başlandı.

Yaxşı kişi təzə yerimdə məndən hər zaman xəbər tutdu, problemlərimlə maraqlandı, böyük qardaş qayğısını əsirgəmədi. Bu günə gəlib çatmışam, ancaq səmimi sözümdür, məni öz ixtisasıma yönəldən İnqilab müəllimin, o böyük ziyalının, böyük kişinin etimadını doğruldub onu hər uğurumla sevindirməyim sanki bu gün həyatımın ənənəsinə çevrilib...

Xatirələrdən qopmaq istəmirəm. İnqilabla keçən illərin gözəl ab-havası vardı, onda hər şey saf təmiz idi...

Tezliklə aspiranturaya daxil olub dissertasiya işi müdafiə elədim. Kafedra müdiri oldum, "Əməkdar müəllim" adı aldım, otuzdan çox dərsliyin dərs vəsaitinin, lüğətlərin müəllifi kimi tək Azərbaycanda deyil, İngiltərədə tanındım. Bütün bunların özülündə o el-oba adamının, dəyərli ziyalının zəmanəti, əməyi durur. Hər bir elmi uğurumu hər zaman qala bürcü sandığım o böyük kişinin ruhu qarşısında hesabat sanmışam.

İnqilab Novruzov idmanımızın müasir tarixinə böyük töhfələr verib, daima öndə gedənlərdən biri olub. Azərbaycan idmanının görkəmli nümayəndəsi olan mənim hər zaman qala bürcünə bənzətdiyim dostum dəfələrlə keçmiş ittifaq, eləcə respublika yarışlarından qalib çıxmışdı, dəfələrlə bayrağımızı ucalarda dalğalandırıb himnimizi səsləndirmişdi. Onu Azərbaycan idmanının seçilən şəxsiyyətlərindən biri adlandırırdılar. İnqilab müəllimin qayğıkeşliyi isə dillərdə dastan olmuşdu. Tanıdığı hər bir şəxsin, müəllim tələbənin problemləri ilə tez-tez maraqlanar, həmişə irəli düşüb kiminsə düyünə düşən işinin həlli üçün çalışmaqdan zövq alar, yaxşılıq etməkdən əsla yorulmazdı. Elə bu səmimiliyi İnqilab müəllimə bir çoxlarına münasibətdə mənəvi ata, əmi, dayı qardaş statusu qazandırmışdı. Tanıdığı adamlar bir maddi, ya mənəvi çətinliyə düşən kimi çəkinmədən bir ünvana gedər - İnqilab Novruzova pənah aparardılar. Öncə o, yada düşərdi, ondan umardırlar, təmənnasız görən, elədiklərini dilə gətirməyən İnqilab müəllimin kişi xarakterinə sığınardılar. Bəzən hətta onu böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə bənzədərdilər. Ondan ötrü fani dünyada yaxşılıqla ad çıxarmaqdan, mərd yaşamaqdan, kişi sözünü tutmaqdan yüksək heç ola bilməzdi.

Tanrı ondan heç nəyi əsirgəməmişdi. Gözəl boy-buxunu, palıd gövdəsi, qara qıvrım saçları vardı. Ağayana duruşuna baxanda adama elə gəlirdi ki, möhtəşəm bir binanın yükünü çiynində qürurla saxlayan nəhəng qranit sütundur. Bu sütunun üzərində İnqilab müəllim zaman-zaman qohum-əqrəbasının, əzizlərinin, idmançı dostlarının, ona çətin gündə üz tutan neçələrinin ağır yükünü saxlamışdı. Onun müqəddəs bildiyi ən böyük bir mənəvi yük vardı - ailə, övladlarının tərbiyəsi, bir özünə hər zaman əziz, doğma bildiyi bədən tərbiyəsi idman kafedrasının yükü. Qayğıkeş bir ailə başçısı olan İnqilabın həyat yoldaşı Elza xanımla qoşa qanad kimi bəslədiyi balaları - Elman Sevinc adlı qoşa sevgisi vardı. Təbii ki, hər bir valideyn övladını sevir, ancaq İnqilab müəllimin öz övladlarına məhəbbətində bir qeyri-adilik vardı. Balalarını elə istəyirdi ki, sanki göy yarılıb, onlar göydən yerə düşüblər, onların bu dünyada tayı-bərabəri yoxdur. Övladlarını bu dünyada Tanrının ən əvəzsiz payı sanardı.

İnqilab Novruzov gerçəkdən imkansızların, kimsəsizlərin sığınacaq tapdığı bir qalanın bürcü idi. Dağ zirvəsindən boylanan bu qeyrət qalasında İnqilab müəllim çoxlarını qoruyub, çoxlarına həyat vəsiqəsi vermişdi. İlk baxışdan zəhmli görünən nəhəng cüssəsi onu tanımayanlarda sərt qayğısız adam təəssüratı yaradardı. Tanıyandan sonra isə onun qızılgül ləçəyi qədər zərif qəlbi insanları valeh edərdi. Palıd gövdədə qərar tutmuş bu gül ləçəyini fani dünyanın qara yeli tez qurutdu. Onun vaxtsız ölüm xəbəri heç gözləmədiyimiz yerdə bizi yaxaladı...

Qəfil xəbəri eşidəndə ağlıma ilk gələn bu oldu: qala bürcü çökərmiş!

Əcəl onu ailəsindən, övladlarından, dostlarından, sevdiyi sənətdən qəfil ayırdı. İnqilab Novruzov çoxlarını qəmə batırdı, çoxlarının gözünü yolda qoydu. Mübaliğəsiz deyirəm, onun kimi adamlar dünyaya yüz ildə bir dəfə gəlir; onlar dünyaca məşhurlar sırasında olmasalar belə yenə qeyri-adi olurlar.

Sağlığında qədər könüllər sevindirmiş İnqilab Novruzovun indi xatirəsi onu bu dünyada görənlərə sevinc, fərəh gətirir. Bu dünyada ruhları şad eləyən ruhun o dünyada şad olsun, əziz dost!

 





09.01.2014    çap et  çap et