Doktor Rövşən İmanov 40 ildir, dünyada ən müqəddəs işlə məşğul olur, insanların sağlamlığını qoruyur. O, xalqına, vətəninə, el-obasına dərindən bağlı, daxilən işıqli bir ziyalıdır. Rövşən doktor gərgin əməyi ilə neçə-neçə insana ikinci həyat bəxş edib. Buna görə də, o, xeyirxah əməllər sahibi, öz peşəsini dərindən bilən bir tibb işçisi kimi yaşadığı Lerik rayonunda insanların qəlbində dərin izlər qoyub.
Rövşən doktor hazırda Lerik rayonunun Qışlaq kənd tibb məntəqəsinin müdiridir. İstedadına, bacarığına söz ola bilməz. Adəti üzrə içinə böyük sevgi göstərir, insanların sağlamlığını qorumağı özünə şərəf bilir. Ürəyi saf, əlləri şəfalıdır. Onun şəfalı əlləri çoxlarını ölüm pəncəsindən xilas edib.
Rövşən doktor öz peşəsinə dərindən bələd olmaqla yanaşı, həm də sözün müqəddəsliyinə tapınan qələm əhlidir. Neçə illərdir imzası dövrü mətbuatda görünür. Rövşən doktorun bədii yaradıcılığı əsasən kiçik hekayələrdən, şeirlərdən və publisistik yazılardan ibarətdir. O, sirəsini ilahi sevgidən çəkən neçə-neçə şerində Vətəni, onun torpaqlarını müqəddəs, hər şeydən uca bir varlıq kimi tərənnüm edir. Rövşən doktorun yazdıqlarını oxumadıqca insan mənən saflaşır, öz vətəninə daha da ürəkdən bağlanır. O, təmiz sevgidən qaynaqlanaıb humanizm, vətənpərvərlik çələnginə dönən “Vətənim” şeirində deyir:
Odlar yurdu Azərbaycan torpağı,
Gülər üzlə qarşılayır qonağı.
Hara baxsan bir cənnətdir qucağı,
Sevənlərin ürəyidir Vətənim.
Rövşən doktorun insanlığı ilə yaradıcılığı üst-üstə düşür. O, hər dəfə qələmi təmiz ürək, təmiz dilək sorağı ilə ələ alır. Məhz buna görə də yazdıqlarında incə ruh, açıq qəlb çırpınır. Bu da ondan irəli gəlir ki, Rövşən doktorun daxili aləmi gözəldir, insanlara, vətəninə sevgisi ilahi ucalıqdan gəlir. Sözə o qədər vicdanlı münasibət bəsləyir ki, hətta müalicə etdiyi ağır xəstəni belə, onun sehrinə çəkməklə qəlbini ovsunlaya bilir. Onun hər duru misrası yalnız ruha qol-qanad verir. Şərdən-xatadan uzaq dünyasında sözün yeri bambaşqadır - "Sənsən mənim baharım" şeirində olduğu kimi:
Səninlə elə bir xoş fəsiləm ki,
İtmişəm çiçəyin, barın içində.
Sənsiz üşüyürəm günəş altında,
Səninlə yanıram qarın içində.
Vətənini, xalqını xoşbəxt görmək Rövşən doktorun birinci arzusudur. Onun bütün gördükləri də məhəbbət soraqlı günlərimiz naminədir. Şəfalı əlləri, qəlbindən qopan şeirləri insanların rahatlığı üçün həyata gözəllik gətirir. Ömür payını alnıaçıq, üzüağ yaşaması da elə torpaq, yurd sevgisi ilə bağlıdır. Onun "Kəndim" şeirində bu, daha aydın görünür:
Nə qədər ömrüm var, nə qədər sağam,
Kimsə baxa bilməz ona yad kimi.
Onun qəm yükünü daşıyacağam
Hər zaman, hər yerdə bir övlad kimi.
Zəfər ORUCOĞLU
Lerik