525.Az

"Azərbaycan musiqisi Türkiyədə çox sevilir" - Onur Akın ilə müsahibə


 

TÜRKİYƏLİ ŞAİR VƏ BƏSTƏKAR ONUR AKIN: "SƏHNƏ ÜÇÜN ÇOX DARIXMIŞAM"

"Azərbaycan musiqisi Türkiyədə çox sevilir" - <b style="color:red">Onur Akın ilə müsahibə </b>

Mədəniyyət bağı...

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin nümayişi hər zaman başqa dövlətlərin diqqət mərkəzində olub.

Ortaq mədəniyyətə və dəyərlərə sahib bu iki ölkənin elm, ədəbiyyat, incəsənət adamaları, eləcə də bu sferada fəaliyyət göstərən fərqli qurumları arasında həmişə sıx əlaqələr müşahidə edilib.

Biz də öz növbəmizdə "525-ci qəzet" olaraq "Anadolu.Life" dərgisi ilə birgə "Mədəniyyət bağı" adlı yeni rubrika açmaq, bu yolla iki ölkə arasındakı mədəni əlaqələrin daha da gücləndirilməsinə, cəmiyyət tərəfindən incəsənət və mədəniyyət nümayəndələrinin tanınmasına vasitəçi olmaq qərarına gəldik.

Rubrikamızın ilk qonağı məşhur saz ifaçısı, şair və bəstəkar Onur Akındır.

***

- Onur bəy, tanıyanlar bilir, tanımayanlar üçün özünüzü necə təqdim edərdiniz?

- Artıq 30 ildir, peşəkar musiqi ilə məşğul oluram. Bu günə qədər 400-dən çox əsərim, 16 albomum işıq üzü görüb. Bu günlərdə isə Rubato qrupu ilə birlikdə "Ağlayan balıqlar" adlı yeni mahnı və klipimiz üzərində işləyirik.

- Pandemiya günlərində fəaliyyətinizi necə davam etdirirsiniz?

- Koronavirus epidemiyası səbəbiylə konsert proqramlarına ara verilib. Ona görə də işlərimi evdən idarə edib, yeni mahnılar üzərində  çalışıram.



- Musiqi ilə tanışlığınız necə başladı?

- Musiqiyə orta məktəbdə mandolin çalmaqla başlamışam və qısa müddət ərzində sazda ifa etməyi öyrənmişəm. Bəstəkarlıq istedadımı isə universitet illərində kəşf etmişəm. Bu illərdə "Baran" adlı qrup yaradıb bəstələrimi ifa edirdim. Qrupumuzla birlikdə iki albomum da işıq üzü görüb. Təəssüf ki, qrup sonradan dağıldı, o gündən bəri fəaliyyətimi solo olaraq davam etdirirəm.

- Bu günə qədər bir çox uğurlara nail olmusunuz. Başqa hansı hədəfləriniz var?

- Xəyallar və hədəflər heç vaxt bitmir. Elə bu cür də olmalıdır. Fikrimcə, indiyə qədər qarşıma  qoyduğum məqsədlərin çoxuna çatmışam. Musiqi ilə bağlı yeni hədəflərim və layihələrim var. Hazırda onları gerçəkləşdirmək üçün çalışıram.

- Özünüzə ideal hesab etdiyiniz və ya yaradıcılığından təsirləndiyiniz ədəbi şəxsiyyətlər kimlərdir?

- Dəyərli bəstəkarımız Zülfü Livaneli və musiqiçi Edip Akbayram uşaqlığımdan bu yana idealım olub. Ədəbiyyat nümayəndələrindən Nazim Hikmətin, Əhməd Arifin və şeirlərinə musiqi bəstələdiyim başqa şairlərin də adını bu siyahıya əlavə edə bilərəm.

- Musiqinin və incəsənətin bugünkü vəziyyətini necə təsvir edərdiniz?

- Pandemiya dövründə mədəniyyət və incəsənət, xüsusilə də musiqi sahəsinin inkişafı dayanıb. Yeganə istəyimiz budur ki, virus qısa müddət ərzində bitsin və hər şey əvvəlki vəziyyətinə qayıtsın. Belə olduqda musiqi də inkişaf edəcək.

- Təxirə salınan konsertləriniz və tədbirləriniz barədə nə deyə bilərsiniz?

- Pandemiya səbəbiylə konsertlər və tədbirlər dayandırıldığı üçün səhnə fəaliyyətimizə də ara vermişik. Uzun müddətdir bu proseslər davam etdiyindən səhnə və konsertlər üçün çox darıxıram.

- Bu yolda yeni addımlayan gənclərə nə məsləhət görürsünüz?

- Gənclərə çox çalışıb yeni musiqilər ərsəyə gətirməyi məsləhət edirəm. Unutmasınlar ki, çox çalışan insanlar həmişə uğurlu olur.

- Onur bəy, Azərbaycan və türk saz ifaları arasında hər hansı bir bənzərlik, yaxud fərqlilik varmı?

- Hər iki xalqın musiqi alətləri bir-birinə yaxın, hətta eynidir. Bu səbəbdən Azərbaycan musiqisini çox sevirəm. Qardaş ölkənin musiqilərini təkcə mən yox, bütün Türkiyə sevir.

- Türkiyə türkcəsi ilə eyni dil qrupuna (Oğuz dilləri) mənsub olan Azərbaycan dilini anlaya bilirsinizmi?

- Azərbaycan dili Türkiyə türkcəsinə olduqca yaxındır. Ona görə də, Azərbaycan dilini sərbəst şəkildə başa düşürəm.



- Azərbaycanda olmusunuzmu?

- Təəssüf ki, bu günə qədər Azərbaycanda olmamışam. Amma çoxlu azərbaycanlı dinləyicilərim var. Hansısa bir konsert proqramı çərçivəsində oradakı dinləyicilərimlə də görüşmək istəyərəm.

- Oxucularımız əsərlərinizi dinləmək üçün hansı mənbələrə müraciət edə bilərlər?

- Onur Akın adı ilə çıxış etdiyim İnstaqram, Feysbuk və Yutub hesablarım, eləcə də digər rəqəmsal platformalar vasitəsilə fəaliyyətimi izləyə bilərlər.

Yaşar USLU
"Anadolu.Life" dərgisinin baş redaktoru
Günel ABBAS

 





15.08.2020    çap et  çap et