525.Az

Qələndər Xaçınçaylının diqqət və qayğıya ehtiyacı var


 

Qələndər  Xaçınçaylının diqqət və qayğıya ehtiyacı var<b style="color:red"></b>

Dəyərli oxucum, bu dəfə haqqında söbət açacağım insan bu gün səhhətində ciddi problemlər olan, laqeyd münasibətləı üzləşən, Azərbaycan Yazıçılar Birliyinin (AYB), tədqiqatçı-yazar, “Tərəqqi” medallı şair, jurnalist Qələndər Xaçınçaylı olacaq.

Əmək fəaliyyətinə ötən əsrin səksəninci illərində Neft Daşlarında Qələndər Xaçınçaylı tez bir zamanda açıq sözlü, iti qələm sahibi kimi tanınıb. Quruluş, əsr dəyişsə də, bütün məhrumiyyətlərə rəğmən peşəsinə sadiq qalan Qələndər Xaçınçaylı bir jurnalist-repartyor, araşdırmaçı yazar kimi daim əlində qələm ən qarışıq, təlatümlü mövqelərdə, ön sralarda olub. Yuxarıda qeyd etdiyim kimi, onun bu fədakarlığı və peşəkarlığı yüksək qiymətləndirilərək “Tərəqqi’” medalı ilə mükafatlandırılıb. Uzun illər bu sahədə fəaliyyət göstərsə də, evsiz olmasına baxmayaraq, jurnalistlərə mənzil paylananda həmişə siyahıdan kənarda qalıb. Hazırda Qələndər müəllim avqustun 5-dən“Yeni Klinik Mərkəz”də müalicə olunur.

Qarabağın gözəl guşələrinin birində -Ağdamda doğulub boya-başa çatan Qələndər Xaçınçaylı 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri müxtəlif illərdə “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır.  İndiyənə qədər Qələndər müəllimin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” (2008), “Şərəfli ömür” (2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan, publistik yazılardan ibarət kitabları nəşr olunub, ilk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən “Güllə işığında” povesti işıq üz görüb. Kitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylının bütün yaradıcılığı  Qarabağa, vətənpərvərliyə və mübarizliyə həsr olunub.

Qeyd etdiyim kimi, bu gün Qələndər Xaçınçaylının səhhətində ciddi problemlər var, vəziyyəti ağır olaraq qalır. Fədakar jurnalisti ən çox üzən isə səhətinin ağır olması deyil, ona olan laqeyd münasibətdir. Bu yerdə nəzərinizə çatdırım ki, heç kim bu bəladan sığortalanmayıb və sabah bizlərdən hamımız bu laqeyd münasibətlə üzləşə bilərik. Qələndər müəllim “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə və dəyərli ziyalılarımız  Əflatun Amaşova, Bəxtiyar Əliyevə, Aqil Abbasa təşəkkürlərini bildirməklə yanaşı, üzvü olduğu ali qurumların, eyni zamanda əməkdaşıq etdiyi media orqanlarının rəhbərliyindən və kollektivindən narazılığını dilə gətirdi. Laqeyidlik, söz yarası daha ağırdır.

Sonda əlaqədar qurumları və səlahiyytəli şəxsləri  Qələndər Xaçınçaylıya yardımçı olmağa, ona diqqət və qayğı göstərməyə çağırırıq. Qələndər Xaçınçaylıya Böyük Allahdan şəfalar diləyir, tezliklə sağalıb yenidən sözün ön cəbhəsindəki mövqeyinə dönməsini arzu edirik. Ümüd edirik ki, jurnalistlərə mənzi veriləndə bu dəfə Qələndər Xaçınçaylı da yada düşəcək, nəhayət, ömrünün ahıl çağlarını o da öz evində rahat yaşya biləcək. Allah köməyi olsun!..

Zaur USTAC,

şair-publisist


 

 





16.08.2020    çap et  çap et