525.Az

Nuşirəvan Məhərrəmlidən etiraf: "İzləməyə bir veriliş tapa bilmirəm"


 

Nuşirəvan Məhərrəmlidən etiraf: "İzləməyə bir veriliş tapa bilmirəm"<b style="color:red"></b>

"Aparıcıların dünyagörüşü çox aşağı səviyyədədir, orta məktəbdə 3-lə oxuyan uşaqdan da aşağıdır" "Şəxsən mən özəl televiziya kanallarının fəaliyyətindən çox narazıyam" Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin APA TV-yə müsahibəsi



- Rəqəmsal yayıma keçid nə deməkdir və bu, izləyicilərə hansı imkanları verəcək?

 

- Biz hələ 2004-cü ildən Azərbaycanda bu məsələyə başlamışıq. İlk olaraq test yayımları ilə bağlı işlər gedirdi. Hazırda demək olar ki, Azərbaycanın bütün ərazisi rəqəmsal yayımla əhatə olunub. 2012-ci ildən bizdə həm rəqəmsal, həm də analoq yayım aparılır. Analoq yayımın dayandırılması təxminən 2014-cü ildə başa çatacaq. Rəqəmsal yayımın çox böyük üstünlükləri var. Rəqəmsal yayıma keçəndən sonra tezlik resurslarına çox qənaət olunacaq, bir tezlikdə 12 televiziya çalışa biləcək. Bundan başqa, elektrik enerjisinə qənaət ediləcək. Əvvəllər 5 kilovat gücündə olan ötürücünün işləməsi üçün lazım olan enerji, indi cəmi 100 vatt üçün enerjinin işləməsinə sərf olunacaq. Həmçinin televiziyanın imkanları da artacaq. Əvvəllər televiziyada görüntü 1000 işarə ilə işarələnirdisə, indi 10 dəfə ondan artıq olacaq. Əgər insanlar əvvəllər imkan olduğu halda televiziyaya baxırdılarsa, indi imkanları olmadığı vaxt əvvəlcədən o verilişi sifariş verib sonra baxa biləcək. İnteraktiv verilişlərlə bağlı, ticarət, alış-verişlə bağlı xidmətlər də göstəriləcək. Televiziyanın yayımı ilə bağlı işlər xeyli asanlaşacaq. Görüntü ərazisi az olan kanallar indi bütün ölkə ərazisində yayımlanacaq. Bundan başqa xarici kanalların özünün Azərbaycan ərazisinə daxil olması məhdudlaşacaq. Üstünlükləri həddən artıq çoxdur və buna görə də dünya artıq bu yayıma keçib. Azərbaycan bu sahədə MDB ölkələri arasında ən irəlidə gedən dövlətlərdən biridir.

 

- Bu ilin əvvəlindən xarici kanalların yayımının dayandırılması və pullu yayıma keçilməsi ilə əhali bu kanalları necə izləyə biləcək?

 

Bu sahədə çox təəssüf ki, bəzi anlaşılmazlıq oldu. Teleradio İstehsalat Birliyindən verilən informasiya da tam dəqiq deyildi. Rəqəmsal yayım Azərbaycanın milli yayımçılarına aiddir. Biz bu sahədə işləyirik. Azərbaycanda 9 televiziya kanalı var. Digər bir televiziya kanalı da TRT-dir. Bunlar bir paketdə yayımlanacaqlar. Xarici kanallar üçün dövlət üzərinə hər hansı bir öhdəlik götürməyib və ümumiyyətlə bu işi görmək istəmir. Əvvəllər Azərbaycanda hələ efirdə xarici kanallar yayımlanırdı. Biz bunları dayandırdıq. Ona görə də bizdə xarici kanalların yayımı ilə bağlı məsələ gündəmdə deyil. Biz yalnız milli yayımın rəqəmsal yayıma keçməsi üçün çalışırıq. Sosial paket anlayışı xarici ölkələrdə çox geniş yayılıb. Həmin ölkələrdə televiziya kanallarının sayı çoxdur. Həmin ölkə xalq üçün ən vacib, ən lazımlı kanalları seçib sosial paket yaradır və pulsuz yayımlayır. Bizdə cəmi 10 kanal olduğu üçün buna ehtiyac yoxdur. Orda bəzən 20 kanal olurdu və bu test yayımı üçün həyata keçirilirdi. Əhali də buna alışmışdı. Biz Teleradio İstehsalat Birliyinə tapşırıq verdik ki, o yayım tamamilə dayandırılsın. İnsanlar elə bilirdi ki, həmişə belə olacaq, onları buna alışdırmaq lazım deyildi. Yanvarın 1-dən də bu iş həyata keçirildi.

Ölkədə istənilən qədər kabel televiziya şəbəkəsi var. İnsanlar bu şəbəkələrə müraciət edib, o kanallara baxa biləcəklər. Bəzən televiziyalarda elanlar da olur. Məsələn, "ATV+" kabel şəbəkəsi. Bu, o yayımı həyata keçirə bilər. Azərbaycanın istənilən ərazisində bu tədricən həyata keçirilə biləcək. Hətta kənd evlərində belə insanlar kabel şəbəkəsinə qoşularaq 100-ə yaxın xarici kanala baxa biləcəklər. Bakı, Gəncə və Sumqayıtda belə bir problem yoxdur. Bu şəhərlərdə xarici kanallara baxmaq üçün həm kabel şəbəkəsindən, həm peyk antenasından istifadə edirlər.

 

- Azərbaycanda fəaliyyət göstərən kanalların indiki durumu sizi qane edirmi? Bizim kanalların tamaşaçısı niyə azdır?

 

- Bunun obyektiv və subyektiv səbəbləri var. Bizim ölkəmiz dünyaya açılıb. Sovetlər dönəmindən sonra insanların dünyaya baxışı dəyişib.  İnsanlar artıq rus, türk, ingilisdilli kanallarda nələrin olduğunu görmək istəyir. Təbii, Azərbaycan kanallarının da hamısı eyni deyil. Dövlət büdcəsindən yayımlanan kanallar və özəl kanallar var. Bunların də hər birinin öz yayım funksiyaları var. Açığı, mənim özümün də özəl kanallarda yayımlanan verilişlərdən narazılığım var. Təəssüf ki, bəzən mən izləmək üçün bir veriliş tapa bilmirəm. Amma insanların zövqü o qədər müxtəlifdir ki, burada hamını qane etmək çətindir. Elə insanlar var ki, intellektual xarakterli verilişləri sevir. Elə insanlar da var ki, onların psixologiyasında şou xarakterli verilişlər daha üstündür. Təxminən 10-15 il bundan əvvəl bizim hər hansı bir müğənninin 1 və ya 2 işçisi olardı, indi demək olar ki, hər bir müğənninin özünün qurumu var. Bu sahə inkişaf edir. Baxın, Azərbaycanda nə qədər şadlıq evləri var. Onların psixologiyasına uyğun verilişlər ya aşağı səviyyədə olacaq və intellektual işlə məşğul olan insanları qane etməyəcək. Bununla bərabər bizim kanallarımızda çox təəssüf ki, məsuliyyət hissi azdır. Bu ən böyük məsələlərdən biridir. Televiziya adi bir kommersiya strukturu deyil. Cəmiyyəti yönləndirən, istiqamətləndirən, tərbiyəedici, maarifləndirici bir qurumdur. Təbii ki, əyləncə funksiyası da var. Amma bu funksiya birinci olmamalıdır. Bəlkə də ən axırıncılardan biri olmalıdır. Bizim özəl kanallar bu amilə fikir vermirlər. Ona görə də verilişlərdə bayağılıq, sünilik, şitlik baş alıb gedir. Efir, səhnə mədəniyyəti yoxdur. Aparıcıların dünyagörüşü çox aşağı səviyyədədir, orta məktəbdə 3-lə oxuyan uşaqdan da aşağıdır. Biz bundan çox narahatıq. Professionallıq məsələsi çox ciddi məsələdir. Bu gün Azərbaycanın televiziya kanallarında ən ciddi məsələ kadr məsələsidir. Ya kifayət qədər deyil, ya da doğru istiqamətləndirilməyib. Bütün məsələləri reytinqə yönəltmək doğru olmazdı. Başqa problemlər də var.  Şəxsən mən özəl televiziya kanallarının fəaliyyətindən çox narazıyam. Tədbirlərdə də insanlar bununla bağlı narazılıqlarını bildirirlər. Hər kəs televiziya kanallarından səviyyəli, intellektual xarakterli verilişlər gözləyir. Bizim televiziya kanalları çox təəssüf ki, xarici, xüsusilə Türkiyə kanallarında olan verilişlərin bir nüsxəsini çıxarıb göstərirlər. Bu da aşağı keyfiyyətli olur. Ona görə də bizdə bayağı verilişlərin sayı çoxdur. Verilişlərin ən böyük nöqsanlarından biri onları hazırlayanların lazımi səviyyədə olmamasıdır.  Məsələn o, bir veriliş hazırlayırsa, onun ən asan, ucuz yolunu seçir. Bəzən 1-2 estrada müğənnisi çağırıb onların əsasında bu verilişi qurur. O estrada müğənnisi özünə uyğun insanlar arasında qəbul olunsa da xalq arasında o qədər də qəbul olunmur. Hətta mən bəzən televiziya kanallarının rəhbərlərinə deyirəm ki, o müğənniləri efirə çağırın, oxusunlar, amma danışmasınlar. Bir-iki kəlmə danışarkən onların hansı səviyyədə olduqları görünür. Seriallarla da bağlı çoxlu nöqsanlar var. Amma müəyyən qədər işlər görmək lazımdır ki, o işin içərisində nöqsanlar varsa, aradan qaldırılsın. Seriallarda da xeyli işlər görülüb. Yumoristik verilişlərlə bağlı problemlər son vaxtlar özünü daha çox büruzə verir. Bir sıra kanallarda bizim gənc yumor ustaları bəzən ədəbsiz lətifələr əsasında süjetlər hazırlayırlar, sətiraltı onları ifadə edirlər. O insanların səviyyəsi o dərəcədədir ki, o verilişləri efir üçün hazırlayırlar. Televiziya kanallarının rəhbərləri də bunu yayımlayırlar. Onlar öz valideynlərinin yanında söyləyə bilmədikləri lətifələri efirdə deyirlər. Onlar anlamırlar ki, efir onların ailələrindən də böyükdür, 9 milyonun ailəsidir. Son zamanlar ANS, SPACE kanallarında bu var. Bununla bağlı monitorinq şöbəsi bizə tez-tez şikayət edir. Professional insanlar yerində yoxdursa, bu cür nöqsanlar özünü göstərəcək. Bizim televiziya kanallarında mövzu seçimi ilə bağlı problemlər hiss olunur. Bəzən elə mövzular seçirlər ki, onlar hələ cəmiyyətdə müzakirə olunma dərəcəsinə çatmayıb.  Çox nadir hallarda bir-iki yerdə özünü göstərən hadisəni ictimai müzakirəyə çevirirlər. Xüsusilə cinsi azlıqlar və digər məsələlər.

 

 

- Kanallarda ucuz şou xarakterli verilişlərin qarşısını almaq üçün hansı işlər görülür?

 

- Əgər özəl kanallardan danışırıqsa, onlar kommersiya qurumlarıdır. Onların fəaliyyəti teleradio haqqında qanunla tənzimlənir və onların yaradıcılıq işlərinə müdaxilədən söz belə gedə bilməz. Televiziya və Radio Şurası yalnız bu sahədə öz tövsiyələrini verə bilər. Amma digər tərəfdən şura teleradio siyasətini müəyyənləşdirən dövlət orqanıdır. Artıq biz görəndə ki, efirdə şou xarakterli verilişlərin tendensiyası artır, o zaman bunun qarşısını almaq üçün zəruri inzibati tədbirlər görmək məcburiyyətindəyik. Bunlar əsasən özəl kanallardadır. Bunlar AZTV, "Mədəniyyət", İTV-də yoxdur. Hətta  XƏZƏR TV-də azdır. Amma digər kanallarda isə çoxdur. Açığı, mən dünən AZTV-dən Şövkət Ələkbərova ilə bağlı maraqlı bir verilişə baxdım, çox zövq aldım. Amma insanlardan bəzən soruşanda deyir ki, mən AZTV-yə baxmıram. Biz artıq insanlara seçim hüququ vermişik. Onlar istədikləri kanala baxa bilərlər. Kim nə görmək istəyirsə, onu axtarır. Şou xarakterli verilişlərə baxmaq istəyənlər, elə ona baxır və buna uyğun olaraq da reytinq müəyyənləşir. Bəzən özümüzdə də günah axtarmalıyıq, hər şeyi televiziya kanallarının üstünə atmamalıyıq.

 

- Televiziyalarda reklamlarla bağlı vəziyyət necədir? Xüsusilə dərman və içkilərin reklamları qanunidirmi?

 

- Televiziya və radio kanallarında ən çox qanun pozuntusu reklam və sponsorla bağlıdır.   Bu barədə biz dəfələrlə demişik və monitorinq şöbəsi bununla bağlı davamlı olaraq monitorinq aparır. Əgər 5 il bundan qabaqkı dövrlə indini müqayisə etsək, çox böyük irəliləyiş var. Amma yenə də görüləsi işlər çoxdur. Reklamla bağlı problem bütün dünyada var. Kanallar daha çox pul qazanmağa çalışır. Biz də onları inandırmağa çalışırıq ki, ən doğru yol qanuni fəaliyyət göstərməkdir. Bizim qarşımızda duran məsələlərdən biri sponsor problemini yoluna qoymaqdır. Çox təəssüf ki, telekanallar bu sahədə üzərilərinə düşən işi görmürlər.  Sponsorluq xeyriyyəçilik deməkdir. Bizdə isə sponsorlar reklam olunmaq istəyirlər. Bəzən bir verilişin 8-9 sponsoru olur. Demək, bu verilişdən keyfiyyətli heç nə gözləmək olmaz. Bir verilişin 1-2 sponsoru olar. Sponsorun adı verilin əvvəlində və axırında çəkilməlidir. Zərurət yaranarsa, ortasında bir dəfə çəkilə bilər. Ancaq məhsulu verilişdə reklam olunmamalıdır. Çox təəssüf ki, bizim televiziya kanallarında reklamçılar diktə edirlər. Bu günlərdə yazıçı Anar mənə zəng etdi və televiziya kanallarında "Dədə Qorqud" filmindən olan sujet əsasında reklam çarxının getdiyini bildirdi. Mən çox narahat oldum. Əgər bizim televiziya kanallarında olan insanlarımız intellektual səviyyə baxımından yerində olan insanlar olsaydı, deyərdilər ki, bu cür reklam doğru deyil, vermək olmaz. Amma bunlar bizim ekranlarımızda gedir. Bəzən özlərinə bəraət qazandırmağa çalışırlar ki, mən verməsəm digər kanal verəcək. Deməli bunların hamısında bu problem var. Hamısında kadrlar yerində olsaydı, onların heç biri bunu qəbul etməzdi. Biz daim çalışırıq ki, kanalları inandırma yolu ilə başa salaq. Amma görəndə ki, onlar bunu etmirlər, onda qanunlar öz sərt üzünü göstərir.

 

İçki ilə bağlı demək olar ki, problem yoxdur, amma dərmanla bağlı var. Tək dərman deyil, eyni zamanda tibbi klinikalarla bağlı. Onlar Azərbaycanda sərbəst fəaliyyət göstərir. Fəaliyyət göstərirsə, deməli qanunidir. Sayları da həddən artıq çoxdur. Biz efirdən necə müəyyənləşdirə bilərik ki, hansı qanunidir və hansı qanunsuz fəaliyyət göstərir. Bu haqda biz kanallara demişik. Amma Səhiyyə Nazirliyi onların dəqiq sayını bizə versə, bildirsə ki, bu dərmanların reklamı qanunidir və ya qanunsuzdur, biz o zaman iş görə bilərik. Məsələn "Laçın" klinikası tez-tez reklam olunur, amma onun qanuni olub olmadığını kimə müəyyənləşdirə bilər. Biz bunu edə bilmərik. Amma televiziya kanallarına bununla bağlı tövsiyə veririk ki, siz ancaq qanuni reklamları verin.

 

- Efirlərdə nitq normalarının pozulmasının qarşısının alınması üçün hansı tədbirlər görülür?

 

 

- Sizə elə gəlir ki, televiziyada olan bütün nöqsanlara Teleradio Şurası cavabdehdir və aradan qaldıra bilər? Çox təəssüf ki, bu belə deyil. Azərbaycan dilində danışıq qaydalarının müəyyənləşdirilməsi şuranı üzərinə düşmür. Biz o cür mütəxəssisləri burada saxlamırıq. Azərbaycan dili ilə bağlı mütəxəssislər Dilçilik İnstitutunda var. Ona görə də biz daim çalışırıq ki, monitorinq keçirəndə onların mütəxəssislərindən istifadə edək. Biz buna əsasən iş aparırıq. Amma İnzibati Xəta Məcəlləsində dil qaydalarının pozulması ilə bağlı hər hansı maddə yoxdur. Hər hansı televiziya kanalı dil qaydalarını pozursa biz ona qarşı cəza tətbiq edə bilmirik. Bunun mexanizmi yoxdur. Bu zaman biz yalnız tövsiyə ilə bu məsələni aradan qaldırmaq istəyirik. Amma Azərbaycan dili məsələsi tək bir şuranın, institutun işi deyil. Bu hər birimizin, hər bir vətəndaşın işidir. Buna qarşı birlikdə mübarizə aparmaq lazımdır. Təəssüf ki, son zamanlar Azərbaycanda bu istiqamətdə mənfi tendensiya var. Xarici dillər qarşısında boyun əymək kimi bir məsələ ortadadır. Düzdür, qloballaşma öz təsirini göstərir, biz tamamilə təcrid olunmuş formada yaşaya bilmərik. Amma ifrat şəkildə olarsa, artıq o bizim ziyanımızadır.

 

 

- Kanallarda xarici veriliş və filmlərin tərcümə səviyyəsi necədir?

 

Bu sahədə əvvəlki illərə nisbətən müəyyən irəliləyiş var. Təbii ki, bir filmin səsləndirilməsi, 2-3 nəfərin səsi ilə həyata keçirilirsə, bu arzuolunan deyil. Qocanın səsi qoca adamın səsi ilə, uşağın səsi uşaq tərəfindən səsləndirilsə, daha doğru olardı. Əvvəllər hətta filmi bir adam səsləndirirdi. Getdikcə bunu artırırlar. Hesab edirəm ki, bir neçə ildən sonra bu problem aradan qalxacaq. Hər bir televiziya kanalı onun dublyaj etdiyi filmin baxımlı olmasında özü maraqlı olmalıdır. Hansı televiziya kanalın etdiyi dublyaj daha yaxşıdırsa, o kanalı izləməyə çalışacaqlar. İnsanlar artıq özləri seçməlidir.

 

- Kanalların çəkdiyi seriallar sizi qane edirmi? Problemi nədə görürüsünüz -  maliyyə azlığı, texniki çatışmazlıq, yoxsa aktyor və ssenari zəifliyi?

 

- Əvvəllər televiziya kanalları şikayət edirdilər ki, özlərinin maliyyə vəsaitləri yoxdur, ona görə də çəkilən seriallar çox aşağı səviyyədədir. Prezident İlham Əliyevin qərarı ilə bu istiqamətdə 2011-ci ildə 5 milyon, 2013-cü ildə 6 milyon vəsait ayrıldı. Biz bu məbləği hər bir kanala bərabər şəkildə ayırdıq. Məsuliyyət kanalların üzərinə düşdü ki, siz keyfiyyətli seriallar çəkin və tamaşaçılara təqdim edin. Mən başa düşürəm ki, biz 2-3 il ərzində xarici televiziya kanallarının çəkdiyi səviyyədə serial çəkə bilməyəcəyik. Bu çətinlikləri başa düşürəm. Amma hər il əvvəlki illərə nisbətən daha da irəli getmək üçün ciddi çalışmalıyıq. Son illər bu sahədə canlanma var. Azərbaycanda serialların kəmiyyəti baxımından heç bir problemimiz yoxdur. Böyük miqdarda insanlar bu sahəyə cəlb olunublar. Bu sahədə əvvəllər böyük bir işsizlik ordusu var idisə, o problem artıq aradan qalxıb. Keyfiyyət məsələsində isə hələ görüləsi işlərimiz çoxdur.  Biz bəzən Azərbaycandakı serialları Rusiya, Türkiyədə olan seriallarla müqayisə edirik. Amma Azərbaycandakı şərait bu ölkələrdəki kimi deyil. Bizim reklamla bağlı vəziyyətimiz eyni deyil. Praym-taym vaxtı reklamın 1 dəqiqəsi 2-3 min dollara çatırsa, Rusiya və Türkiyədə bu 40-50 min dollara çatır. Biz çalışacağıq ki, ortada tədricən daha baxımlı seriallar olsun. Biz o vəsaiti 1-2 televiziya kanalına verib 1-2 serial çəkə bilərdik. Onda daha keyfiyyətli olardı. Amma efirin doldurulması problemi də var. Biz xarici serialların yayımını dayandırdıqdan sonra efirdə boşluq yarandı. Ona görə də müəyyən mənada həm kəmiyyət, həm də keyfiyyət balanslaşdırılmalıdır. Hesab edirəm ki, bu problem tədricən öz həllini tapacaq.

 

- Efirlərdə ölmüş insanın üzünün açıq və ya qanın aydın göstərilməsinin qarşını almaq üçün MTRŞ-nın xəbərdarlıq planı və ya tənzimləmə mexanizmi varmı?

 

Bu çox ciddi məsələdir. Son zamanlar müşahidə edirəm ki, informasiyaların verilməsində bulvar qəzeti stilində informasiyalar gedir. Bu problem televiziya kanallarında da, internet agentliklərində də var. Bəzən televiziya kanalları qalmaqallı, sensasiya doğuracaq xəbərləri qışqıraraq, hay-küylə verməyə çalışır. Mənfi yüklü informasiyalar verirlər. Amma həyatda müsbət yüklü informasiyalar da kifayət qədərdir. Əgər professionallıq öz yerində olarsa, bu problem də öz həllini tapar. İnsan ölümü dünyanın hər yerində var, amma onu elə vermək lazımdır ki, insan psixologiyasına mənfi təsir etməsin. İnsan ölümləri, intihar səhnələri ilə bağlı müəyyən nöqsanlar var. Bu nöqsanları tədricən aradan qaldırırıq. Qanın mozaika ilə verilməsi məsələsi bəzi kanallarda var, bəzilərində isə aradan qaldırılıb. Amma tədricən bu problem öz həllini tapacaq. Biz belə bir qayda qoymuşuq ki, saat 23:00-a qədər uşaqların psixikasına mənfi təsir edən verilişlər, o cümlədən intihar səhnələri, tibbi əməliyyatlar aparılan səhnələr  yayımlanmasın. Yəni bu qayda qanunvericiliklə tənzimlənir. Amma bəzən elə hadisə olur ki, çox böyük ictimai-siyasi əhəmiyyətə malik olur ki, onu göstərmək məcburiyyətindədirlər. Amma gərək elə göstərilsin ki, dediyim qaydalara uyğun olsun. Burada da professionallıq ortaya çıxır.

 

- Efirdə daha çox kriminal xarakterli verilişlərin yer alması və insanların həyatına bu dərəcədə müdaxilə nə qədər doğrudur?

 

- Kriminal xəbərlərin bəzən müsbət hadisə kimi verirlər və aparıcılar gülümsəyərək ölüm hadisələrini söyləyirlər. Kriminal hadisələrin çoxluğu insanda psixoloji narahatlıq yaradır. Müsbət yüklü informasiyalar çoxdur. Televiziya kanalları kriminal xəbərləri verməklə sanki cəmiyyət qarşısında işlərini görmüş hesab edirlər, amma digər tərəfdən də cəmiyyətdə nə qədər insanın bundan əziyyət çəkdiyini görmürlər. Biz şura olaraq onlarla davamlı olaraq bu işi aparırıq.

Şəxsi həyata müdaxilə isə obyektlə subyekt arasında olan məsələdir. Kimsə şəxsi həyatına müdaxilə ediblərsə və televiziya kanalı günahkardırsa, onun məhkəməyə verə bilər. Ancaq Teleradio Şurasının bu işə qarışması doğru deyil. Biz daim televiziya kanallarına tövsiyə edirik ki, dünyada qəbul olunmuş beynəlxalq standartlara uyğun hərəkət etsinlər. Hər bir televiziyanın etik qaydalara uyğun müəyyən standartı olmalıdır. Bu standartlar cəmiyyətin yuxarı, intellektual səviyyəsi yüksək olan təbəqəsinin psixologiyasına uyğun olmalıdır.

 

- İnternet televiziyalara lisenziyalarına verilməsi nəzərdə tutulurmu?

 

- İnternet televiziyası fərdi, efir televiziyası kütləvi xarakter daşıyır. Ona görə də internet televiziyaları uzun müddət fəaliyyət göstərəcək və internetlə efir televiziyaları birləşəcək. İnternet televiziyalarının sayı son zamanlar çox artdı. İçində çox maraqlı, daim müəyyən yeniliklərlə fərqlənən televiziyalar var. Amma onların tənzimlənməsi hələ ki, həyata keçirilmir və tənzimlənmə olmadıqda orada anarxiya, xaos baş verir. Elə internet televiziyası rəhbəri var ki, normal vətəndaşdır, cəmiyyət qarşısında öhdəliyini bilir və verilişlər yayımlananda da qaydaları gözləyir. Amma təəssüf ki, bu hamıya aid deyil. Dünyada da internet televiziyaları tənzimlənmir. Televiziya özü fəaliyyət sahəsidir. Onun yayımı fərqlidir - efir, kabel, internet, peyk, hətta mobil yayım yolu ilə. İnternetlə yayım tənzimlənmir, amma digər 4 yayım tənzimlənir. Bu doğru deyil. Çünki televiziyanın cəmiyyət qarşısında məsuliyyəti çox böyükdür. Bu tənzimlənən bir sahə olmalıdır. Amma onun mexanizmi tapılmalıdır. Bu mexanizm yoxdur. Biz çalışırıq ki, dünyada qəbul olunmuş optimal variantı seçək və ona uyğunlaşaq. Azərbaycan nə eksperiment keçirən deyil, nə də geridə qalmış ölkələr kimi internet televiziyasını bağlatmağı düşünmür. Amma tənzimlənmə ilə bağlı müəyyən işlər görülür. Yəni əgər insan təhqir olunursa, internet televiziyasında olsa belə, o insan öz hüququndan istifadə etməlidir. Terrorizm təbliğ olunursa, pornoqrafiya varsa, bununla bağlı xüsusi qanunlar var, istifadə edilməlidir. Bilirsiniz ki, Azərbaycanda pornoqrafiya qadağandır. Əgər hansısa internet televiziyası bunu yayırsa, hüquq qarşısında durmalıdır.

 

- Əvvəllər kanallarda eşitmə qüsuru olan insanlar üçün loqoped var idi. Bunların bərpa edilməsi ilə bağlı təkliflər varmı?

 

Televiziya kanallarını buna məcbur etmək olmaz. Amma bəzən cəmiyyət qarşısında məsuliyyətini dərk edən ciddi televiziya kanalları bunu edir. Biz büdcədən maliyyələşən televiziya kanallarının bunu etməsini istəyirik. Onlar bu sahədə işlər görürlər. Bəzən kadr tapmaqda çətinlik çəkirdilər, bu da müəyyən problem yaradırdı. Amma hesab edirəm ki, ən azından İctimai Televiziyada xəbərlərdə gündə 1 dəfə  bu olmalıdır. Bu mənim şəxsi fikrimdir.

 

 





11.01.2014    çap et  çap et