525.Az

Bir inəklə təsərrüfat quran gənc fermer - Müsahibə


 

ELMİN MAHMUDOV: "HEÇ KİMDƏN DƏSTƏK ALMADAN TƏKBAŞIMA BU QƏDƏR İŞ GÖRMƏYİN SEVİNCİ MƏNƏ MƏNƏVİ GÜC VERİR"

Bir inəklə təsərrüfat quran gənc fermer - <b style="color:red">Müsahibə  </b>

Şəhərdə yaşayan, ağartı və ət məhsullarını adətən rayonlardakı qohumları vasitəsi ilə tədarük edən, ya elə supermarketlərdən alan insanlar yəqin, bu məhsulların necə gərəkli və faydalı olduğunu da yaxşı bilirlər.

Bununla yanaşı, insanlarımızda belə bir düşüncə də formalaşıb ki, bu məhsulları yetişdirmək olduqca çətin və məşəqqətli bir işdir. Halbuki bu gün kəndlərimizdə yetərincə gənclər var ki, onlar könüllü şəkildə təsərrüfatla məşğul olur, öz dolanışıqlarını bu yolla təmin edirlər. Hətta deyə bilərik ki, o gənclər gördükləri bu işlərin müqabilində şəhərdə yaşayan bir çox insanlardan daha yaxşı maddi imkanlara da sahib ola bilirlər. Bizim də məqsədimiz təkcə o insanları sizə tanıtmaq yox, həm də kənd təsərrüfatının gəlirli bir biznes sahəsi olduğunu insanlarımıza aşılamaqdır.

Qeyd edək ki, bu işdə bizə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin komandası da yaxından dəstək verir, bölgələrimizdə təsərrüfatla məşğul olan gənc fermerlərlə əlaqə qurmada yardımını əsirgəmir.

Həmişəki kimi, bu dəfə də həmin zəhmətkeş təsərrüfatçılardan birinin qapısını döyürük: Ağdam rayonunun Böyükbəyli kəndində yaşayan 29 yaşlı Elmin Mahmudov.
 
E.Mahmudov öz təsərrüfatını cəmi bir inəklə qurub. Deyir ki, bu işə başlayanda bir inəyi varmış və səbirlə, zəhmətlə təsərrüfatını böyütməyə nail olub.  

- Bu işə nə vaxt, necə başladınız?

- Mən elə burda, Ağdam rayonunun Böyükbəyli kəndində doğulub, burda da böyümüşəm. Hərbi xidməti başa vurub yenidən kəndə qayıtdım. Bir neçə il sonra heyvandarlıqla məşğul olmağa başladım. Cəmi bir heyvanla. Sonra çalışdım, zəhmət çəkdim, Allah da əvəzini verdi. İndi çalışıram ildən-ilə təsərrüfatımı genişləndirim.

- Bir inəklə başlamaq və təsərrüfatı böyütmək insandan böyük əzm tələb edir. Sizin üçün ağır olmadımı? Bu işə yalnız dolanışıq üçün başladınız, yoxsa marağınız olduğu üçün?

- İlk başlayanda dolanışıq üçün fikirləşirdim bu işi. Amma indi 20 baş heyvanım var. Hamısı əziyyətimin sayəsindədir. İndi isə fikirləşirəm ki, artıq gələcək üçün həyatımı daha yaxşı planlaya bilərəm. Düşünürəm ki, 35 yaşıma kimi bir az da çətinliyə dözüb əziyyət çəksəm, təsərrüfatımı daha da genişləndirə bilərəm. Ondan sonra isə bir neçə nəfər işçi götürməklə yükümü azaltmağı düşünürəm. Ondan sonra daha bu qədər çox işləməyimə ehtiyac qalmayacaq, işi işçilərə tapşırıb özüm gəzməyi düşünürəm. Amma hələ ki nə qədər lazımdır işləyirəm.

- Bildiyim qədəriylə, siz həm də əkinçiliklə məşğul olursuz. Bu sahədə işlər necə gedir? Nə əkib, nə biçirsiz?

- Demək olar, hər cür məhsul əkimini yoxlamışam. 3,5 hektar sahəm var. Bir il pambıq, bir il çuğundur əkdim, gəlirimlə heyvanların sayını artırdım. İndi isə ancaq yonca əkirəm.

- Bəs, təsərrüfata başlamağa necə qərar verdiyinizi demədiniz axı.

- Açığı, mən məcbur qalıb təsərrüfatla məşğul olmağa başladım. Ailəmi dolandırmaq üçün tapdığım işlərin heç birində maaş məni qane etmədi.

- İndi təsərrüfat əməyinizin qarşılığını verirmi?

- Bəli, verir. İndiki təsərrüfatımla ailəmizi tam olaraq maddi cəhətdən təmin edə bilirəm. Sizə deyim ki, ötən illərdə atamın səhhətində problem yarandı və əməliyyat olundu. Təsərrüfatım olmasa, adi maaşla bunu necə qarşılaya bilərdim? Saxladığım bordaq danalar vardı, onları satıb əməliyyatı etdirdim.

- Həm heyvandarlıq, həm əkinçiliklə məşğul olursuz. İş yükü baxımından hansı daha çətin gəlir?

- Artıq heç biri mənə çətin gəlmir. Heyvandarlığa gündə 3 saat vaxt sərf edirəm. Bunun üçün mütləq şəraitini düzgün qurmalısan. Bu işə az vaxt sərf etməyin mənə başqa işlərdən də pul qazanmağa kömək edir. Təkcə təsərrüfatla məşğul olmuram, həm də ustalıq edirəm.

- Bu gün pandemiyaya görə dünyanın hər yerində irili-xırdalı biznes sahələrində geriləmə var. Amma əvvəlki həmsöhbətlərimdən öyrəndim ki, pandemiyanın təsərrüfata o qədər də ziyanı dəyməyib. Bu dönəmdə sizdə vəziyyət necədir?

- Bu gün pandemiya dövründə başqa sektorlardan asılı olan insanlar batmamaq üçün mübarizə aparır. Amma mənim üçün qazanc məsələsində pandemiyanın heç bir təsiri yoxdur. Əvvəlki vaxtla indi arasında fərq ondadır ki, heyvan daha ucuza gedir, ətin qiyməti ucuzlaşıb. Amma yenə də mənə elə bir təsir etmir. Ucuza alıb, ucuza da satmış oluram. Əkinçilikdə isə, dediyim kimi, yonca əkirəm. Hazırda qapımda 1500-2000 bağ yonca var. Onu hazırkı qiymətinə - bir ədədini 4,5 manatdan satsam, 9 min manat pul edir. Heç heyvan saxlamağıma da ehtiyac yoxdur.

- Bu işdə dövlətin yaratdığı imkanlardan yararlana bilirsizmi?

- Hazırda mən dövlətdən heç bir dəstək almıram. Amma mənim kimi təsərrüfatını böyütmək istəyən təsərrüfat sahiblərinə hansısa güzəştli kredit dövlət tərəfindən təmin olunsa, əlbəttə, iş daha asan olar. Elə olsa, mən inanıram ki, daha çox iş görə bilərəm. Bu günə qədər gördüyüm işlərin heç birini dövlətdən bir qəpik yardım almadan etmişəm.

- Bu işləri görmək üçün kimdənsə mənəvi dəstək, motivasiya alırsınızmı?

- Mənim mənəvi dəstəyim özüməm. Heç bir qohumdan, yaxından, ya da dövlətdən dəstək almadan təkbaşıma bu qədər iş görməyin sevinci mənə ən böyük mənəvi güc verir. Amma əlbəttə, təsərrüfatı inkişaf etdirmək, həm özün xeyir götürmək, həm də dövlətin kənd təsərrüfatı sahəsində inkişafında rol oynamaq üçün sənə mütləq dövlət dəstəyi, güzəştli kreditlər lazımdır. Başlamaq üçün maliyyə dəstəyinə, köklü yardıma həqiqətən ehtiyac var. Düşünürəm ki, dövlətimiz bizə bu dəstəyi verməlidir. Mən hardansa maliyyə dəstəyi görsəm, bu işi daha çox inkişaf etdirərəm. 

- Kəndlərdə təsərrüfata ən çox problem yaradan faktor nədir?

- Mənə görə, bu gün kəndimizin ən böyük problemi suyun az olmasıdır. Bu gün bizim təsərrüfatda ən çox istifadə etdiyimiz şey sudur. Düzdür, əkin sahələrinin 300-500 metrliyində artezian quyuları qazılıb. Amma bu, əkini suvarmaq üçün kifayət etmir. Əksinə, mən təsərrüfatla məşğul olan biri kimi deyə bilərəm ki, bu artezianlar əslində, torpağın nəmlik səviyyəsini aşağı salır. Əvvəllər torpağın nəmliyi 3-4 metrliyində olurdusa, indi bu, 10-15 metrə qədər düşüb. Buna görə əvvəllər məsələn, yonca əkinindən məhsul əldə etmək üçün yeri ayda bir dəfə suvarmaq kifayət edirdisə, indi sən yaxşı məhsul ala bilmək üçün sahəni iki dəfə suvarmalısan. Amma bunu tam təmin etmək üçün su çox zəifdir.

- Bəs, quyular qazılmasa, əkin sahələrini su ilə necə təmin etmək olar?

- Bu gün torpağın nəmliyi o qədər düşüb ki, ay ərzində ən azı iki dəfə, hər 15 gündən bir torpağa su vurulmalıdır ki, məhsul üçün lazım olan nəmliyi təmin edəsən. Bunu da heç bir subartizan quyuları təmin edə bilmir.

Qarabağ kanalı bizim istifadə etdiyimiz ərazilərin 2-3 metrliyindən keçir. Həmin ərazidə isə təxminən 20 dənə artezian quyusu qazılıb. Həmin Qarabağ kanalının suyundan borularla sahələrə paylansa, bu borular açılıb bağlanan krantlarla qoşulsa, daha gur su olardı. Bunun köməyi ilə biz bir hektar əkini bir günə yox, on saata suvara bilərik. Ordan borularla sahələrə su çəkilməsi ən azından bizim bölgə üçün suvarmanı təmin etməyə kifayət edər. Həm də, zənnimcə, bunun xərci artezanların xərcindən qat-qat az olar.

- İnsanlar adətən öz təsərrüfalarını dədə-babadan qalan köhnə üsullarla idarə edirlər. Sizdə necədir, axtarıb-araşdırıb yenilikləri öz təsərrüfatınıza tətbiq edirsinizmi?

- Əlbəttə, yeniliklərin tətbiqi ilə daha yaxşı məhsul əldə etmək mümkündür. Amma gərək onu təmin etmək üçün əlində maliyə ola.

- Bəs, biçin zamanı texnika baxımından yaranan problemləri necə həll edirsiz? Hansısa qurum sizə dəstək verirmi?

- Əlbəttə, dəstək olur. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzi bizim köməyimizə çox gəlir. Mən bir neçə dəfə mərkəzin direktorunun qəbulunda olmuşam. O, həqiqətən gənclərə çox dəstək verir. Hələ iki ay bundan əvvəl biçin zamanı kombayn problemi yaranmışdı, bununla bağlı mərkəzin direktorunun qəbuluna getdim. Sağ olsun, direktor kombayn təşkil etdi və məhsulumuzun biçini gecikmədi. Belə rəhbərlərin sayı çox olsa, zaman keçdikcə problemlərimiz də azalardı.

Natəvan ABDULLA

 





17.08.2020    çap et  çap et