525.Az

"Mən dialoq məsələsinə həmişə pozitiv yanaşmışam" - Əhməd Oruc ilə müsahibə


 

"HAKİMİYYƏTİN DİALOQLA BAĞLI İRƏLİ SÜRDÜYÜ TƏŞƏBBÜSÜ MÜSBƏT QİYMƏTLƏNDİRİRƏM"

"Mən dialoq məsələsinə həmişə pozitiv yanaşmışam" - <b style="color:red">Əhməd Oruc ilə müsahibə </b>

Siyasi dialoq

Son dövrlər dövlət və hökumət orqanlarında aparılan struktur və kadr dəyişiklikləri ilə ən müxtəlif fəaliyyət sahələrinə daha proqressiv baxışın ortaya qoyulması ölkənin ictimai-siyası sferasında Azərbaycan dövlətinin və xalqın ümumi mənafeyini ifadə edən prioritet məsələlərlə bağlı konsolidasiyaya nail olunması, fərqli siyasi qüvvələr arasında münasibətlərə yeni rakursdan baxılmasının vacibliyini xeyli aktuallaşdırdı.

Ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında aparılan struktur dəyişiklikləri zamanı yaranan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşandan az sonra həmin şöbənin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən müxtəlif təmayüllü ictimai-siyasi partiyaların liderləri ilə ardıcıl görüşlərə başladı. Artıq bu görüşlər müntəzəm xarakter alıb, vaxtaşırı fərqli siyasi mövqeyə malik partiyaların təmsilçilərilə görüşlər keçirilir, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırlar.

Məsələnin cəmiyyət üçün aktuallığını nəzərə alaraq "525-ci qəzet" "Siyasi dialoq" adlı yeni rubrika açıb. Bu rubrika vasitəsi ilə müntəzəm olaraq hakimiyyətlə çoxpalitralı siyasi partiyalar arasındakı münasibətlərlə bağlı ictimaiyyətə ətraflı bilgilər verməyə çalışacağıq.

Rubrikamızın növbəti qonağı "Azadlıq" Partiyasının sədri Əhməd Orucdur.

***

- Əhməd bəy, artıq bir müddətdir ki, iqtidarla müxalifətyönümlü siyasi partiyalar arasında dialoq başlayıb. Bu prosesdə bir neçə partiya istisna olmaqla, əksəriyyət iştirak edir. Siz də partiya sədri olaraq dialoqa qatılmısınız. Ümumilikdə prosesi necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu qeyd edim ki, bu proses iqtidarla siyasi partiyalar arasında deyil, əslində, hakimiyyətlə müxalifət arasında dialoq qismində ictimai diqqətə gətirilib. Bu, çox doğru yanaşmadır. Çünki bir sıra partiyalar var ki, onlar hakimiyyətin yanındadır və onlar iqtidarla uzun illərdir ki, əməkdaşlıq edir. Yəni həmin partiyalar hakimiyyətin siyasi kursunu dəstəkləyir, onun siyasətində hər hansı tənqidi məqam görmür. Buna görə də həmin siyasi qüvvələrlə dialoqun aparılmasına ehtiyac yoxdur. Söhbət iqtidarla müxalifət arasında, hakimiyyətin siyasətinə fərqli kurs irəli sürən siyasi qüvvələrin iştirakı ilə bu və ya digər məsələlərlə bağlı danışıqların, dialoqun aparılmasından gedir.

Bu prosesə münasibətimə gəlincə, mən iqtidarla müxalifət arasında dialoqa tamamilə müsbət yanaşıram. Hesab edirəm ki, biz yalnız onda güclü olacağıq ki, ölkə daxilində hakimiyyətlə bütün siyasi qüvvələr, xüsusilə müxalifət arasında prinsipial məsələlərdə fikir ortaqlığı əldə edilsin. Dağlıq Qarabağ, Azərbaycanın strateji seçimi, sosial siyasət və digər bu kimi prinsipial məslələrdə hakimiyyətlə müxalifətin fərqli düşüncələri, zənnimcə, yoxdur və olmamalıdır. Bu istiqamətdə danışıqlar getməlidir. Dialoq dedikdə, əslində, bu cür məsələlərin birgə müzakirə olunması və cəmiyyətdə pozitiv  imicin yaranması, eyni vaxtda cəmiyyətin bütün gücünün Azərbaycanın problemlərinin həllinə yönəldilməsi fikrini nəzərdə tuturam. Ona görə dialoq məsələsinə həmişə pozitiv yanaşmışam, hakimiyyət təmsilçisinin də dialoqla bağlı irəli sürdüyü təşəbbüsü müsbət qiymətləndirirəm. Düşünürəm ki, siyasi partiyalar mütləq öz hakimiyyəti ilə müzakirələr aparmalıdır. Biz bu yanaşmanı ona görə qəbul etdik ki, Azərbaycan cəmiyyəti üçün belə bir dialoqa zərurət hiss edirik.

- Siz dialoq çərçivəsində əsasən hansı problemlərə diqqət çəkmisiniz və nə kimi təkliflər irəli sürmüsünüz?

- Hakimiyyət təmsilçisi ilə görüşdə də söyləmişəm, mənim fikrim ondan ibarətdir ki, prosesdə iqtidar yüksək səviyyədə təmsil olunmalıdır. Düşünürəm ki, dövlət başçısının mütləq özünün prosesdə  iştirak etməsi zəruridir. Bu görüş açıq və ya qapalı ola bilər. Qapalı olacaqsa, daha sonra mətbuata bu barədə məlumat verilə bilər. İkincisi, ölkənin köklü problemləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi, demokratiya məsələləri, işsizlik problemi, seçki, sosial sahə ilə bağlı problemlər, ölkəmizin idarə olunması, Azərbaycanın qoşulmama siyasətinin doğru olub-olmaması, Rusiya ilə münasibətlər və bir sıra digər məsələlərin müzakirəsi mənim tərəfimdən təklif olaraq irəli sürülüb.

- Dialoq artıq bir müddətdir ki, aparılır. Siz prosesin gedişindən razısınız?

- Mən bayaq dediyim kimi, dialoq dedikdə məsələlərin müzakirəsi, qarşı tərəfdəki səlahiyyətli şəxslə müxtəlif məsələlərlə bağlı fikirlərimizin hansı məqamlarda fərqləndiyini diqqətə çatdırıb, cavab almaq istəyirik. Lakin gedişat göstərir ki, müxalifətlə təmasda olanlar bəzən belə düşünürlər ki, dialoq dedikdə, bizim hakimiyyətin siyasətini qeyd-şərtsiz dəstəkləməyimiz nəzərdə tutulur. Həm pandemiya, həm ordu quruculuğu, digər problemlərlə bağlı. Fərqli yanaşmalar əlbəttə ki, olmalıdır. Nə ordu quruculuğunda, nə də pandemiya ilə mübarizədə hakimiyyətin apardığı siyasəti kifayət qədər yetərli hesab etmirəm. Ermənistanın mövqeyinin zəiflədiyi, dünyanın bizi dəstəklədiyi, Türkiyənin hərbi qüdrətinin və nüfuzunun dünyada maksimal həddə çatdığı,  Azərbaycanı açıq dəstəklədiyi bir vaxtda Qarabağ münaqişəsi məsələsində vacib addımlar atılmalıdır. Bundan əlavə, iqtidar təmsilçisi bəzi partiyaların rəhbərləri ilə bir neçə dəfə, bəziləri ilə bir dəfə görüşüb. Düşünürəm ki, bu da doğru deyil. Yəni digər partiyalarla da görüşlər müntəzəm olmalıdır. Hakimiyyət təmsilçisinin görüşdüyü elə şəxslər var ki, mən onlarla bir dəfə də görüşmək istəməzdim.

- Əhməd bəy, dəvət olunsalar da, iqtidarla dialoqdan imtina edən bəzi müxalifət partiyaları var. Onların mövqeyini necə qiymətləndirirsiniz və bu, ümumi prosesə hansı təsiri göstərir?

- Bəzi partiyaların prosesdə iştirak etməməsini, açığı, doğru saymıram. O baxımdan ki, onların müəyyən şərtlərlə dialoqdan yayınması düzgün deyil. Tutaq ki, hakimiyyət təmsilçisi siyasi partiya ilə tanış olmaq istəyir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  Ədalət Vəliyevin vəzifəsi bundan ibarətdir. Ancaq həmin partiyalar şərt irəli sürürlər ki, onun səviyyəsi mənim müavinim səviyyəsindədir, yaxud görüş yeri dəyişsin, başqa bir yerdə görüş keçirilsin və s. Bunlar, əlbəttə ki, doğru deyil. Həmin partiyalar, konkret AXCP və Müsavat xarici ölkələrdən gələn, qrant vermək imkanına malik, hətta öz ölkəsində heç kim olan adamlarla görüşmək üçün növbəyə dayanan insanlardır. Özləri və müavinləri görüşmək üçün Gürcüstana, Avropaya gedirlər, amma burda iqtidar nümayəndəsi ilə görüşdən imtina edirlər. Məncə, bu, yanlış yanaşmadır. Guya ki, bunlar xüsusi partiyalardır.  Bu cür düşüncənin özü də tamamilə doğru olmayan bir mövqe, zərərli yanaşmadır.

Biz hakimiyyətin dialoq çağırışına tam pozitiv yanaşdıq, hesab edirik ki, ölkə daxilində bu müzakirələr mütləq olmalıdır. Bunu ən azı səmimi hesab etməyə çalışdıq. O partiyalar da belə olsaydı, prosesə qatılsaydı,  ən azı müxalifətdaxili dialoqa, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə  bir iş birliyi ortada olardı. Təəssüf ki, AXCP və Müsavat müxalifətdaxili prosesləri parçalayıb, müxalifəti çox zəif, pərakəndə bir vəziyyətə gətiriblər.

Onu da qeyd edim ki, biz hakimiyyət təmsilçisi ilə görüşdə siyasi partiyaların fəaliyyət göstərməsi üçün zəruri imkanların yaradılmasını, qanunda nəzərdə  tutulan  imkanların verilməsi məsələsini qaldırmışıq. Siyasi partiyalara qərargah ayrılması, fəaliyyətlərinə hər hansı maneə yaradılmaması, onların fəaliyyətinə köməklik göstərilməsi kimi məsələləri qeyd etmişik. Bu sadaladıqlarım hələ həllini tapmayıb.

- İqtidar-müxalifət dialoqunun nəticəli olacağına inanırsınız?

- Proseslərin davam etməsindən çıxış edərək, onun hansısa nəticəyə gətirəcəyini söyləmək olar. Amma açığı, prosesin indiki mərhələsində onun ciddi bir nəticə verəcəyi barədə hələ konkret nəsə demək mümkün deyil. Hesab edirəm ki, iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz istiqamətində təxribatları zamanı siyasi partiyalar dövlətə tam dəstək verdi, birgə müraciət imzalayaraq dövlətin yanında olduğunu nümayiş etdirdilər. İnsanların Qarabağın işğalına etiraz, orduya dəstək üçün yürüşə çıxması isə onu göstərdi ki, atəşkəsdən sonra yetişmiş yeni nəsil Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hər cür məhrumiyyətlərə, mübarizəyə hazırdır. Bütün siyasi partiyalar da qeyd şərtsiz hakimiyyəti dəstəklədi. Biz Ali Baş Komandana Ermənistanın işğalı, təcavüzkar siyasəti məsələsində tam dəstək verməklə, yanında olduğumuzu göstərməklə, ordumuzun bütün çağırışı  və gözləntilərini ödəməyə hazır olduğumuzu nümayiş etdirdik. Biz hakimiyyətlə dialoqa sonadək sadiqik, bütün hallarda dialoqun tərəfindəyik. Azərbaycanın köklü problemlərini, hər kəsi narahat edən məsələləri müzakirə etməyə hazırıq. Hakimiyyət milli məsələlərdə hansısa dəstək istəsə, məsələn, Ermənistanın işğalına qarşı və yaxud digər milli məsələdə, biz əlbəttə ki, o dəstəyi verəcəyik. Ancaq hakimiyyət özü də ölkənin milli məsələlərinin həllində daha güclü iradə ortaya qoymalıdır.

PƏRVANƏ

 





17.08.2020    çap et  çap et