525.Az

İçimdəki Məmməd Araz şırımı


 

İçimdəki Məmməd Araz şırımı<b style="color:red"></b>

[email protected]

 I 

Bu yazı həm Sözə, həm də M. Araz ruhuna ehtiramımdı!            

Əvvəl poeziyasının vurğunu idim, sonra özünü tanıyıb özünü sevdim. Vətən nişanəsi, vətən rəmzi kimi sevdim! Mənəvi atam, uca dağım kimi sevdim! İndi bilmirəm, hansını daha çox sevirəm - özünü ya sözünü?! Onda hər şey sevgiyə layiqdi. Özü də! Sözü də! Ruhu da! Bunları necə ayırmaq olar, hamısı bir-birinin içindədi - üçməchullu tənlik kimi...

Məmməd Arazdan yazanda istəyə qənaət etmək olmur. Bir abzasa gör nə qədər “sevdim” doldu! Sözün miqyasını onu oxuyanda dərk etmişəm, onun sözlərindən lələk taxanda, qanadlarımın necə şövqlə açıldığını, güclü-ləngərli olduğunu, sözün istənilən qatına uça bilmək iqtidarına yiyələndiyini duyuram. Onun şeirlərinin hər birinin hazır kardioqramı var içimdə. Torpaq ətirli, yağış qoxulu, dolu qorxulu o şeirlərin təfsirin, yozumun, şərhin vermək dünyanın ən xoş əyləncələrindən biridi mənim üçün.

Sənsizliyin qulağına bir daş atmaq istəyirəm, Məmməd əmi!

Ancaq gərək bir az uzaqdan - bir misranın cazibəsindən başlayım...

"- Evində, ocağında xeyli məhrəm söhbətdən sonra sağollaşıb çıxmışdım, dəhlizdən qaytardı məni Gülxanım bacı:

- Məmməd çağırır, nəsə demək istəyir.

Qayıdıram, çöl qapının ağzında üz-üzə dayanırıq, mənə elə gəlir, çöhrəsinə qeyri-adi bir İşıq - Nur yayılıb.

- Ürəyimə bir misra gəlib, sənə demək istəyirəm...

Səsi yavaş çıxır, lap yaxınlaşıram, çəliksiz əlini əlimlə tutub sinəmə sıxıram. Nəfəs-nəfəsəyik. Qayibanə tərzdə, sehrli səslə dillənir:

 

Sonuncu qorumla od qalamışam,

Daha...

 

Yenə nəsə deyir, başa düşülmür, fikri tamamlanmır, araya ağır sükut çökür...

Bu bircə sətrin nisgilinə bələyib göynədir məni Məmməd əmi - qəhər boğur, danışa bilmirəm. Bu sehrli misraların ardını gətirmək, tamamlamaq mümkün olmasa, neyləyəcəm, görəsən... Körpənin ana bətnindən dünyaya gəlməsinə bənzəri var bunun. Azad ola bilməsən, özün də məhv olursan, körpən də!

Ömründə bircə misra şeir yazmayan mən, bu cür fiziki ağrı keçirirəm. Şeirin yaranmasına, həmin o azadolma prosesinə təkan vermək istəyirəm, bacarmıram. Mənə elə gəlir, Məmməd Araz dünyayla son davasına, qəti döyüşə girmək istəyir..."

 Bu epizod 1998-ci ilin dekabrında "Ekspress" qəzetində gedən "Sonuncu qorumla od qalamışam" başlıqlı essemdəndi və söhbət açacağım mövzuya giriş, ön izahat kimi verdim bunu.

Yazdığım, təsvir etdiyim bu təmasdan sonra sərxoş kimi dolanır, özümü-sözümü bilmirəm, diqqətim yayındığından maşınla qəza vəziyyətləri yaradıram. Nəhayət ağlıma gəlir ki, bu xoş stresdən, cazibədən çıxmağın əlacı da elə sözdü, yazmaqdı və beləcə, ikinci yazı yaranır. (Ondan bir ay qabaq isə Məmməd Arazın 65 illiyinə ilk yazım getmişdi "Ulus" qəzetində.)

 "Ekspress"dəki yazıdan bir həftə sonra, evlərinə gedirəm, görüşürük:

- Məmməd əmi, o gün bir misra ilə məni hipnoz edib yola saldın, düz üç gün - "səmə" gəzdim! - Ürəkdən gülür...  

Yəqin, ədəbi dildə "səmə" sözü yoxdu, ancaq kənddə mal “doxdur”u var, dost-müsayıbları ona sataşanda, deyir, sizə bir iynə vuraram, üç gün səmə gəzərsiz!

Görürəm qəzet də qarşısındadı, xətləyib, cızıb, yazıb, işarə qoyub, çay dağılıb, yemək tökülüb üstünə... Eynəyini taxıb yenə baxır, baxır... danışmaq, qeydlərini oxumaq istəyir... Səslənir, ancaq nitqi açılmır, başa düşülmür, xəttinə də gərək böyüdücü ilə baxasan. Baxışlarını üzümə, gözümə zilləyib xəfifcə  "yaxşıdı...  yaxşıdı" -  deyə bilir... Yazdığı, cızdığı yerlərə baxıb, təxmin edirəm deyəcəklərini: fikrini tutanda "hə... hə..." - deməklə təsdiqləyir, "səmimi yazırsan..." - deyir.

Gülxanım müəllimə:

 - Yaxşı, yer eləyin, çay gətirim, içək, - deyib gedir. Əlində padnos qayıdır, ancaq Məmməd əminin gözü elə yazıdadı. Çayı-şirniyyatı düzə-düzə, bu dəfə bir qədər narazı tonda:

 - Ay Məmməd, sən Allah, yığışdır o qəzeti!

Mənə izah edir:

 - Ətrafda qəzet köşkü yoxdu, təzəsini alım, bunu da bir həftədi, əlindən yerə qoymur, çirklənib üstü...

Mən də qəzet gətirmişdim, təbii, ancaq görürdüm ona cızdığı, yazdığı şeyləri demək, oxumaq, müzakirə etmək lazımdı və heç birini də edə bilmir!.. Sözsüz ki, Gülxanım müəllimə bunu məndən də yaxşı bilirdi, ancaq neyləsin... Ağır dərddi, ürəyin, beynin yerində ola, ancaq fikrini çatdırmağa nitqinin, əlinin gücü yetməyə!

Müntəzəm şəkildə çox ağır dərmanlar qəbul edirdi, onları cavan, sağlam adama, idmançıya da versən, halsız-hərəkətsiz qalardı. Əzgin, üzgün olurdu, ancaq sözdən doymazdı, yorulmazdı...

Nəhayət, getməyə hazırlaşıram:

- Dayan... - deyir. Qalxıb arxadakı servantdan özünün təzə kitabını götürmək istəyir, mənə bağışlamaq üçün. Tez durub o tərəfə keçirəm ki, birdən yıxılar:

- Məmməd əmi, varımdı bundan, narahat olma, otur...

Mən oturmasına kömək edərkən, başqasını götürmək istəyir, qoymuram ki, ondan da var. Fikrini tuta bilmədiyimdən, bir az hirslənən kimi olur, baxmadan əlini uzadıb ixtiyari bir kitabı çəkir, qabağına qoyub oturur. Yerimə keçirəm, Məmməd əmi də kitabı açıb ilk səhifəsinə nəsə yazır, sonra özü oxuyub əmin olanda ki, oxumaq mümkündü, eynəyin çıxarıb zəndlə üzümə baxır... Və kitabı xüsusi jestlə mənə verir.

Götürüb çətinliklə oxuyuram, pıçıltı ilə danışa bildiyi kimi, elə pıçıltı ilə də yazıb:

- "Qələm dostum poeziya xiridarı Aydına. M. Araz" - gülmək məni tutur... Deyirəm:

-Ay Məmməd əmi, "mən hara, proletarlar hara"?!

Uğunub gedirəm "qələm dostum” sözünə...

 - Mən haaa, mən?!

Gülür, səslənir, əli ilə özünü göstərir, yəni:

- Bunu mən deyirəm - Məmməd Araz!

-Vaxt gələr, mən də qanaram, həə!? - soruşuram.  

Yadıma buna bənzər əhvalat düşür və danışıram ki, Məmməd əmi də gülsün:

 - Tələbə vaxtı yataqxanada Talıb adlı yoldaşımız vardı, bizim qonşu kənddən - Qıvraqdan idi. Saçını vurdurmağa gedəndə, dəllək soruşur ki, saqqalını da qırxım? Bu da üzünə ülgüc dəyməmiş, abırlı-həyalı uşaq;  utanır, qızarır, qımışa-qımışa qalıb səsini çıxarmasa da, dəllək sabunlayıb başlayır  işə. Düz bir həftə Talıbın gülməyi kəsilmədi. Dərsdə otura bilmirdi, , çölə çıxırdı, gizlənirdi, başqa otaqda qalırdı ki, böyük qardaşı eşitməsin, bilməsin bu nəyə gülür... Deyirdik ay Talıb bəsdi, bir dəfə gül, qurtar! Saxlaya bilmirdi özünü:

- Yox ey, yenə deyəydi, "üzünü qırxım", bir az gülüb dayanardım; deyir, "saqqalını qırxım?!” 

Ancaq etiraf edirdi ki, üzünü qırxanda tüklərin səsini eşidib yaman xoşlanırmış!  Tez-tez güzgüdə, parıldayan sifətinə baxıb soruşurdu ki, indi bundan sonra mənim də bakenbardım çıxa bilər da, hii?... Qorxudurdum ki, bundan sonra sənin üzünə heç vaxt tük gəlməyə də bilər!

  -Hə, ay Məmməd əmi, indi sənin mənə "qələm dostum" yazmağın həmin o dəlləyin Talıbın sarı tüklərinə "saqqal" deməsinə oxşadı, - deyirəm.

Onun üzündə gülüş görəndə dünyanı mənə verirdilər. Elə bilirdim, gülən elə mələklər özləridi, sadəcə Məmməd əminin üzüylə gülürlər ki, görən-bilən olmasın. Odur ki, yumorla danışır, əhvalının yüksək olmasına çalışırdım. Uşaqla təmas, uşaq təbəssümü, uşaq gülüşü dünyanın ən böyük paklığı, məsumluğu, saflığı olduğu kimi, Məmməd Arazla təmas da insanı paklaşdırır, saflaşdırır, həzin, həlim, kövrək edirdi.

İndi Məmməd Arazın şair intuisiyasının qismən çin olduğunu da demək olar. Yazmaq iddiasından yenə uzaq dursam da, indiyəcən, mənəvi ehtiyacdan yaranmış,  5-10 yazım, essem mətbuatda gedib. Bu yazıların bəzisini xəyalən Məmməd əmiyə oxumuşam da. Bəyənəndə - üzündə yaranan ənənəvi körpə təbəssümünü, işığı-nuru yenidən görmək üçün - gözümə, üzümə baxaraq xəfif, çətinliklə duyulan “yaxşıdı...”sını eşitmək üçün. Bir də o vaxt ironiya ilə qəbul etdiyim avtoqrafın təsdiqinə çalışdığımı göstərmək üçün!

Bu xatırlamada ən başlıca məramım isə, bir misralıq Məmməd Araz pıçıltısı - "Sonuncu qorumla od qalamışam..."la bağlı etirafı, yaşımın imkan verdiyi qədər, ifadə etməkdi:

 - Bu adicə bir misra deyildi, Körpü idi, Keçid koduydu,  zaman, yaş, sərhəd, ixtisas anlayışlarını bir andaca söküb kənara ata bilən duyğuydu, İlahi axındı, Məmməd Araz Sirri, Sehri, Məmməd Araz Nəfəsi, Məmməd Araz Ahı idi... Və... Ruhum qəbul edib, sarıla bildi dağ boyda bir Aha! Suçəkən kağız kimi çəkdi özünə böyük Məmməd Araz kədərini, dərdini. Qarışdı ruhumuz bir-birinə... Ona qədər içim xam torpaq kimiydi, beləcə şumladı, xışladı, suladı, becərdi. Ərköyünləşdirib ədəbiyyata, sözə çəkdi və sözü məndən elə keçirdi ki, mən heç vaxt o sözdən keçə bilməyim. İçimdə Məmməd Araz boyda şırım açdı Məmməd əmi: Eninə! Uzununa! Toxum özündə var, qoy cücərsin - dedi, özü heç nə səpmədi...

II 

Mən onun misralarını dırnaq içinə almaq istəmirəm, çünki Məmməd əmidən söz açanda yazdığım yazını da, özümü də bütövlükdə bir bənd Məmməd Araz şeiri kimi hiss edirəm. Məramım isə, bal arısı kimi, Məmməd Araz bağçasının hər bir gülünə, çiçəyinə toxunub ətrini yaymaq, boyunu oxşamaq, sözlə bu sözlərə sığal çəkmək və ətrini duya bildiyim bu çiçəklərdən bir çələng hörmək olur.

O bu dünyaya Söz qoyub getdi. Qəribədi ki, bu dünyadan umacağı da elə Söz oldu: - Söz verdim, Söz adlı dəfinə verə - söylədi. Və kimin kimə borclu qaldığını da yalnız özləri bildi:  Bir bu dünya, bir də Məmməd Araz!

Bir əliylə ömrünə vay salıb, o biri əliylə saç yolub hay salan bu dünyanın ətəyindən tutmadı, heç küsmədi də. İti bazarında atından baha olanın nəyindən küsəcəkdi! Dəhnəni tutmuş xırsız əjdəhaları da, dünyanı qumara qoyan nadanları da, elə bir üzü məkrli qadın, bir üzü gülçöhrə qız olan bu dünyanın özünü də yaxşı tanıyırdı. Bilirdi ki, dag olsan, istəsə, qolunda saxlar, büküb bir hörümçək torunda saxlar. İstəməsə, ömrün yarıdan çoxunu zarıncı edib, dörd divar arasında qoyar... Ona görə də: - ondan inciyənin beləsi belə,- dedi və əriyib öz içindəcə öləzidi.  Sözü ən etibarlı sığınacaq yeri bildi, sözə sığındı, elə söz də ona sığındığı kimi!

Onun bütün şeirlərindən Vətən görünür.

Məmməd Araz poeziyası bütövlükdə bir insan ömrünün Vətənə, Sözə ibadəti, səcdə nümunəsidir. Onun şerindən keçən nəinki dağ, daş, adicə quş lələyi, kola-kosa ilişib qalmış ilan köynəyi belə, vətən nişanəsinə, vətən rəmzinə çevrilir - vətənləşir!

Məmməd Arazı oxuyanda adam özünü unudur, onun misralarına qoşulub gəzir, o gəzdiyi, üz qoyduğu, mamır olub bitdiyi daşı, qayanı, gədiyi, yoxuşu, yastanı - yalmanına dolu yatan o dağ döşünü, daş otağı... Şairin bütün keçilməzlikləri keçə bilən Vətən nidasına oxucunun da səsi, nidası qarışır. Şeirinin, sözünün sarılıb keçdiyi yurd yerlərini, vətən göylərini, oxucu da - həmin şeirlərin qanadlarında - keçə bilir.

Hərə öz ürəyi, öz sözü boydadı, - deyiblər ulular. Mən həmişə böyük Füzulimizi Sözün dost-doğma babası, Məmməd əmini isə böyük Sözün böyük Əmisi bilmişəm. Neçə-neçə usta söz adamının şirin-şirin "Məmməd əmi" dediyini eşidəndə elə bil, onlardan çox, mənim ağzımda bal əriyib, dilim şəkər dadıb. Bunu həm də Sözə ehtiram kimi qəbul etmişəm! 

Məmməd Araz sözünə, şəxsiyyətinə olan rəğbətdən, istəkdən ətrafımda indi bütöv bir Məmməd Araz "klanı" yaranıb. Oğluna, yəni nəvəmə Araz adı qoymaqla Azərbaycanı Amerkaya, özünü mənə, Arazını Məmməd Araza yaxınlaşdırmaq istəyən qızım Əfsanə, uşaq vaxtı tez-tez deyərdi:

 - Mən bilirəm, ata niyə Məmməd Arazı çox istəyir: Əziz babaya oxşayır, ona görə!.."

Etiraf edim ki, özüm əvvəl bunun fərqində deyildim, Əfsanə deyəndən sonra qəbul etdim.

 ...Adətən, ananı çox istəyərlər, biz atamızı çox istəyirdik. Təkcə öz qardaş-bacılarım yox, əmim uşaqları, dayım uşaqları - hamımız istəmişik ata zəhmini, ciddilik, dürüstlük, halallıq payını ondan - qağamızdan (hamı qağa deyirdi) götürək, ona oxşayaq. Cəmi 62 il  ömür yaşamış atamıza Allah kişi gözəlliyi sayıla biləcək heç nəyi əsirgəməmişdi. Hirsli, qanıqara, pərt vaxtlarında belə, razı qaldığı kiçicik bir şey olurdusa, görürdün, o dəqiqə qaşlarının arası açılır, üzünə xəfif təbəssüm sızırdı. Çöhrəsinə nə qədər qaş-qabaq endirmək istəsə də, mümkün olmurdu, daxilindəki işıq üzünə yayılırdı, eynən Məmməd əmidə olduğu kimi. Atamın zəhmqarışıq bu ağayana, nurlu simasını, yəqin, özüm də bilmədən, Məmməd Arazda tapırdım. 

Bu günlərdə səhhətində problem yaranmış əmioğlum Məmmədin qarasınca deyinirdim, çünki ömür boyu laqeyd, məsuliyyətsiz olub öz sağlamlığına qarşı... Qızım qayıtdı ki:

 - Ata, heç fikir vermisən, Məmməd əmi yaşlaşdıqca necə də Məmməd Araza oxşayır?...

Mat qalıram! 

- Çox incə müşahidədi, ay Fəridə, - deyirəm. - Düz deyirsən, oğlu Arazın da oxşarlığı var. Naxçıvanda Məmməd Arazla dövlət səviyyəli görüş keçiriləndə bu "balaca Məmməd Arazın" cəsarətlə şeir deməsini televiziyadan izləyib, qürur duymuş və  Bakıya gələndə Arazı - mükafat kimi - özümlə Məmməd əmigilə də aparmışdım.

Mən özüm Məmməd əmi ilə çox istədiyi qardaşı oğlu Qorxmaz arasında tam fizioloji oxşarlıq görürəm. Qorxmazın təkcə əlləri əmisinə oxşamır! Məmməd Arazın cavanlıq şəkillərinə, videosuna baxıb, sonra Qorxmazı görən adam çaşıb qala bilər - bir adamdılar! Mən də Qorxmazı çox istəyirəm, əlaqəmiz isə yalnız onun diqqəti sayəsində olur, xeyirdə-şərdə daim arayıb-axtarandı. Məsəl var ki, birinci salam verən böyükdü. Və Qorxmazın bu sülük-qılığı, əfsus, məndə yoxdu. Elə hallar olur, Aqil Abbas, yaxud İradə Tuncay haqqında məndən ya nəsə soruşurlar, ya telefonların istəyirlər, “vallah, əlaqəm yoxdu, bilmirəm” cavabıma inanmırlar, görünür,  bu da mənim qəribəliyimdi. Ancaq İradə xanımın yaradıcılığını izləyir, təəssübünü çəkirəm, Məmməd Araz ocağından söz adamı çıxmasını təbii sayır və buna sevinirəm.

Qorxmazla nə vaxt görüşsəm, qeyri-ixtiyari gözümü yayındırıb, - hansı ümidləsə əllərinə baxır və eyni təəssüfü ürəyimdə yüzüncü dəfə təkrarlayıram: "Heyf, təkcə əlləri əmisinin əllərinə oxşamır!.."

Məmməd əminin əlləri atamın əlləri kimi canlı, ifadəli idi...

Toxunmaqdan, tumar çəkməkdən çox vaxt utansam, özümü saxlasam da, gözlərimlə o əlləri öpər, baxışlarımla sığallardım.

Dostum Nemətə tapşıranda ki, şəkil çəkəndə Məmməd əminin əllərini ayrıca çək, gülmüşdü:

- Hər şeyi başa düşdüm, bundan başqa: şəkil çəkəndə əl də düşür da, "ay şair", ayrıca, adamsız əl çəkim?

Və çəkmişdi ayrıca, sağ olsun!

Onunla baglı xatirələri vərəqləyəndə içimdə bir göy qurşağı açılır bütün rəngləri, çalarları ilə... Odur ki, bu yazını bəzi xatirələri yada salmaqla davam etdirmək istəyirəm.

Bir dəfə Səməndər Rzayevdən, bir də Rəmişdən söz salır: ...Səsi xəzinə idi Səməndərin... Rəmiş gitaranı barmaqlarıyla yox, ürəyi ilə çalır...

Deyirəm, Məmməd əmi, Səməndər Rzayevlə görüşmək qaldı o dünyaya, Rəmişi isə, istəsəniz, tapa bilərik, "ürəyi ilə çalsın" sizin üçün:

- Hə, istəyirəm...- deyir.

 Fikirləşirik, harda axtaraq Rəmişi - o vaxtlar televiziyada görünmürdü -, Gülxanım müəllimə deyir:

   - Aqil bilməmiş olmaz, sabah öyrənərəm.

 Öyrənir ki, Rəmişin dostunun "Qu gölü" deyilən restoranı var, orda olur, elə orda da yaşayır. Maraqlanırıq, Sumqayıta yaxın otel-restorandı, yığışıb gedirik.

Rəmiş eşidib gəlir və çox səmimi görüşür, sevinir, Məmməd Araza hüsnü rəğbətini bildirmək üçün əldən-ayaqdan gedir, söz ehtiyatı məhdud olduğundan, bolluca “sözgücləndiricilər” işlədir, təkrarlayır və nəhayət, bunlara qane olmayıb, məni qaldığı otağa aparır:

- Bax gör mənim "evimdə" olan yeganə şəkil kimindi? Harda olsam, bu şəkil və Gülü (yoldaşı) mənim yanımda olur. Baxıram, Məmməd Arazın böyük portretinin sağında-solunda Aqil Abbas və Rəmiş olmaqla çəkilmiş şəklidi.

- Bu gün Rəmişin canlı Məmməd Arazla şəkillərini çəkərik, - deyirəm.

Kostyum geyinir, gitarasını götürür, zala qayıdırıq. Rəmiş içmir, yeməyi də zəifdi, əməliyyat yolu ilə qoluna-damarına qoyulmuş kateteri göstərir: “Müalicə olunuram”, - deyir. Gitarasının bir simi də qırıqdı, sallanır, əl-ayağına dolaşır, nə qoparıb atır, nə də dəyişir, eləcə dilləndirir gitarasını... 

Adətən dağ yerində, təbiət qoynunda müşahidə olunan hadisə baş verir. Ətrafda hava quru, günəşli olsa da, təkcə biz olduğumuz ərazini bulud alıb, iri-iri, ağappaq  yağış tökməyə başlayır. Videokamera ilə çəkilib: indiyədək saxlayıram. Təəccüblənən, şərh etmək istəyənlər hamısı bunu Məmməd Arazla bağlayır, elə Rəmiş də. Ancaq Rəmişin sözü də, gücü də gitarasında, çalğısındadı...

Yumub gözlərini, sarılıb gitarasına, heç nə görmür, heç nə eşitmir,  Məmməd Araz təbirincə desək, "ürəyi ilə çalır, barmağı ilə yox", inlədir, yandırır Rəmiş, simləri də, bizi də... Bir nəğmənin ahı, naləsi bitməmiş, digər bir oda bələnirik:  

- Dağları duman alanda...
Gözüm yollarda qalanda...
Yadıma səni salanda...
Gözüm yaşla dolmasınmı...

Sonra:

- Dünyanın bilinməz yaşı...
Qəm yükünü özün daşı...
Axma, anamın göz yaşı...
Qalmaz belə, qalmaz dünya... 

...Rəmişin bütün görüş boyu çaldıqlarının zirvəsi, şah ifası böyük bəstəkar Cahangir Cahangirovun"Ana" mahnısı olur. Ona görə yox ki, bu ifa altında Məmməd Araz göz yaşlarını saxlaya bilmədi, heç saxlamaq da istəmədi. Ona görə də yox ki, mən birinci dəfəydi Məmməd Arazın ağlamasının şahidi olurdum. Sadəcə, gitarada bu mahnının notları elə təsirli, elə ecazkar səslənir ki, mahnının sözləri musiqidən bir boy aşağıda qalır. Bu mahnının tarda, fortopianoda, qarmonda, ya da digər bir alətdə solo ifası gitaradakı qədər effektli alınmır. 

 "Ana" mahnısını bizim nəsil dünən - korifey Rəşid Behbudovun canlı ifasında da, bu gün - fərqli stilə malik Yaqub Zurufçunun səsində də dinləyib. Heç birində bu mahnı gitara ilə müşayiət olunmur. Çox təəssüf! Solo gitara onsuz da gözəl olan bu nəğməni əsl brendə çevirir, musiqi adamın iliyinə işləyir, möcüzə baş verir, tam fərqli bir təqdimat çıxır ortaya. İslam Səfərlinin ruhuna da, yaradıcılığına da böyük sayğılarımı bildirməklə yanaşı, özümdən asılı olmadan, solo gitara xətrinə bu musiqiyə ana haqqında daha fəlsəfi, ülvi bir mətn seçmək istəyi yaranır içimdə. Həmin gün bu musiqinin - gitaranın müşayiətilə Məmməd Arazın neçə şeirini deyirəm... Və o vaxtdan içimdə bir istək, bir arzu qalıb:  Məmməd Arazın bir neçə şeiri var ki, peşəkar qiraət ustaları o şeirləri təkcə gitaranın və Cahangir Cahangirovun "Ana" mahnısının notları altında desinlər.

Həmin gün Məmməd əmiyə bir sürpriz də etmək istəyirəm! Sumqayıtda yaşayan Firudin adlı bir muğam ifaçısı var, görünüşcə də Oədir Rüstəmova oxşayır, "Sona bülbüllər"i də Qədirin ifasına çox bənzədir! Qardaşıma - Bəxtiyara zəng edirəm, görsün Firudini tapıb dəvət edə bilər bura?! Təşkil edir, sağ olsun, eşidib-bilən çox adam da Məmməd Arazı görmək, onunla görüşmək istəyi ilə qoşulub gəlirlər. İçlərində həqiqi Məmməd Araz pərəstişkarları olanlar da var, eləcə həvəsə düşüb gələnlər də: böyük bir məclis alınır...

...Söz verdiyim kimi Rəmişə şəkillər göndərir, Məmməd əmigilə də özüm aparıram, töküb baxırıq. Var olsun, Gülxanım müəllimə çox diqqətli, fədakardı belə işlərdə, plyonkalara qədər toplayıb yığır. Cibimdə ayrıca qoyduğum şəkillər də vardı: restoranda yalvar-yaxar edıb Məmməd Arazla şəkil çəkdirmək istəyən və kişinin boynuna sarılıb öpən gənc xanımlar da olmuşdu. Gülxanım müəllimədən xəlvət, onları Məmməd əmiyə göstərib gülürəm:

 - Necəsən "aranızı vurum"...

Alıb baxır, gülür, səslənib çağırmaq istəyir Gülxanım müəlliməni. Mən çağırıram, gəlir, Məmməd əmi şəkilləri əlində kart kimi yayıb, məxsusi əda ilə, Gülxanım müəllimə tərəfə, stolun üstünə atır, sözləri isə böyük ləzzətlə mən deyirəm:

- Al!.. Götür!.. Yol-daş,  Mə-lik-məm-mədova!..

Üçümüz də ürəkdən gülürük...

Məlikməmmədova  - Gülxanım müəllimənin qız soyadıdı, evlənəndən sonra da saxladığına görə Məmməd əminin hərdən bu formatda sataşması olduğunu bilirdim və indi də yeri gəldiyini düşünüb, dilə gətirdim. Sonra da aranı qızışdırmaq üçün:

- Gülxanım müəllimə, bax, o şəkilləri gizlətmişdim, istəmirdim qısqanıb narahat olasınız, günahkar kişindi...

- Eeh, ay Aydın... Qısqanan vaxtlarım vardı, daha qısqanmıram. Moskıvada oxuyurdular, Söhrab Tahirin yoldaşı Lida ilə bir-birimizə qoşulub, qatarla Moskvaya getmişdik, İradə də qucağımda, özlərinə demədən... Bizi görəndə gözlərinə inana bilmirdilər...

Çözdükcə çözülür xatirələr...

Onu xatırlamamaq üçün gərək nə yaddaşın, nə də ürəyin ola. Həm də zamanla tərs mütənasibdi mənim Məmməd Araz istəyim, kədərim - zaman uzaqlaşdıqca o yaxınlaşır!Ancaq onu hər adi yazıya gətirmək də olmaz. Onsuz da sığmır hər sözün, yazının qəlibinə Məmməd Araz. Gərək canından-qanından yoğurub təzə qəlib yapasan. Və mən, hər nə qədər iddiasız da olsam, "100 şeirin 101 yozumu" adlı belə bir qəlib – bütöv mətn yaratmaq iddiasındayam.  Görək...

 





11.01.2014    çap et  çap et