525.Az

"Dialoqun ilkin nəticələri artıq var" - Tahir Kərimli ilə müsahibə


 

TAHİR KƏRİMLİ: "İQTİDAR-MÜXALİFƏT DİALOQU CƏMİYYƏTDƏ AHƏNG YARADIR, QARŞILIQLI HÖRMƏTİ MÖHKƏMLƏNDİRİR"

"Dialoqun ilkin nəticələri artıq var" - <b style="color:red">Tahir Kərimli ilə müsahibə </b>

Siyasi dialoq

"Siyasi dialoq" rubrikasının budəfəki qonağı Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri, millət vəkili Tahir Kərimlidir.

- Tahir müəllim, bir müddətdir ki, Azərbaycanda iqtidarla müxalifət arasında dialoq başlaylb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  Ədalət Vəliyev partiya liderləri ilə müntəzəm görüşlər keçirir. Sizcə, bu dialoq nə üçün vacibdir?

- Çoxpartiyalıq Azərbaycan Konstitusiyasının sistemidir. Bunu təmin etmək üçün iqtidarın üzərinə böyük iş düşür. Xüsusən, Azərbaycan Prezidentinin hərtərəfli islahatlara başladığını nəzərə alsaq, siyasi islahatlar da çox mühümdür. O cümlədən, bir növ indiki vəziyyətdə hakim partiyanın, Azərbaycan iqtidarının ölkədəki siyasi partiyalarla dialoqa gedərək, bu konstitusion sistemi möhkəmləndirmək, partiyaların cəmiyyətdə rolunu artırmaq, Azərbaycanda hakimiyyət bölgüsündə partiyaların iştirakını təmin etmək istiqamətində fəaliyyəti çox alqışlanan bir məsələdir. İqtidarla müxalifət arasında dialoqun keçirilməsi çox zəruridir. Bu, ziddiyyətləri aradan qaldırır, fikir ayrılıqlarına hər kəsin özünün baxışı saxlanılmaqla bir-birinə hörmət  ifadə edilir, hər bir partiyanın dövlət və millət üçün birliyi təmin olunur. Hesab edirəm ki, bu, həm iqtidar-müxalifət arasında səmimiliyi artırır, həm də dövlətin demokratik əsaslarını möhkəmləndirir. Ona görə də dialoq olduqca vacibdir.

- Qeyd edildiyi kimi, Azərbaycanda siyasi islahatların yeni mərhələsi başlayıb. Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar-müxalifət əməkdaşlığı nə dərəcədə rol oynayır?

-Bəli, Azərbaycanda siyasi islahatların yeni mərhələsinin başlanması ilə bağlı siyasi sistemin yeni konfiqurasiyası haqqında danışmaq artıq mümkündür. Bu, məhz elə iqtidar müxalifət əməkdaşlığı kontekstində olur. Aydındır ki, Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının iradəsi olmasaydı, Prezidentin iradəsi olmasaydı, bir sıra məsələlər mümkün deyildi. Nümunə üçün götürək qanunverici orqanı,  Milli Məclisi. Artıq partiyaların nümayəndəsi parlamentin sədr müavini, komitə sədri, komitə sədrinin müavinləridir. Bu, daha əvvəl olmayıb. Və bu  o deməkdir ki, iqtidar partiyaların inkişafına şərait yaradır, onlar buna görə dövlətdən maliyyə alırlar və maliyyə vəziyyətləri yaxşılaşır. Bundan başqa, siyasi olimpdə özlərinin yeri var. Ona görə də siyasi islahatların tərkib hissəsi kimi bu, çox mühümdür. Eyni zamanda, bilirik ki, icra  hakimiyyəti orqanlarında da xeyli dəyişiklik aparılır. Həm kadr, həm instutisional  islahatlardan söhbət gedir.

Məhkəmə hakimiyyətində də xeyli dəyişikliklər var. 200-dən artıq yeni hakim vəzifəsi müəyyən olunub. Ayrıca kommersiya məhkəmələri yaradılıb, bir sıra ictimai münasibətlərin tənzimlənməsində hüquqi mexanizmlərin yaradılması çox mühüm addım oldu və bu sahədə xeyli qanunvericilik aktları qəbul edilib.

- Sizin rəhbərlik etdiyiniz  partiya dialoq çərçivəsində hansı məsələlərə diqqət çəkir  və nə kimi təkliflərlə çıxış etmisiniz?

- Vəhdət Partiyası dialoq çərçivəsində özünə aid olan yalnız bir təklif irəli sürüb ki, o da partiyanın müvafiq qərargahla təmin olunmasıdır. Digər məsələlər şübhəsiz ki, milli məsələlərdir. Biz Azərbaycan Respublikasının Prezidentinin daxili və xarici siyasətini birmənalı şəkildə müdafiə edirik, o strateji xəttin daim tərəfdarıyıq. Partiya olaraq 2006-cı ildə bu qərara gəlmişik və 14 il ərzində Vəhdət Partiyası buna sadiq qalıb, sapıntılara yol verməyib. Birmənalı şəkildə ölkə Prezidentinin daxili və xarici siyasətini, strateji xəttini daim müdafiə etmişik. Bununla yanaşı, xeyli təkliflərimiz olub, Vəhdət Partiyasının sədri kimi mən 30-dək təklifimi yazılı şəkildə Prezident Administrasiyasının şöbə müdiri, hörmətli Ədalət müəllim Vəliyevə təqdim etmişəm. Bu təkliflərdən bir neçəsi artıq nəzərə alınıb. Parlament rəhbərliyində təmsilçilik və s. Ancaq əlbəttə ki, bunlar milli xarakterli məsələlərdir. Elə bir məsələ yoxdur ki, Dağlıq Qarabağ münaqişəsindən tutmuş, sosial məsələlərədək bizim müzakirələrimiz olmasın. Ədalət müəllim bizi diqqətlə dinlədi, özü də təklifləri qeydə aldı. Vəhdət Partiyası da digər partiyalar kimi çox razıdır ki, Azərbaycan Prezidenti daim bizi qabaqlayaraq mühüm bayramlarda Ədalət müəllimin simasında təbriklərini çatdırır. Buna görə də biz minnətdarlığımızı ifadə edirik.

- Bu günə kimi aparılan müzakirələrin gedişindən razısınızmı və ilkin nəticələrdən nə vaxt danışmaq olar?

- Bəli, mən müzakirələrin gedişindən razıyam, ilkin nəticələr də var. Bu nəticələrin bəzilərini qeyd etdik, parlamentdə yüksək səviyyədə təmsil olunmaq, siyasi islahatların həyata keçirilməsi, müəyyən paralel strukturların aradan qaldırılması, korrupsiyaya qarşı mübarizədə müəyyən nəticələrin əldə edilməsi, məhkəmə-hüquq islahatları, cinayətlərin dekriminallaşması, cəzaların humanistləşdirilməsi nöqteyi nəzərindən xeyli nəticələr var. Bu nəticələrdən razıyıq, amma dediyimiz kimi, bu, ilkin nəticələrdir. İslahatların dərinləşməsinin tərəfdarıyıq, müzakirələr davam edir, şəxsən mənim Vəhdət Partiyasının sədri kimi iki dəfə Ədalət müəllimlə görüşüm olub. Hər dəfə konstruktiv dialoq aparılıb, bir-birimizi tam başa düşmüşük. Hesab edirəm ki, bu dialoq cəmiyyətdə ahəng yaradır, qarşılıqlı hörməti möhkəmləndirir.

- Dialoqda iştirakdan imtina edən müxalifət partiyaları var. Onların imtina səbəbləri nə dərəcədə əsaslıdır və iki partiyanın bu mövqeyi prosesə hər hansı təsir göstərirmi?

- Dialoqda iştirakdan imtina edən partiyalar AXCP və Müsavatdır. Onlar özlərinin koorperativ və eqoist maraqlarını üstün tuturlar. Lakin başa düşmürlər ki, bu gün AXCP və Müsavat adlarının və yaxud keçmişdə müəyyən güclərinin olması heç də onların liderlərinin bacarığı ilə bağlı olmayıb. Bu, tarixlə bağlıdır. Çünki Müsavat adı əski Müsavatdan gəlmişdi və AXC hakimiyyəti dövründə  bərpa olunmuşdu. Ona görə də kütləvilik və varislik təmin olunub. Eyni zamanda, AXCP də AXC-nin bir varisi kimi xalq  hərəkatında ortaya çıxmışdı. Bu mənada onlar öz adlarına çıxa bilməzlər ki, bu partiyalarda az-çox bir qədər güc vardır. Lakin bu güclər artıq əvvəlki tək, on illər bundan öncə olduğu kimi deyil. Onlar uzun illər əvvəl malik olduqları gücə sahib deyillər. Mən deyərdim ki, bu partiyalar ümumən özlərinin əvvəlki hardasa Nərimanov, yaxud Xətai rayon təşkilatları boydadırlar. Görün nə dərəcədə zəifləyiblər. Artıq siyasi diskussiya klublarına çevriliblər. Ona görə də daxildə bu, prosesə o qədər təsir göstərmir. Amma xaricdə tarixi partiyalar olduğuna görə onların müəyyən əlaqələri var, ona görə də əlaqələrindən istifadə edərək Azərbaycanın imicinə müəyyən narahatlıq yarada, iqtidara qarşı müəyən bir mənfi fikir oyada bilirlər. Amma onlar həlledici, real gücə malik deyillər. Ona görə də ən yaxşısı bu olardı ki, konstruktiv dialoqa gələlər. Dialoqa gəlməmələrinin səbəbi də aydın deyil. Çünki kifayət qədər yüksək ranqlı şəxs - Ədalət Vəliyev cənab Prezidentin adından onlarla dialoqa gedib, müzakirə apara bilərdi. Yeri gələndə erməni ilə də, kimlə gəldi  görüşürlər, amma özümüzünkü ilə görüşməkdən imtina edirlər ki, bu da çox mənfi haldır.

- Azərbaycan cəmiyyətinin bu prosesdən qazancı nə ola bilər?

- Cəmiyyətin qazancı budur ki, dediyim kimi, cəmiyyətdə demokratik bir ahəng yaranır, insanların və təşkilatların bir-birinə hörməti, qarşılıqlı anlaşması artır, cəmiyyətin problemləri ölkə daxilində anlaşma yolu ilə həll edilir, tərəflər bir-birinə fikirlərini çatdıra bilirlər. Bu, qarşılıqlı hörmət olduğuna görə fikirlər də nəzərə alınır. Məsələn, biz görürük ki, artıq bir sıra partiyalar rəsmi qeydiyyata alınır, onların rəhbərləri ilə görüşlər keçirilir, bir sıra partiyalar var ki, on illərlə heç adını eşitmirdik, amma iqtidar hörmət qoyaraq onlarla da görüşüb. Buna görə də mən hesab edirəm ki, bu, çox müsbət bir addımdır, konstitusion sistemin möhkəmləndirilməsinə xidmət edir.

- Son hadisələr zamanı, yəni Ermənistanın Tovuz təxribatı, ondan sonrakı proseslər, Azərbaycana strateji tərəfdaş olan dövlətlərin Ermənistana silah ötürməsi və s. məsələlərdə müxalifət iqtidarla nə dərəcədə həmrəy ola bildi?

- Ermənistanın Tovuz təxribatı və ondan sonrakı hadisələr çox ciddi proses idi. Doğrudan da, bu məsələdə Ermənistanın havadarı Rusiya səmimi olmadı. Biz bilirik ki, Rusiya Ermənistana yük təyyarələri ilə ən müasir silahlar göndərib, Gürcüstan öz hava məkanından Rusiyanın təyyarələrinin keçməsinə imkan vermədi. Lakin çox təəssüf edirik ki, türk, müsəlman, qardaş dövlətlərimiz olan Qazaxıstan, Türkmənistan bu zəifliyi göstərdi və öz hava məkanını Rusiyanın təyyarələri üçün açdı. Onlar da İran üzərindən keçməklə silahları Ermənistana çatdıra bildilər. Şübhəsiz ki, qardaş Türkiyə hərbçilərinin Azərbaycana gəlişi, birgə təlimlərdə iştirak etməsi bəzi qonşu dövlətləri çox qıcıqlandırır. Onlar Türkiyənin Qafqazda iştirakına yaxşı baxmırlar. Yadlarına yüz illər öncə xilafətin Qafqaza təsirləri düşür. Çünki açıq deyək, Qafqazda ya Rusiya, ya İran, ya da türk olmalıdır. Yəni üçündən biri olmalıdır. Bunların 3-ü heç vaxt birlikdə olmayıb. İndi Türkiyənin olması təbii ki,  digər dövlətlərdə qıcıq yaradır. Sevr müqaviləsini ortaya atırlar. Azərbaycan Prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı silah məsələsi ilə bağlı açıq xəbərdarlığı xalqı çox razı saldı. Prezidentə təşəkkür edirik və bütün partiyalar Azərbaycan Prezidentinin bu qəti addımlarını dəstəkləyir. Biz hər zaman Prezidentin arxasındayıq, Baş Komandanla birlikdəyik. Qarabağın azadlığı, ərazi bütövlüyümüz üçün heç bir təşkilat, siyasi xadim, Azərbaycan vətəndaşı özünü kənara qoya bilməz. Hər kəs vətəndən ötrü ya  qazi, ya şəhid olmağa hazırdır. Haqq-ədalət, beynəlxalq hüqüq  bizim tərəfimizdədir. Bunu pozanlar öz istəklərinə nail ola bilməyəcəklər. Dünya da artıq əvvəlki deyil və hər şeyi çox yaxşı görür, başa düşür.

PƏRVANƏ

 





19.08.2020    çap et  çap et