525.Az

Atəşkəssiz informasiya müharibəsi - Akif Rüstəmov yazır


 

Atəşkəssiz informasiya müharibəsi - <b style="color:red">Akif Rüstəmov yazır </b>

Tarixən ölkələr bir-biri ilə narazılıqlarını silah gücünə həll ediblər. İndi vəziyyət dəyişib, narazılıqlar daha informasiyanın köməyi ilə də yoluna qoyulur. Dünyada bir çox narazılıqlar məhz informasiyaların köməyi ilə həll olunur. Bu da onu göstərir ki, informasiya heç də silahdan az təsir etmir insanlara. Faşist Almaniyasının təbliğat naziri Gebbels deyirdi ki, "mənə kütləvi informasiya vasitələri verin, istənilən xalqı bir sürü donuza çevirim".

Ermənistanın və erməni lobbisinin ölkəmizə qarşı apardığı məkrli oyunlar məhz informasiya vasitəsi ilə həyata keçirilir. Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində ölkənin alimindən tutmuş  gənclərinə qədər hər kəs yaxından iştirak edir.

Erməni həyasızlığının sərhədi yoxdur. Onlar başqa millətləri də özlərinin xeyrinə yalan informasiya yaymağa cəlb edə bilirlər. Bu yaxınlarda ermənilər İspaniyanın birinci kanalında yeni çəkdikləri "Urartu: unudulmuş padşahlıq" filminin nümayişinə nail olublar. Filmdə tarixi həqiqətlər təhrif olinub, tamamilə saxtalaşdırılıb, antik dövrün ən güclü dövləti olan Urartu Ararat diyarı kimi qələmə verilib. Bu yalan azmış kimi, "Aslanlar vətəni" adlı tarixi serial da çəkiblər. Belə yerdə erməni tarixinin atası sayılan Movses Xorenasinin məşhur sözü yada düşür: "Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Ermənilər böyük-böyük danışmağı xoşlayan ikiüzlü millətdir".

Son günlər Azərbaycan diasporunun ABŞ-da və Avropa ölkələrində nümayiş etdirdiyi birlik erməni diasporunu aciz duruma salıb. Bu birliyi gözləməyən Ermənistan hələ də özünə gələ bilmir. Vahiməyə düşən Nikol Paşinyan Ermənistanın diaspor təşkilatında işləyən 13  nəfəri işdən azad edib. İrəvanda nəşr olunan "Past" qəzetinin yazdığı məlumata görə, Paşinyanın belə addım atmasına səbəb diaspor işləri komitəsinin fəaliyyətinin yarıtmaz olması ilə bağlıdır. Onu da qeyd edək ki, ermənilər həmişə dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarının fəaliyyətindən yararlanırlar. Təbliğat aparmaq üçün onların əllərində küllü miqdarda media var. Hərbi nəşriyyatın buraxdığı "Dağlıq Qarabağ münaqişəsinin informasiya modeli" adlı kitabda göstərilir ki, erməni diasporunun sərəncamında yüzlərlə qəzet və jurnal, televiziya kanalı və radio var. Bu qədər təbliğat arsenalına malik olan ermənilərin gözü qarşısında "Şəhidlər ölməz, Vətən  bölünməz", "Ermənistan terrorçudur", "Qarabağ bizimdir, bizim olacaq" şüarları ilə dünyanın bir çox ölkələrində nümayişə çıxan həmyerlilərimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. Xarici ölkələrdəki azərbaycanlı-türk birliklərinin həmrəyliyi düşmənin təbliğat planlarını alt -üst etdi. Erməni diasporu Azərbaycan diasporundan belə reaksiya gözləmirdi. Məqalələrimin birində yazdığım bir fikri təkrar da olsa, yada salmağı lazım bildim. Amerika araşdırıcısı, jurnalist Tomas Qolts "Nyu-York tayms" və Londonda nəşr olunan "Sandi tayms"qəzetlərində yazırdı: "Güman etməyin ki, ermənilər güclüdür, yox, siz azərbayanlılar informasiya müharibəsində zəif və gücsüzsünüz".

Bu gün əminlikə deyə bilərik ki, biz azərbaycanlılar informasiya müharibəsində heç də ermənilərdən geri qalmırıq. Nəzərə almaq lazımdır ki, dünyaya səpələnmiş ermənilərin diaspor "stajı" çox qədimdir, biz isə müstəqillikdən sonra bir sıra ölkələrdə diaspor təşkilatları yaratmışıq.

Yeni texnologiyaların inkişafı, informasiyaların sürətlə yayılması insanların əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Azərbaycan Milli  Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İradə Ələkbərova "İnformasiya müharibəsi texnologiyalarının analizi və  təsnifatı" adlı məqalədə yazır ki, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan və əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə "informasiya əməliyyatı" və "informasiya müharibəsi" terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaq.

Bu gün internetdən istifadə, kompüter cinayətkarlığının artması, məqsədə çatmaq üçün informasiya hücumu geniş tətbiq olunur. Azərbaycana qarşı aparılan çirkin informasiya müharibəsində ermənilər ən çox internetdən istifadə edirlər. Azərbaycan Respulikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş  meydanında, həm də kompüter qarşısında" çağrışına qoşulan gənclərimizin sayı getdikcə artır. Çağırışa ilk qoşulan gənclər "İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi" mövzusunda tədbir keçiriblər. Tədbirdə gənclər Birinci vitse-prezidentin çağırışına qoşulduqlarını bildirib və ölkəmizin haqq yolunda apardığı mübarizədə daim öndə gedəcəklərini bəyan ediblər.

Bu ilin aprel ayında qondarma Dağlıq Qarabağ Respublikasında "Prezident seçkisi" keçirildi. Erməni işğalına haqq qazandıran ermənipərəst ABŞ Konqresinin bir neçə üzvü Dağlıq Qarabağın separatçı rejiminin yeni qondarma liderinə təbrik məktubu göndərib, keçirilən "seçki"ni demokratiyanın təntənəsi kimi qiymətləndiriblər. Aradan bir həftə keçməmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ABŞ-ın Nümayəndələr Palatasına aşağıdakı məzmunda məktub göndərib: "Hörmətli Konqres üzvləri! Mən ABŞ Konqresinin erməni lobbisinə yaxın olan nümayəndələrini Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndələrinə məsuliyyətsiz "təbrik məktubu" göndərməsini qınayıram və etiraz edirəm".

Hazırda Azərbaycan ordusu  doxsanıncı illərin ordusu deyil, işğal altındakı torpaqlarımızı xilas etməyə qadirdir. İyulun 14-də gecə minlərlə insan paytaxtımızın küçələrində Milli ordumuza böyük dəstəyini nümayiş etdirdi. Bu birlik ermənilərə xəbərdarlıq idi. Təəssüf ki, öz içərimizdə olan dönüklər ordumuza qara yaxmaqla düşmənə informasiya ötürürlər. Ermənilər dönüklərin sosial şəbəkələrdəki ordumuz əleyhinə yazılmış yazılarından çox məharətlə istifadə edərək, gənclərdə orduya olan inamı məhv etməyə çalışırlar.

Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində iyulun 12-də başladığı təxribata beynəlxalq dəstək verilmədi və əvəzində ermənilər Tovuzda dərs aldılar. Yeri gəlmişkən qeyd edim ki, dəfələrlə deyilməsinə baxmayaraq, məsuliyyətsiz insanlar Tovuz hadisələrində hərbi bölməyə gətirilən texnikanı telefonla çəkib paylaşırdılar. Nə məqsədlə edildiyini deyə bilmərəm, hər halda bu, yolverilməzdir.

Müdafiə Nazirliyi bir daha insanlara müraciət etməli oldu:

- Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir hərbi informasiya paylaşmayın.

- Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəldiyini yazmayın.

- Azərbaycan hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını paylaşmayın.

- Şəhid və yaralılar barədə dəqiq olmayan informasiyanı yaymayın.

- Döyüş zamanı telefon və yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrdə paylaşmayın.

- Sərhəd bölgəsində olan strateji yerlərdə texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.

- Bu tip informasiyaların yayılması düşmən dəyirmanına su tökmək kimi bir şeydir.Odur ki, sosial şəbəkə iştirakçıları məsuliyyətli və ehtiyatlı olmalıdır.

Onu da qeyd edim ki, elə saytlar var, heç bir fəaliyyəti yoxdur, onların olmağından lmamağı yaxşıdır. MEA İnformasiya Texnoloğiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev fəaliyyətsiz saytları passiv informasiya müharibəsi aparan saytlar adlandırlr: "Məsələn, www.Azerbaijan.net serversi ABŞ-da yerləşir və adında "Azerbaijan" sözü olmasına baxmayaraq, Azərbaycana heç bir dəxli yoxdur. Qeyd edim ki, bu cür hallar tək Azərbaycanla bağlı deyil və son 3 ildə bütün dünyada çox geniş yayılıb. Ümumiyyətlə, artıq gözəl və məşhur adlar üzrə internetdə nəhəng "qara bazar" formalaşıb".

Doğrudan da, əgər belə demək mümkünsə, hər şey barədə saytlar yaradılıb. Onların bir çoxunun informasiya mənbəyi məlum deyil, auditoriya qazanmaq üçün özlərinin uydurduqları məlumatları yayırlar.

Azərbaycanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlim düşmənimizin yuxusunu qaçırıb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan bu təlimlərdən çox narahat  olduğunu dilə ğətirib. Düşmən ölkədə fəaliyyət göstərən "Arka.am" saytı onun "Biz var gücümüzlə çalışacağıq ki, Türkiyə Cənubi Qafqazda gərginlik yaratmasın" sayıqlamasını yayıb. Sual olunur, sən kimsən, türkün qarşısını kəsəsən? Bu sualın ən yaxşı cavabını öz ermənisi Levon Daleqyan verib: "Ermənilər öz milli varlığı  üçün birbaşa türklərə borcludurlar. Əgər biz bizanslar və ya başqa avropalılar arasında olsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlanıla bilərdi".

Hər bir dövlət öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün müəyyən tədbirlər görmək məcburiyyətindədir. Çünki informasiya müharıbəsi də dövlət üçün prioritetdir.

P.S. Nə qədər ki, işğal altındakı torpaqlarımız azad olunmayıb, başımızı dik tutmağa haqqımız yoxdur. Vaxtdır, əlverişli vəziyyət yaranıb, Qarabağımızı azad edək. Bunu hətta düşmən ölkənin sabiq baş naziri Qrant Baqratyan da deyir: "Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə ağır vəziyyətdədir". Belə yerdə deyiblər, dəlidən doğru xəbər...

 





19.08.2020    çap et  çap et