525.Az

İlqar Fəhminin kitablarından ibarət videoçarx hazırlanıb


 

İlqar Fəhminin kitablarından ibarət videoçarx hazırlanıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı 18 avqust şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin doğum günü ilə əlaqədar yazıçının kitablarından ibarət videoçarx və məlumatlar hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda yazıçının həyat və yaradıcılığına geniş yer verilib.

İlqar Fəhmi 1975-ci il avqustun 18-da Bakının Zirə kəndində anadan olub. 1992-1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarus Dövlət İqtisad Universitetini bitirib.

1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ekranlaşdırılıb.

2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.

Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.

Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib. Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi vəzifəsində çalışır. 2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur. 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Televiziyasında hazırlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib.

 





20.08.2020    çap et  çap et