525.Az

Mirzəbəyli çayı, zəy, marqans və "donqili" balığın fırtınası - İttifaq Mirzəbəyli yazır


 

Mirzəbəyli çayı, zəy, marqans və "donqili" balığın fırtınası - <b style="color:red">İttifaq Mirzəbəyli yazır</b>

... Bəlkə də, ağbirçək həmkarımız Dilarə Vəkilova yenə zəng edəcək ki, a Mirzəbəyli, bu, nə qəribə sərlövhədir? O, otuz ildən çoxdur ki, mənim bu qəbildən olan yazılarımı diqqətlə oxuyur və maraqlı münasibət bildirir. Mən də keçmiş şöbə müdirimizin bu diqqətini görəndə məmnun olur və otuz ildir ki, belə sərlövhələrdən bəhrələnirəm.

... Pandemiyanın pis cəhətləri çox olsa da, ayrı-ayrı fərdlərin qazancı da az olmadı. Köhnə kinolarımıza baxa bildik, muğamlara qulaq asdıq, internetdə bəzi materiallarla tanış olduq və sair. Məsələn, mən  ingilislərin ötən əsrdə yaşamış qadın  yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından olmuş Virciniya Vulfun bəzi ifadələri ilə tanış olmaq imkanı qazandım. Həmin ifadələrdən birini hələ iyun ayında dəftərçəmə qeyd etmişdim: "Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam".

Ruhuma yaxın ifadə olsa da, razılaşmaq istəmirdim. Çünki mən həmin ünvanların hamısına böyük önəm verirəm. Belə ki, daim din adamlarının söhbətinə aludə oluram, dəyərli poeziya nümunələrini tutiyə kimi qəbul edirəm, sədaqətli dostların əhatəsində olmağın xoşbəxtliyini yaşayıram. Əhatə dairəmizi xoşbəxt edən dostlarımızdan biri də tanınmış qələm sahibi, sözü söz kimi, ifadəni ifadə kimi işlətməyi bacaran, istənilən yazısının üstünə özünün senzurasını təyin edən, Ali Media Mükafatı laureatı İlqar Həsənovdur. Elə bu sətirlər də onun ad günü münasibətilə qələmə alınıb.

... İndi isə qayıdaq yazının sərlövhəsinə. Doğulub böyüdüyüm Mirzəbəyli kəndinin  (Qəbələ rayonu) gündoğan tərəfindən Həmzəlli çayı, ortasından Mirzəbəyli çayı, günbatan tərəfindən isə Tala çayı axır. Bölgə müxbirimiz İlqar Həsənov Oğuz, Şəki, Qax, Balakən, Zaqatala rayonlarına gedəndə də, oradan qayıdanda da mənə zəng edir:

- Hacı, Mirzəbəyli çayının körpüsündən keçirik, çayın da, daşların da, körpünün də sənə salamları var.

İlqar mənim o çayın səsinə, suyuna, selinə, daşqınına nə qədər bağlılığımı, vurulduğumu, dünyanın hansı ölkəsində olursa olsun, yuxulların birində həmin selin-suyun vaqiəsini gördüyümü yaxşı bilr. Ona görə də, ayda üç-dörd dəfə o çayın salamı ilə ruhumu təzələyir.

İndi zəy haqqında. Mirzəbəyli çayı Qafqazın hündür yamaclarından axıb gəldiyinə görə həmişə lilli, bulanıq olurdu. Biz həmin suyu vedrə ilə həyətə daşıyır, bidonlara doldurur və ... zəy vururduq ki, çay dəmləmək, xörək bişirmək üçün duruldaq. Uzağı on, on beş dəqiqəyə su dumduru olurdu. İndi kimsə fikirləşəcək ki, dostunun ad günü münasibətilə yazı hazırlayan müəllif sel suyunu, zəyi nə üçün ortaya gətirir? Onların məsələyə nə dəxli var?

Qoy fikirləşsinlər. İndi biləcəklər ki, suyun, zəyin bu yazıya çox böyük dəxli var. Çünki İlqar Həsənov təkcə kollektivimizdə deyil, hətta daha böyük auditoriyalarda bulanmış çox suları duruldub. O, sözün həqiqi mənasında lokal cameədə - yəni özümüzə aid olan meydandakı qarışıq məsələlərdə həmişə zəy rolunu oynayıb. Özü də ustalıqla. Doğrudur, onun aktyor kimi də qabiliyyəti, keyfiyyətləri var. Ancaq bulanmış suların durulması zamanı qətiyyən həmin keyfiyyətlərindən istifadə etmir. Bəlkə də həmin zamanlar onun daha  səmimi anlarını görürük.

Dostumuz Əli Nəcəfxanlının bu yaxınlarda Feysbuk hesabında yada saldığı bir faktı xatırlatmaq istəyirəm. Redaksiyamızın gənc əməkdaşlarından olan bir xanım sevdiyi oğlanla ailə qurmaq istəyir və gənclər  valideynlərin narazılığı ilə üzləşirlər. Kollektivimizin "zəy"i olan İlqar Həsənov bu məsələdə də hamıdan önə keçərək gənclərdən birinin valideyninin həmyerlisi olan görkəmli ziyalımız Sabir Rüstəmxanlını danışıqlara dəvət etdi. Sabir Rüstəmxanlı nəinki valideynləri barışdırdı, hətta həmin toyda bizimlə birlikdə iştirak edərək gənclərə xeyir-dua da verdi. Həmin axşam Rəsulzadə qəsəbəsindəki restoranda sular dumduru idi.

... Uşaq idim. Bir dəfə çaydan su daşıyıb doldurduğumuz bidonlardan birinə buğda dənəsi boyda marqans atmışdım. Sonra həmin bidona bir neçə dəfə zəy vurduq. Lil qabın dibinə çöksə də, su durulmadı ki, durulmadı. Bunun səbəbini müəllimimdən soruşdum. Müəllim dedi ki, o zəy suyu fiziki cəhətdən təmizləyir. Marqans dediyin toz isə kimyəvi maddə olan kalium permanqanatdır. Zəy onu sudan ayıra bilməz. Son aylar İlqar Həsənovun durulda bilmədiyi suları görəndə müəllimimin həmin sözləri yadıma düşmüşdü. Kalium permanqanat çox əclaf şeydir.

... Uşaq idim. Bir dəfə gördüm ki, bidonlarımızın birindəki suyun üst tərəfi nisbətən durulsa da, aşağısı durulmur. Diqqətlə baxanda gördüm ki, suyun dibində naxçıvanlılar demiş "donqili" - göy lobya boyda kiçik bir balıq var (Sel güclü olanda dağdakı axmazları da dağıdır və həmin dayaz göllərdəki balıqlar da bulanıq su ilə axıb gedirlər). Balığı maşa ilə sudan çıxardıq və o bidonumuzdakı su da duruldu.  Cəmiyyətdə də belədir. İlqar kimi şəxslərin qabağında "fırtına yaradan" "donqili" balıqlar çox olmasalar da, qabın dibini bulandırırlar. Amma sonra həmin su da durulur.

... Bu yaxınlarda "Xalq qəzeti"ndə yazıçı-publisist Əkbər Qoşalının Ermənistanın üzləşdiyi çoxsaylı problemlərə həsr edilmiş bir yazısı verildi. Müəllifin qəti arqumenti bundan ibarət idi ki, işğalçı ölkənin əsas bədbəxtçiliyi odur ki, onlar haqsızdırlar. Ona görə də, hara getsələr, rüsvay olurlar. Həmin məntiq çox xoşuma gəldi və bu yazıda da istifadə etmək istədim. Belə ki, bəzən deyirlər: İlqar Həsənov redaksiyada olanda çox ucadan danışır.

Mən isə deyirəm: Ona görə ucadan danışa bilir ki, haqlıdır.

Dostluq haqqında danışan aqillərdən hansısa deyib ki, tək olanda dağ da darıxır, qəribsəyir. Ona görə də, Allah dağların əksəriyyətini silsilə şəkilində, sıra dağlar adıyla yaradıb. İş elə gətirib ki, bizim "dağlarımızdan" biri indi səhhətindəki ötəri problemlə bağlı Gəncədədir. Allah köməyi olsun! İnanırıq ki, tezliklə qayıdacaq, sular da durulacaq, İlqar Həsənov sıra dağları da bərqərar olacaq.

Əlavə edim ki, avqustun 24-ü onun ad günüdür və təbriklərimizi məsafə saxlayaraq, maskadan istifadə etməklə  çatdırmaqdan ...məmnun deyilik.

 





21.08.2020    çap et  çap et