525.Az

Tanıyaq və tanıdaq: Alışıq Məhəmməd İbadi-Qaraxanlı, Ruqiyyə Səfəri


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Alışıq Məhəmməd İbadi-Qaraxanlı, Ruqiyyə Səfəri</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira Fuad,
Filologiya elmləri doktoru

Alışıq Məhəmməd İBADİ-QARAXANLI

1979-cu ildə Təbrizdə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əsgəri xidmətdə olub. Kiçik yaşlarından Aşıq Əli İbadinin tövsiyəsi ilə ana dilini öyrənməyə, doğma türkcədə şeirlər söyləməyə başlayıb. Alışığın ilk şeiri 1994-cü ildə çap olunub.

Şair deyir ki, mən o zamanlar dilimizi, ədəbiyyaımızı öyrənərkən ədəbiyyatımızın parlaq ulduzları - Əli Daşqın, diktor Yəhya Şeyda kimi ustadlarla tanış oldum və bundan son dərəcə təsirləndim.

Alışığın şeirləri bir çox mətbu orqanlarında çap olunub və oxucuların böyük rəğbətini qazanıb. Bu gün Alışığın heca vəznində, oxunaqlı, ahəngdar səslənən şeirləri el məclislərində, toy-düyündə aşıqların dilindən düşmür, xalq da bu şeirləri böyük məhəbbətlə dinləyir.

Məhəmməd İbadi-Qaraxanlı - "Alışıq" tədqiqat və toplama işləri ilə də uğraşır. Alışıq görkəmli el sənətkarımızdan Aşıq Qurbaninin, Aşıq Kamandarın və Bəhmən Vətənoğlunun seçmə şeirlərini toplayaraq nəşrə hazırlayıb və İranda "Əxtər" yayım evində ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində çap etdirib.

OĞLUM

Sürüdən ayrılıb azan qoyunu,
Qurdlar parçalayıb, bil, yeyər oğlum.
Taleyinin quşun əldən uçurdan,
Döyər təpəsinə, dərd yeyər, oğlum.

Oğurluq mal dağda olsa talanar,
Pak insan pir olar, duz tək yalanar,
Namərd boyun bəslər, arsız dolanar,
Dərdin xınabasın mərd yeyər, oğlum.

Alışıq tək alış, sönsən qəmin yol!
Bilmədiyin işə qoymaginən qol!
Sən öz kölgəndən də ehtiyatlı ol!
Ağacı içindən qurd yeyər oğlum.

NƏ DESİN

Bahalıq baş yarır,
ilxı satanlar,
Ala bilmir tək bir qatır, nə desin?
Daban daşından da bərk olub üzlər,
Qalmayıbdır hörmət, xatır nə desin?

Dərin düşünənlər düşür dərinə,
Varlı zərə batır, yoxsul tərinə.
Sərçəni boyayıb bülbül yerinə,
Dədə balasına satır, nə desin?

Alışıq bu dərdi daş çəksə çatlar,
Yalqız yükü götürən pişik bel qatlar.
Arpamızı yeyib hırnayan atlar.
İndi, bizə təpik atır, nə desin?

Ruqiyyə SƏFƏRİ



1979-cu ildə Təbrizdə anadan olub. İbtidai və orta məktəbi həmin şəhərdə bitirən Ruqiyyə xanım ana dilində təhsil almaq məqsədilə Bakıya gəlib və BDU-nun filologiya fakültəsinə daxil olub.

2008-ci ildə Universitetin bakalavr pilləsini uğurla bitirərək "Türkologiya" ixtisası üzrə magistraturaya qəbul olunub.
 
"2011-ci ildə Cənubun çağdaş şairləri" mövzusunda elmi işini uğurla müdafiə edərək magistr diplomu alıb.

Təbrizə qayıtdıqdan sonra müxtəlif mətbuat orqanlarında jurnalist və tərcüməçi kimi fəaliyyət göstərib.

Hələ orta məktəb illərindən ədəbiyyata, şeirə bağlılığı illər sonra onun yaradıcılığına öz təsirini göstərib.

Ruqiyyə Səfərinin qələmə aldığı hekayə və şeirlər İranda, Azərbaycanda və ABŞ-da müxtəlif qəzet, dərgi və ədəbi antalogiyalarda çap olunub.

1

Evimi axtarmayın,
Kitabxanamı dağıtmayın,
Gözlərimin üfüqlərə zillənən köşəsində gizlətmişəm
Azadlığı...

2

Xatirələr də torpağa tapışırılır,
Düz ölülər kimi!
Torpağını başıma səpən olsaydı,
Unudardım səni
Torpağın üzü soyuq olar axı...

3

Havanmı dəyişik düşüb, yoxsa yerinmi?
Yenə yatmaq bilməyirsən ürəyimdə
Gecədən bəri!

4

Soyundum xatirələri,
çılpaq girirəm yoxluğuna,
bir ehram bağlayıram,
qaranlığa tapınıram bu gecə!
Zülmətin zülmünü sürtürəm əynimə,
dağlayıram qabarlarımı bir daha
səni unutmasın sellollarım!
Yoxluğun dərinliyində bir yoxluq tapıram
yox rəngində...
sarılıram
içimə boşluq dolur,
əsid kimi ciyərimi doğrayır.
tikə-tikə qusuram içimi
bütün varlıqları varlığımdan atıram...
mənə yoxdan bir məzar qazın,
baş daşı "yox" olsun bu gecə!

5

Canımı ovcuma alıram
Və Təbriz bazarını dükan-dükan gəzirəm.
İnanıram,
Bir gün burdan qucaq-qucaq bağımsızlıq alacağam vətənimə!

6

Pəncərə arxası məzarım olacaq,
Hərdən keç bizim pəncərənin qabağından
İşin düşməsə də, o tərəflərə,
Qoy qərib olmayım məzarda barı.

7

Keçmişimdə həp bir nisgil göynəyir,
həp bir sərçə balası var,
yuvadan düşmüş
bağırır boğazımda,
udqunuram qan damır içimə...
kimsə eşitməyir,
gözlərimdən başqa.
Ağlayıram,
anam dilə tutur
- anası var, gəlib aparar!
Sərçə bağırır boğazımda,
boğazım tutulur.
qızdırma içində yanıram...
anam başım üstündə,
udqunuram, qan damır içimə,
bir pişik gözlərimi sökür,
gözlərim yox artıq,
ağlayanmıram.
Bir sərçə pəncərəni dimdikləyir - ana sərçə!
Keçmişimdə həp bir nisgil göynəyir,
mən yaşamıram heç,
həp keçmişi təkrarlayıram,
nisgilləri udquna-udquna!

8

Bağışlayın, bəy əfəndi,
Ürəyinizin neçənci qatı,
Neçə aya,
Neçəyə,
Kirayə verilir?!

9

İşıq haqqı,
Kitab haqqı,
Qələm haqqı,
Vətən haqqı bircə canla ödənər!

10

Zərrə-zərrəmdə vətən nisgili
Beynimdə azadlıq fırtınası
Və göz gilələrim torpağımın boyasındadır.
Məni harda asırsız asın,
Dar ağacımdan bayrağım yellənəcək
Və gömüldüyüm yerdən Azadlıq cücərəcək!

EY ƏSƏN YEL
 
Ey əsən yel!
külümü sovuracaqsan,
barı ölkəmə doğru əs
bir gəldiyimə varayım.
Qoy sağ əlim Ötükənə pay olsun,
sol əlimsə Sibrimi tutsun,
Araz laylamı sızlasın beşiyində
özləmli baxışlarıma.
Qoy torpağım olsun məzarım,
kimliyimsə baş daşım
bu anılmayan çağda,
ey əsən yel...

GECƏ YARILARI

Gecə yarısı dolanmağa çıxıram
yalqız deyiləm!
Mən, bir də özüm
gəzirik beynimdə addım-addım.
Bəzən yol uzanır,
elə ki, səhərə kimi bitməyir.
bəzən elə qısa olur ki,
bir saata bütün beyini ayaqdan salırıq.
özü dikdaban geyinər
mənsə ayaqyalın...
Hələ qış olmayıb,
Çayların şaqqıltısına yuxuya gedirik...

AĞAC

Ağac yayın ortasında
bir yarpaqdan belə arı
ağac quru!
Pəncərədən
gözüm düşür
budağındakı yuvaya
yiyəsiz dağınıq yuva
bir də ağac!
Ürəyimin köşəsində
qoca sevgi
qoynunda qurulan umid
ayaq basır
gələcəyə.

 





21.08.2020    çap et  çap et