525.Az

Oğuzların Büğdüz boyunun Qafqaz etnotoponimik arealındakı izləri - Araşdırma


 

Oğuzların Büğdüz boyunun Qafqaz etnotoponimik arealındakı izləri - <b style="color:red">Araşdırma </b>

Müasir dövrdə ən aktual və əhəmiyyətli elm sahələrindən olan toponimika sürətlə inkişaf etməkdədir.

Dilçilik, tarix və coğrafiya elmlərinin qovşağında formalaşan bu elm sahəsinin öyrənilməsi təkcə nəzəri deyil, həm də praktiki və siyasi əhəmiyyət daşıyır. Çünki uzun illər ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi, tarixi və hüquqi ərazisi olan Naxçıvana qarşı qonşu xalqlar tərəfindən müxtəlif səviyyələrdə iddialar irəli sürülmüşdür və bu proses bu gün də davam etməkdədir. Halbuki diyarın tarixən Azərbaycan türklərinə məxsusluğunu nəinki tarixi mənbələr, hüquqi sənədlər, bu diyarın adlar sisteminin özü də sübuta yetirir. Baxmayaraq ki, bu toponimlər əsrlər boyunca müxtəlif dəyişikliklərə məruz qalmış, illər boyunca isə məqsədli şəkildə dəyişdirilmişdir. XX əsrin 90-cı illərinin ortalarından etibarən Muxtar Respublikada hərtərəfli həyata keçirilən işlər nəticəsində tarixi yer adlarının bərpa istiqamətində də bir sıra addımlar atılmış, bu proses həyata keçirilərkən elmi əsaslara söykənilmişdir.

Məlumdur ki, Kəngərli rayonu Naxçıvan Muxtar Respublikasının ən gənc rayonudur. Lakin rayonun özünün yeni yaradılmasına baxmayaraq, bu rayon ərazisindəki yaşayış məntəqələri tarixi baxımdan ən qədim dövlətlərin izlərini özündə qoruyub saxlamaqdadır. Rayonun adının özü də məhz etnotoponimdir və Naxçıvan diyarının ən qədim sakinləri və idarəçiləri olmuş Oğuz-Peçeneq-Kəngərli tayfalarının adı ilə bağlıdır. Kəngərli rayonu ərazisində mövcud olan toponimlər sırasında Böyükdüz adı xüsusi maraq doğurur, çünki eyni adda  kənd, düzənlik və dağ vardır. Qeyd edək ki, Böyükdüz adına 1918-1920-ci illəri əks etdirən xəritədə rast gəlinir.

Bir sıra tədqiqatçılar Böyükdüz adını "Kitabi Dədə Qorqud" dastanında adı çəkilən Bəkdüz Əmən adlı oğuz qəhrəmanı ilə əlaqələndirmiş və bu toponimi antroponim kimi xarakterizə etmişlər. "Kitabi-Dədə Qorqud"da Bəkdüz Əmən Bayandır xanın və Qazan xanın yaxın silahdaşı kimi xatırlanır. Rəvayətlərə görə, Bəkdüz Əmən Məhəmməd Peyğəmbərlə görüşmüş, oğuzlar içərisində ilk dəfə islamı qəbul etmiş və onu yaymışdır. Qeyd edək ki, Bügdüz Əmən, Bığı Qanlu Bügdüz Əmən şəxs adı "Kitabi-Dədə Qorqud" boylarında minbaşı, İç Oğuzdan Qazlıq Qoca oğlı bəg Yegnəyin dayısı, Daş Oğuz bəyi kimi təsvir olunmuşdur. "Bəkdüz Əmən" adında Bəkdüz hissəsini təsviri xarakterli titul kimi təhlil edən Ə.Tanrıverdiyev bəg komponentini bu gün də dilimizdə işlədilən bəy sözünün fonetik variantı kimi izah etmiş, "düz"ün isə "düz, bərabər, həqiqi, doğru, sədaqətli" mənalarında işləndiyini yazmışdır. Lakin V.M.Jirmunski, F.Sümər, S.Əliyarov, A.Bağırov kimi müəlliflərin tədqiqatları ilə tanışlığımız sübut edir ki, yuxarıda verilən birinci izah səthi təhlildən irəli gəlmişdir. Qeyd etmək lazımdır ki, V.M.Jirmunskinin hələ 1974-cü ildə nəşr edilmiş "Seçilmiş əsərlər. Türk qəhrəmanlıq eposu" adlı kitabında Bəkdüz adını təsviri xarakterli ad kimi deyil, tayfa adı kimi izah etmişdir. F.Sümər Əmən bəyin Büğdüzdən olduğunu və bu tayfa adının Türkiyə ərazisindəki bəzi toponimlərdə də əksini tapdığını göstərərək yazırdı ki, büğdüzlərə aid Anadoluda 22 yer adı qeydə alınmışdır və bu yer adları büğdüzlərin də Anadolunun fəthi və məskunlaşdırılmasında digər qardaş boylarla yanaşı, olduqca mühüm bir rol oynayırdı. Lakin həmin boya aid XVI əsrdə ancaq kiçik bir büğdüz oymağı mövcuddur. Hələb türkmənləri arasında görünən bu büğdüz oymağı 65 vergi evi qədərdir.

Bizim fikrimizcə, Böyükdüz elə etnotoponimdir. İlk növbədə "Kitabi-Dədə Qorqud" dastanının özünə də diqqət yetirdiyimiz zaman görürük ki, bir yerdə dastan qəhrəmanının adı "Bin Bügdüz başları Əmən" formasında işlənmişdir. Buradan aydın olur ki, "Bügüz" qəhrəmanın adının bir hissəsi və ya titulu deyildir. Min nəfərlik bügdüzlərin başçısı olduğu üçün Əmən "Büğdüz Əmən" kimi xatırlanır. Bu hissədə qeyd etmək lazımdır ki, böyük ehtimalla, "Bin Bügdüz başları" ifadəsi heç də bügdüzlərin min nəfərdən ibarət olduğunu göstərmir. Bu bügdüzlərin Oğuz ordusuna verdiyi döyüşçülərin sayının göstəricisi ola bilər. Qeyd etmək lazımdır ki, türklərdə inzibati ərazilərin min nəfərlik qoşun verən hissələr üzrə bölünməsi ənənəsi tarixən mövcud olmuşdur.

Mahmud Kaşğarlının "Divani lüğət-it türk" əsərində və Rəşidəddinin "Oğuznaməsi"ndə də oğuz boylarından biri kimi məhz bəkdüzlər göstərilmişdir. Bügdüz//Bəgdüz adı F.Rəşidəddinin "Oğuznamə"sində "başqaları ilə mülayim olan, yumşaq davranan" mənasında verilmişdir. Əbülqazi Bahadır xanın "Türkmənlərin şəcərəsi" əsərində Büqdüz Oğuz xanın altıncı oğlu kimi xatırlanır və bu sözün mənası "xidmət etmək" anlamında izah olunur. Bəzi mənbələrdə isə Bəkdüz sözünün mənası qədim türk dillərində "ruh" anlamında olduğuna dair məlumatlara da rast gəlirik.

Oğuzların Bəkdüz tayfasının adı ilə bağlı olan Böyükdüz toponimi Kəngərli rayonu ərazisində etnokomonimlə yanaşı, etnooronim dağ adı (Böyükdüz dağı) və adonim (Böyükdüz düzənliyi) kimi qeydə alınmışdır. Böyükdüz düzənliyinin mərkəzində Kor Osman tirəsinin suayrıcında yerləşən Böyükdüz dağının hündürlüyü 833 metrdir. Böyükdüz düzənliyi isə Araz çayının sol sahili boyu uzanır və düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Müqayisə üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisində Böyükdüz dağ adı olaraq da qeydə alınmışdır. Bu dağ Güznüt kəndindən 4,2 kilometr şimal-şərq istiqamətində yerləşir.

Bəli, nəticədə belə qənaətə gəlirik ki, Böyükdüz toponimi Bəkdüz etnonimindən (tayfa adından) yaranmış, Bəkdüz etnoniminin özü isə Bəkdüz insan adınından formalaşmışdır. Oğuz xanın oğlu Bəkdüzün nəslindən olanlar anlamındadır.

 





21.08.2020    çap et  çap et