525.Az

Maestro Niyazinin məzarı ziyarət olunub


 

Maestro Niyazinin məzarı ziyarət olunub<b style="color:red"></b>

Avqustun 20-si görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin anadan olmasının 108-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları Niyazinin Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bildirib ki, muzeyin kollektivi hər il Niyazinin xatirəsini yad edir, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlər keçirir. "Bu dəfə onun doğum günü pandemiya dövrünə təsadüf etdiyindən biz onun evində toplaşa bilmirik".

Qəbri ziyarət etdikdən sonra onlayn şəkildə Türkiyə-Azərbaycan qarşılıqlı mədəni əlaqələrinə həsr olunacaq beynəlxalq konfransın keçiriləcəyini deyən A.Bayramova qeyd edib ki, konfransda mütləq Niyazinin Azərbaycanın musiqi mədəniyyətindəki rolundan da söhbət açılacaq.

Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədov bildirib ki, bütün türk dünyasında adı çəkiləcək 3-4 bəstəkar varsa, onlardan biri də maestro Niyazidir.

Qeyd edib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılacaq. Niyazi nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətində, həmçinin Türkiyənin simfonik musiqi orkestrinin inkişafında böyük rolu olub. "Bir insan milyonlara bərabərdir, bəzən milyonların bir insan qədər rolu yoxdur. Amma Niyazi milyonlara bərabər bir dahi şəxsiyyətdir. Çünki millət insanların çoxluğu ilə deyil, dahi şəxsiyyətlərinin sayı ilə ölçülür", - deyə S.Məmmədov əlavə edib.

Xalq artisti Zaur Rzayev deyib: "Azərbaycan xalqı böyük xalqdır ki, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Niyazi kimi böyük insanları Azərbaycana bəxş edib. Yadımdadır ki, o, "Arşın mal alan" əsərini İstanbulda səhnələşdirmişdi. Niyazi əsl milli düşüncə sahibi, dünya şöhrətli bir insan idi. Hamımızın borcudur ki, onun xatirəsini yad edək".

 





21.08.2020    çap et  çap et