Mütəxəssislər sürətlə dəyişən dünyanın gələcəyi ilə əlaqədar müxtəlif proqnozlar verirlər. Ötən ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında həmin mövzuda beynəlxalq tədbir keçirilib. Bir neçə ssenaridən söhbət açılıb. Ekspertlər qlobal miqyasda hansı idarəetmə modelinin üstün ola biləcəyini müzakirə ediblər. Maraqlı ideyaların səsləndiyi həmin tədbirdə fikir müxtəlifliyi diqqəti çəkib.
İnformasiya əsrinin geosiyasəti
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil edilən Ümumdünya İqtisadi Forumunda dünyanın gələcək idarə edilməsinin üç mümkün ssenarisi müzakirə olunub. Onlar qlobal miqyasda strateji idarəetmə ilə əlaqəli olduqlarından maraq doğurur. Mütəxəssislər 2050-ci ildə ümumilikdə idarəetmədə hansı modelin üstünlük təşkil edəcəyi ətrafında fikir mübadiləsi aparıblar. Məsələnin bu aspektdə qoyulması təsadüfi deyil.
Çünki qloballaşmanın getdikcə daha da intensivləşməsi və informasiya-kommunikasiya vasitələrinin sürətli inkişafı bu problemi aktuallaşdırıb. Onu da nəzərə alaq ki, müasir dünyada müxtəlif təbiətli ziddiyyətlər özünü göstərir. Onların bütövlükdə bəşəriyyətin taleyinə necə təsir edəcəyi məsələsi maraq doğurur.
Burada bir mühüm məqamı vurğulamaq gərəkdir. Dünyanın aparıcı alimlərinin qənaətinə görə, hazırda üçüncü informasiya inqilabı mərhələsidir. İndi informasiyanın məzmunu, yəni konsepsiyası daha çox əhəmiyyət kəsb edir. Özlüyündə belə bir vəziyyət qlobal miqyasda informasiya vasitəsi ilə idarəetmənin önəm daşıdığını göstərir. Əsas məsələ bu cür idarəetmənin konkret modelini hazırlamaqdan ibarətdir. Əbu-Dabi sammitində problemin məhz bu aspekti diqqət mərkəzində olub.
Tədbirdə üç mümkün ssenari təhlil edilib. Birincisi, dünya "meqaşəhərlər" tərəfindən idarə olunur. İkincisi, mərkəzi hökumətlər öz nəzarətlərini gücləndirmək üçün "əsas məlumatlardan" istifadə edirlər. Üçüncüsü, mərkəzi hökumətlər prinsipial olaraq zəifdirlər, ancaq onların idarə etdikləri bazarlar və müəssisələr praktiki şəkildə bütün xidmətləri göstərirlər (bax: Joseph S. Nye. Governance in the Information Age / "Project-Syndicate", 5 dekabr 2013).
Yuxarıda vurğulanan üsulların hər biri idarəetmədə ciddi yenilikləri ifadə edirlər. Birinci iki üsul mərkəzi hakimiyyətin daha da güclənməsi ssenarisi üzərində qurulub. Dünyanı böyük şəhərlərin (qədim yunan terminologiyası ilə "polislərin") idarə etməsi ehtimalı məhdud sayda dövlətin aparıcı rol oynaması proqnozuna əsaslanır. Bu variantı bir sıra Qərb tədqiqatçısı (məsələn, kanadalı sosioloq M.Maklyuen) bəşəriyyət üçün təhlükəli hesab edirlər.
Çünki onda dünya "qlobal kənd"ə çevrilə bilər ki, çoxlu sayda xalqlar informasiya ilə bir mərkəzdən idarə olunan köləyə çevrilərlər. Həmin mənada "meqaşəhər" anlayışının özündə qeyri-müəyyənlik və siyasi mətnaltı məzmun vardır. Görünür, bu ssenari tərəfdarları Qərbin hətta 2050-ci illərdə belə dünyanı tam idarə etməsi barədə düşünürlər.
İkinci ssenari birincidən mahiyyətcə fərqlənmir. Burada, sadəcə, məhdud sayda dövlətlərin dünyanı vahid mərkəzdən informasiya vasitəsi ilə idarə etməsi daha açıq ifadə edilib. Lakin bunu elmi əsaslandırmağa çalışmaqla tamamilə təbii olduğu təəssüratı yaradılır. Məsələn, informasiya inqilabının siyasətin və hakimiyyətin xarakterini dəyişdiyi tezisi irəli sürülür. Təhsilin yaxşılaşdırılması, vergilərin yığılması, daha sağlam səhiyyə sisteminin formalaşdırılması, iş yerlərinin yaradılması və yeni texnologiyaların tətbiqi keyfiyyətcə fərqli sosial-mədəni mühit yaradır. Daha az xərclə böyük gəlir əldə etmək imkanı qazanılır.
Yeni idarəetmə, liderlik və ədalət prinsipi
Həmin ssenaridə vətəndaşların siyasi proseslərdə iştirak dərəcəsinin yüksəlməsi nəzərdə tutulur. Bunun əsas yolu kimi sosial medianın inkişafı göstərilir. Konkret desək, bu cür yanaşmanın kökündə hakimiyyətin yeni texnologiyalar vasitəsi ilə daha effektiv idarə edilməsinin mümkünlüyünə inam dayanır. Dövləti proseslərin transformasiyası üçün yeni imkanlar meydana gəlir. Eyni zamanda, məhsuldarlıq artır.
Bütün bunların yekunu kimi korporativ idarəetmənin daha optimal ssenari olması qənaəti əldə edilir. Bir sözlə, "əsas məlumatlar"la idarəetmə informasiya əsrində hakimliyin bir növü kimi çıxış edir.
Nəhayət, üçüncü ssenari vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi prinsipi əsasında meydana gələ bilər. Bu zaman cəmiyyətin qeyri-hökumət kəsimi daha çox tərəqqi edir. Sosial təbəqələr ölkənin siyasi, iqtisadi və mədəni həyatında geniş iştirak edirlər. Sosial media və şəbəkələrin idarəetməyə təsiri artır. Xüsusilə gənclərin rolu yüksəlir.
Bunlar hökumətin müəyyən mənada zəifləməsini və hakimiyyətin cəmiyyətə "yayılmasını" ifadə edir. "Stratfor"un qurucusu Corc Fridman bu ssenarini daha perspektivli hesab edir. Hər bir halda, üçüncü variant cəmiyyətin daha açıq və demokratik hala gəlməsini nəzərdə tutur.
Lakin burada da kənar müdaxilə aspektində həssas məqamlar mövcuddur. Məsələ ondan ibarətdir ki, daha güclü və geniş informasiyaya malik dairələr açıq cəmiyyətlərə geniş informasiya müdaxiləsi etmək imkanı qazanırlar. Onlar həmin yolla bütövlükdə dünyanın geosiyasi, iqtisadi və mədəni dinamikasını müəyyənləşdirə bilərlər. Bu da dünya miqyasında cəmiyyətlər arasında ayrı-seçkilik yaratmağa səbəb ola bilər. Şübhəsiz ki, belə bir şəraitdə ikili standart öz mövcudluğunu saxlamış olur.
Əbu-Dabidə yuxarıda sadalanan üç ssenari üzərində dayanılması hansı məqamlardan xəbər verir? İlk baxışda burada qeyri-müəyyənlik yoxdur. Çünki söhbət hər şeydən əvvəl müasir idarəetmə metodlarından gedir. Lakin məsələyə daha dərindən yanaşanda bütün variantlar üçün informasiya amili mərkəzi yerdə durur. Bu da özlüyündə hansısa dairənin aparıcı qüvvə olmasını şərtləndirir. Belə ki, informasiyanın mənbəyi, paylanması, yayılması və yenilənməsi xüsusi mərkəzin mövcudluğunu nəzərdə tutur.
Bu müddəalar prizmasından beynəlxalq sammitdə dünyanın 2050-ci illərdə idarə edilməsi məsələsinin üç ssenariyə bağlanması düşündürücüdür. Burada geosiyasi aspektdə bir sıra suallar meydana gəlir. Məsələn, dünyanın lideri problemi necə həll oluna bilər? Çoxqütblü dünya modelinin perspektivi varmı? Əgər ənənəvi olaraq aparıcı rol oynayan dövlətlərin yeni qaydalar çərçivəsində liderliyindən söhbət gedirsə, onda "regional liderlər" anlayışının sərhədi haradan keçəcək?
Başqa suallar da vermək olar. Əsas odur ki, bu günə qədər ədalət prinsipi üzrə yeni dünya nizamı qurmağa xidmət edən yanaşmalara rast gəlinmir. Belə görünür ki, güclü ölkələr yeni şərtlər daxilində siyasi, elmi, texnoloji və idarəetmə üstünlüklərindən yararlanaraq, digər dövlətlərə daha yüksək səviyyədə təsir etməyin optimal yollarını axtarırlar. Çətin ki, bu cür üsulla qlobal problemləri həll etmək mümkün olsun. Bununla yanaşı, şübhə yoxdur ki, bəşəriyyət faktiki olaraq yeni idarəetmə üsullarına ehtiyac duyur. Həmin müstəvidə Əbu-Dabi sammiti əhəmiyyət daşıyır.
Dünyanın müxtəlif regionlarında mövcud olan ixtilafları aradan qaldırmaq aspektində bu ssenarilərin nə dərəcədə səmərəli ola biləcəyi də açıq qalır. Bu problemlər həll edilməsə, beynəlxalq miqyasda yeni siyasi qaydalar tətbiq etməyin mümkünlüyü haqqında qəti söz demək çətinləşir. Belə çıxır ki, bütövlükdə bəşəriyyət yaranmış mürəkkəb vəziyyətdən çıxış yolunu müəyyənləşdirə bilməyib.
Belə bir vəziyyət böyük dövlətlər arasında gərgin mübarizənin davam edəcəyini təsdiqləyir. Regional miqyasda bu, münaqişələrin həll edilməsinin aktuallığını saxlayacağı anlamına gəlir. Ziddiyyətlərin mövcud olduğu şəraitdə qlobal səviyyədə sistemli və ardıcıl inkişafdan danışmaq xeyli risklidir.
Newtimes.az
çap et