525.Az
“Berceste”nin xüsusi buraxılışı Nigar Rəfibəyliyə həsr edilib
“Berceste” aylıq mədəniyyət, sənət, ədəbiyyat dərgisinin Azərbaycanın görkəmli şairəsi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş Türk Dünyası Ədəbiyyatı adlı xüsusi buraxılışı (2013-cü il, dekabr, 138-ci sayı) işıq üzü görüb. Dərginin redaktoru və ön sözün müəllifi Vedat Ali Tokdur.
Nəşrin üz qabığında Azərbaycanın istedadlı, bənzərsiz şairi, ustad sənətkar Nigar Rəfibəylinin rəsmi verilib.
Nigar Rəfibəylinin xatirəsinə həsr olunan dərgi İmdat Avşarın tərcüməsində şairənin “Vida”, “Ayrılıq”, “Neyləyim”, “Rəfiqəm mənim”, “Dağları duman alanda”, “Qəzəl”, “Müşkinaz xanımın əziz xatirəsinə” şeirləri ilə başlanır.
“Azərbaycan ədəbiyyatı” bölümündə anadan olmasının 75 illiyi münasibətilə Məmməd İsmayılın, Zaur Qəriboğlunun, Fərid Hüseynin, Vaqif Aslanın, Vaqif Məmmədovun, Günel Mövludun, Dilqəm Əhmədin, Rafail Tağızadənin, Ramiz Əsgərin, Vaqif Bəhmənlinin və başqalarının şeirləri yer alıb.
Anadan olmasının 100 illiyi münasibətilə Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi İmdat Avşarın və Ömər Küçükmehmetoğlunun tərcüməsində nəşr olunub.
Bölmədə həmçinin Anarın “Yaxşı padşahın nağılı” povesti, Günel Anarqızının “Şuşam”, Pərvin Nurəliyevanın “Turbo Tima”, Aydın Tağıyevin “Adəm kişinin oğlu”, Afaq Şıxlının “Bir ömrün son gecəsi”, Şərif Ağayarın “Anaxanım”, Sahilə İbrahimovanın “Mən deyildim” hekayəsi, Əjdər Olun təqdimatında, tanınmış şəxsiyyətlər haqqında lətifələr oxucuların müzakirəsinə verilib.
Dərgidə Türkiyə ədəbiyyatından Əli Akbaşın “Quş süfrəsi” şeiri, Bəkir Oğuzbaşarın “Türkiyədən Türkistana” şeiri, Ömər Küçükmehmetoğlunun “Arayış” şeiri, Mehmet Qaradaşın “ Türklüyün dərin mənasını axtararkən türkologiyaya və dastanlara baxmaq” elmi məqaləsi işıq üzü görüb.
Xüsusi buraxılışda Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan, Krımdan, Özbəkistandan, Dağıstandan, Krımdan, Uyğur bölgəsindən, Tuvadan, Başqırdıstandan, Tatarıstandan olan yazarların, şairlərin, elm adamlarının əsərləri oxuculara çatdırılır.
“Berceste” aylıq mədəniyyət, sənət, ədəbiyyat dərgisinin Nigar Rəfibəylinin xatirəsinə həsr olunan Türk Dünyası Ədəbiyyatı Xüsusi buraxılışında Azərbaycan, başqırd, qazax, qırğız, Krım tatarı, Kazan tatarı, özbək, qaraçay, tuva, türkmən dillərindən əsərləri Türkiyə türkcəsinə İmdat Avşar, İbrahim Türkxan, Saliyə İbrahimova, Ufuk Tavkula, Abdulbahab Kara, Geyruzə Qaripova, Ömər Küçükmehmetoğlu, Xalid Aşlar, Tolqonay Temirkanov tərcümə ediblər.
Məlahət QƏNBƏROVA
13.01.2014
çap et