525.Az

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


 

Beynəlxalq aləm: <b style="color:red">ziddiyyətlər, münaqişələr, müharibələr</b>

(Əvvəli ötən şənbə sayımızda)

Britaniyalıların hind ordularında yeni tüfəngləri heyvan piyi ilə yağlanırdı, əgər piy donuzunku olsaydı, bu, müsəlmanlar üçün, inək piyi olsa isə hinduslar üçün təhqiramiz olardı. Britaniyalılar nə lazımdısa edirdilər ki, qoşunları inandırsınlar ki, piy heç də heyvan piyi deyildir və təklif edirdilər ki, hindli əsgərlər adətən olduğu kimi, yağlamanı dişləri ilə deyil, əlləri ilə aparsınlar. Lakin milli hisslərə artıq zərbə vurulmuşdu - hinduslar və müsəlmanlar Britaniya ordusunda 200 min nəfərə yaxın idi. Onlar inandırılmışdılar ki, bu, britaniyalıların onların sosioloji dəyərlərini laxlatmaq və Avropa dəyərlərinin Hindistanda yaymaq barədəki dəqiq strategiyalarının bir hissəsidir. Onların qorxusu heç də əsassız deyildi. Britaniya hind mədəniyyətinə həmin yollarla müdaxilə edirdi və əslində, bu ölkənin xristianlaşması planını nəzərdə tuturdu.  

Epiloq

Bəşəriyyət müharibələrdən artıq cana doymuşdur. Yeni dünya müharibəsi nə qədər arzuolunmayan olsa da, əvvəlkilərə oxşar olmayan qaydada meydana gələ bilər və bu, bəşriyyəti görünməmiş bir fəlakətlə üzləşdirər. Qanlı müharibə yaxşı ki, hələlik lokal xarakter daşıyır. Az qala permanent xarakter daşıyan iqtisadi müharibə isə genişlənməsinə görə xüsusi diqqət tələb edir. Bu növ müharibə maliyyə alətlərindən istifadə etmək vasitəsilə aparılır, həm də dezinformasiyanın, terrorizmin, təxribatın və cinayətkarlığın fəallaşdığı bir şəraitdə gedir.

İqtisadi və geosiyasi müharibələr, onlar istər regional, istərsə də qlobal olsun, adi bir epizoddan böyüyüyb başlana bilər. Heç şübhəsiz, kiberməkanda da artıq dərəcədə qızğın vuruş olacağı güman edilir. Dünyanın kiçik istisna ilə bütün ölkələrində COVİD-19 adlı koronavirusun tüğyan etməsi, pandemiyaya çevrilməsi yüz minlərlərlə insan həyatının itirilməsi ilə yanaşı, bu bəlanın başa çatması ilə onun törətdiyi fəlakətlərə heç də son qoymayacaqdır, əksinə, yaratdığı iqtisadi problemlər bəşəriyyətin böyük bir hissəsini ağır çətinlikərlə üzləşdirəcək, ehtiyac girdabının dərinləşməsinə şərait yaradacaqdır. Bu problemlər isə artıq göz qabağındadır. Qarşıdakı böhranın 1929-cu ildə başlanan və uzun illər davam edən Böyük Depressiyanın gətirdiyi bədbəxtliklərin yenidən meydana gəlməsinə səbəb olacaqdır. Sənayedə, nəqliyyatda, xüsusən hava nəqliyyatında, həmçinin, bütün istehsal sahələrində görünməmiş tənəzzül dalğası baş verəcəkdir. Turizm, ictimai iaşə sərt geriliklərlə üzləşəcək, əksər yerlərdə, xüsusən təhlükəsizlik yastığı olmayan ölkələrdə orta və xırda biznesə böyük, bəlkə də müəyyən dövrdə sağalması mümkün olmayan zərbə dəyəcəkdir. Adətən bir sahənin böhranının aradan qaldırılması böyük səylər tələb etdiyi halda, total və daha dərin böhranın yaralarının sağaldılması titanlara xas olan bir qüvvə tələb edəcəkdir. Piqmeylərlə müqayisə olunan ölkələrdən isə bunu gözləmək ağılsızlıqdır. Bu böhran adamların maddi rifahı sahəsində xeyli müddətdə qazanılanları da xeyli geriyə atacaqdır. 

Virusun dağıdıcı təsiri XX əsrdə iki dünya müharibəsinin yaratdığı sosial bədbəxtliklərin miqyasına yaxınlaşması ehtimalının baş verəcəyi barədəki proqnozlar da nə qədər arzuolunmayan olsa da, reallığa çevrilə bilər. Bircə fərq orasındadır ki, şəhərlər, kəndlər, yaşayış məntəqələri dağılmayacaqdır, müharibələr dövründə olduğu kimi xarabalıqlara çevrilməyəcəkdir, onların bir hissəsində isə aclıq yenə də həyatı zəhərləmək əlaməti ilə yaddaşlarda qalacaqdır. Koronavirusdan sonra dəhşətləri ondan heç də az təsirli olmayan koronaaclıq gələ bilər, bu isə baş verdiyi ölkələrdə hökmranlıq edən qüvvənin tac heraldikasına çevriləcəkdir. Belə bir dövrdə bəşəriyyətin bir hissəsi Somalinin və Sudanın indiki acınacaqlı vəziyyəti ilə üzləşməli olacaqdır.

II Dünya müharibəsində vuruşan 72 dövlətin bir hissəsi alman nasistləri və yapon militaristləri, onların əlaltıları, digər hissəsi isə Müttəfiqlər və onlara qoşulanlar idi. İndi isə bütün dünya vahid, həm də gözəgörünməz bir düşmənə - koronavirusa qarşı vuruşur və cəbhədə vəziyyət hələ də pandemiyanın tərəfindədir. İqtisadi cəhətdən qüdrətli dövlətlər ciddi maddi itkiyə məruz qalsa da, vəziyyəti asanlıqla dəf edib, daha da varlanacaqlar. II Dünya müharibəsi başa çatanda ABŞ fövqəldövlətə çevrildi. İndi də belə metamorfoza baş verə bilər. Vay iqtisadi cəhətdən zəif, donorlardan ənam gözləyən və ələbaxımlığa öyrənmiş ölkələrin və xalqların halına. Onları daha ağır müflisləşmə gözləyir və miqrantlar axını, hansı mənzilə üz tutacaqlarından asılı olmayaraq, artacaqdır. Onsuz da bəzi ölkələrdən əhalinin öz doğma ev-eşiklərini tərk edib, başqa dövlətlərə üz tutması illər boyunca davam edir.   

Xeyli sayda digər faktorların - qeyri-sabitliyin, xüsusən kütləvi miqrasiyanın iştirakı ilə gedən, iqlim dəyişikliyi və təbii fəlakətlərlə müşayiət olunan hadisələr həm də rəqabəti, ziddiyyətləri böyüdür, kəskinləşdirir. Adamlar olduqca böyük ölçüdə manipulyasiyaya məruz qalırlar. Beynəlxalq münasibətlərin yaxşılaşması, bir bədbəxtlik nişanəsi kimi dövlətlərin milli mənafelərinə qurban verilir. Çünki mənfəət götürmək, öz təsirini gücləndirmək naminə dövlətlər başqalarına təhlükə törətməkdən belə çəkinmirlər.

Qədim Romanın nəcib imperatorlarından olan böyük filosof Mark Avreli özünün "Düşüncələr" əsərində yazırdı ki, "If it is not right, do not do it; if it is not true, do not say it". -"Əgər nəsə düzgün deyilsə, onu etmə, əgər nəsə həqiqət deyilsə, onu söyləmə".  Bu sadə, lakin müdrik sözlər elə bil ki, müasir dövət rəhbərlərinə səmimi bir müraciətdir. Onlar bu nəsihətə qulaq assaydılar, dünya təlatümlərə fasilə verər, sakit həyata qovuşardı. Təəssüf ki, bəzi dövlət başçıları beynəlxalq münasibətlərdəki gərginliyə, onun böhran kütləsinə çevrilməsi ehtimalına əhəmiyyət vermir, ziddiyyətlərdən də fayda götürmək, onlardan mənfəət əldə etmək həvəsi ilə bu gərginliyi qarşısıalınmaz hədlərə gətirib çıxarırlar. Öz hərəkətlərinə haqq qazandırmaq, rəqibi saydığını aşağılamaq üçün bəziləri ədalət prinsipini tapdalayaraq, hətta tarixə, baş vermiş mühüm faktlara hücum edir, yaxın keçmişin təftişinə, hətta açıq təhrifinə əl atırlar. Və bu barışmaz ixtilaflar üçün bünövrə rolunu oynayır.

İkinci Dünya müharibəsində ağır əzablara düçar olduğu kimi, böyük qurbanlar verməklə qələbəyə nail olan ölkəyə və onun xalqlarına minnətdarlıq hissi əvəzinə, söhbət SSRİ-nin həmin müharibədə faşizmə qarşı ölüm-dirim şəklində gedən mübarizədəki müstəsna rolundan gedir, Rusiyanı sıxışdırmaq məqsədilə onların danılmaz xidmətləri kiçildilir və ya bütünlüklə inkar edilir, qələbə çələnginin yalnız iki Qərb dövlətinin - ABŞ və Böyük Britaniyanın başını bəzəməsi məqbul sayılır. SSRİ süqut etsə də, Nasist Almaniyası üzərindəki qələbədə onun müqayisəyəgəlməz xidmətləri olmuşdur. Sovet xalqının dünyanı faşizm taunundan xilas etmək naminə verdiyi qurbanların miqyası ilə yanaşı, qələbənin əldə edilməsində rolu şübhəsizdir və bunu etiraf etməməyin özü ədalətsizlik və saxtakarlıq olmaqla, həm də tarixə xəyanətdir. II Dünya müharibəsi başa çatanda Qərbin siyasi xadimləri hadisələrin müasirləri kimi nasist Almaniyası üzərindəki qələbəyə Sovet İttifaqının verdiyi töhfəni yüksək qiymətləndirirdilər, onların arasında ABŞ prezidenti Harri Tpumen də var idi. İndi isə rəylər radikal qaydada dəyişilmişdir, sovet xalqının, Qızıl Ordunun faşizm üzərində qazanılan qələbədə böyük və əvəzsiz rolu az qala bütünlüklə inkar edilir. Qərbdə tarixin saxtalaşdırılması eybəcər səviyyəyə çatır, İkinci Dünya müharibəsinin başlanmasına görə nasist Almaniyası ilə birlikdə Sovet İttifaqı tam ədalətsiz olaraq təqsirkar kimi qələmə verilir. Qalib ölkənin şərəfi ayaqlar altına atılır, onun qaralanması hədd tanımır. Yeganə məqsəd isə Rusiyanı aşağılamaq, onun mənəvi iftixar mənbəyini gözdən salmaqdır. Belə saxtalaşdırılan tarix hörmətdən düşür, elm olmasını, həqiqəti əks etdirməsini itirir. SSRİ bir dövlət kimi tarixi tərk etsə də, - min illər ərzində çox sayda ən qüdrətli dövlətlər də bu taleyi yaşamalı olmuşlar, lakin həqiqətləri, mövcud olmayan kimi qələmə vermək üsuluna heç vaxt əl atılmamışdır, - müttəfiqləri ilə birlikdə onun bəşəriyyəti faşizm əsarətinə düşmək bəlasından xilas etməsini danmaq Günəşi inkar etməyə bərabərdir. 

Yalan elm adına verilirsə və bu, cin kimi butulkadan çıxarılsa, bir də onu geri qaytarmaq mümkün olmur. Yalan, təbliğatı nə qədər bəzəsə də, daha doğrusu, pozğunluq yoluna döndərsə də, elmə hücum etməməlidir, elmin bəkarətinə, ləyaqətinə toxunmamalıdır. Hər bir yazı yalnız elmə hörmət əsasında öz sarsılmaz karkasına malik olmalıdır. Öz eqoistik mənafeləri naminə Pandora qutusunu açanlar isə hərəkətlərindən mükafat gözlədikləri halda, nəticə etibarilə, bəlalarla üzləşəcək, böyük Puşkinin ifadəsi ilə desək, sınıq təknə yanında qalacaqlar.

Beynəlxaq aləmə gəldikdə, bitki gecələr şehə möhtac olduğu kimi, bu nəhəng orqanizm də ziddiyyətləri aradan qaldırmaq yolu ilə öz sağlamlığına can atmalıdır, əks təqdirdə fəlakətlərdən qaçmaq mümkün olmayacaqdır. Qədim yunan müəlliflərinin dediyi kimi, bəşəriyyət beynəlxalq münasibətlərdəki zorakılığı cilovlamağı bacarmalıdır.

Din qədim insanları, Allahın onlara müraciəti timsalında müharibədən uzaqlaşmağa səsləyirdi. Bibliyanın "İsayya" kitabında (2:4) Allahın sülhə necə böyük əhəmiyyət verdiyi, müharibənin tarixdən birdəfəlik silinməsi barədəki onun istəyi bu hikmətli sözlərdə ifadə edliir: "O (Allah - müəllif.), böyük xalqlar arasında müzakirə aparacaq, onlar öz qılınclarını döyüb, kotanlara çevirəcəklər və onların nizəsi bağ bıçaqlarına çevriləcəkdir. Millətlər heç vaxt bir daha başqasına qarşı müharibəyə başlamayacaq, heç vaxt döyüşə hazırlaşmayacaqlar".

Təəssüf ki, bəşəriyyət Allahın bu müdrik nəsihətinə qulaq asmadı, əməl etmədi, əksinə, müharibəni kəsərli bir münaqişə alətinə çevirdi. Bəlkə tarixin kamil dövrü olan XXI əsrdə dövlət başçıları humanizmi əsas götürərək, Allahın bu ali göstərişini həyata keçirib, müharibəni öz siyasət praktikalarından uzaqlaşdıracaqlar. Lakin hadisələrin gedişi müşahidə edildikcə, belə perspektivin mümkünlüyünə heç cür inanmaq olmur.

Əgər silahlar məhv edilsə, torpağa gömülsə, bəşəriyyət onların basdırıldığı belə nəcib qəbiristanlıqlarla öyünə bilər və bu tarixi sərdabələrin alaqaplarını Bibliyanın yuxarıdakı müdrik sözlərinə həsr olunmuş, indi Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı binasının qarşısındakı meydançada qoyulmuş "Qılıncları döyüb kotanlara çevirək" adlanan məşhur heykəlin kopyaları bəzəyərdi. Görkəmli sovet heykəltəraşı, Volqaqraddakı Mamayev Kurqan memorialının - monumental heykəltəraşlıq ansamblının müəllifi Yevgeni Vuçetiç özünün bu dahiyanə əsərinə "Perekuem meçi na orala" adını vermişdi. Təsvirdə qılıncı döyüb kotana çevirən iri cüssəli kişinin əzələlərinin gərginliyindən nəcib bir işə girişdiyi barədəki möhkəm iradəsi nəzərə çarpır.

Əlbəttə, ifadə olunan ideya illüziya xarakteri daşıyır, çünki reallıq dünya siyasətində mövcud olan trendə tam əksliyi əks etdirir. Lakin xeyirxah ümidi dilə gətirmək heç də günah sayılmamalıdır. Axı hətta Pandoranın qutusundan da çoxlu bəlalardan sonra, axırda ümid çıxmışdı. Xoş ümid çox hallarda davranışa da öz müsbət təsirini göstərir.

İndi dünya Bibliyanın təsvir etdiyi dövrdən çox fərqlidir, nəhəng və olduqca mürəkkəbdir, dövlətlərin mənafeləri nəinki bir-birinə uyğun gəlmir, hətta onlar ziddiyyətlər düyününə çevrilirlər.

Prometey vaxtilə mövcud qadağaları pozaraq insana odu bəxş etmiş, buna görə ağır cəzaya məhkum edilmişdi. Onun hədiyyəsi bəşər övladına təbiətə qarşı mübarizədə böyük fayda vermişdi. Lakin oddan istifadə etməklə ibtidai insan həm də ilk primitiv silahlarını hazırlamışdı. Min illər ərzində isə insan ağlı ən təhlükəli və ölümcül silahlar icad etmişdir. İndi elə bir Prometey lazımdır ki, hökumətlərə təsir göstərməklə, bəşəriyyətə heç kəsin poza bilməyəcəyi sülh bəxş etsin. Onu, yəqin ki, bütün müxtəlif dinlərə sitayiş edənlər özlərinin ən ali müqəddəsi hesab edərdilər. Lakin Prometey qədim mifologiyaya məxsusdur, onun yenidən həyata gəlməsi və fövqaladə işlər görməsi ehtimalı da ağlabatan deyildir.

Dünya yenə də bir dilemma qarşısındadır, ya müharibə qılıncı qınına qoyulmamalıdır, ya da möhkəm sülh bərqərar edilməlidir. Axırıncı yalnız arzu xarakteri daşıyır, birinci variant isə, müharibənin dövlətlər arasındakı münasibətlərdə iyrənc bir vasitə kimi qalmasıdır. Bu isə insan qanının kütləvi şəkildə tökülməsi ilə müşayiət olnacaq, faciələrə və fəlakətlərə gətirib çıxaracaqdır. Deməli, bir daha tarixin acı dərslərinə məhəl qoyulmayacaqdır. 

SON
Dekabr 2019 - mart 2020-ci illər

 





23.08.2020    çap et  çap et