525.Az

Xalq şairi Fikrət Qoca Prezidentə təşəkkür etdi


 

Xalq şairi Fikrət Qoca Prezidentə təşəkkür etdi<b style="color:red"></b>

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 85 illik yubileyi ilə əlaqədar olaraq Xalq şairi Fikrət Qocaya məktub ünvanlayıb və onun “İstiqlal” Ordeni ilə təltif olunmasıyla bağlı sərəncam imzalayıb.

Xalq şairi Fikrət Qoca “525”in müxbirilə telefon söhbətində ona göstərilən bu böyük diqqət və ehtirama görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib, bu təltifin dövlət başçısının onun yaradıcılığına verdiyi yüksək qiymətin təzahürü olduğunu vurğulayıb.

Xalq şairi bu təltiflə bağlı ilk xəbəri dövlət başçısının özündən aldığını qeyd edib: “Prezident cənab İlham Əliyev avqustun 24-ü səhər saatlarında mənimlə telefon əlaqəsi saxladı, yubiley münasibətilə məni təbrik etdi, yaradıcılıq fəaliyyətimdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzuladı. Cənab Prezident Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərimi xüsusi vurğulayaraq əsərlərimin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini bildirdi. Söhbət zamanı o, məni “İstiqlal” Ordeni ilə təltif etdiyini deyərək bu münasibətlə də xüsusi təbriklərini çatdırdı”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daima böyük diqqət və qayğı göstərdiyini vurğulayan Xalq şairi Fikrət Qoca Ümummilli liderlə görüşlərini məmnunluq hissi ilə xatırladığını qeyd edərək deyib ki, vaxtilə Heydər Əliyev onun Moskvada əməliyyat olunmasında böyük rol oynayaraq həyatını xilas etmişdi: “Ümummilli liderin ədəbiyyat adamlarına diqqət və qayğı göstərməsi ilə bağlı ənənəsini bu gün cənab Prezident uğurla davam etdirir. Prezident İlham Əliyev də müalicə olunmağımla bağlı müvafiq tapşırıqlar verərək iki dəfə mənim həyatımı xilas edib. Bundan əlavə, onun tərəfindən bir neçə dəfə təltif olunmuşam və hazırda cənab Prezidentin mənə bağışladığı mənzildə yaşayıram. Göstərdiyi bu diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Ölkə başçısının mənə göstərdiyi bu qayğı ümumilikdə Azərbaycan ədəbiyyatına, Azərbaycanın şair və yazıçılarına diqqətin növbəti təzahürüdür”.

Şahanə MÜŞFİQ

 





24.08.2020    çap et  çap et