525.Az

Səmimiyyətin nəcib gücü - Əflatun Amaşovun məqaləsi


 

Səmimiyyətin nəcib gücü - <b style="color:red">Əflatun Amaşovun məqaləsi </b>

Nəciblik, kübarlıq, xeyirxahlıq, qayğıkeşlik - bu və sadalamadığım bir çox insani keyfiyyətləri ümumi şəkildə humanistlik adlandırmaq da mümkündür. Ancaq əsas olan bu deyil. Yəni yalnız humanistliklə iş bitmir. Humanistlik ilk növbədə işgüzarlıqla çulğalaşmalıdır. İşğüzarlıq isə tələbkarlıq deməkdir. Söhbət ilk növbədə özünə münasibətdə tələbkarlıqdan, öz üzərində çalışmaqdan gedir. Belə olursansa, ətrafdakılara qarşı tələbkar olmaq üçün mənəvi haqq qazanırsan.

Qayəsində humanistliyin, irsən gələn daxili aləm zənginliyinin dayandığı tələbkarlıq tədricən fərqli xüsusiyyət qazanır. Cəmiyyət üzvləri bunu görür və onlarda rəğbət formalaşır. Bu rəğbət ictimai motivlidir, ancaq özünə münasibətdə onu görən və duyan şəxs dövlətçilik ruhunun daşıyıcısına çevrilir. Axı cəmiyyəti cəmiyyət edən dövlətdir. Dövlət isə o zaman yaşayır ki, vətəndaş olduğundan qürur duyan insan var. O insan ki, rifah və huzur axtarışındadır. Axtarışlar daim davam etdiyindəndir ki, humanizm  sərhədləri aşır, daşıdığı missiya bəşəriləşir. Bəşərilik həm də alilikdir. Aliliyi yaradan da odur - insanın özü. Azərbaycanın Birinci Vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın ömür yolundakı trayektoriyanı kiçik qeydimlə göstərməyə çalışdım.



Mehriban Əliyeva humanistliyin, nəcibliyin və kübarlığın, eyni zamanda vətənpərvərliyin vətəndaşa sevgi və qayğı hissləri ilə özünü göstərən obrazıdır. Bu obraz oturuşmuş mövqe əldə etməklə məxsusi ənənə formalaşdırır, dövlətçilik təfəkkürümüzə yeni ahəngli, yeni ruhlu baxış gətirir. Vətəndaşı duymağı, ona onun öz dilində müraciət etməyi aşılayır. Bu baxış çətin gündə dayaq olmaqla yanaşı, çətinliyin aradan qalxacağına əminliyin ifadəsidir. Diqqət yetirək, Mehriban xanım koronavirus infeksiyası ilə bağlı xalqa müraciətində bildirir: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

Müasir müstəqil Azərbaycan dövləti bütün çətinlik və məhrumiyyətlərə sinə gərmək iqtidarındadır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu təməlin möhkəmlik faktoru Prezident İlham Əliyevdir. Bir dövlət isə o zaman məğrurdur ki, onun idarəçiliyində güclə nəcibliyin vəhdət ahəngdarlığı var. Ahəngdarlıq dövlət başçısının yeritdiyi siyasi xəttdəki prinsipiallığın xoş niyyət məramının son dərəcə incə notlarla vurğulanmasındadır. Ahəngdarlıq həmçinin insan təbiətindən irəli gələn xarakterdir.

Bəli, Mehriban xanım milli maraq və mənafelərimizin qorunmasına yönələn qərarların, baxış və düşüncələrin sadə və dolğun şəkildə insanlarımıza izahını mədəniyyət nümunəsinə çevirən xarakterdir. Təcrübə göstərir ki, onun çağırışlarındakı ifadə tərzi ən müxtəlif vəziyyətlərin gətirdiyi gərginliyi aradan qaldırmaqla insanlarda ruh yüksəkliyi formalaşdırır. Xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqa müraciətini yada salaq: “...Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”. 

Mehriban xanım Əliyeva xalqa ağlı və gücü işlətmək üçün peşəkar siyasətçi kimi istiqamət verir. Yəni hər kəs öz işində, öz yolunda peşəkar olsun. Axı, bu, həm də dövlətə xidmətdir. Peşəkarlıq eyni zamanda sözdə və əməldə səmimiyyətdir. Xalq ona çağırış edən şəxsin bu xarakterini də görür və dəyərləndirir. Nəzərə alaq ki, Mehriban xanımın çoxsaylı xeyirxahlıqlarının, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng işlərin təməlində də dayanan məhz səmimiyyət faktorudur. Səmimiyyət isə dahilərdən birinin söylədiyi kimi, böyük ürək istədiyi üçün ona malik olan insan özündə çətin işlərin öhdəsindən incəliklə gəlmək bacarığını daşıyır. Mehriban xanım məhz bu bacarığın sahibidir.

Bacarıq insan ruhundakı qabiliyyətin təntənə meyarıdır. Şüurlu insan öz qabiliyyəti və əldə etdikləri barədə hər zaman düşünür. Ancaq düşüncələrini cilalamaq baxımından doğum gününün yeri bir başqadır. Həmin gün özün üçün bacardıqlarının bir növ, hesabatını verir, qarşıda duran vəzifələrinə nəzər yetirir və yekun nəticəyə gəlirsən. Hesab edirəm ki, keçdiyi şərəfli ömür yolu, reallaşdırdığı tədbir və təşəbbüslər, daşıdığı bəşəri missiya Mehriban xanımın doğum gününün mənəvi zənginlik hesabatıdır. Bizə isə ona Vətənimiz Azərbaycan naminə gördüyü böyük işlərdə uğurlar arzulamaq qalır.

Uca Tanrı yardımçısı olsun!

 





25.08.2020    çap et  çap et