525.Az

Özünü qanundan üstün sayanlar dövlətin sərt üzünü gördü


 

Özünü qanundan üstün sayanlar dövlətin sərt üzünü gördü<b style="color:red"></b>

Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib.

Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən, yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.

Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Lakin bir neçə gün əvvəl bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.

Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək.

Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Bu reallığı hamı, həmçinin, bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.

Bəzi vəzifəli şəxslərin, akademiklərin iştirakı ilə keçirilmiş toy mərasimi cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən ciddi şəkildə qınanır.

Xalq artisti Rasim Balayev mətbuata açıqlamasında deyib ki, qanun hamı üçün eyni olmalıdır. Onun sözlərinə görə, 5-10 nəfərlə məclis edənlər cərimələndiyi kimi, məmurlar, tanınmışlar da bunu edəndə cəzalandırılmalıdır: "Hər kəs qanuna əməl etməlidir. Dövlət adamları, rəsmi şəxslər cəmiyyətə nümunə olmalıdır. Amma bunu etmirlər. Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı? Ona görə də, baş verənlərə çox pis baxıram. Karantin qaydaları ya hamıya aid edilməlidir, ya da hər kəsə imkan verilməlidir ki, toyunu, yasını etsin. Ölkədə bu gün minlərlə adam övladının toyunu təxirə salıb. Toysuz gəlin gətirən minlərlə valideyn var. Onlar adam deyil? Qanun hamı üçündür. Əgər vəzifəli şəxslər buna əməl etmirsə, sadə xalqdan da qanuna əməl etməyi tələb etmək olmaz. O şəxslər cəzalandırılmalıdır və cəzalandırılır".

Professor, tanınmış ictimai xadim Qulu Məhərrəmli isə mətbuata açıqlamasında baş verənləri ümumilikdə cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirib: "Mən belə hesab edirəm ki, kimliyindən, hansı vəzifəni tutmasından, ictimai nüfuzundan asılı olmayaraq, qoyulmuş qaydalar hamı üçün eynidir. Əgər hamının qəbul etdiyi və əməl etdiyi qayda varsa, ona Ramiz Mehdiyev və qeyriləri də əməl etməlidir. Yəni Operativ Qərargahın qərarına görə toy və yas mərasimləri keçirmək qadağandır. Amma birdən-birə bu cür məlumatların yayılmağı sözün düzü, təəccüblüdür. Mənə elə gəlir ki, hələ Ramiz müəllimin başında çox havalar qalır, yəni istisnalar onlar üçündür və sair. Əlbəttə ki, qəbulolunmaz haldır. Evlənənlər, nigah bağlayanlar var, amma bu cür dəbdəbəli toy etmək heç kimin ağlına gəlmir. Ona görə də bunu ümumi qanunsuz hal hesab edirəm, qaydaların pozulmasıdır, ümumiyyətlə, ictimaiyyətə hörmətsizlikdir və buna belə soyuqqanlı baxmaq olmaz".

Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, bütün dünya ölkələri, o cümlədən, Azərbaycan koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Dövlətimiz tərəfindən bu istiqamətdə ardıcıl, sistemli tədbirlər həyata keçirilir. Bu günədək daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy və yas mərasimləri keçirən çox sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə isə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb".

Fatma Yıldırım bildirib ki, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz. Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar verib. Müəyyən yumşaldıcı tədbirlər görülsə də, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən, yas və toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Deputatın sözlərinə görə, qanunu pozanlar mütləq şəkildə məsuliyyətə cəlb edilməlidirlər və edilirlər. Koronavirusla mübarizənin ümummilli məsələ olduğunu deyən Fatma Yıldırım vurğulayıb ki, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.

PƏRVANƏ

 





25.08.2020    çap et  çap et