525.Az

Hökumətə necə müraciət etməli?


 

Hökumətə necə müraciət etməli?<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Prezidenti kifayət qədər ictimai əhəmiyyət kəsb edən bir sərəncam imzalayıb. Söhbət hökumətə müraciət etməyin daha bir innovativ üsulundan, "ASAN müraciət" informasiya sisteminin yaradılması haqqında sərəncamdan gedir.

Bu sərəncamla, anlaşıqlı desək, vətəndaşlar üçün mobil telefon vasitəsilə foto, video, səs formasında müraciətin dərhal göndərilməsinə imkan verən mobil tətbiq hazırlanması nəzərdə tutulub. Yəni vətəndaş bu sistemlə hansısa problemi anındaca telefonla çəkərək, şəkil və ya videonu yükləyərək, müvafiq dövlət qurumunu seçərək müraciəti dərhal da göndərə biləcək.

Əgər internet bağlantısı həmin an yoxdursa, sistem bunu sonradan da göndərməyə imkan verəcək. Sistem müraciətin nəticəsini izləməyə də imkan yaradacaq. Sərəncama əsasən, bütün mərkəzi icra orqanlarının informasiya resursları ASAN müraciətə inteqrasiya olunacaq.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, bu sistem yerli icra hakimiyyətlərini də əhatə edəcək. Yəni sistem bütün ölkə üzrə fəaliyyət göstərəcək. Düşünürəm ki, bu amil regional rəqəmsallaşmanın da sürətlənməsinə kömək edəcək.

Son zamanlar Prezident dəfələrlə vətəndaşların ictimai nəzarət proseslərində iştirakına toxunaraq bunun çox vacib olduğunu qeyd edirdi. Fikrimcə, bu resursun yaradılmasında əsas məqsəd də məhz vətəndaşların bütün ölkə üzrə ictimai nəzarət proseslərində və hökumət qərarlarının qəbul edilməsində iştirakını gücləndirmək, hökumət-vətəndaş münasibətlərini daha çevik şəkildə qurmaqdır. İnanıram ki, bu sistem dövlət qurumlarının məsuliyyətini xeyli artıracaq, şəffaflığı gücləndirəcək və korrupsiya risklərini azaldacaq.

Bu tip rəqəmsal həllər beynəlxalq təcrübədə vətəndaş iştirakçılığı üçün geniş yayılan üsullardan biridir. Yeri gəlmişkən, bizdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekoloji problemləri ictimailəşdirməyə kömək məqsədilə bu tip rəqəmsal həll, EKO-RADAR ötən ildən uğurla tətbiq olunur. Düşünürəm ki, ölkə üzrə "Asan müraciət" sisteminin yaradılması ilə hökumətin, ASAN-ın əlində nəhəng DATA formalaşacaq. Ümid edirəm ki, bu data cəmiyyət üçün açıq olacaq, açıq məlumat bazaları formalaşdırılacaq, cəmiyyət üçün ictimai əhəmiyyət kəsb edən infoqrafikalar hazırlanacaq, hökumətin, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinə qiymət vermək üçün zəruri sayılan bütün məlumatlar bu sistemdə əlçatan olacaq.

 





25.08.2020    çap et  çap et