525.Az

Ermənistanın diversiya-kəşfiyyat qrupunun növbəti təxribat cəhdi nəyə hesablanıb?


 

Ermənistanın diversiya-kəşfiyyat qrupunun növbəti təxribat cəhdi nəyə hesablanıb?<b style="color:red"></b>

Məlum olduğu kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə,cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

"Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", nazirliyin məlumatında vurğulanıb.

Göründüyü kimi, bu, növbəti diversiya, sabotaj və terror cəhdidir və cari ilin iyulunda Azərbaycan-Ermənisan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını növbəti dəfə nümayiş etdirərək diversiya cəhdinin qarşısını alıb və qrupun komandiri əsir götürülüb.

Ermənistan tərəfindən yaralananlar və ölənlərin olduğu barədə məlumatlar var. Ermənistan mediasında əsgər ölümləri barədə verilən məlumatlar məsələnin mahiyyətini gizlətmək cəhdidir. Həmin hərbçilər diversiya cəhdi zamanı ölüblər.

Qeyd edək ki, bu, Tovuz hadisələri zamanı olduğu kimi Azərbaycan Ordusunun növbəti uğurudur.

Ermənistanın növbəti təxribatını şərh edən deputat Ceyhun Məmmədovun sözlərinə görə, bu, bir daha Ermənistan rəhbərliyinin özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmədiyini göstərir.

"Tovuzda və bu gün baş verənlər çirkin məqsədlərin nəticəsi idi. Biz ötən ay Tovuzda xoşa gəlməyən hallara rast gəldik. Ermənistan Tovuz istiqamətində hücum edərək yeni torpaqlar işğal etmək istədi. Bunun qarşısı güclü ordumuz tərəfindən çox qətiyyətlə alındı. Düşmən həmin hadisələrdən ciddi şəkildə nəticə çıxarmalı idi. Amma bu gün baş verənlər onu göstərir ki, Ermənistan Tovuz istiqamətində gedən döyüşlərdəki məğlubiyyətindən nəticə çıxarmayıb.

Ermənistan və qondarma rejimin rəhbərliyi bəyanat verir, Gəncəni, Naxçıvanı vurmaqla hədələyir. Serj Sarkisyan kimilər Ermənistanda 2016-cı ildəki aprel döyüşlərinə yenidən şərh edir. Bu gün baş verənlər, xüsusilə diversiya-kəşfiyyat qrupunun Azərbaycan ərazilərinə, özü də Qarabağda yox, sərhəddə belə bir təxribat törətməsi anlaşılan deyil. Ermənilərin yeni çirkin niyyətləri aydın görünür. Bu, bir daha onu göstərir ki, məqsədli şəkildə cəbhə bölgəsində gərginlik yaratmaq istəyirlər. Ermənistan çirkin əməllərindən əl çəkmək istəmir. Düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən hər dəfə qətiyyətlə alınıb. Erməni diversiya qrupunun komandirinin əsir götürülməsi Azərbaycan ordusunun yüksək səviyyədə hazırlıqlı olduğunu və sərhəd bölgələrimizi peşəkarcasına qoruduğunu bir daha sübuta yetirir. Azərbaycan ordusu heç bir zaman işğalla barışmayacaq. Hər zaman torpaqlarımızın azad olunması üçün çalışacaq".

Deputat hesab edir ki, burada xarici qüvvələrin və beynəlxalq təşkilatların da üzərinə böyük yük düşür. İkili münasibətlərə son qoyulmalı, Ermənistan ciddi şəkildə cəzalandırılmalıdır. Çünki bu dövlət heç bir zaman beynəlxalq hüquqa əməl etmir. Davamlı olaraq Azərbaycan sərhədində atəşkəsi pozur, mülki insanlarımızı qətlə yetirir, evlərini dağıdırlar.

C.Məmmədov xatırladıb ki, bu gün Azərbaycan dünyanın 50 ən güclü ordusu sırasındadır: "Ordumuzun silah təminatı və döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Düşmənin bütün təxribatlarına cavab verməyə qadirdir. Ermənistan heç bir zaman çirkin əməlini reallaşdıra bilməyəcək. Çünki bununla bağlı konkret iradə və mövqe var. Bu gün bizim həmrəy olmağımız vacibdir".

Onun sözlərinə görə, görünür, kəşfiyyat qrupunun Azərbaycana yenidən daxil olmaq cəhdi regionda hansısa ciddi oyunların getdiyindən xəbər verir: "Müəyyən qüvvələr Azərbaycanda yenidən gərginlik yaradar, torpaqların işğalına nail olmaq istəyir. Təbii ki, bu cəhdlər əbəsdir. Bütün bu cür cəhdlərin qarşısı ordumuz və dövlətimiz tərəfindən alınır. Heç bir təxribat reallaşdırılmayacaq. Ermənistan rəhbərliyi bu cür addımlarla böyük səhvə yol verir. Görünür, Ermənistan daxildəki gərginliyi bu yolla azaltmaq istəyir. Azərbaycan buna icazə verməyəcək".

Deputat Cavid Osmanov isə vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı, diversiya-kəşfiyyat qrupunun Azərbaycan ərazilərinə keçmək cəhdlərinin qarşısı ayıq-sayıqlıq nümayiş etdirən qüdrətli ordumuzun əsgərləri tərəfindən qətiyyətlə alındı və diversiya-kəşviyyat qrupunun komandiri əsir götürüldü.

Deputat bildirib ki, eyni zamanda, bu gün Ermənistanın kütləvi informasiya vasitələrində bu qrupun üzvlərinin məhz kəşfiyyata keçdiyi anda milli ordumuz tərəfindən məhv edilməsi tamamilə fərqli cür təqdim edilir: "Bu da əlbəttə ki, gözlənilən təxribatların davamıdır. Bu, ümumilikdə ötən ayın 12-də Ermənistanın işğalçı, separatçı, terrorçu rəhbərliyinin Tovuz istiqamətində başladığı təxribatın davamıdır. Ermənistan tərəfinin zaman-zaman belə təxribatlara əl atması və bunun gələcəkdə də baş verəcəyi heç kimdə şübhə doğumur. Ancaq biz eyni zamanda, bir daha əmin olduq ki, diversiya-kəşfiyyat qrupunun məhv edilməsi və qrupun komandirinin əsir götürülməsi bir daha Azərbaycan Ordusunun güclü və qüdrətli, ayıq-sayıq olmasından xəbər verir. Bu, Tovuz hadisələri zamanı olduğu kimi, Azərbaycan Ordusunun növbəti uğurudur. Bir daha Ermənistanın separatçı rejimi birmənalı şəkildə anlamalıdır ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və işğal olunmuş torpaqlarımızın azad ediləcəyi heç kimdə şübhə doğurmasın".

PƏRVANƏ

 





25.08.2020    çap et  çap et