525.Az

Çəkiliş davam edir... - Məhsəti Musanın yazısı


 

Çəkiliş davam edir... - <b style="color:red">Məhsəti Musanın yazısı</b>

(Gündəliyimdən bir səhifə)

Necə böyük oğullar itirəcəkdik Qarabağ müharibəsində. Gələcək nəsillərə əfsanə kimi görünəcəkdi onlar haqqında söylənən xatirələr. Necə cəsur, qorxmaz, ölümündən belə güc alacağımız qəhrəmanlar yetişəcəkdi sonralar. İnsanların itmiş inamını, mürgülü ruhunu  yenidən dirçəldən qəhrəmanlar... Bu vətən keçmişimizdə də, bugünümüzdə də məhz o igid oğulların qanı, canı bahasına ayaqdadır, var və həmişə də olacaqdır... Bir də Çingiz Mustafayev vardı bu cəsarətli oğulların içində. O dövrun gənclərinin idealı - ürəkli, müasir, çılğın, qaynar, ədalətsizliklə barışmayan, haqq səsini ucadan haykıraraq çatdırmağı bacaran Çingiz Mustafayev. Uşaqlı-böyüklü hər kəsin ürəyində özünəməxsus yeri olan, yoxluğu ilə o ürəklərdə  daimi göynərtisi qalan Çingiz Mustafayev.

Hərdən vaxt olanda keçmişin kağız-kuğuzları arasında qurdalanmağı xoşlayıram. Bir vaxtlar həvəslə yazmış olduğum gündəliklər əlimə keçəndə vərəqləyirəm, sanki   o anlara qayıdıram. Oxuyarkən yalnız kədərləndirən bu dəftərləri bəzən toplayıb yandırmaq istəsəm də, əlim gəlmir. Çünki hər vərəqində, hər cümləsində ömrümün bir anı, əzizlərimin, yaxın dostlarımın bir xatirəsi var. Bəzən adi gündəlik yox, kiçik hekayələr, əhvalatlar şəklində də yazırdım yaşadıqlarımı. Bu günlərdə yenə də o gündəliklərdən biri diqqətimi çəkdi. Ordan-burdan oxuyarkən bir yerində dayanmalı oldum. Əslində, adi fikirlər, cümlələrdir.  Bir tələbə qızın gündəliyinin hansısa səhifəsi, həmin gün keçirdiyi hisslərdir sadəcə. Amma buna baxmayaraq, onun doğum günü ərəfəsində (29 avqust) bu yazıya rast gəlməyimin bir təsadüf olmadığına inanaraq bölüşmək istədim sizlərlə:

 "Qarşıda yazılmasını gözləyən ağ kağızlar, əlimdə qələm. Doludur ürəyim. Yazmaq istəyirəm bir igidin şücaətindən, qəhrəmanlığından. Böyük bir əsər yaratmaq, qəlbimi boşaltmaq istəyirəm. Fəqət, qorxuram. Ona görə qorxuram ki, hisslərimi olduğu kimi çatdıra bilmərəm. Ona görə qorxuram ki, Çingizi Çingiz kimi təsvir etməyi bacarmaram. Ona görə qorxuram ki, onu təsvir etməkdə qələmimin aciz olduğunu da bilirəm. Bəs neyləyim, necə boşaldım ürəyimi? Necə ifadə edim hisslərimi? Çox düşünürəm. Nəhayət, tələbə yoldaşlarımın bir neçəsini də özümlə götürərək yollanıram birbaş Şəhidlər xiyabanına. Başdaşlarındakı şəhid adlarını oxuya-oxuya  gəlib çıxıram bir məzarın önünə. Sakitcə dayanır, çiynindəki videokamerası ilə əbədiləşdirilmiş şəklinə baxıram onun. Çəkməyə hazır dayanıb Çingiz. Nəyi çəkmək istəyir? Bəlkə işğal altında olan torpaqlarımızın azad ediləcəyi günü, həmin gün insanların yerə-göyə sığmayan sevincini, şadlığını çəkmək üçün hazır dayanıb? Bəlkə...  Bilmirəm. Başdaşına həkk olunmuş şəkillə xəyali söhbətdə ikən hıçqırtı səsi eşidirəm. Diksinirəm, boylanıram yan-yörəmə. Kimsə yoxdur. Yoldaşlarım da məndən xeyli uzaqlaşıblar. Nədir bəs bu hıçqırtı? Hardan gəlir bu səs? Bəlkə xəyallara çox qapılmışam? Yenidən Çingizin şəklinə baxıram. Baxdıqca Xocalının günahsız qurbanlarını görürəm onun uzaqlara zillənən baxışlarında. Baxdıqca hələ də əsirlikdə olan qadınların ah-nalə səsi gəlir qulaqlarıma. Baxdıqca hiddət, nifrət, heyrət və özümün də anlamadığım qarışıq hisslər od kimi qalanır ürəyimdə...

Getsin o günlər. Xocalı soyqırımı törədilən zaman uşaq idim. İkinci sinifdə oxuyurdum. Dünyanı dərk etmək, pisi yaxşıdan seçmək o yaşda olan uşaqların işi deyildi. Amma dövrün ağrı-acısı vaxtsız qocaltmışdı balacaları. Müharibələr hər zaman olub və bu gün də var. Lakin 1992-ci il, fevralın  25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğın dünyanın heç yerində görünməmiş faciə idi. Diri-diri ürəkləri çıxarılan, gözləri ovulan, beyinləri dağıdılan, zorlanan tifillərin donmuş cəsədləri hər kəsi dəhşətə gətirirdi. Biz bunları o zaman Çingizin çəkdiyi kadrların sayəsində görə bilmişdik. Ekrandan izlədiyim həmyaşıdlarımın dəhşətli görüntüləri mənim uşaq qəlbimdə çox dərin, sağalmaz yara, ağrılı bir iz salmışdı.

İxtisasca həkim idi o. Başını aşağı salıb öz sənəti ilə də məşğul ola bilərdi. Lakin qeyrət insanda təkcə tərbiyə ilə formalaşmır. Bu, insanın öz içində, öz canında, öz qanında olmalıdır. Və Çingizin qəlbindəki vətən məhəbbəti, oğul qeyrəti  onu cəbhənin ən qaynar nöqtələrinə aparırdı. Xocalı soyqırımından sonra hadisə yerinə ilk gedənlərdən biri  Çingiz Mustafayev oldu. Bu, ölümün ağzına atılmaq idi. O vaxt həmin  müdhiş mənzərəni, meyitlərlə dolu məkanı çəkərkən onun kadrarxası hönkürtü səsi də videolentin yaddaşında qalmışdı. Və o hönkürtü adi hönkürtü deyildi. O ağlamaq adi ağlamaq deyildi. O, bir xalqın səsi, haykırtısı, harayı idi.

Bəli, həkim Çingiz öz ömrünü məlhəm edib bu vətənin yarasına bağlamağa çalışdı. Bu gün özü həyatda olmasa da, çəkdiyi kadrlar sayəsində  başımıza gətirilən dəhşətlər dünyaya çatdırılır. Həm də özümüzə... Hətta son nəfəsində, aldığı güllə yarası ilə çarpışarkən də videokamerası açıq qalmışdı. Çünki hələ çəkəcəkləri bitməmişdi...

Düşüncələr içində ikən sanki yenidən hıçqırtı səsi eşidirəm. Qeyri-ixtiyari əlimi şəklə toxundururam. Fəqət cansız, soyuq daşa dəyir barmaqlarım. İki damla yaş soyuqdan bumbuz olmuş yanaqlarımı isidəndə dəli hönkürtü tutur məni. Bayaqdan qulaqlarıma dolan hıçqırtı səslərinə qatıram səsimi... Yenidən yanıma qayıtmaqda olan yoldaşlarımı görcək silirəm göz yaşlarımı. İstəmirəm kimsə məni gözüyaşlı görsün. İstəmirəm. Mən erməni tapdağında olan torpaqlarımıza qayıdanda ürəklə ağlayacağam. Bu, Çingizin Xocalıdakı hönkürtüsündən fərqlənəcək. Bu, sevinc göz yaşları olacaq".

 





26.08.2020    çap et  çap et