525.Az

Prezidentdən növbəti mühüm mesajlar


 

MƏMUR MƏSULİYYƏTİ, ÖLKƏYƏ SƏRMAYƏ QOYULUŞU, DÜZGÜN KADR SİYASƏTİ

<b style="color:red">Prezidentdən növbəti mühüm mesajlar </b>

Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

Dövlət başçısı öz nitqində bir sıra mühüm məsələlərə toxunub, yeni icra hakimiyyəti başçılarına tapşırıq və tövsiyələrini verib.  Əsas tövsiyələr isə məmurların təvazökarlığı və məsuliyyəti, yerli sahibkarların ölkə iqtisadiyyatına sərmayə yatırması, düzgün kadr siyasətinin həyata keçirilməsindən ibarətdir. Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyindən danışan Prezident deyib ki, icra strukturları sahibkarlara dəstək olmalıdır, sahibkarların incidilməsi, onlara süni əngəllər yaradılması, rüşvət, pay tələb olunması halları yolverilməzdir. Ancaq əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur, pay tələb olunur: "Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək görməlidirlər, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir".  

Qəbulda rayonlara sərmayə qoyuluşunun stimullaşdırılması, xarici investorların cəlbi, onlara şərait yaradılması məsələləri də vurğulanıb: "Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verilən dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyulur. Bu, təbiidir. Dünya iqtisadiyyatı belə işləyir, belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz vətənini düşünməlidir, öz insanları düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Ona görə burada əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır və mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana pul qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur".

Dövlət başçısı yeni icra başçılarının öz davranışları ilə insanların hörmətini qazanmalı olduqlarını deyib: "Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsus imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar cəzalandırılır - ya inzibati qaydada, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır  - bir. İkincisi rəhbərin mənəvi haqqı olmalıdır ki, insanlardan, öz tabeçiliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiz deyin, nə istəyirsiz edin, sizə nə hörmət olacaq, nə də ki rəğbət olacaq. Ona görə siz məişətdə də nümunə olmalısınız, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız".

Deputat Azər Badamov mövzu ilə bağlı bildirib ki, Prezidentin bu çıxışı nəinki yeni təyin olunmuş icra başçıları üçündür, həm də dövlətdə vəzifə tutan bütün məmurlar və özəl strukturda fəaliyyət göstərən sahibkarlar üçün proqram və yol xəritəsidir. Deputat vurğulayıb ki, Prezident hər bir məmurun cəmiyyətdə hörmət qazanması, onun kollektivə rəhbərlik edilməsi üçün mənəvi haqqının olması üçün nə etməli olduğunu çox geniş şəkildə izah edib: "Məmur öz vəzifəsinə qazanc mənbəyi kimi baxmamalı, vətəndaşı, sahibkarı incitməməli və əksinə, sahibkarlara fəaliyyətlərinin genişləndirilməsinə kömək göstərilməlidir. Kadr təyinatında da özünə yaxın və etibarlı adamları vəzifələrə təyin etməklə müxtəlif yollara əl atmamalı, əksinə, ölkənin müstəqilliyini sevən, vətənpərvər, milli dəyərlər ruhunda tərbiyə olunmuş pəşəkarların vəzifələrdə təmsil olunmasının vacibliyi cənab Prezidentin çıxışında əsas yer tutdu".

A.Badamov qeyd edib ki, sahibkarlara çağırışda dövlətin onların fəaliyyətinə təminat verdiyini və dövlətə vergi ödəməkdən başqa heç bir ödəniş etməli olmadıqlarını bildirməklə ikili mühasibat, vergidən yayınma halların yolverilməzliyini diqqətinə çatdıran ölkə başçısı həm də qanunu pozanların ciddi cəzalandırılacağını bildirdi: "Biz bazar iqtisadiyyatında yaşayırıq və belə olan halda dövlətin gəlirləri əsasən özəl sektordan yığılan vergilərin üzərində formalaşmalıdır. Əgər sahibkarlar öz gəlirlərini artırırsa, dövlətə də daha çox vergi ödəməlidir. Həm də böyük biznesmenlər investisiyaların xaricə yatırılmasını dayandıraraq ölkədaxili investisiyalara üstünlük verməlidir.

Dünyada ölkələr investisiyaların cəlb edilməsi üçün bir mübarizə aparır. Azərbaycan investisiyaların yatırılması üçün ən rahat ölkələrin arasındadır. Bu, Dünya Bankının Doing Busines hesabatında qeyd olunub. Sərmayələrin ölkə daxilində yatırılması üçün potensial kifayət qədər çoxdur. Regionlarda emal müəssisələrin yaradılması, yerli xammaldan istifadə etməklə sənaye sahələrin inkişaf etdirilməsi üçün bütün infrastruktur imkanlar dövlət tərəfindən yaradılıb. Yerli İcra hakimiyyətinin başçıları yerli və xarici sərmayələrin təmsil olunduğu regionlara cəlb edilməsinə şərait yaratmalı, sahibkarlara dəstək göstərməlidir. Düşünürəm ki, bütün məmurlar və sahibkarlar cənab Prezidentin çıxışını dinləmişdir. Cənab Prezdentin verdiyi tapşırıqları və tövsiyələri rəhbər tutaraq hər kəs öz fəaliyyətinə bir daha yenidən baxış edəcək".

PƏRVANƏ

 





26.08.2020    çap et  çap et