525.Az

Aşuraya görə kütləvi tədbirlər yoluxmanı kəskin artıra bilər


 

<b style="color:red">Aşuraya görə kütləvi tədbirlər yoluxmanı kəskin artıra bilər</b>

Koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünyada böyük mərasimlər, tədbirlər təxirə salınır. Hətta İslamın vacib şərtlərindən biri olan Həcc ziyarəti dayandırılıb. Çünki koronavirusun yayılmasının başlıca səbəblərindən biri kütləvi yığışmaqdır.

Məhərrəmlik ayı və Aşura da bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür. Azərbaycan möminləri, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət, intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar.

Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir.

Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayırlar.

Müqəddəs Quran daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Unutmayaq ki, bir müddət öncə Bakıda keçirilmiş aksiyada minlərlə insanın iştirak etməsi sanitar-epidemoloji vəziyyətə mənfi təsir göstərdi. Buna görə də kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında kütləvi toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir.

Məlumat üçün bildirək ki, İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən, İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib. Komitənin qərarında vurğulanıb ki, məscidlərin imamları, təşkilatçılar və məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər.

Dindarlarımız xalqımızı hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir. Onlar bildirirlər ki, həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərləri yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini tədbirlərini növbəti illərdə davam etdirəcək.

Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib ki, insanlarımız bu il səbirli olmalı və sağlamlıqlarını riskə atacaq davranışlara yol verməməlidirlər: "Bununla bağlı dəfələrlə ictimaiyyətə səslənmişik. Bu gün bir çox ölkələrdə kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna səbəb pandemiyadır və kütləvi tədbirlər zamanı yoluxma riski daha çox olur. Aşura günü hər il Azərbaycanda insanlar kütləvi şəkildə məscidlərə axışır. Bu, bütün dövrlərdə belə olub. Məscidləri ziyarət edib, dualar oxumaq gözəldir, lakin pandemiya dövründə buna yol vermək olmaz.

Azərbaycanda yoluxma riski hələ də var, karantin rejimi davam edir. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün qaydalara riayət etməlidirlər. Hər il məscidlərdə qan verən şəxslər bu dəfə Qan Bankına müraciət etsinlər. Ehsan süfrəsi açanlar isə bunu ərzaq yardımı kimi ehtiyacı olan ailələrə verə bilərlər".

O, Aşura mərasimlərinin kütləvi izdihamla müşayiət olunduğunu, belə vəziyyətdə karantin qaydalarına riayət edilməsinin mümkünsüzlüyünü vurğulayıb: "Məscidlərdə elə bir şəraiti yoxdur ki, insan selini sosial məsafəyə riayət etməyə çağırsın. Bu istiqamətdə hər hansı istisna hal mümkün deyil. Odur ki, insanlar bu il Aşura gününü öz evlərində keçirməli və ailələri ilə birlikdə dualar oxumalıdırlar. Din xadimləri sosial şəbəkələrdən insanların mənəvi ehtiyaclarını qarşılamaq üçün onlayn xütbələr oxuyurlar. Allah Quranda da buyurub ki, insanlar bilə-bilə özlərini təhlükəyə atmamalıdırlar. Bu il Qurban Bayramında da, Ramazan ayında da vəziyyət bu cür olub.

Demək olar ki, Həcc və Kərbəla ziyarətləri təxirə salınıb. Bu gün Kərbəlaya başqa şəhərlərdən olan zəvvarlar üçün giriş bağlıdır. Belə şəraitdə insanlar bütün çətinlikləri nəzərə almalıdırlar. Ümid edirik ki, tezliklə bu xəstəlik insanlıqdan uzaqlaşacaq və həyatımız öz axarına düşəcək".

PƏRVANƏ

 





26.08.2020    çap et  çap et