525.Az

Qalmaqallı toy mərasimi sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb oldu


 

Qalmaqallı toy mərasimi sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb oldu <b style="color:red"></b>

AMEA-nın prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin nəvəsinin avqustun 18-də keçirilmiş toy mərasimi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər ictimai rəydə kəskin reaksiyalara səbəb oldu.

Karantin rejimi qaydalarını pozduqlarına görə, R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin və onun qudası Rövşən Mustafayevin  barəsində 15 sutkalıq həbs qərarının çıxarılması, eləcə də toy mərasimində iştirak edən 17 nəfərin cərimələnməsi cəmiyyət tərəfindən rəğbətlə qarşılansa da, baş verənlərə kəskin münasibət səngimədi. Ayrı-ayrı şəxslər, ziyalılar, ictimai fəallar, millət vəkilləri sosial şəbəkələrdə baş verənlərə sərt reaksiyalarını bildirdilər, öz sosial şəbəkə hesablarında paylaşımlar edərək məsələyə münasibətlərini açıqladılar. Həmin paylaşımlardan bir neçəsini oxuculara təqdim edirik. 

Qanunlara riayət mənəvi məsuliyyətdir 

Əflatun Amaşov, Mətbuat Şurasının sədri:

- Hər bir şəxs mövqeyindən, vəzifəsindən asılı olmayaraq qanun qarşısında bərabərdir. İndiki həssas məqamda vəzifəli və cəmiyyətdə ictimai nüfuzu olan şəxs və ya şəxslər üçün qanunlara riayət həm də mənəvi məsuliyyət məsələsidir. Son günlər cəmiyyətin reaksiyasını doğuran, belə demək mümkünsə, "toy olayı" kimi səciyyələndirilən hadisə onu deməyə əsas verir ki, kimlərsə nəinki qanuni, eyni zamanda, daşımalı olduqları mənəvi məsuliyyəti unudublar. Koronavirus infeksiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə bu sayaq etinasızlıq da haqlı olaraq ölkə ictimaiyyətində narazılıq doğurur. Hesab edirəm ki, bu, hər kəsin ciddi nəticə çıxarmalı olduğu olaydır. Prezident İlham Əliyevin Biləsuvar və Saatlı rayonlarına yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edəndə vurğuladığı kimi, qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır. 

Qanun qarşısında hər kəs bərabərdir 

Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri:

- Müstəqilliyin gücü qanunun aliliyindədir. Qanun qarşısında hər kəs bərabərdir. İlk növbədə dövlət görəvliləri qayda-qanuna riayət etməli, vətəndaşlara nümunə olmalıdırlar. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları gözardına vura bilməz. Eləcə də akademik Ramiz Mehdiyev və qanunsuz təşkil edilən toy mərasimində iştirak edən digər rəsmi şəxslər. Qaydalar hamı üçündür. Vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə çağırdığımız bir zamanda, karantin rejimini nümayişkəranə şəkildə pozmaq millətə, dövlətə sayğısızlıq, hörmətsizlikdir. İndiki şəraitdə belə bir statusda olan insanlar tərəfindən qanunların pozulması birbaşa müstəqilliyimizə təhdiddir. Son vaxtlar korrupsiyaya bulaşmış məmurlara qarşı dövlət tərəfindən sərt tədbirlər həyata keçirilir. Hüququn aliliyi, hüquqi dövlət prinsiplərinin gücləndirilməsi istiqamətində işlərin görüldüyü bir dönəmdə, qanun və qaydalara məhəl qoymayanlar haqlı olaraq qınaq obyektinə çevrilib, onların əməlləri cəmiyyətimizdə ikrah hissi yaradır. Ölkə rəhbərinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın karantin dövründə, pandemiya ilə mübarizədə vətəndaş hüquqlarının qorunması, milli birliyin, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti hər kəsə nümunə olmalıdır. 

Tərəddüd üçün yer qalmayıb

Etibar Əliyev, Milli Məclisin deputatı:

- Bu gün Ramiz Mehdiyev üçün özəl bir gün ola bilər. 82 yaşında, ömrü boyu cəmi bircə dəfə comərdlik edib, istefa verməklə Azərbaycan Milli Elmlər Akademiyasını da melanxoliyadan xilas etmiş olar. AMEA-nın Rəyasət Heyətini də çıxılmaz vəziyyətdən qurtarar. Məncə, tərəddüd üçün yer qalmayıb, Ramiz müəllim!

Dövlət görəvlisi olmaqla, dövlət adamı olmaq fərqli anlayışdır 

Sahib Əliyev, Milli Məclisin deputatı:

- Prezident İlham Əliyev bir neçə ay bundan öncə keçmişdəki xidmətlərinə dayanaraq özlərini ərköyün aparanlara xəbərdarlıq edərək bildirmişdi ki, qanun qarşısında hamının eyni olduğunu unutmasınlar. Cənab Prezident onu da vurğulamışdı ki, dövlət həmin adamların xidmətini artıqlamasıyla qiymətləndirib.

Hər kəs bilir ki, bu, belədir. Ulu öndər Heydər Əliyev də, cənab İlham Əliyev də dövlətimiz üçün kiçicik xidmət göstərmiş elə bir adam olmayıb ki, onun fəaliyyətini haqq etdiyindən də qat-qat artıq qiymətləndirməsinlər.

Fəaliyyəti ən yüksək qiymətləndirilənlərdən biri də akademik Ramiz Mehdiyevdir. Açığı, mən Ramiz Mehdiyev kimi təcrübəli bir şəxsin karantin rejiminin tələblərini kobudcasına pozaraq nəvəsinə toy edilməsinə razılıq verib, özünün də onlarla adamın qatıldığı o məclisin başında oturmasının nədən irəli gəldiyini anlamağa çətinlik çəkirəm, heç anlamaq da istəmirəm.

Yüzlərlə, bəlkə də minlərlə soydaşımız nə qədər çətin olsa da, məhz karantin səbəbindən toylarını təxirə saldıqları halda kimlərsə onlarla adamı bir yerə toplayıb məclis keçirirsə, bu, dövlətə qarşı narazılıq yaratmaq məqsədiylə edilmiş təxribat deyilsə, onda harınlıqdan qaynaqlanır. Çünki burada nadanlıqdan söz gedə bilməz. Ümid edirəm ki, o toyu keçirənlər də, oradakı digər vəzifəli şəxslər də qanun qarşısında cavab verəcəklər.

Və sonda onu da deyim ki, görünür, dövlətin adamı, yəni dövlət görəvlisi olmaqla, dövlət adamı olmaq fərqli anlayışlardır. Dövlət adamının, dövlət görəvlisi olmadıqda və yaxud da əvvəlki kimi mühüm postu tutmadıqda belə hər addımında yüksək dövlətçilik tərbiyəsi sezilir. Digərlərindən də özünü qanundan üstün tutmasıyla deyil, əksinə, ona dəqiq əməl etməsi, sadə və təvazökar davranışlarıyla fərqlənir.

 





26.08.2020    çap et  çap et