525.Az

Belarus vətəndaş qarşıdurması ərəfəsindədir


 

Belarus vətəndaş qarşıdurması ərəfəsindədir<b style="color:red"></b>

Avqustun 9-da keçirilən Prezident seçkisindən sonra Belarusda siyasi vəziyyət sabitləşmək bilmir. Seçkinin rəsmi nəticələri ilə razılaşmayanların etirazı böyüyərək ümumölkə xarakteri alıb.

Paytaxt Minskdə yüz mindən çox insanın etirazlara qalxması, zavod və fabriklərdə tətillərin başlaması ölkəni xaosun astanasına gətirib. Seçkinin qalibi elan olunan Aleksandr Lukaşenkonun müxalifətə güzəştə getməkdən birmənalı imtina etməsi, əlinə silah alması, Belarus xalqının fəxri olan Nobel mükafatçısı Svetlana Alekseyeviçin və "Əlaqələndirmə Şürası"nda adı olan bir neçə nəfərin İstintaq Komitəsinə çağırılması isə ölkəni vətəndaş qarşıdurması həddinə gətirib.

Avropa dövlətlərinin iqtidarla müxalifət arasında vasitəçilik təklifinin rəsmi Minsk tərəfindən qəbul edilməməsi, rəsmi Belarus üzərində ən çox təsir imkanına malik Rusiyanın vasitəçilik niyyətində olmaması vətəndaş qarşıdurmasını qaçılmaz edir. Əgər həftə sonuna kimi tərəflərdən biri kompramisə getməsə, qarşıdurma reallaşa bilər.

Rusiyanın və Avropa dövlətlərinin Belarusla sərhəddi gücləndirməsi də bu ehtimalı hər kəsin nəzərə aldığını göstərir. Belarusda siyasi sabitliyin pozulması, xaosun yaranması Ukrayna və Rusiya üçün narahatlıq yaradır. Ukrayna Belarusda siyasi sabitliyin pozulması nəticəsində sərhədləri yaxınlığında qeyri-stabil bölgənin yaranacağından daha çox narahatdır. Kiyevdə hesab edirlər ki, bu vəziyyət Ukraynanın Belarusla həmsərhəd bölgələrində də stabilliyin pozulmasına səbəb ola bilər. Belarusda siyasi stabilliyin pozulmasının Rusiyada da vəziyətin dəyişməsinə rəvac verməsi mümkündür. Rusiyanın bir çox əyalətlərində lokal etiraz aksiyalarının ümumölkə xarakter alması kiçik bir qığılcıma bənddir. Rusiya müxalifətinin lideri Aleksey Navalnın zəhərlənməsi, bu faktın Almaniyanın nüfuzlu tibb ocağı tərəfindən təsdiq olunması, Almaniyanın kansleri xanım Angela Merkelin rəsmi Moskvanı olayla bağlı araşdırma aparıb, günahkarları cəzalandırmaq çağırışı da şimal qonşumuzda siyasi hərarətin yüksəlməsinə səbəb ola bilər. Belə bir vəziyyətə Moskva öncə Belarusda vətəndaş qarşıdurmasının və bunun nəticəsi kimi vətəndaş müharibəsinin başlanması ehtimalının qarşısını almalıdır.

 





26.08.2020    çap et  çap et