Xəbər verdiyimiz kimi, ötən həftə Türkiyə Qara dənizdə enerji yatağı kəşf edib. Qardaş ölkə "Tuna-1" zonasında 320 milyard kubmetr həcmində ən böyük təbii qaz yatağını tapıb. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə türk xalqına müjdə verib.
Türkiyə bu günə qədər mavi qazı Nigeriya, İran, Qətər, Cəzair, Rusiya və Azərbaycandan nəql edir. Lakin bu tapıntı ilə yaxın illərdə onların öz qazını hasil edən ölkəyə çeviriləcəyi gözlənilir.
Türkiyə mətbuatının yaydığı statistikaya görə, ölkəyə ən çox mavi qaz tədarük edən ölkələrdən biri, hətta birincisi Azərbaycandır. Builki statistikaya əsasən, Türkiyə mavi qaz təminatının 23,5 faizini Azərbaycandan idxal edir.
Bəs enerji yatağının tapılması gələcək illərdə Türkiyənin Azərbaycandan idxal etdiyi təbii qazın həcminə təsir edəcəkmi? Bu hadisənin strateji baxımdan Azərbaycan üçün nə kimi təsirləri olacaq?
"525-ci qəzet"in suallarını cavablandıran iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, bu, Türkiyə üçün vacib hadisədir və regionun enerji xəritəsinə yaxın illərdə təsir göstərə bilər:
"Qara dənizdə 320 milyard kubmetr ehtiyata sahib olduğu güman edilən qaz yatağının kəşf edilməsi Türkiyə üçün kifayət qədər əhəmiyyətlidir. Bu, Türkiyəni artıq yaxın illərdə qaz hasil edən ölkəyə çevirəcək. Bu da təbii ki, ölkənin mavi qaz idxalının azaldılması baxımından vacibdir".
Bəzi türk iqtisadçılar isə bu enerji tapıntısının Türkiyə iqtisadiyyatı üçün o qədər də böyük əhəmiyyət kəsb etmədiyini bildiriblər. Bu məsələyə də münasibətini açıqlayan V.Bayramov qeyd edib ki, Türkiyənin qaz istehlakı hər il əvvəkinə nisbətən azalır:
"Bəzi hallarda bu 320 milyard kubmetr ehtiyat Türkiyənin illik təxminən 45 milyard kubmetr metrlik istehlakı ilə müqayisə edilir. Amma nəzərə almaq lazımdır ki, bir tərəfdən Türkiyənin mavi qaz istehlakı hər il əvvəlkinə nisbətən azalır. Digər tərəfdən, 320 milyard kubmetr mavi qaz ehtiyatının nəql edilməsi gələcəkdə yeni yataqların da kəşf edilməsi imkanlarından xəbər verir. Nəzərə alsaq ki, mavi qaz ixracatçısı ölkəsi olan Azərbaycan da müstəqilliyin ilk illərində mavi qazı idxal edirdi. Amma bu gün Azərbaycan Türkiyəyə mavi qazı nəql edir və yaxın zamanlarda Avropaya da ixrac edəcək. Ona görə bu, həm də növbəti dövrlər üçün Türkiyənin yeni yataqları tapması və istifadə etməsinə zəmin yarada bilər".
V.Bayramov bu enerji yatağının kəşfinin region üçün əhəmiyyətindən və Azərbaycana təsirlərindən danışıb:
"Təbii ki, bu hadisə region üçün vacibdir. Çünki regionun mavi qaz enerji xəritəsinə yaxın gələcəkdə dəyişikliklər gətirə bilər. Türkiyə həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıyan, müttəfiq ölkədir. Türkiyənin başqa dövlətlərdən də mavi qaz asılılığının azaldılması bizim üçün də əhəmiyyətli hesab olunur. Çünki iki ölkə hər zaman bütün məsələlərdə bir-birinə dəstək olub. Digər tərəfdən, bu ehtiyatın tapılması Türkiyə-Azərbaycan arasındakı mavi qaz əməkdaşlığına mane olmayacaq. Çünki Türkiyə Azərbaycandan əlavə 7 milyard kubmetr mavi qaz idxal etmək niyyətindədir. Türkiyənin ümumi idxalını və istehlakını nəzərə alsaq, növbəti dövrlərdə də Azərbaycanla Türkiyə arasındakı mavi qaz əməkdaşlığı davam edəcək. Həmçinin, Azərbaycan mavi qaz, eləcə də, neft hasilatında artıq təcrübəyə və texnologiyaya malikdir. Bu baxımdan daha məqsədəuyğun olar ki, Türkiyə tərəfindən tapılan mavi qaz yatağının işlənməsinə də Azərbaycan mütəxəssisləri cəlb edilsin. Yəni Azərbaycanın bu istiqamətdə də Türkiyə ilə əməkdaşlıq qurma imkanları var".
Natəvan ABDULLAYEVA
çap et