525.Az

Gömrük qaydaları niyə dəyişdi?


 

Gömrük qaydaları niyə dəyişdi?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na zaman-zaman müvafiq dəyişikliklər edilib.

"Trend" agentliyi bununla bağlı təhlil yazısı hazırlayıb. Həmin qərara son dəyişikliklər 21 avqust 2020-ci il tarixdə həyata keçirilib. Dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 800 ABŞ dollarına, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti 300 ABŞ dollarına endirilib.

Eləcə də, dəyişikliyə əsasən, diplomatik şəxslər tərəfindən ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələrinə görə hədlər müəyyənləşdirilib.

Qeyd edək ki, 2013-cü ildəki qərarla bugünkü dəyişiklikləri müqayisə etsək, o zaman fiziki şəxslər üçün nəzərdə tutulan 1500 dollar limiti manat ekvivalenti ilə 1160 təşkil edirdi. Yəni alıcılıq qabiliyyəti ilə 2013-cü ildə 1160 manat təşkil etdiyi halda bugünkü 800 dollar limiti 1360 manat ətrafındadır. Bu da 200 manata qədər əlavə artım deməkdir.

Qəbul edilən bütün qərarlar, normativ sənədlər məlum devalivasiyalar olduqdan sonra ona uyğunlaşdırılıb. 2013-cü illə 2020-ci il arasında, manatla alıcılıq qabiliyyətində heç bir dəyişiklik baş verməyib. Bu qərarın qəbul edilərkən inkişaf etmiş ölkələrin, eləcə də qonşu dövlətlərin təcrübəsi tam şəkildə təhlil edilərək öyrənilib.

Bundan əlavə bildirək ki, fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin, mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranıb.

Misal üçün bildirək ki, administrativ qaydada aparılan tədbirlər nəticəsində mobil telefonların idxalını nəzarətə götürərək 70 milyon manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu, sadəcə bir mal mövqeyində əldə olunan nəticələrdir.

Əsas məqsəd bütün mal növləri üzrə hər bir vətəndaşın malını rəsmiləşmədən sonra proses olaraq əməliyyat tədbirləri keçirib nəzarətə götürmək, bunu kütləvi hal şəklinə salmaqdan ibarət deyil, daha çox inzibati qaydada tənzimləməkdir.

Bu qərarın sosialyönümlü qərara çevrilməsi ilə, işbazlar, dırnaqarası iş adamlarının sui-istifadə hallarının qarşısı alınacaq.

Qərarda müvafiq limitlərin 800 və 300 ABŞ dollarına endirilməsinin əsas mahiyyəti və səbəbilərindən biri də budur.

Bütün bunlara baxmayaraq, bəzi vətəndaşlar mövcud limitlərin azaldılmasından narazılıq ifadə edirlər.

Məsələ ondadır ki, fiziki olaraq azalma həyata keçirilsə də, lakin sosialyönümü ilə qərar bu gün maraqlı tərəflərə deyil, sosial ehtiyacı olan insanların rifahına yönəlib.

Dörd nəfərdən ibarət bir ailə ölkə ərazisinə 5440 manat məbləğində şəxsi istifadə üçün ayda bir dəfə mal və məhsul gətirə biləcək ki, bu da bir ailə üçün yetərincə normaldır.

Qərarın vergitutma bazasının müəyyənləşdirilməsində göstərilib ki, bu proseslərdə, təxminən 70-100 milyon arasında vəsait dövlət büdcəsindən yayınır.

Məhz bu yayınmalar qaçaq yolla fiziki şəxslərin adlarından istifadə edərək ölkəyə idxal olunan məhsullardan qaynaqlanır. Verilən məlumatlara görə, dünyasını dəyişən insanların belə adlarına məhsullar idxal edilmə halları qeydə alınıb.

Qeyd etdiyimiz kimi, bu qərar qəbul edilərkən beynəlxalq təcrübə də nəzərə alınıb. Belə ki, Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən, fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir.

Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti də kifayət qədər aşağıdır. Məsələn, bəzi ölkələrdə güzəşt məbləğinin Rusiya Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avrodur.

Bütün bunlarla yanaşı, Avropa Birliyinin əksər ölkələrində 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur.

Eyni zamanda, əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.

Qərarın qüvvəyə minməsindən sonra 70-100 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunacaq və bu qərarla sahibkarlar arasında rəqabət qabiliyyətinin daha şəffaf olması təmin olunacaq. Elektron idarəetmə sistemləri vasitəsilə bu qərarın icrası çox ciddi nəzarətə götürülüb.

Hesab olunur ki, hər bir vətəndaş yaxın zamanlarda istifadəyə veriləcək yeni mobil xidmət vasitəsilə sadələşmiş qaydada gömrük bəyannamələrini ölkəyə gəlmədən də təqdim edə biləcək və ya ölkəyə gəldikdən sonra da bu prosesi həyata keçirə biləcək. 300-ə yaxın daşıyıcı şirkətlərlə də müvafiq danışıqlar aparılır ki, beynəlxalq təcrübələr nəzərə alınaraq vətəndaşın gömrük orqanlarına gəlmədən bağlamasının ünvanına çatdırma xidmətini də gerçəkləşdirsinlər.

Eyni zamanda, Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərə əsasən, qərarın 2.1.4-cü yarımbəndində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən dedikdə, yəni vətəndaş tərəfindən bəyannamənin bir dəfə verilməsi nəzərdə tutulur.

Qərara əsasən, əgər vətəndaş ay ərzində bir dəfə deyil, bir neçə dəfə 300 ABŞ dollarını keçməmək şərtilə mal gətirirsə, burda vətəndaşa seçim hüquqları verilir. Vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edə bilər, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.

 





27.08.2020    çap et  çap et