525.Az

Beynəlxalq İtkinlər Günüdür


 

Beynəlxalq İtkinlər Günüdür<b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarını müdafiə edən yeganə QHT - “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi təsis edildiyi 15 il ərzində hər il avqust ayının 30-da  müxtəlif formalarda Beynəlxalq İtkinlər Gününü qeyd edir. Təşkilat bu il də pandemiya dövrünün şərtlərinə riayət etməklə, münaqişə zamanı itkin düşmüş şəxslərin ailə üzvlərinə baş çəkib, onlara ərzaq sovqatı və gigiyenik vasitələr paylayıb.

İctimai birlikdən 525.az-a verilən məlumata görə, təşkilatın sədri Esmira Orucova qeyd edib ki, dünyanın müxtəlif ərazilərində yüz minlərlə şəxs istər silahlı münaqişələr, istər müharibələr, istər təbii fəlakətlər nəticəsində, istərsə də digər səbəblərdən, yəni oğurlanaraq, qaçırılaraq itkin düşüb.

Onun sözlərinə görə, itkin düşmüş şəxslərin hüquqları qəbul olunmuş beynəlxalq humanitar hüquqla tənzimlənir: “1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına 8 iyun 1977-ci il tarixli Əlavə I Protokolun III bölməsinin 32 və 33-cü maddələri silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin hüquqlarının qorunmasına aiddir. İlk dəfə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərə həsr olunmuş 11 iyun 2019-cu il tarixində BMT-nin Təhlükəsizlik Şurasının iclası keçirilib. Həmin iclasda silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və axtarışı ilə bağlı 2385/5000 saylı Qətnamə qəbul edilib. Həmin iclasda BMT Təhlükəsizlik Şurasnın Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin nümayəndəsi Rina Gelani çıxış edərək vurğulayıb ki, itkin düşmüş şəxslərin ailə üzvləri yaxınlarının taleyindən xəbər ala bilmədikləri üçün ümidsizliyə qapılır, gərginlik içində yaşayırlar”.

QHT sədri onu da bildirib ki, elə bu səbəbdən də illərlə həsrətlə əzizlərinin yolunu gözləyən, təsəlliyə, mənəvi dəstəyə ehtiyacı olan bu insanları pandemiya dövrünün şərtlərinə uyğun olaraq yad etməyi özümüzə borc bildik.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3889 nəfər itkin düşmüş hesab edilir. Onlardan 3622 nəfəri kişi, 267 nəfəri qadındır. 3889 nəfərin 3170 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir ki, onların da 71 nəfəri uşaqdır.





 





28.08.2020    çap et  çap et