525.Az

"Aşura günü insanlarımız özlərini, ailələrini və əhalimizi qorumalıdırlar"


 

"Aşura günü insanlarımız özlərini, ailələrini və əhalimizi qorumalıdırlar"<b style="color:red"></b>

Koronavirus pandemiyası ilə əlaqədar demək olar ki, bütün ölkələr məhdudlaşdırıcı tədbirlər tətbiq edir.

Təcrübə göstərir ki, virusa yoluxma sayı nisbətən azaldıqda yumşalmalara getmək yenidən yoluxmanı artırır. Buna görə də hələ ki, kütləvi tədbirlərin keçirilməsi, çoxsaylı insanların bir yerə yığışması qadağan edilir. Çünki yoluxmanın əsas səbəblərindən biri də məhz belə mərasimlərdir. Məlum olduğu kimi, pandemiya səbəbindən İslamın vacib şərtlərindən biri olan Həcc ziyarəti dayandırılıb. Məhərrəmlik ayı və Aşura da bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Dövlətimiz pandemiya başlayandan bəri insanların sağlamlığı və təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri görüb. Azərbaycan virusla mübarizə aparan ən nümunəvi ölkələrdən biridir. Yoluxmanın qarşısının alınması üçün insanların kütləvi toplandığı yerlər hələ ki, açılmayıb. Məscidlər də bu sıradadır. Azərbaycan möminləri, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət, intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar.

Hər kəs anlayır ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir.

Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur.

Unutmayaq ki, bir müddət öncə Bakıda keçirilmiş aksiyada minlərlə insanın iştirak etməsi sanitar-epidemoloji vəziyyətə mənfi təsir göstərdi. Buna görə də, kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir.

Məlumat üçün bildirək ki, İranda da matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib. Dindarlarımız xalqımızı hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva bildirib ki, bu gün ilk yerdə insanlarımızın sağlamlığı dayanır, bu, İslamda da belə qəbul olunub, Qurani Kərimin ayələrində öz əksini tapıb. Deputat xatırladıb ki, bu gün bütün dünya pandemiya şəraitində yaşayır və belə bir vəziyyətdə tətbiq edilən xüsusi qaydalara riayət etməliyik. K.Əliyeva bildirib ki, Məhərrəm ayında, xüsusilə də, Aşura günündə kütləvi dini mərasimlərin keçirilməsinə qəti yol verilə bilməz: "Operativ Qərargahın da insanların qəti surətdə kütləvi şəkildə bir yerə toplaşmaması haqqında qərarı var. Bununla əlaqədar kütləvi mərasimlərin keçirilməsi hazırda qaydalara ziddir. Elə İranın özündə də Məhərrəm ayı mərasimləri qadağan edilib. Əgər, din xadimləri bir yerə toplaşıb kütəvi şəkildə dini mərasimlər keçirsə, onların COVİD-19-a yoluxma ehtimalı çox yüksəkdir. Bu da insanların kütləvi şəkildə xəstəxanalara düşməsinə səbəb ola bilər. Təbii ki, bu insanların virusa qalib gəlib-gəlməyəcəyi sual altındadır. Sizcə, hansı daha yaxşıdır, əvvəlcədən ehtiyatlı tədbirlər görərək belə kütləvi mərasimlərdə iştirak etməmək, yoxsa sağlamlığını təhlükəyə ataraq daha sonra xəstəxanada mübarizə aparmaq?"

Deputat əlavə edib ki, istər dini baxımdan, istər hüquqi cəhətdən insanların sağlamlığının qorunması əsas götürülür: "İnsanlarımıza üz tutaraq demək istəyirəm ki, qarşıdan Aşura yaxınlaşır. Belə bir gündə özlərinin, ailələrinin və ümumilikdə əhalimizin təhlükəsizliyini qorusunlar".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı isə bildirib ki, bəşəriyyət tarix boyunca koronavirus kimi dəhşətli bəlaya ilk dəfədir düçar olub. Azərbaycanda kütləvi yoluxmanın qarşısını almaq üçün mümkün qədər kütləvi tədbirlərdən uzaq olmalıyıq. Onun sözlərinə görə, karantinlə bağlı yumşalma olan kimi yoluxma sayı artır: "Bu mənada Məhərrəmlik və Aşura kimi ümumdünya müsəlman mərasimləri də təxirə salınmalıdır. Bunu hər bir müsəlman öz evində, ailəsində yad etməlidir. Dünyanın bütün müsəlman dövlətləri Aşura gününü kütləvi qeyd etməkdən çəkinir. Qonşu İranda da Aşura gününün keçirilməsi qadağan edilib. Çünki 20-30 min insanın bir yerə toplaşması pandemiyanı həmin ölkədə daha da sürətli edə bilər. Bu, çox aydın həqiqətdir, insanlar bunu dərk etməli və təbii şəkildə formalaşan dünya qanununa tabe olmalıdılar. Prezident İlham Əliyev də bildirib ki, başlıca məqsəd əhalinin sağlamlığını qorumaqdır. Bu da məsafə saxlamaq, əli tez-tez yumaq, dezinfeksiya etmək, maska taxmaq və kütləvi tədbirlərdən uzaq olmaqla mümkündür. Hətta pandemiyaya görə bu il Həcc ziyarəti dayandırılıb. Bu o demək deyil ki, biz dinimizi sevmirik, dindən ayrı qalırıq. Sadəcə olaraq, insanları qorumaq lazımdır. Hamı deyilən qaydalara mütləq şəkildə əməl etməlidir".

PƏRVANƏ

 





27.08.2020    çap et  çap et