525.Az

Azadlığın sirli çevrəsindəki adam - Arif Əliyev - 60


 

Azadlığın sirli çevrəsindəki adam  - <b style="color:red">Arif Əliyev - 60</b>

Keçmiş zaman salnamə və yaddaşlarda qalanda tarixə çevrilir, tarix isə daha çox hadisələrlə təmsil olunur, elm bu hadisələrdən mahiyyətə gedir, fəlsəfə bu mahiyyətdən başlayır, İNSAN isə məslək və əxlaqda üzə çıxan həmin mahiyyətin daşıyıcısına çevriləndə dəyər qazanır.

Cəmiyyətin səviyyəsi belə dəyər qazanmış insanların varlığı ilə ölçülür, yoxdurlarsa, o cəmiyyət zülmət içində olur. Nə yaxşı ki millət içində belə insanlar həmişə olub, nə yaxşı indiki cansıxıcı mühitdə də nəfəsimizin tıncıxmaması üçün Tanrı bizə təsəlli kimi yüksək mahiyyət daşıyan belə qiymətli insanlar bəxş edib. Hər sahədə, o cümlədən, son illərdəki yarıtmaz fəaliyyəti ilə yadda qalan mətbuatda da belə adamların olması tale məsələsidir.

Hələ ölkədə xalq hərəkatı başladığı dövrlərdə "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı ikən cəsarətli tənqidi yazıları və istedadı ilə tanınmış, müstəqillik illərində isə bütün yaradıcılıq enerjisini, intellektual potensialını ölkədə yeni və azad medianın tərəqqisinə sərf etmiş Arif Əliyev haqqında danışdığımız həmin aszaylı parlaq insanların sırasındadır. Konseptual düşüncə, yüksək bacarıq, təmiz əxlaq sahibi olan belə insanların həyatı, sözün əsl mənasında, millətə xidmət nümunəsidir. Mən hərdən düşünürəm ki, A.Əliyev kimi şəxsiyyətlər olmasaydı, biz yaşadığımız bu cəmiyyətdə insanın öz məsləki və idealları uğrunda necə inadla çarpışmasını, mətbu sözə güvənərək cəmiyyəti irəli aparmaq yolunda hansı çətinliklərlə üzləşməsini, dəyər və prinsipləri qorumaq üçün axına qarşı necə fədakarlıqla dayanmasını, həqiqət, vicdan və mənəviyyat  savaşında Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu kimi hansı əzablara qatlaşmasını əyani şəkildə görə bilməzdik...

***

Həyat və yaşamaq hansısa ideyanın reallaşdırılması deməkdir. Əsas ideyanın olmasıdır, çünki dünyada insanı yaşadan, yaşadığı ömürə məna verən, xarakterini formalaşdıran, onu tanıdıb irəli aparan həmin insanın ideyası, həyati məqsədi, arzuları, ictimai istəkləridir. A.Əliyev özünü dərk edəndən, "ulduzlara barmaq silkələyib, daş atan" şumal vaxtlarından ictimai ideallarla yaşayıb. Bu ictimai idealların gerçəkləşəyinə həmişə ümid edib, bu ideallar uğrunda çarpışıb.

Hələ uşaqlıqdan, 8 yaşından mətbuatda yazıları dərc edilib, oxuduğu orta məktəbin favoriti olub, olimpiadalarda iştirak edib, yaxşı futbol oynamağı ilə də ad çıxarıb, futbolda yeniyetmələr üzrə milli komandaya qədər gedib çıxıb. Yaxşı ki futboldan tez əl çəkib, davam eləməyib.

Orta məktəbi bitirən kimi sənədlərini aparıb SSRİ-nin bir nömrəli ali məktəbinə - Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) verib, jurnalistika fakültəsinə qəbul olunub, yaxşı oxuyub, parlaq müəllimlərdən dərs alıb. 1983-cü ildə universiteti bitirəndə qabiliyyətinə görə ona Moskvada iş təklif ediblər, o vaxt informasiya agentliyi kimi məşhur olan APN-in (Xəbərlər məlumat agentliyi - XMA) Türk redaksiyasında çalışmağı uyğun biliblər. Amma Arif hələm-hələm ələ düşməyən bu təklifdən imtina edib, eynən 120 il əvvəl həmin MDU-nu bitirmiş Həsən bəy Zərdabi kimi. Onda Zərdabi "mənim millətim zülmət və cəhalət içindədir, mən ora getməliyəm" demişdi. Zərdabinin romantik arzularla yaşayan nəvəsi də eynilə "millətə xidmət" proqramı ilə düşünürdü. Özünün dediyi kimi, o vaxtlar Məmməd Arazın "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim"  şeiri gəncləri yaman coşdurur, böyük milli duyğular aşılayırdı...

Təyinatla Bakıya gəlib bir müddət "Azərinform"da (indiki AzərTAC) çalışan Arif  "beşillik planı dörd ildə yerinə yetirən" əmək qabaqcıllarından yazmaqla Vətənə oğul olmağın mümkünsüzlüyünü tez dərk edir. Unudulmaz Nəcəf Nəcəfovun rəhbərlik etdiyi "Molodyoj Azerbaydjana" qəzetinə keçir. Əsl yaradıcılıq havası, azadlıq mühiti tezliklə onun istedadının mürgüləyən hüceyrələrini oyadır. Maraqlı yazıların, obyektiv araşdırmaların, tənqidi materialların altında görünən "Arif Əliyev" imzası o vaxt tezliklə  oxucular arasında məşhurlaşır. Azərbaycanda xalq hərəkatının başladığı ilk aylarda "Molodyojka"nın həmin hərəkatın hayqıran səsinə çevrilməsində bu imzanın da öz yeri var idi.

Müstəqillik dövrü A.Əliyevin də həyatında və karyerasında yeni səhifə açdı, ona milli ideyanın gerçəkləşməsində iştirak fürsəti verdi. 32 yaşında jurnalist-məmur karyerasının zirvəsinə qalxdı, tanış olduğu gündən sevib izi ilə getdiyi Nəcəf Nəcəfovdan sonra prezidentin mətbuat katibi oldu. Düzdür, o vəzifədə cəmi 7 ay çalışdı, amma ölkənin birinci şəxsinin mətbuatla əlaqələrinin səmərəli mexanizmini qura bildi, tədricən dövlət düşüncəsinə də yiyələndi.

Həmin illərdə A.Əliyev "Turan" informasiya agentliyinin qurulmasında iştirak edir, Aydın Məmmədovun Tərcümə Mərkəzində, "Xəzər-Xazar" jurnallarında çalışır, 1995-ci ildə "Yeni nəsil" Jurnalistlər Birliyini, 1998-də ölkədə ilk Mətbuat Klubunu yaradır, az sonra isə "Söz azadlığını müdafiə fondu"nu təsis edir, bir sıra beynəlxalq toplantılarda iştirak edir, məşhur "Sofiya bəyannaməsi"ni hazırlayan redaksiya heyətində təmsil olunur.

Azərbaycanda yeni və müstəqil medianın təşəkkül tapmasında, bu medianın qayda və prinsiplərinin formalaşmasında, təşkilatlanıb möhkəmlənməsində Arif Əliyevin misilsiz xidmətləri var. "Yeni nəsl"in toplantıları, əsaslı bilik verən təlimləri, çap edib pulsuz yaydığı bülletenləri, jurnalları, jurnalistika kitabları, mötəbər "Media açarı" mükafatının möhtəşəm təqdimatlarının ab-havası indi də yaddaşlardadır. Mətbuatı uzun illər yaşadan, ona təmiz əxlaq kökləyən, sonralar fontan vuran bir çox naqisliklərdən çəkindirən məhz həmin ab-hava idi.

Rus və ingilis dillərini sərbəst bilməsi, dünya mediasında gedən trendləri tutması, dərin intellekti, iti ağlı, işgüzarlığı, fövqəladə bacarığı və kommunikabelliyi Arif Əliyevə Azərbaycan mətbuatının beynəlxalq əlaqələrini genişləndirməyə imkan verirdi. Bu, həmin dövr idi ki, Azərbaycan mediası Cənubi Qafqazda ən güclü media sayılırdı, beynəlxalq təşkilatlar "Turan" agentliyi (M.Əliyev), "Zerkalo" (E.Şıxlı), "Yeni nəsil" (A.Əliyev) kimi nüfuzlu qurumları tanıyır, onlara istinad edirdi. Bu, həmin vaxtlar idi ki, ölkə içində ANS yayım aparırdı, BBC və "Azadlıq" radioları danışa bilirdi, "Monitor" jurnalı çıxırdı, "7 gün", "Yeni müsavat", "Azadlıq", "525-ci qəzet", "Press fakt", "Müxalifət", "Şərq", "Avropa+", "Rezonans", "Müstəqil fikir", "Realnıy Azerbaydjan", "Bu gün", "Avrasiya", "Millət" kimi hələ dizi qatlanmamış maraqlı qəzetlər çıxırdı. Mətbuat səhifələrində bir xeyli ləyaqətli imzalar bərq vururdu.

Belə bir vaxtda Mətbuat Şurası yaratmaq da A.Əliyevin ideyası oldu. Əsas məqsəd bu idi ki, yazılı mətbuat özü-özünü tənzimləsin, hakimiyyətin təzyiqlərinə təsirli müqavimət göstərsin, söz azadlığını qoruya bilsin, etik kodeks yaradıb vahid davranış tərzi müəyyənləşdirsin, Şikayətlər komissiyası vasitəsilə jurnalistlərin məhkəməyə verilməsinin qarşısını alsın. Təəssüf ki, Şura yalnız 4-5 il bu məqsədlərə xidmət edə bildi, sonra məmur cənginə keçdi. Adamlar içəridən tez əyildilər, tamah məsləki üstələdi, maddiyyat qarşısında duruş gətirə bilmədilər. Burada Arif Əliyevlik bir iş olmadı...

Arif Əliyev çox danışan adam deyil, onunku konkret işdir. Xatırlayıram ki, 2000-ci illərin ortalarında o, "Avropa jurnalistləri klubu" yaratmışdı. Bu klub vasitəsilə Azərbaycana çoxsaylı jurnalistlər gəlir, ölkə ilə, onun problemlərini öyrənir,  o cümlədən, Qarabağ münaqişəsinin tarixçəsini araşdırır, suallarına cavab axtarmaq üçün rəsmi şəxslərlə görüşür, sonra da gedib ölkəmiz haqqında obyektiv materiallar yazırdılar. 2006-cı ildə təxminən 30 nəfərlik həmin jurnalist qrupunu ölkə Prezidenti də qəbul etmiş, bu layihəsini bəyəndiyini dilə gətirmiş, Arif Əliyevin ünvanına da xoş sözlər demişdi. Təbii ki, onun haqqında deyilən sözlər media siyasətini tənzimləyən məmurların xoşuna gəlməmişdi. Ona görə klubun fəaliyyətinə imkan verilmədi, əvəzində guya Azərbaycanı xarici mediada təbliğ etmək üçün milyonlarla dollar vəsait xaricə və kimlərinsə cibinə axmağa başladı...

***

Arif bəy 60 yaşı ərəfəsində "Yolun haradır, ey yolçu?" adlı, əsasən kədərli ovqat yaradan maraqlı və təsirli bir monoloq yazıb. Yazının lap sonunda Yeji Letsdən bir sitat verib: "Əgər keçmişi yada salmasan və gələcək haqqında düşünməsən, həyat gözəldir". Çox ironikdir, amma reallıqdır, sırf ovqatın doğurduğu həqiqətdir. Və bu fəlsəfi kəlamda söhbət, təkcə adi insan ovqatından, yaşadığımız günün və şəraitin bizlərə - bütöv bir topluma təlqin etdiyi  əhvaldan deyil, ümumiyyətlə həyatın, ömrün fəlsəfəsindən gedir. Əslində, bütün acılarına və şirinlərinə baxmayaraq, keçmişsiz və gələcəksiz həyat yoxdur. Bu mənada, əlbəttə, Arif Əliyevin taleyindən, yaşadığı şərəfli ömründən şikayətlənməyə əsası yoxdur. Sadəcə, düşündüyün böyük məqsədlər, aldığın hədəflər, ictimai ideallar tam şəkildə gerçəkləşməyəndə o insanın həyatında, xasiyyətində, gündəlik ovqatında da iz qoyur. Bu ovqat həmin ovqatdır: "37 il əvvəlki gələcəyə sonsuz inamdan indi ehtiyatlı optimizm qalıb, gülüş təbəssümə çevrilib, sevinc fontan vuran gözlərdən kədər süzülür, inadkarlığı məyusluq əvəz edib, cəsarət odunun üstünə müdriklik su ələyib". Təəssüf ki, bunlar acı reallıqdır.

Arif bəy daha acı bir reallığı da dilə gətirir, deyir ki, biz yaşadığımız ölkədə istədiyimiz cəmiyyəti qura bilmədik, gücümüz yalnız özümüzə dairə yaradıb ona Ləyaqətdən divar hörməyə çatdı. Neçə illərdir ki, biz Elçin Şıxlı və Arif bəylə birlikdə bu dairənin içərisindəyik, amma bəzən o dairəyə də hücum çəkir, rahatlığa imkan vermirdilər. Yaxşıdır ki, taleyin ironiyası ilə vaxtilə bizə hücum çəkənlər və bu hücumu sifariş edənlər indi özləri pressinq altındadırlar, onlardan törətdiklərinin hesabı soruşulur.

***

A.Əliyevin sönmüş mikrofon qarşısındakı "Yolun haradır, ey yolçu?" monoloqunu, bir media adamının sinəsində yatmış həqiqətlərin ifadəsi kimi çox adam bəyəndi. Mən də bəyəndim, xüsusən bu sözlərini: "Bu cəmiyyətdə kənardan gözə dar görünən, amma lap içəridən, azadlığın üfüqlərinə qədər uzanan sirli bir çevrə var ki, çoxdandır ora düşmüşəm və nə çıxa bilirəm, nə çıxmaq istəyirəm. Mənimçün ordan ümumiyyətlə çıxış yolu yoxdur, hərçənd istəyənə giriş qapısı tərsinə də açılır".

Yolçunun hardan gəlib hara getməsinin cavabı burdadır, çünki azadlığın cazibəsində olanda insan başqa yol axtamır. Bu yol insanı, işığa, müdrikliyə, kamilliyə, ruhi sakitliyə və  həqiqi xoşbəxtliyə aparır.

 





29.08.2020    çap et  çap et