525.Az

Yolun haradı, ey yolçu? - (Yazıdan parçalar)


 

SÖNMÜŞ MİKROFON QARŞISINDA 60 İLİN MONOLOQU

Yolun haradı, ey yolçu? - <b style="color:red">(Yazıdan parçalar)</b>

"Yeni nəsil" Jurnalistlər Birliyinin sədri, müstəqillik dövrü Azərbaycan jurnalistikasının tanınmış simalarından biri Arif Əliyevin 60 yaşı tamam olur. Həmkarımızı yubiley münasibəti ilə təbrik edir, sağlam ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Arif Əliyevin bu günlərdə qələmə aldığı "Yolun haradı, ey yolçu? Sönmüş mikrofon qarşısında 60 ilin monoloqu" adlı yazısından bəzi hissələri oxuculara təqdim edirik.

"525"

***

Toylara elə həvəslə getmirəm, nəinki yaslara. Niyəsini soruşana deyirəm, toyun səs-küyündən sonra neçə gün özümə gələ bilmirəm. Bir uşaqlıq dostum var, gülür, "elə deyil" deyir, bilirsən ki, daha qabaqda toyun olmayacaq, amma bu yaslardan biri də sənin üçün var.

Cavanlıqda belə sərrast ifadə xoşuma gələrdi. İndi qıcıqlandırır. Əvvəllər çalışardım ki, məni başa düşsünlər, içimi açıb tökərdim. Ona görə çox danışar, çox yazardım. Amma yaşlandıqca, tərsinə olur: az danışır, az yazıram, kimsə sözdə dediyimdən artığını başa düşəndə, özümə əsəbiləşirəm. İllərlə qoruya-qoruya bu çağa gətirib çıxardıqlarıma yad əl dəyəcəyindən qorxuram, nədir?

Ümumiyyətlə, görəsən, çoxmu dəyişmişəm o illərdən?

***

O illər dedim, bir söhbət yadıma düşdü. 1983-cü ildə Moskva Universitetinin jurnalistikasını bitirib, Bakıya döndüm. Qala bilərdim, APN-in türk redaksiyasından təklif gəlmişdi. Hələm-hələm ələ düşən təklif deyildi. Amma bizim də öz arzularımız varıydı axı! "Ulduzlara barmaq silkib, daş atan" vaxtlarımız idi, Məmməd Araz demiş. Məmməd Arazın həmin şeiri yaman coşdururdu bizi o vaxt. "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim..." Axır təyinatla gəlib "Azərinform"un, indiki AzərTAC-ın iqtisadiyyat şöbəsində bir masanın arxasında bitdim. Əmək cəbhəsindən xəbərlər yazırdıq: "Beşillik plan 4 ilə yerinə yetirildi", "Ay haray, buruq ustası 10 əvəzinə 15 metr quyu qazdı..."

Bir ildən sonra Moskvadan tələbə dostumdan məktub aldım: "Səsin çıxmır, haradasan?" Cavab yazdım ki, burda, "Azərinform"dayam, bir masa veriblər, yeşiyi tarakanlarla dolu, telefon veriblər, obyektlərə zəng edib hərəsi 3 manatlıq xəbərlər hazırlayıram və günü-gündən ağlımın necə azaldığını müşahidə edirəm. O da qayıtdı ki, daha nə istəyirsən?! Tarakanlarını yarışdır, aristokrat əyləncəsidir; telefonunla bakılıların yumor hissini yoxla; ağlının azalmağına gəlincə isə, o gündən qorx ki, daha bunu özün də hiss etməyəsən!

H-ə-ə, deyəsən, axı hələ hiss eləyirəm! Necə dəyişdiyimi, nəyin dəyişdiyini. 37 il əvvəlki gələcəyə sonsuz inamdan indi ehtiyatlı optimizm qalıb, sevinc fışqıran gözlərdən kədər süzülür, inadkarlığı məyusluq əvəz edib, cəsarət odunun üstünə müdriklik su ələyib. Yaşlandıqca başın keçəlləşməsi, burnun və qulaqların böyüməsi də ki heç, bunlar hamıda olur. Hə, bir də, əvvəllər dost məclislərində mütləq "Uğura!" deyib badələrimizi cingildədirdik, indi eləcə Bəxtimizi çağırırıq və hortdadırıq.

***

"Altmışdandır" deməyin. Bu cəmiyyətdə kənardan gözə dar görünən, amma içəridən e-e-ey, azadlığın üfüqlərinə qədər uzanan sirli bir çevrə var ki, çoxdandır ora düşmüşəm və nə çıxa bilirəm, nə çıxmaq istəyirəm. Mənimçün ordan ümumiyyətlə, çıxış yolu yoxdur, hərçənd, istəyənə giriş qapısı tərsinə də açılır. Orda gələni "Sağlığımızda bir-birimizi itirməyək!" sözləri ilə qarşılayır, gedəni "Çalış, o tərəfdə Şərəfin əlindən alınmamış öl" deyə birdəfəlik yola salırlar. Yox-yox, bunu həyatdan gizlənənlərin, ya küskünlərin dairəsi kimi başa düşməyin. Nə küskünlük? Hələ içlərinin, bəlkə, ən zəifi mənəm, taleyimdən şikayətçi deyiləm. Məktəbimizin "gözü" sayılmışam, olimpiadalarda, teleyarışlarda birinci olmuşam! Uşaqlıqdan, 8 yaşımdan mətbuatda yazılarım dərc edilib! Futbolda yeniyetmələr üzrə milli komandaya qədər gedib çıxmışam! Ölkənin 1 nömrəli ali məktəbində təhsil almışam. 28 yaşında Azərbaycanın tanınmış və cəsur jurnalistlərindən sayılmışam, düzdür, sevməyənlər və cəzalandıranlar da olub, amma sevənlərin və qoruyanların təmasını qat-qat artıq hiss etmişəm. Tələbələr nəşriyyatın qabağında qarşılayıb evə qədər ötürürdülər. 32 yaşımda jurnalist-məmur karyerasının zirvəsinə də qalxmışam: tanış olduğum gündən izi ilə getdiyim Nəcəf Nəcəfovdan sonra prezidentin mətbuat katibi olmuşam. Cəmi 7 ay işləmişəm. Ancaq o dövrün redaktorları həmin 7 ayı unutmayıblar yəqin, hər halda, sonrakı onilliklərlə çox müqayisəsini aparıblar. 35 yaşımda jurnalistlər birliyinin sədri seçilmişəm, 38-də ölkədə ilk Mətbuat Klubu yaratmışam. Sonra Söz Azadlığını Müdafiə Fondu... "Media açarı"... Mətbuat Şurası... Kitablarım, ssenarilərim, məqalələrim... Bunları tərif üçün söyləmirəm, yəni demək istəyirəm ki, özümürealizə ilə bağlı heç vaxt problemim olmayıb. Nəyə macal tapmamışamsa, ümid edirəm, Tanrım belinə doladığı zaman kəndirindən bir az da açıb uzadar, ucundan tutub yarımçıqlarımı tamamlayaram.

Amma can atdığım elə bu idimi? Buna görəmi "ulduzlara barmaq silkib, daş atırdıq?" Yox, biz yaşadığımız ölkədə istədiyimiz cəmiyyəti qura bilmədik, gücümüz yalnız özümüzə çevrə yaradıb ona Ləyaqətdən divar hörməyə çatdı. Düzdür, hələ danışmağa dilimiz, deməyə sözümüz var. Ancaq danışanın hər tərəfdən üstünə gəlirlər: "Sizin sözünüz lazım deyil, bizim sözümüzü deyin, onda mikrofonu açarıq!" Bu isə, bilirsinizmi, nəyə oxşayır? Uzun zaman həsrətində olduğun sevgilinlə həbsxanada bir gecəlik görüş verələr və yanına da şorgöz nəzarətçilər yığalar...

***

...Dünyanın ən böyük müdrikləri deyirlər ki, nə qədər çox öyrənirsənsə, bir o qədər çox sualın yaranır. Maraqlıdır, insan həyatı boyu nə qədər sual verir? Hm, bu, özü bir sual oldu axı. Görəsən, kimsə təxmini də olsa sayıbmı? Bəs, verdiyin sualların neçəsinə cavab tapa bilirsən? Şəxsən mən ən azı bir sualın cavabını almamış köçümü bu dünyadan çəkmək istəmirəm.

Bir dəfə anam qutaba çağırmışdı. Çoxdan olub, indi özünə qutab bişirən lazımdır. Boşqabı doldurub qabağıma qoydu. O biri boşqaba qutab yığıb, üstünü dəsmalla örtdü: "İndi gəlirəm", dedi. Qayıdanda soruşdum, hara apardın?

- Qonşuya verdim, iki uşağı var. Əri dolandıra bilmədi, başını götürüb Rusiyaya getdi. Əvvəl puldan-paradan göndərirdi, xeyli vaxtdır xəbər yoxdur. Arvad iki yerdə süpürgəçi işləyir, çatdırammır, yazıq. Xəstə qızı var. Sosial yardım da ala bilmir. Dediyinə görə, rüşvət istəyirlər, verməyə yoxudur. Olsaydı, balalarının boğazına verərdi. O sahədə tanışın-zadın yoxdur? Bəlkə köməyin dəydi?

- Ana, mən Allahın yerinə olsaydım, bilirsən, neyləyərdim?

- Əstəğfurullah de, a bala, ağzın əyilər.

- Əstəğfurullah. Ancaq ana, Onun yerınə olsaydım, mən bütün acların qarnını doyurardım, xəstələri sağaldardım, müharibələrə son qoyardım, dərdlilərin göz yaşlarını silərdim, rüşvətxorların əlinə, şər-şəbədə söyləyənlərin dilinə köz basardım, hər yerdə haqq-ədalət yaradardım, sənə də uzun, sağlam bir ömür bəxş edərdim.

Anam eynəyinin üstündən mənə baxdı:

- Oğul, bəs, sən heç fikirləşmirsənmi ki, O özü bunları niyə eləmir?

Niyə eləmir? Bax, bu sualın cavabını axtarıram. Mollalar inandırırlar ki, guya insanları sınağa çəkir, imtahan edir. Nəyimizi imtahan edəcək: öz əli ilə palçıqdan yaratdıqları deyilikmi? Yaratdıqlarının əməllərini görüb, dəhşətə gələndən sonra özü fəryad eləməyibmi ki, "şeytan... cinlərdən də olur, insanlardan da!" Və əgər bir sözü ilə yer üzündə ədalət qura bilirsə, nəyi gözləyir, yaxşını yamanın, haqqı nahaqqın, vicdanlını imansızın ayağına verir, onun meydanında tamahın, riyakarlığın, satqınlığın at çapmasına dözür? Mənə bəzən elə gəlir ki, O sadəcə, bizi müşahidə edir, üzərimizdə eksperiment aparır. O-nun başqa dünyaları, bu dünyalarda başqa insanları da var. Oralarda isə başqa eksperimentlər gedir. Vaxtı çatanda bizi görüşdürəcək. Bəlkə, döyüşdürəcək, hərçənd, buna zəhmət çəkmək də lazım deyil, qovğaya həmişə hazırıq.

Axı yalnız O-nun yaratdığı ədalət gözəl ola, rahatlıq gətirə bilər. İnsanların nail olduqları ədalət çox vaxt özləri kimi eybəcər alınır, yeni haqsızlıqların başlanğıcını qoyur. Bizə elə gəlir ki, O-nun adını şüar edib, öz əlimizlə qurmaq istədiyimiz ədalət qarşımıza çıxanda, xoş ətirli, göz oxşayan, bakirə qıza bənzəyəcək. İşi sona çatdıranda isə görürük ki, bizim ədalətimiz ağzından qan, köynəyindən tər, şalvarından sidik iyi gələn, zorlanmış bir qocadır. Qəzzafi kimi. Ya da qoca qiyafəsinə girib, özü bizi zorlamağa gəlmiş yalançı xilaskardır.

Ömür yolunun başlanğıcında adama elə gəlir ki, həyatı başqalarınınkından fərqlənəcək, mütləq yaxşılığa doğru fərqlənəcək: sənin qələmin korşalmayacaq, səni düşmənlərin üstələməyəcək, sənin dostların dönük çıxmayacaq, səni övladların incitməyəcək, sən yalqız qalmayacaqsan, sənin sevgin heç vaxt tükənməyəcək və gözlərini də səni sevən insanların əhatəsində yumacaqsan. Sonda isə tənhalıqda, əlin ağrılı ürəyinin üstündə ötüb-keçənləri yada salacaq, hər şeyin nisbi olduğunu düşünəcək və öz-özünə təskinlik verəcəksən: "Nə olursa-olsun, mən xoşbəxt həyat yaşamışam"...

 





29.08.2020    çap et  çap et