Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular! 
Esmira Fuad
Filologiya elmləri doktoru
Məlihə ƏZİZPUR
1979-cu ildə Əhər şəhərində doğulub. Sonralar ailəsi Təbrizdə məskunlaşdığından burada boya-başa çatıb.
İbtidai və orta məktəbi də elə Təbrizdə bitirib. 2002-ci ildə Təbriz Universitetinin Psixologiya fakültəsindən məzun olub.
Daha çox oxumaq və yeni-yeni sahələrdə özünü sınamaq, xalqına daha çox faydalı olmaq amacıyla qəzetçilik - jurnalistika məktəbində də dərs almağa başlayıb.
Bundan sonra Təbrizdə ayrı-ayrı qəzet və dərgilərlə əməkdaşlıq edib, bir sıra maraqlı mövzularda yazdığı dərin məzmunlu məqalələrlə oxucuların diqqətini çəkib və rəğbətini qazanıb.
"Yağmur", "Dəmir sevgi", "Ağ gecə", "14 qələm bəzənmiş Ay", "Su pıçıltısı", "Yasaq duyğular", "Göy gözlü Tanrı" və "Mənə bir küçə bağışla" kimi Təbriz və Bakıda çap olunmuş türkcə şeir kitablarının müəllifidir.
Günəş
İsti çörəkdir
Yapılır hər gün
Dünyadakı ac uşaqlar
Sağlığına...
2
Gözəlliyi kir içindən boylanır.
Hərkəs
Üzünü çevirib keçir
Zibilçi kişinin yanından...
3
Yağış yağır.
Şəhər sevincək
Xiyaban-küçə
Ağaclar-sərçələr belə
Sevincək.
"Xırdaxanım"ın
evi damır...
4
QARTAL
Qəfəs arxasından baxır
Havada uçuşan
Milçəklərə...
5
Bir kişini
Bağırsağı ilə asıblar!
Deyirlər,
Bir gecəlik
Çörək
Oğurlamışdı...
6
Barmaqlarını kəsdilər
Öldü şair!
Ürəyində qalmışdı
Sözləri...
7
Onun üçün
Hər şey sona çatmışdı...
Bir tikə bulud var idi
Göy üzündə...
8
O bir bayquş bəsləyir
Qəfəsdə...
Gecə-gündüz
Ona banlasın deyə!
Gecə ürəkliliyindənmi?
Bülbülə
Nifrətindənmi?
Yoxsa...
9
HƏQİQƏTi
Xəbər aldım,
Dedilər;
O qadın doğacaq!
Qadına gedincə;
Uşağını salmışdı...
10
Ən sevdiyim xəbər: GÜNƏŞ
Ən sevdiyim kədər: SEVGI
Ən sevdiyim şəhər: VƏTƏN
Ən sevdiyim kişi: ŞEİR
***
Hə!
Doğru söyləyirlər;
Mən ləkitəyəm
Dünyanın ən təmiz ləkitəsi...
11
Ağ dərililər
Qara dərililər
Sarı dərililər
Qızıl dərililər...
Yeni bir soy artmaqdadır
İnsanın rəngsizliyinə:
Pilastik dərililər...
çap et