525.Az

Ən böyük ev - Hekayə


 

Ən böyük ev - <b style="color:red">Hekayə </b>

Yenə də kəndimizə gedirdim. Doğma, əziz kəndimizə. Əslində, mən burda doğulmamışdım. Atamın doğulub boya-başa çatdığı məkan idi bura. Ancaq mənə də çox, lap çox əziz idi. Çünki ağlım kəsəndən nənəmin yanında -kənddə keçirmişdim uşaqlığımı. Kənddə yaxın dostlarım, tanışlarım var idi. İndi böyüyüb iş-güc sahibi olsam da, arada onlara baş çəkirdim. Uşaqlığın əziz günlərini xatırlayıb kövrəlirdik. Bir də nənəmin qəbrini ziyarət edərdim. Məni canından da çox sevən nənəmin.

Nənəm sadə, avam kənd qadını idi. Mövhumatçı olmasa da, bəzən cinə, şeytana inanardı. Olanları qədərin hökmünə buraxardı. Mənə də bunları təlqin edərdi. Deyərdi:

- Ürəyində Əli xofu olsun, bala. Allahından qorx!

Bu nidaları ürəyimdə həmişə gəzdirərdim. Ancaq bir dəfə...

***

... - Aydın, bala, qaç Töhfə nənəni çağır!

Qaça-qaça qonşuya getdim. Bir-iki ağız səsləndim. Qapıda heç kim görünmədi. Bilmədim nə edim. Əliboş nənəmin yanına qayıtmaq istəmirdim. Birdən qapıda bir uşaq göründü. Hər gün axşam qaralana qədər oynayıb yatmaq vaxtı gələndə bir-birimizdən güclə ayrıldığımız Kərəm idi.

- Aaaa. Gəl içəri, Aydın. Nənəm evdə yoxdur. Mənə də tapşırıb, evi yiyəsiz qoymayım. Darıxmaqdan ürəyim partlayırdı. Gəl oynayaq.

Təlaşla:

- Yox, nənəm tapşırıb ki, tez qayıdım. Maral inək xəstələnib, - dedim.

- Nənəm inəyi sağaldacaq? Nənəm baytardır?

- Yox e! Səni də başa salmaq olmur, - deyib əməllicə yoldaşıma xoruzlandım, - Baytar həkim inəyi sağalda bilmədi. Nənəm deyir ki, Töhfə nənə seyid Mirsəfəri çağırsın. Əlacı o tapa bilər.

- Mən çağıra bilərəm.

Sevindim ki, bir işə yarıyacağam. Nənəmin yanında köksüm qabarlı, başım uca olacaqdı. Bu həvəslə də dostumu tələsdirdim.

- Tez ol, qaçdıq! - deyib Kərəmin qolundan yapışdım.

İki dost kəndin tozlu yollarında dayanmadan qaçdıq. Mirsəfərin evinə çatanda nəfəs dərib dayandıq. Başımı qaldırıb geniş, daha doğrusu, nəhəng darvazaya nəzər saldım. Kənddə bu böyüklükdə və yaraşıqda darvaza yox idi. Qapını yerdən tapdığı daşla döyən Kərəmə baxdım. Fikir bildirməyə macal tapmamış darvazanın bala qapısı açıldı. Bayaqdan bizim hayımıza içəridən səs verən köpək susdu. Deyəsən, sahibinin səsindən sakitləşmişdi. Qarşımızda yaşlı bir qadın dayanmışdı. Başında saçaqlı şal, əynində topuqlarına qədər enli tuman var idi. Bizi görüb sərt səslə soruşdu:

- Kim lazımdır?

Deyəsən, dostum qadını tanıyırdı. Yəqin, nənəsi ilə bura çox gəlmişdi. Çünki:

- Yeganə xala, Mirsəfər dayı lazımdır. Qəmər nənə çağırır, - deyərək qadına simsarlığını onun adını bildirməklə vurğuladı. Sonra üzünü mənə tutaraq nəzərləri ilə kömək istədi. Bu təsirdən mən də söhbətə qoşuldum.

- Hə, nənəm deyir ki, Maral inəyimiz xəstələnib. Bütün günü yerdən qalxmayıb. Mirsəfər dayı gəlsin.

Sonuncu cümlədə səsim qısıldı. Çünki Mirsəfər dayının hansı məqsədlə gəlişini bilmirdim. Nənəmin onu niyə görə çağırdığını anlamırdım. Buna görə inamsız halda nənəmin istəyini səsləndirdim. Ancaq qarşımızdakı xala, deyəsən, bu "çağırışlara" öyrəncəli idi. Çünki o, soyuqqanlı münasibətlə:

- Yaxşı, indi gələr, - deyərək qapını örtdü.

Biz də sevinclə bir-birimizə baxdıq. Öhdəmizə düşən vəzifəni uğurla yerinə yetirmişdik. Nənəmin yanına sevinc hissi ilə qayıdırdım. Dönüb gedərkən Mirsəfərin daş hasarlarla əhatələnmiş ikimərtəbəli evinə baxdım. Kənddə bu böyüklükdə ev yox idi. Çox möhtəşəm idi. Mən belə evləri şəhərdə çox görmüşdüm. Ancaq 3-4 mərtəbəli villalar da Mirsəfərin evinin böyüklüyü qədər uşaqlıq yaddaşımda iz buraxmamışdı. Bunun səbəbini anlamaq mənim üçün çox çətin idi. Niyə şəhərin göydələnləri, çoxmərtəbəli şəxsi həyət evləri Mirsəfərin ikimərtəbəli evi qədər böyük, möhtəşəm gəlmirdi mənə? Bu, ritorik sual kimi alınırdı məndə. Cavabını mümkünsüz hesab edirdim. Bütün uşaqlıq, gənclik və indiki halımda da bu suala cavab tapa bilmirdim. Seyid Mirsəfərin evinin əzəmətinin sirrini çözə bilmirdim...

Nənəm bizi görüb duruxdu. Nəzərlərindən: "Nə oldu? Hanı seyid?" - kəlmələri oxundu. Qürurla özümü çəkdim. Duruşumu dəyişdim. Məğrur bir tövrlə:

- Evlərinə getdik, çağırdıq. Harda olsa, indi gələr, - dedim.

Gözlədim ki, nənəm sevinəcək mənim bu bacarığımdan. Öyəcək, tərifləyəcək məni də, Kərəmi də. Ancaq nənəmin başı Maral inəyin xəstəliyinə bərk qarışdığından mənim bugünkü "fərasətli hərəkətimi" tutmamışdı. Yoxsa adi halda:

- Gözləyək seyidi, görək nə olur, - deməzdi. Mən nənəmin bu tövründən kədərləndim. Qürurum, məğrurluğum bir anda yox olub getdi. Ancaq yenə də inəyimizin xəstəliyinə görə ürəyimdə nənəmin mənə qarşı olan "haqsız hərəkətini" bağışladım. Daxilimdə gedən səssiz, lakin təlatümlü hisslər qarşıdurmasından məni Mirsəfərin səsi ayırdı:

- Əssalamu aleykum.

Qarşımızda arıq, cılız bədənli, adi bir insan dayanmışdı. Başında mollaların qoyduğu ağ rəngli arağçın var idi. Onu qeyri-adi edən başqa heç nə görmürdüm.

Nənəmin sevincini hiss etməmək mümkün deyildi. Daxilimdə Mirsəfəri qısqandım da, nənəm niyə bu qədər sevinir? Halbuki onu çağıran mən olmuşdum.

- Ay Mirsəfər, umudumuz sənsən. Baytar bizim Maralı sağalda bilmədi.

O, özünü çəkərək lovğalandı:

- O baytar nə vaxtdan bilici olub. Kəndin bütün heyvanlarını bemar edib. Sizsiniz günahkar.

Mirsəfərin qısa danlağını nənəm qulaqardına vurdu.

- A seyid, inək tövlədədir. Nə qədər edirik ayağa qalxmır. Yatdığı yerdə yeyir, amma durmur. Nə illah ediriksə, qaldıra bilmirik. Bunu ancaq sən bacararsan.

Mirsəfər ətrafa boylandı.

- Evdə, qonşuda kişi xeylağı yoxdur, çağırın köməkləşək.

Nənəm birdən-birə ümidsizləşdi. Gözlərini qıyıb:

- Baytar az qala bütün kəndin kişilərini tökdü qapımıza. Amma fayda vermədi. Heyvan ayağa qalxmadı. Qalxsa da, yıxıldı. Sözü də bu oldu ki, heyvan arıqdır, halsızdır, - dedi.

Mirsəfər rişxəndlə dilləndi:

- Onların gücü ancaq buna çatar. Eybi yox, kəndin kişilərinin qaldıra bilmədiyini mən tək qaldıraram.

Nənəm yenidən canlandı, ona dil-ağız etdi:

- Ay Mirsəfər, Allah köməyin olsun, kəramətini göstər. Sənə inanmayan daşa dönsün.

Mirsəfər nənəmin alqışından daha da canlandı. Bizi, nənəmi süzüb dedi:

- Ay Qəmər, indi məni xəstəylə tək buraxın. Siz tövlədən kənar durun. Oxuduğum duaların təsiri olmaz yoxsa.

Biz dərhal onun dediklərinə əməl etdik. Nənəm xüsusilə bu tapşırığa həssas yanaşdı. Üzünü bizə tutub:

- Qaçın burdan, gedin uzağa! - dedi.

Biz incimiş halda uzaqlaşdıq. Kərəm mızıldandı:

- Anam məni axtarar. Mən getdim evə.

Mən ona təşəkkür etməyə imkan tapmamış, gözdən itdi. Tək qaldım. Həm nənəmə, həm də Mirsəfərə acıqlı idim. Özümü bu işin içində aparıcı qüvvə kimi hiss edirdim. Bunun səbəbləri də vardı: seyidi  çağıran, tövlədə Maral inəyə qulluq edən neçə gün idi ki, mən idim. İndi mənə qarşı haqsızlıq edilirdi. Acığa düşdüm. Seyidin gizli edəcəyi işə baxacaqdım. Ürəyimdə verdiyim qərarda qəti idim. Yavaş-yavaş tövlənin arxa hissəsinə keçdim. Orda balaca və yeganə bir pəncərə vardı. Məqsədim bu pəncərədən içəriyə baxmaq idi. Ayağımın altına qoymaq üçün tutacaq axtardım. Bunu tapmaq bir qədər çəkdi. Narahat idim ki, seyid mən pəncərəyə çıxana kimi işini görüb qurtara bilər. Nəhayət, pəncərənin sınıq-salxaq çərçivəsindən tutub içəriyə boylandım. Bu an Mirsəfər inəyə yaxınlaşıb onun o tərəf-bu tərəfinə keçirdi. Sonra qapıya tərəf baxıb əlini pencəyinin qoltuğuna salıb qurdalandı. Ordan tapıb çıxardığı butulkanı yuxarı qaldırıb baxdı. Mən bu butulkanı tanıdım. Arabir əmimin dükandan alıb içdiyi arağın butulkasından idi. Heç bir şey anlamırdım bu gördüyümdəm. O, inəyin başında çox dövrə vurdu. İnəyi dümsüklədi, itələdi, silkələdi. Ancaq heyvan tərpənmədi, həmişəki kimi. Görəsən, seyidin məramı nə idi inəyin ayağa qalxması ilə bağlı. Birdən-birə bu yay oxuduğum "Koroğlu" dastanı yadıma düşdü. Orda Rövşənin Qıratla Dürata baxdığına görə sehrli qanadlarının yox olmasını xatırladım. Düşündüm ki, bəlkə mən gizlicə baxdığıma görə Mirsəfərin də qeyri-adi gücləri baş tutmayacaqdı. İstədim ki, gizli mövqeyimi tərk edim. Bu an sürətlə baş verənlər mənim olduğum yerdə donub qalmama səbəb oldu. Mirsəfər butulkanı inəyin ağzına dürtüb içindəki mayeni ona zorla içirməyə çalışdı. Bu, o qədər tez bir zamanda baş verdi ki, olanları dərk etməkdə çətinlik çəkdim. Maral ona içirdilən mayenin təsirindən boğuq səslə böyürdü və sıçrayıb ayağa durdu. Mən bərəlmiş gözlərimlə baxır və nə edəcəyimi bilmirdim. İnək ayağa qalxsa da, yəqin ki, yenidən yıxıla bilərdi. Buna görə seyid heyvana dayaq olub onu sığalladı, xeyli qayğı göstərdi. Beynimdən qəribə, amma haqlı bir sual keçdi: "Butulkadakı nə idi?" Bir müddətdən sonra Mirsəfər işini qurtarmasına tam əmin olub qapını açdı və nənəmi səslədi:

- Ay Qəmər, gəlin daha!

Bu səsdə məğrur, amiranə bir ton vardı. Mən də gizləndiyim yerdən tez uzaqlaşmaq lazım olduğunu anladım. Qaça-qaça nənəmin yanına gəldim. Nənəm artıq tövlədə idi. Onun heyrətlə dolu razılıq səsi eşidilirdi:

- Ay Mirsəfər, Allah səndən razı olsun! Baytarın belə bacarmadığı işi sən gördün!

Seyid lovğa-lovğa:

- Oxuduğum dualar müstəcəb oldu. Daha bundan sonra uşaq-muşağın sözünə qulaq asma, - dedi.

Mən tövləyə göz gəzdirdim. Bayaqkı butulkanı axtardığım bircə özümə məlum idi. Amma ətrafda heç bir şey görünmürdü. Ağzımı doldurub böyüklərin söhbətinə qarışmaq istəyəndə nənəmin mənə ünvanlanan tapşırığını eşitdim:

- Aydın, bala, get əmini tap! Gör harda qaldı! Bayaqdan xəbər göndərmişəm, gəlib çıxmır.

Ancaq bu vaxt əmim qapıda göründü. Mən qulluğa getməsəm də, söz demək, böyüklərin işinə qarışmaq haqqımın olmadığını da hiss etdim. Mirsəfərin yalanı, ancaq "dua gücünə heyvanı ayağa qaldırmaq kəraməti" bircə mənə məlum idi. Ancaq mən uşaq idim və nənəm bu barədə heç vaxt mənə inanmazdı. Hələ gizlicə seyr etdiyimə görə məni cəzalandırardı da. Əmim inəyi ayaq üstə görüb sevindi. Onun üçün fərqi yox idi ki, Maralı baytar sağaldıb, yoxsa Mirsəfər. Əlini cibinə saldı, şax pul çıxarıb  "həkimin" cibinə qoydu. Biz uzun müddət tövlədə Maralın yanında qaldıq, onun qayğısına qaldıq. Birdən əmim havanı iylədi:

- Burdan araq iyi gəlir, - deyərək təəccüblə mənə baxdı.

Elə bil bunun günahkarı mən idim. Dilim topuq vurdu, bir şey söyləyə bilmədim. Nənəm söhbəti dəyişməyə nail oldu. O, əmimlə inəyin yenidən yatandan sonra qalxa bilib-bilməməsi haqqında danışırdı. Mən də bu arada butulkadakı mayenin nə olduğunu anlamış oldum.

Səhər nənəmin gümrah səsinə oyandım. O, əmimlə danışırdı. Və Maral inəyin ayaq üstə olmasını ürəkdolusu fərəhlə əmimə çatdırırdı.

- Allah Mirsəfərin köməyi olsun. Bir dəqiqənin içərisində inəyi ayaqlandırdı. Səhər ürəyim əsə-əsə tövlənin qapısını açdım, Maralı ot yeyən, həm də ayaqlanmış halda görüb sevindim. Doğrudan da, kəraməti var imiş Mirsəfərin. Kim ona şəkk gətirsə, cəddi qənim olar, vallah.

Əmim də nəsə deyirdi nənəmə, amma mən eşitmirdim onun dediklərini. Çünki lap yavaş danışırdı. Mən yerimin içində uzanıb fikrə getmişdim. Öz-özümə sual verirdim: "Görəsən, seyidin etdikləri günah deyil? Axı o, heyvanın boğazına araq tökmüşdü. Həm də dində günah sayılan araq". Sonra bu fikrimi təkzib edən belə bir qənaətə vardım: "Fərqi yoxdur, nəticədə inəyi ayağa qaldırdı. Hansı yolla olursa-olsun". Gözlərimi yumub yenidən yatmaq istədim, ancaq fikirlərim məni rahat buraxmadı. "O, dua etmədi heç. Nənəmə də yalan söylədi. Doğrunu deyə bilərdi. Nəticədə onsuz da heyvana yardım etməyə nail olmuşdu. Niyə yalan dedi bəs?.." Nənəmin çağırışı məni yorucu düşüncələrdən qurtardı.

- Aydın, qalx, bala! Səni bir iş dalınca göndərirəm!

Tənbəl-tənbəl gərnəşdimsə də, sonra həvəslə ayağa qalxdım.

Əl-üzümə su vurub, nənəmin yanına getdim. Nənəm süfrə salırdı. Süfrədə hər şey var idi, həmişəki kimi: süd, pendir, qaymaq, bal, yumurta, təndir çörəyi. İştaham artdı nənəmin əllərinin zəhmətini görəndə. O, yemək məsələsində heç vaxt xəsislik etməzdi. Əsas da mənə qarşı çox həssas olan qadın yeməyimə özü nəzarət edərdi. Əmim arvadına tapşırmazdı mənimlə bağlı olan hər şeyi. Bir dəfə Töhfə nənəyə dediklərini eşitmişdim: "Özgə qızıdır, niyə tapşırım uşağı ona? O da qaynı balasını saxlamağa borclu deyil ha. Bu günün sabahı da var. Qoy sonralar "Səni mən saxlamışam" - deyib minnət qoymasın uşağın boynuna". Doğrusu, o zamanlar bu sözləri başa düşməmişdim. Sonralar nənəmin bu dahiyanə fikirləri məni heyran etmişdi. Qohumlar arasında narazılıqların köklü səbəblərindən biri olan bu bəhanəni nənəm vaxtında özü həll edə bilmişdi.

- Ağıllı balam, yeməyini ye, səni, dünən getmişdin ha, Kərəmlə, bax ora göndərəcəm.

Ağzımdakı tikəni çeynəyə-çeynəyə:

- Seyidgilə? - soruşdum.

- Hə! Mirsəfərgilə.

- Niyə? Axı inək sağalıb.

- Nəzir aparacaqsan.

- Seyidə? Niyə? Əmim dünən verdi axı onun pulunu, - deyə uşaq sadəlövhlüyü ilə soruşdum.

Nənəm acıqlandı:

- Ağzın-gözün əyilər, elə danışma. Mirsəfər seyiddir. Nəziri qalıb.

Doğrusu, daxilimdə qorxdum ağzımın əyilməsindən. Səsimi kəsib daha danışmadım. Nənəmin verdiyi pulu götürüb yollandım həmin ünvana. Yolda Kərəmgilə döndüm.

- Kərəm, ay Kərəm!

Qapıda dayanıb Kərəmi səslədim ki, mənimlə getsin. Doğrusu, nənəm bu xüsusda mənə tapşırıq verməmişdi. Mən özüm tək getmək istəmirdim. Bir azdan Töhfə nənə qapıda göründü.

- Nə olub, Aydın, səhər-səhər nə qışqırırsan, - deyə mənə acıqlandı.

- Kərəm lazımdır, - dedim və səsimi istər-istəməz qısdım.

- Kərəm yatıb. Sən nə tez durmusan? Qəmər səni yatmağa niyə qoymur? - deyə söyləndi.

Bilmədim nə deyəm. Bu an dostumun qapıda görünməsi, həm də əlimdən tutub məni qaçırması canımı danlaqdan qurtardı. Töhfə nənə deyinə-deyinə qaldı. Biz bir də Mirsəfərin evinin qarşısında toxdadıq.

- Qapını döy, - deyə Kərəm tövşüyə-tövşüyə mənə göstəriş verdi.

Qapını yerdən götürdüyüm daşla taqqıldatdım. İçəridən boğuq it hürüşü eşidildi. İstər-istəməz bədənim ürpərdi: itdən çox qorxurdum. Bir dəfə çöldə uşaqlarla oynayarkən cırnatdığımız bir it üstümüzə cummuşdu. O vaxtdan itlərlə işim olmazdı. Həyətdə səs eşidildi.

- Kimdir?! Gəlirəm!

Əslində, kənddə heç kim darvazanı kilidləməzdi. Hamı bir-birinə sərbəst şəkildə gedib-gələrdi. Belə bağlılığı şəhər evlərində görmüşdüm. Qapı cırıldadı. Yenə də dünənki qadın idi. Üz-gözünü turşutdu. Elə bil gəlişimiz onu narazı salmışdı:

- Yenə kim lazımdır? - soruşdu.

Kərəm özünü çoxbilmiş kimi göstərdi:

- Nəzir gətirmişik, - dedi.

Qadın "nəzir" sözünü eşidib yumşaldı bir az. Amma yenə də zəhmli üz cizgiləri sifətində ilişib qalmışdı:

- Yaxşı, verin görüm.

Mən təəccüblə Kərəmə baxdım. Çünki elə bilirdim ki, nəziri Mirsəfərə verməliyik. Kərəm mənə göz elədi. Sonra da pul tutduğum əlimi arvada doğru itələdi. Vermək məcburiyyətində idim.

- Buyurun, - dedim və nədənsə utanıb qızardım.

Qadın çevikliklə "nəziri" məndən aldı və dodaqucu gülümsədi. Nə bizi içəri dəvət etdi, nə də "sağ olun" dedi. Qapını üzümüzə bağladı. Bağladı deməzdim, çırpdı əməlli-başlı. Diksindik və mat-mat bir-birimizin üzünə baxdıq. Handan-hana Kərəm:

- Gedək, - dedi.

Suyumuz süzülə-süzülə uzaqlaşdıq. Bilmirəm, ürəyimdə hansı duyğularla gəlmişdim bura. Ancaq onu bilirdim ki, Mirsəfərin özünü görmək istəyirdim. Görüb, gözlərinə baxıb, inəyimizi sağaltmaq taktikası haqqında nələrisə öyrənmək istəyirdim. Təəssüf hissi boğan ürəyimlə ayaqlarımı sürüyür, kiçik bir ümidlə gözləyirdim. Bu zaman qapı yenidən açıldı. Sevinclə geriyə çevrildim. Ancaq yanılmışdım. İki qadın çıxdı və əks istiqamətdə uzaqlaşdı. Yenə də ümidsizləşdim. Bu an fikrimdən keçdi ki, gördüklərimi Kərəmə danışım. Seyidin saxtakarlığını ona çatdırım, heç olmasa. Bu vaxt Kərəm:

- Bu kənddə hamı Mirsəfərin ağır seyid olduğunu deyir. Doğrudan da, belədir. Nənəm həmişə ona nəzir deyir, nəziri də qəbul olunur, - dedi. - Mən də şahidəm. Keçən qış ağır xəstələnmişdim, huşum getmişdi. Mirsəfər gəlib mənə əlini çəkib, dua oxuyub, sonra sağalmışam. Gözlərimi açanda başımın üstündə onu gördüm. Mən onaçox inanıram.

Anladım ki, kəndimizdə hamı Mirsəfəri kəramət sahibi bilib, nəzir verir. Kərəm nəinki inanmaz, hətta töhmətləndirər də məni. Dinməz-söyləməz evə qayıtdım. Ancaq uşaqlıq yaddaşımda bu hadisə dərin bir iz buraxaraq qaldı. Mən böyüdükcə o da böyüdü. Cavabını, həllini tapmadan yığılıb beynimin bir küncündə özünə yer tutdu.

***

Bu əhvalatdan, uşaqlıq dünyamdan günlər, illər ötdü. böyüdüm, şəhərdə işim oldu, əlaqələrim yarandı, yeni dostlar, tanışlar qazandım. Amma kəndi-uşaqlıq dünyamın əziz məkanını unutmadım. Tez-tez olmasa da, arada yolumu kəndə salardım. Kərəmlə, digər uşaqlıq dostlarımla görüşəndə şirin xatirələrə baş vurardıq, dünyasını dəyişmiş nənələrimizi anardıq.

... Bu dəfə də belə olacaqdı. Hələ kəndə aparan tozlu yollarda təzə aldığım maşınımla irəliləyirdim. Qəlbim yaxınlarımı görmək həsrətilə döyünürdü. Yolun başında - kəndin girəcəyində məni ilk salamlayan qəbiristanlıq olurdu. Bura da mənə çox doğma idi. Axı burda mənim həyatımda müstəsna rolu olan nənəm uyuyurdu. Qəbiristanlığa çatmamış uzaqdan bir qaraltı nəzərimi çəkdi. Qaraltı get-gedə böyüyürdü. Böyüdükcə də nə olduğu aydınlaşırdı. Bu, böyük bir türbə idi. Çaşdım, hansı mötəbər kəsə mənsub olduğunu anlamağa çalışdım. Maraq məni qəbiristanlığın yanında dayanmağa məcbur etdi. Maşını saxladım. Aramla endim. Nənəmin qəbrini ziyarət etməli idim birinci. Qəbiristanlığın qapısında dayanıb əllərimi qoşalaşdırdım. Bərkdən "Fatihə surəsi"ni oxudum. Ancaq yenə də diqqətim türbədə qalmışdı. Onun kimə məxsus olduğunu bilmək marağı məni əməllicə çatladırdı. Yenə də səbrimi basıb nənəmi ziyarət etdim. O sevimli qarını anıb kövrəldim. Sonra yeyin addımlarla türbəyə yaxınlaşdım. Qapısını açıb içəriyə daxil oldum. Genişlik, sakitlik, qaranlıq məni bir anlıq vahimələndirdi. Tez özümü ələ aldım, hətta qınadım da: "Nədən qorxursan?" - deyərək telefonumu cibimdən çıxardım və başdaşına yaxınlaşdım. Oxumaq üçün telefonun işığını yandırdım. Məzar daşına həkk olunmuş ad onun - seyid Mirsəfərin idi. Beynimdən bir anlığa Maral inək, Kərəmlə seyidin evinə getməyim keçdi. Kim və nə üçün bu böyüklükdə türbəni tikməyi məsləhət bilmişdi, görən? "Maral inəklərin" sahiblərimi, yoxsa seyidin övladlarımı? Hər kim olursa-olsun, məqsəd bir olmuşdu: seyidi şəxsləşdirmək. İçim ürpərdi. Uşaqlıq yaddaşımda artıq itib-batmış xatirə yenidən baş qaldırdı: kənddə ən böyük ev, Maral inəyin xəstəliyi, "sağalması" kino lenti kimi gözümün önündən sıralanıb keçdi. Dua oxumaq adı ilə inəyi ayağa qaldıracağına söz verən seyidin başqa yola əl atması və bunu ancaq mənim görməyim xatirələrimi silkələdi. Öz-özümə sual verdim: "Bu dünyada insan övladı çalışıb-vuruşub maddi nemətlərə çatır. Bəs o biri dünyada buna lüzum varmı? Vaxtilə kənddə ən böyük evə sahib olan seyid indi qəbiristanlıqda da "ən böyük ev"ə yerləşib. Nə üçün? İnsanlardan fərqli xüsusiyyətlərə malik olduğu üçünmü? Yaxud da onları aldatdığı üçün..."

Fikirlərim artıq mənə əzab verirdi. Qəbiristanlığı tərk etməyə tələsdim. Bu dəfə təkrar dayanıb "Fatihə" oxumadım. Qarışmış zehnim buna imkan vermədi. Ölüləri tərk etməyə tələsirdim. Hamının bərabər olmasını təbliğ edən din xadimlərinin nəinki bu dünyada, hətta o dünyada da bu tarazlığı "ən böyük ev"lərlə pozması qəbulolunmaz idi. Uşaqlıq yaddaşımdan qaçmaq, uzaqlaşmaq istəyirdim. Hamının bərabər olduğu bir dünyada yaşamaq istəyirdim. Qəbiristanlığın ölülər arasında bərabər bölündüyü bir ortamda olmaq istəyirdim. Türbənin qarşısında yerləşdirilmiş nəzir qutusu da məndə qıcıq oyatmışdı. Bir dostumun həmişə bəlağətlə dediyi kəlmələrini xatirimdən keçirdim: "Molla ölüncə yeyər, seyid öləndən sonra da..."

Qəbiristanlığın dəmir qapısını örtdüm. Bir anlığa dayanıb dərindən nəfəs aldım. Bizlərin müqəddəs dona büküb yenidən özümüzə təqdim etdiyimiz bəzi "müqəddəslərin" yaramaz hərəkətləri, mövqelərindən sui-istifadə etməsinin günahkarı kim idi, görəsən? Biz, yoxsa həmin "müqəddəslər"? Çətin sual idi, həm də cavabsız. Yavaş-yavaş maşınıma yaxınlaşdım. Hiss etdim ki, bu kənddə bütə çevrilmiş Mirsəfər həm də fenomendir. "Ən böyük ev" sanki mənə meydan oxuyurdu. Cəld ordan uzaqlaşdım. Amma cismim uzaqlaşsa da, ruhumu sarmış düşüncələr bilirdim ki, heç vaxt məni tərk etməyəcək...

29.02.2020

 





01.09.2020    çap et  çap et