525.Az

Şəxslərin və hadisələrin tipləşməsi - Əbdürrəhim bəy Haqverdiyev - 150


 

Şəxslərin və hadisələrin tipləşməsi - <b style="color:red">Əbdürrəhim bəy Haqverdiyev - 150</b>

Görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə geniş şəkildə qeyd edilir.

Mən də yaradıcılığını və şəxsiyyətini çox sevdiyim Əbdürrəhim bəyin yubileyinə töhfə olaraq onun haqqında yazılmış xatirə və məqalələrdən ibarət albom-kitab tərtib etmişəm. Tərtib etdiyim bu kitabdan, gənclik illərində ilk hekayələrini Əbdürrəhim bəyə oxutmuş, onunla ünsiyyətdə olmuş Yusif Vəzir Çəmənzəminlinin 1977-ci ildə nəşr edilmiş "Əsərləri"nin 3-cü cildində (Bakı, "Elm" nəşriyyatı) yer alan "Teatr pərəstişkarı" adlı xatirəsini və "Şəxslərin və hadisələrin tipləşməsi" məqaləsinin ədibə aid hissəsini "525-ci qəzet"in dəyərli oxucularına təqdim edirəm.



Mustafa Çəmənli

Yusif VƏZİR ÇƏMƏNZƏMİNLİ 

TEATR PƏRƏSTİŞKARI 

Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. İqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü (mühafizəkar düşüncəli - M.Ç.) belə, övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa, Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyildilər) Şuşada toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhim bəy Haqverdiyev başçılıq etmədə idi.

"Müsyo Jordan", "Dağılan tifaq", "Tamah" adlı əsərlərin oynanmasını güclə xatırlayıram. 1904-cü ildə oynanılan "Otello" yadımdadır. "Otello" Haşım bəy Vəzirovun tərcüməsi idi. Otello rolunu Haşım bəy özü oynadı. Bundan əvvəl uzun hazırlıq getdi. Əbdürrəhim bəyin də böyük iştirakı vardı. Xandəmirovun teatrı dolu idi. Oyun fəna keçmədi.

Əbdürrəhim bəy təbiətən mütəvaze (təvazökar - M.Ç.), demokrat bir adam olduğu üçün ona qarşı yaş fərqi mülahizə olunmadan yoldaşlıq hissi duyurduq. 1905-ci ildən etibarən bizləri də səhnəyə cəlb etməyə başladı. Teatr məşqlərində bizi sevə-sevə öyrədir və şövqləndirirdi. "Adəm və Həvva"da Adəm rolunu mənə vermişdi. 1905-ci ildə xanlıq evində tələbələr təşkilatı tərəfindən tikilən səhnədə Əbdürrəhim bəyin rəhbərliyi ilə bu əsəri oynadıq.

1907-ci ildə Bakıya gəlib realnı məktəbə girmişdim. Əbdürrəhim bəy də Bakıda idi. "İslamiyyə" otelində yaşayırdı. Bir gün ilk yazdığım "Şaqqulunun xeyir işi" adlı hekayəmi götürüb yanına getdim. Ədəbiyyata böyük bir həvəsi olan, cəsarətsiz, utancaq bir gəncin halını təsəvvür ediniz.

"Əcəba, Əbdürrəhim bəy nə deyəcək?" - deyə bütün yolu ürək çırpıntısı ilə düşündüm. Məni qarşılayan gülər və mehriban bir sima bütün həyəcanıma qələbə çaldı. Dəftəri açdı, başdan ayağa səhvlərimi düzəldərək oxudu, bəzi yerlərinə xarakteristik cümlələr əlavə edib, hekayəni bəyəndiyini dadlı sözlər və ifadələrlə bəyan etdi.

"Şaqqulunun xeyir işi"ndən sonra "Saranın hekayəsi"ni yazıb "İslamiyyə"yə gətirdim. Əbdürrəhim bəylə yan-yana Üzeyir bəy Hacıbəyli yaşayırdı. "Leyli və Məcnun"un üzərində çalışırdı. Sarabski və Hüseyn Ərəblinski buraya tez-tez gəlirdi. Opera da Əbdürrəhim bəyin iştirakı olmadan keçmirdi. 1908-ci il yanvarın 12-də "Leyli və Məcnun"un ilk qoyuluşuna getdikdə Əbdürrəhim bəyi dirijor kürsüsündə gördüm.

Əbdürrəhim bəy teatra xidmət etdikdə heç bir zaman özü üçün maddi məqsəd təqib etməmişdir. Ancaq xeyriyyə işləri üçün çalışmışdır. Bir yerə müvəqqəti də getmiş olsaydı, teatrı unutmazdı. 1909-cu ildə ona Aşqabadda rast gəldim. Qulluq üçün gəlmişdi. Gəncləri haman başına toplayıb "Firudini" məktəbinin faydasına olaraq bir spektakl (tamaşa - M.Ç.) düzəltdi. "Kimdir müqəssir"də Mahmud rolunu da mən öhdəmə götürmüşdüm. 

ŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ

(Məqalədən bir parça)

... Bizim ədiblər də (əsərlərində - M.Ç.) həqiqi simalardan istifadə etmişlər və bəzən adlarını belə dəyişməmişlər. Mirzə Fətəli, deyirlər, Hacı Qaraya doğrudan rast gəlmiş və adını dəyişməyə hacət görməmişdir. Yenə eyni müəllifin çullu həkimi. Bu adam da Qarabağda məşhur imiş. Nəcəf bəyin "Qıdı kirvəsi" Daşaltı kəndindəndir, çocuqluğumda adını Şuşada çox eşitmişəm. Əbdürrəhim bəyin ağıçı Mələyi də həqiqi simadır. Ağıçı Mələk Qarabağ təziyələrində məşhur bir qadın idi. Ağı deyərkən özü də ağlardı, ağlamaqdan kiprikləri tökülmüşdü. 1911-ci ildə bu qadına Aşqabadda rast gəldim. Xalq ədəbiyyatını gözəl bildiyi üçün bir gün onu bacımgilə qonaq çağırdım. Gəldi, lakin qələmi əlimdə görər-görməz duruxdu və bir söz demədi: "Adım "Molla Nəsrəddin"ə düşər" deyə çəkindi. Dediklərini nə məqsədlə yazacağımı anlamaq istəmirdi.

Əbdürrəhim bəyin "Haqq Mövcud"u da həqiqi simadır. Bu adamın əsl adı Molla Qurban idi. Lakin camaat arasında "Haqq Mövcud" adı ilə məşhur idi. Onun doğrudan da nüsxəbənd Məşədi Əkbərlə məsələsi olmuşdur. Lakin Əbdürrəhim bəyin hekayəsində söylədiyi kimi deyil. Əbdürrəhim bəy əslini yazsaydı, daha maraqlı və bədii olardı. Məsələ bundan ibarətdir: o vaxt Qarabağda kimyagərlik dəb bir məşğələ idi. Bəzi adamlar altun ixtirası yolunda bütün var-yoxunu sərf edirdi. Civəni butələrdə qaynadar və ona cürbəcür orqanik şeylər qataraq təcrübə edərdilər. Civənin təsirindən, adətən, kimyagərlərin dişləri qaralar və gözlərinin qıyları qızarardı. Məşədi Əkbər də belə bir adam idi. "Haqq Mövcud" da kimya iksiri kimi əsrarəngiz bir adam idi. Şəhər qalasının bürcündə yaşar, xeyrə-şərə çıxmaz, ət əvəzinə bəzən qan bişirib yeyər, dini ayinlərə riayət etməzdi. Ölmüş bir çocuğu öz evinin qabağında basdırmış və üzərinə kurqan (torpaq təpə) yapmışdı. Bu tühaf geyimli (əynində ceyran dərisi, boynunda uzun təsbeh, əlində kəşkül), gözləri sürməli, axşam qaranlığında dilənməyə çıxan qoca Məşədi Əkbərin nəzərini özünə cəlb etməyə bilməzdi. Kimyagər iksir sirrini öyrənəcək deyə "Haqq Mövcud"u işə cəlb edir, çox pul xərcləyir və nəticədə bir şey əldə etməyərək, acığından tutub zorla "Haqq Mövcud"un saqqalını və bığlarını qırxdırır.

"Haqq Mövcud" yox oldu. Bir müddət gözə görünmədiyi üçün Şuşada cürbəcür şayiələr yayılmağa başladı. Dedilər, Məşədi Əkbər "Haqq Mövcüd"u öldürüb, yağından iksir qayırmışdır. Axırda məlum oldu ki, "Haqq Mövcud" evdə oturub, saqqalının və bığlarının uzanmasını gözləyir...

Deməli, yazıçı həqiqi simalardan istifadə etdiyi kimi, həqiqi hadisələrdən də istifadə edir. Mirzə Fətəlinin "Kimyagər"indəki əhvalat doğrudan da Xaçmaz dağında vaqe olmuş bir işdir. Ancaq bunu dramaturq tipləşdirmişdir. Qoqolun "Revizor"u Puşkinin başına gəlmiş bir işdir. Puşkin Qoqola nağıl etmiş və Qoqol da bu həqiqi hadisə üzərində Çar idarəsini təsvir edən bədii bir əsər yaratmışdır. Əbdürrəhim bəyin "Çeşmək"indəki vəqə (əhvalat, macəra, hadisə - M.Ç.) olmuş işdir. Mahmud bəy adı ilə göstərdiyi tip də Şuşada advokatlıq (vəkillik - M.Ç.) etmiş Həsənəli bəydir. Onun zarafatları və anekdotları yazılsa, ayrıca bir kitab təşkil edər.

 





02.09.2020    çap et  çap et